Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İslahatlar günün tələbidir

13 may 2020 | 16:00

Ölkənin  inkişafını  yeni  səviyyəyə  qaldırmaq, cəmiyyətin mənafeyinə  mane  olan,  hər  bir  vətəndaşı  narahat  edən  və  ölkənin  imicinə  xələl  gətirən  neqativ  halları  aradan  qaldırmaq  məqsədilə  cənab Prezident  İlham Əliyev  tərəfindən dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatlarına hələ 2018-ci ildən başlanılıb.
Cəmiyyətdə böyük rəğbətlə qarşılanan islahatların miqyası olduqca  geniş  və şaxəlidir. Bu  islahatlar hətta  inqilabi  islahatlar adlandırılır  və  onların  ölkə həyatının  bütün  sahələrində, xüsusilə  idarəetmə strukturlarının işinin  yenidən qurulmasında böyük  rol oynayacağı  şübhəsizdir. Xalq tərəfindən  xüsusi  dəstəklənən  bu  islahatlar idarəetmə mexanizminin daha da təkmilləşməsi, təbii olaraq gəncləşmə siyasətinin və peşəkar kadrların önəmli vəzifələrə gətirilməsi məqsədini güdür.  Belə ki, Cənab Prezident İlham Əliyevin 2019-cu il tarixdə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman mahiyyət, məzmun və bütövlükdə fəaliyyətlərin miqyası baxımından çox mühüm əhəmiyyətə malikdir. Fərmanda cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi, onların  fəaliyyətlərində ədalət, qanunçuluq, aşkarlıq və  hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına riayət olunması məsələləri yer almışdır.
Habelə vergi və gömrük islahatları da sahibkarların vergi yükünü optimallaşdırmaqla  özündə köklü dəyişiklikləri ehtiva edir. Heç təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan  olunmuşdur.
Bununla yanaşı institusional və struktur islahatları da ölkə başçısı tərəfindən diqqət mərkəzində saxlanılır. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edilib, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “DOST” Mərkəzi, TƏBİB, DAİM təsis olunub, turizm, qida, aqrar kredit və inkişaf agentlikləri, “Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradılıb. Beləliklə, institusional strukturlarlar mütəmadi şəkildə yenilənib. Möhtərəm Prezident  hər dəfə çıxışlarında vətəndaşlara şəffaf, operativ, resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq üçün islahatların aparılmasının qaçılmazdır və zəruri olduğunu vurğulayır.
Ölkədə dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları ilə yanaşı,  2019-cu ilin sonlarına doğru daha geniş vüsət alan  korrupsiyaya qarşı mübarizə tədbirləri  2020-ci ildə də intensiv şəkildə davam etdirilir.
Son dövr ərzində korrupsiya ilə mübarizə daha da sərtləşdirildi.  Vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması prioritet sahə seçildi. Bu mübarizənin mərkəzində dövlət qulluqçularının şəffaf fəaliyyətinin təmin olunması və vətəndaş məmnunluğunun artırılması durur. Lakin buna baxmayaraq geniş əhali qruplarını narazı salmağa yönəlmiş bəzi neqativ halların hələ də təkrarlanması faktları davam edir. Bu səbəbdən ölkə başçısının korrupsiya əməllərinə son qoyulması  tələbi ilə ən yüksək səviyyədə etdiyi açıq çağırış və xəbərdarlıqlarına məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan bəzi vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zərurəti yarandı.
Artıq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qeyri-qanuni əməlləri aşkar olunmuş  Yevlax, Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilmələri təmin olunmuşdur. Dövlət başçısının Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəsinə  Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi   Kamran Əliyevi təyin etməsi həm kadr islahatı, həm də  Azərbaycanda Korrupsiyaya qarşı aparılan ciddi mübarizənin bariz nümunəsidir. Bu görülən işlər, həyata keçirilən tədbirlər  möhtərəm Prezidentin ölkədə korrupsiyaya qarşı qətiyyətli mübarizəsini və   prinsipial mövqeyini bir daha hər bir ölkə vətəndaşının diqqətinə çatdırdı.
Heç təsadüfi deyildir ki, son günlərdə Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqlarına naminə bu sahədə dövlətin qanunla, qorunan mənafelərinə zidd olaraq, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan qeyri-qanuni əməllərinin qarşısının alınması istiqamətində Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyət da Prezidentin korrupsiyaya qarşı mübarizdə qətiyyətli və dönməz mövqe tutduğunun təzahürüdür.
Belə ki,  DTX-nın 08 may 2020-ci il tarixdə keçirdiyi əməliyyatı və istintaq araşdırmaları zamanı Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun  öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə etməsinə,  Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin qorunması, bərpası və  mühafizəsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini mənimsədikləri aşkar olunmuşdur.
Cəmiyyətin və dövlətin qanunla qorunan, mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək bu şəxslər barəsində həbs qətiimkan tədbiri seçilmişdir. Azərbaycan xalqının zəngin  mədəni irsinin qorunmasının etibar edildiyi nazirlikdə bəzi məmurların bu cür neqativ hallara yol vermələri haqlı olaraq qınanılır və hiddətlə qarşılanır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır.
Ölkə başçısının qeyd etdiyi kimi korrupsiyaya qarşı əməliyyat məsuliyyət tədbirləri təkcə yerli icra hakimiyyəti orqanlarını deyil,  cəmiyyətin əsaslarını sarsıdan, çirkin əməllərə yol verən bütün qurumları əhatə edəcəkdir.
Dövlət başçısının yüksək vəzifə verib irəli çəkdiyi, etibar etdiyi şəxslərin bu cür yanlış hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür və çox haqlı olaraq, cənab Prezident bu cür xəyanətkarları bağışlamır və bağışlamayacaqdır. Həmin şəxslərin qanun qarşısında bərabərliyinin təmin olunması, ciddi şəkildə cəzalandırılması onu göstərir ki, dövlət israrlıdır ki, islahatlar həyata keçirilsin, xalqın rifahı, dövlətdən razılığı təmin olunsun və cəmiyyətdə neqativ hallar aradan qaldırılsın. Azərbaycan vətəndaşı inanır ki, ölkədə ardıcıl olaraq həyata keçirilən sosial proqramlar, layihələr, bütün sahələrdə aparılan islahatlar onların rifahının yüksəlməsi yolunda atılan addımlardır. Ölkənin idarə olunmasında və digər sahələrdə dərin islahatların aparılması Azərbaycanın beynəlxalq mövqeyinin getdikcə güclənməsinə səbəb olmaqla yanaşı, bu islahatlar yeni idarəetmə sistemi yaratmağa, cəmiyyətin inkişafına əngəl olan bütün maneələri qətiyyətlə aradan qaldırmağa, xalqın arzuladığı tam şəffaf və demokratik bir sistem qurmağa imkan verəcəkdir. Möhtərəm Prezidentin son çıxışı bir daha sübut etdi ki, vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməlləri araşdırılacaq, onlar barəsində ciddi tədbirlər görüləcək, ölkə qanunlarını pozan heç bir kəs vəzifəsindən asılı olmadan məsuliyyətdən boyun qaçıra bilməyəcəkdir.

Qax rayon Ağsaqqallar Şurasının sədri
Nadir Aşurov

 

Keçidlər