Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Tovuzda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir

23 iyul 2020 | 16:00

         İyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. 
       Dövlət başçısının sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib və ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərdə müayinə və ekspertiza işləri aparılır. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
       Əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib.
İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evə müxtəlif dərəcədə ziyan dəydiyi müəyyən edilib. Eyni zamanda intensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.
       Dövlət başçısı Azərbaycan vətəndaşlarının bütün problemlərini daima diqqətdə saxlayır. Prezident İlham Əliyevin imzaladığı sərəncam onu göstərir ki, Azərbaycan dövləti daima vətəndaşının yanındadır və onun problemlərinin həllində yaxından iştirak edir. “Tovuz rayonunun Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam bir daha bu kimi bütün məsələlərin diqqətdə olduğunu və onların həlli üçün dövlətin bütün resurslarını ortaya qoyacağını yəqin etdi. Hazırda mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbər olunub. Təbii ki, qısa zaman ərzində dəymiş zərər tezliklə aradan qaldırılacaq. Ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq. Bununla da həyat tamamilə öz məcrasına qayıdacaq”.
        Bununla yanaşı, dövlət rəhbərliyi Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.
       Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır.
        Cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır.
         Şəhid ailələri dövlət hesabına evlə təmin edilir (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib).
        Şəhid ailələrinə birdəfəlik yardım göstərilir (hər ailəyə 11 min manat olmaqla).   
Dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Yəni dövlət hər zaman öz vətəndaşının yanındadır. Azərbaycan dövləti güclü dövlətdir, ona görə də dərhal vətəndaşlarımıza dəyən ziyanın aradan qaldırılması fonunda dağıdılmış evlərin, yaşayış məntəqələrinin tam bərpa edilməsi reallaşdırılacaq. Dövlətimiz bunu bir dəfə Cocuq Mərcanlıda göstərib. 2 aprel 2016- cı il döyüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər əyani misaldır. Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir.
Cocuq Mərcanlı bu gün elə bərpa edilib ki, bunun simvolik mənası var. Yəni gələcəkdə işğaldan azad olunan torpaqlarımızda hər şey bərpa olunacaq”.
          Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.
Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.
Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.

Keçidlər