Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ermənistanın daxili və xarici siyasətində böhran hökm sürür

19 iyun 2020 | 16:00

Son zamanlar koronavirus pandemiyası ilə əlaqədar müxtəlif dövlətlərdə böyük problemlər yaşanmaqdadır. Regionda ən acınacaqlı vəziyyət Ermənistandadır.  Bunun  qarşısını almaq üçün işğalçı dövlətin nə güclü iqtisadiyyatı var, nə də ölkədə düzgün siyasət aparılır. İşğalçı Ermənistanda yarıtmaz Nikol Paşinyanın hakimiyyətinin bacarıqsızlıqları,  iki il ərzində sosial-iqtisadi müstəvidə hansısa yenilik edə olunmaması ölkədə xalq arasındakı narazılığı da gücləndirib. Həmçinin vətəndaşlarının sağlamlığını, onların sosial vəziyyətini düşünmək əvəzinə Ermənistanın Baş Naziri Nikol Paşinyan hakimiyyəti "döyüş hazırlığı" vəziyyətinə gətirib. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi azadlıqlar boğulur, ən ciddi siyasi rəqiblər müxtəlif bəhanələrlə həbs edilir.
İctimai-siyasi vəziyyətin gərgin olaraq davam etməsi Nikol Paşinyanın əleyhdarlarını nümayişlər keçirməyə sövq edir. Son günlərdə Paşinyan  hakimiyyətinə qarşı kəskin tənqidlərlə çıxış edən, səriştəsiz hakimiyyəti istefaya çağıran Çiçəklənən Ermənistan Partiyasının sədri,  parlamentdə ikinci ən böyük fraksiyanın rəhbəri olan deputat Qagik Çarukyanın Ermənistan Milli Məclisi tərəfindən toxunulmazlığı ləğv edildi. Beləliklə,  onun həbsinə yaşıl işıq yandı. Paşinyan siyasi rəqibini sıradan çıxarmaq üçün repressiyalara başlayıb.  Q.Çarukyana qarşı çıxarılmış qərara etiraz edən şəxslərə qarşı isə zor tətbiq edildi, xəsarət alanlar oldu və 100-dən artıq adam saxlanıldı.
9 iyunda “Çiçəklənən Ermənistan” Partiyasının sədri Q.Çarukyan hökumətə vədləri yerinə yetirmək üçün vaxt verildiyini, lakin ölkəyə investisiyanın gətirilmədiyini, iqtisadiyyatın inkişaf etmədiyini, koronavirusla mübarizədə atılan addımların uğursuz olduğunu əsas gətirərək Paşinyanın istefa etməsi tələbi ilə çıxış etdi. Bu proseslərin bir-biri ilə zəncirvari bağlantılı olduğuna qəti şübhə yoxdur. Çarukyan faktiki olaraq parlamentdə ikinci böyük fraksiyaya rəhbərlik edir. Bundan narahat olan  Paşinyan repressiv metodlara əl atır ki, rəqiblərini qorxuda bilsin. Əks təqdirdə onun devrilməsi daha da sürətlənə bilər.
İyunun 14-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) “Çiçəklənən Ermənistan” Partiyasının lideri, oliqarx Qaqik Çarukyanın evini mühasirəyə alması siyasi böhranın fitilini alovlandırdı. Xüsusi təyinatlılar “Çiçəklənən Ermənistan” Partiyasının ofisində də axtarışlar aparıb. Çarukyanı dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə aparılarkən bildirib ki, “geri çəkilmək niyyətində deyil”. Çarukyanın tərəfdarları MTX-nin binası önündə “Nikol get”, “Çarukyan baş nazirdir” şüarları ilə aksiya keçirib, binaya daxil olmaq istəyərkən xüsusi təyinatlılarla onlar arasında  qarşıdurma yaşanıb.
15 iyunda Çarukyan çıxış edərək hökumətin  xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başlandığını, bu mübarizədə  geri çəkilməyəcəyini və hər şeyə hazır olduğu bildirdi. Höküməti xarici və daxili siyasətdə səriştəsizlikdə günahlandıran Qaqik koronovirusa yoluxan və ölənlərin ört-basdır edildiyini qeyd etdi.  Q. Çarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu göstərir. Q. Çarukyanın həbs ediləcəyi istisna olunmur.  Ölkədə hal-hazırda etirazlar, iğtişaşlar və kütləvi həbslər davam edir.
Təəssüf ki, Ermənistanda baş verən son siyasi repressiyalarla bağlı beynəlxalq qurumlar həmişə olduğu kimi yenə də  səssiz qaldı. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özünü elə aparır ki, sanki ölkədə heç nə baş vermir. Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi, dərhal ölkəmizə qarşı sistemli bir qarayaxma kampaniyasına başlayar, uzun müddət bunu gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurarmağa çalışardılar. Ona görə də, Qərbin demokratiya institutları üçün əgər doğurdan da demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə mütləq Ermənistanda baş verənlərə adekvat münasibət bildirməli, işğalçı olkənin diktatura rejimini ifşa etməlidirlər.
Ümumiyyətlə, bu, qərbin Ermənistanda insan haqlarının pozulmasını görməzliyə vurduğu ilk halı deyil. Beləki, Ermənistanda müxalif siyasətçi və jurnalist Mqer Yeqizaryan həbsxanada aclıqdan vəfat edib. N. Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı  repressiv vasitələrdən geniş istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın Baş Naziri siyasi rəqiblərini bir-bir həbsə atır, onları təzyiq göstəriləcəyi haqda hədələyir və bunu edir. N.Paşinyan  tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb, bəziləri həbs olunub, hazırda istintaq davam edir. N. Paşinyan ölkədə avtoritar rejim yaratmağa cəhd göstərir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı yaranan istənilən şəxsi korrupsiya ilə mübarizə tədbiri adı altında həbs etməsi və bunun fonunda Qərbin sükutu N. Paşinyanın əl-qolunu daha da açır. Paşinyanın bu addımları artıq onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır.
Qərbin ikili standartlarının digər bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə  reaksiyalarıdır. Belə ki, 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirilmişdir. Seçkiləri   müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara, demokratik prinsiplərə  əməl edildiyi deyilirdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri  uduzmuş indiki Baş Nazir inqilab yolu ilə hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən N. Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq bildirmişdir: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilib və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmayıb”. Paşinyana qarşı sərgilənən bu mövqenin arxasında onun amerikalı iş adamı Corc Soros tərəfindən dəstəklənməsi də müəyyən rol oynayır. Hələ 2018-ci il prezident seçkilərində Paşinyanın küçə yürüşlərinə, mitinqlərinə kimlərin maliyyə yardımı etməsi, arxasında hansı qüvvələrin dayanması hamıya məlumdur. Bir sözlə, siyasi rəqiblərini güc yolu ilə sıradan çıxarmaqda Paşinyan havadarlarına arxalanır.
Hər gün erməni mətbuatında Paşinyan ailəsinin dövlət büdcəsini öz şəxsi məqsədləri üçün istifadə etdikləri barədə məqalələr dəcr olunur. Paşinyanın erməni oliqarx S.Aleksanyan ilə də qohumluq əlaqələrinin olması onun əsl niyyətini təsdiq edir.
Bu gün hakimiyyətə gəldiyi gündən problemlərlə üzləşən Paşinyan hökumətinin gülünc vəziyyəti sadə erməni xalqını çilədən çıxarıb. Ölkədəki vəziyyəti təhlil edən erməni siyasətçilərin özləri belə hökumətin  fəaliyyətini biabırçılıq adlandırıblar. Parlamentdə ilk dəfə olaraq beşpartiyalı sistemdən üçpartiyalı sistemə keçilməsi,  deputatların sayının 111-dən 222-yə çatdırılması Paşinyanın məqsədyönsüz, uğursuz siyasətinin göstəricisidir. Ölkəni ağuşuna alan sosial sıxıntıların mövcudluğu, eyni zamanda xarici borcun girdabında üzməsi, pandemiyanın yaratdığı çətinliklər hələ  Ermənistanı daha da ağır günlərin gözlədiyindən xəbər verir. Sadalanan bu faktlar bir daha sübut edir ki, Ermənistan həqiqətən məhvə məhkum olan və zavallı bir ölkədir.
Demokratik dəyərlərə əsaslanan dövlətimizdə  ən xırda məsələyə belə reaksiya verən Avropa Şurası Parlamenti nədənsə   Ermənistandakı bu repressiyaya laqeyd qalmaqda davam edir. Ermənipərəst, anti-Azərbaycan  qüvvələrin əlində alət rolunu oynayan bu təşkilat Qarabağda keçirilən saxta seçkilərə heç bir münasibət bildirmədi. Əslində digər beynəlxalq təşkilatlardan da öncə məhz Avropa Şurası bu qondarma “seçkilər”i tanımadığı barədə bəyanat verməli idi. Ermənistandakı ədalətsizlik, demokratik dəyərlərin tapdanması, azadlıqların kobud formada pozulması hallarını görməzdən gələn AŞPA-nın məhz bu “fəaliyyət”inin bəhrəsidir ki, indiyə kimi Qarabağ problemi, işğal olunmuş ərazilərlə bağlı bir dəfə də olsun təşkilat tərəfindən ədalətli mövqe nümayiş etdirilməyib. Son günlərdə öz vətəndaşlarına qarşı repressiv vasitələrə əl atan Ermənistan bir daha bütün dünyaya terrorist, antidemokratik ölkə olduğunu sübut etdi.

 

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”       İctimai Birliyinin Qax rayon şöbəsinin  sədri

Atəş Babayev


 

Keçidlər