Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzda III Bal bayramı keçirilib

20 sentyabr 2019 | 16:00

          Rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən sayılan arıçılığı daha geniş təbliğ etmək məqsədilə sentyabrın 19-da Qax rayonunda III Bal bayramı keçirilmişdir.
           Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi ilə reallaşan bayramın keçirilməsində əsas məqsəd gəlirli sahələrdən olan arıçılığı təbliğ etmək, bu sahəyə marağı artırmaq, həmçinin Qaxın iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.
         Bayramda Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Milli Məclisin deputatı Azər Kərimli, Mədəniyyət Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin və digər dövlət qurumlarının rəsmiləri, qonşu rayonların icra hakimiyyətlərinin başçıları, Arıçılıq Assosiasiyasının rəhbərliyi, 10 rayonun arıçılıq birliklərinin nümayəndələri, bal istehsalçıları və rayon sakinləri iştirak etmişlər.
          İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirmişlər.
         Sonra tədbirə dəvət olunan qonaqlar rayonda fəaliyyət göstərən “APİ-DELTA” arıçılıq təsərrüfatı ilə tanış olublar.        
       Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində keçirilən bayramın rəsmi açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışmışdır. Arıçılığın Azərbaycanda qədim tarixə malik olduğunu bildirən icra hakimiyyətinin başçısı dövlətin aqrar siyasətində bu sahənin inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, arıçılığı inkişaf etdirmək məqsədilə son illər ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Arıçılığın inkişafı kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə də çox yaxşı təsir göstərir.
          Mərasimdə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edərək, aqrar sahənin inkişafının dövlətin önəm verdiyi prioritet istiqamətlərdən biri olduğunu bildirmişdir. Vurğulamışdır ki, son dövrlər Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafına çox böyük diqqət və qayğı göstərilir.           Nazir müavini qeyd etmişdir ki, Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkəmizdə arıçılığa xüsusi dövlət dəstəyinin göstərilməsi çox qısa bir zamanda öz müsbət təsirini göstərməkdədir. İki il bundan əvvəl Azərbaycanda təxminən 270 min arı ailəsi var idisə, hazırda arı ailələrinin sayı artaraq 503 minə çatıb. Altı mindən çox insan bilavasitə arıçılıqla məşğul olur.
          Mərasimdə Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov çıxış edərək, arıçılığın inkişafına göstərilən yüksək diqqət və qayğıya görə respublika arıçıları adından dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
            Sonra bayrama dəvət olunan qonaqlar və tədbir iştirakçıları bal və arıçılıq məhsullarının, arıçılıqda istifadə edilən avadanlığın sərgiləri ilə tanış olmuşlar. Sərgidə nümayiş etdirilən müxtəlif növ təbii bal, habelə arı südü, çiçək tozu, təbii arı yapışqanı və mumu, digər arıçılıq məhsulları tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Bayram iştirakçılarına arıçılığa dair bukletlər, məlumat kitabçaları paylanılmışdır.
          Sonda Respublikamızın tanınmış incəsənət ustalarının təqdim etdiyi geniş konsert proqramı bayram iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.

Keçidlər