Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ulu Öndər ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı ilə dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib

18 iyun 2019 | 16:00

          Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır, Ulu Öndərin ölməz ruhu qarşısında baş əyir, ölkəmizin qüdrətlənməsi və müstəqilliyimizin qorunub möhkəmlənməsində onun siyasi kursuna arxalanır. 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulmuş, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olmuşdur.
        Bu fikirlər 15 İyun – Milli Qurtuluş Günü münasibətilə şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktiki konfransda səsləndirilmişdir.
       Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
      Konfransı giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev 1993-cü ilin iyununda Azərbaycanda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salmış, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Heydər Əliyevin tarixi xidmətlərini bir daha xatırlatmışdır. Vurğulamışdır ki, 1993-cü ilin iyununda Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçiliyində həlledici dönüş baş vermiş, ölkənin qarşısında duran problemlər mərhələlərlə həll olunmağa başlamış, ayrı-ayrı şəxslərə, siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilmiş, ölkədə əmin-amanlıq, siyasi sabitlik yaranmışdır. Qeyd etmişdir ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində dünyanın qüdrətli və zəngin ölkələrindən birinə çevrilmişdir.  Çıxış edənlər Azərbaycanın 26 il əvvəl, iyunun 15-dən başlanan yüksəlişin bu gün də davam etdiyini vurğulamışlar.       
         Konfransda 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli film nümayiş olunmuşdur.
        Həmçinin tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülər” şəbəkəsinin imkanlarından istifadə edərək rayon İcra Hakimiyyətində 2 ay ərzində könüllü kimi təcrübədən keçmiş 7 nəfər fəal gəncə sertifikatlar təqdim olunmuşdur.
        Axşam saatlarında Milli Qurtuluş Günü münasibətilə  İçəribazar Mədəniyyət və Turizm mərkəzində respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil edilmişdir.

Keçidlər