Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan ordusu iyulun 12-si Ermənistanın Tovuz rayonu ilə həmsərhəd Tavuş rayonundan törədilən növbəti təxribata qarşı layiqli cavab vermişdir

15 iyul 2020 | 16:00

Azərbaycan ordusu iyulun 12-si Ermənistanın Tovuz rayonu ilə həmsərhəd Tavuş rayonundan törədilən növbəti təxribata qarşı layiqli cavab vermişdir. Rəsmi Yerevan Ermənistan tərəfinin itkilərini gizlətsə də, Feysbuk səhifələrində Ermənistan vətəndaşlarının yazışmalarından da aydın göründüyü kimi qarşı tərəf canlı qüvvə ilə 30 nəfərdən artıq tələfat verərək geri çəkilməsi öz əksini tapır.
          Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda  canlı qüvvəsi və texnikası məhv edilmişdir.
         Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Paşinyan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir. Rəsmi Yerevan bununla müxalifləri susdurmağa çalışır, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir.
       Ermənistan tərəfi dünya ictimaiyyətinin COVID-19 pandemiyası dövrü bütün münaqişələrin dayandırılması çağırışına məhəl qoymamasına, atəşkəsi kobud şəkildə pozmasına baxmayaraq ATƏT Minsk qrupu həmsədr ölkələri, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qınanılmayıb, hətta ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik də  məsələyə münasibət bildirməyib.
        Görünür ki, ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir addım atdı.
        Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq Ermənistan desturuktiv siyasətilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir, siyasi və hərbi təxribatlar vasitəsilə pozmağa çalışır.
         Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.
      Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.
        Son günlərdə cəbhə bölgəsində Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbi qulluqçularımızın dəfn olunduğu rayonlarda hərbçilərimizin nəşi yerli əhali tərəfindən böyük hörmət və sevgi ilə qarşılanmışdır. İnsanlar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edirlər. Ölkədə bu günlər  əsl ordu-xalq vəhdəti nümayiş etdirilir.
        Prezident İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Təhlükəsizlik Şurasının iclasını keçirmişdir. Azərbaycan tərəfi nümayiş etdirir ki, torpaqların işğalı və hansısa xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq.
      Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bildirmişdir ki, Azərbaycan danışıqlar aparmaq xatirinə danışıqlar aparmayacaqdır. Danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır. Əks halda geniş miqyaslı hərbi əməliyyatların olması qaçınılmazdır.
      Qardaş Türkiyə Cümhuriyyəti də Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınamış və hər zamankı kimi Azərbaycanın yanında yer aldığını bildirmişdir. Türkiyə xarici işlər nazirliyi təxribatdan dərhal sonra 12 iyul, No: 149 saylı bəyanatı ilə Ermənistan tərəfinin təxribatını kəskin pisləmişdir.
        İran İslam Respublikası Xarici işlər nazirliyinin mətbuat katibi Seyyid Abbas Musəvi atəşkəsin pozulması zamanı Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlı təəssüfünü bildirmiş və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha təkrarlamışdır.

Keçidlər