Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib

24 iyul 2020 | 16:00

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı  ildən-ilə gücləndirilir. Pandemiyanın məhdudiyyətlərinə baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən bu il heç bir sosial proqram təxirə salınmamışdır, əksinə, bu proqramlar uğurla davam etdirilməklə əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
21 iyulda  Bakının Xətai rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdimat mərasimi keçirilib.
Prezident cənab İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular.
Dövlətimizin başçısına və birinci xanıma sosial təminat və birdəfəlik ödəmə, 2020-ci ildə məşğulluq tədbirləri, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti, sosial xidmətlər və reabilitasiya, şəhid ailələrinə və müharibə əlillərinə qayğı, DOST mərkəzlərinin fəaliyyəti, elektronlaşma və innovativ həllər, pandemiya ilə əlaqədar olaraq məşğulluğa və sosial rifaha dəstək tədbirləri barədə məlumat verildi.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdülər. Görüşdə çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi və müharibə əlilləri mənzillərlə,   7 minə yaxını isə avtomobillə təmin olunub. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin  ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik.
Dövlət büdcəsinin böyük hissəsinin sosial məsələlərin həllinə xərcləndiyini vurğulayan ölkə başçısı ötən illə builki ilin müqayisəsini nəzərə çatdıraraq qeyd etdi ki : “Keçən il 934 mənzil verilmişdirsə, bu il isə 1500-ə çatdırılmışdır. Yəni bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq.
Cənab Prezident  məcburi köçkünlərin məişət problemlərinin həlli barədə qeyd etdi ki: “Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik. Mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Bildiyiniz kimi, özəl şirkət – “Paşa Holdinq” öz vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün inşa etdirdiyi 3 şəhərcikdə artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Eyni zamanda, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürmüşdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir”.
Ölkə başçısı onu da qeyd edib ki, ölkə  vəsaitlərinin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyevin neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olumuşdur. Görülən işlərin təməlində ölkədə illər ərzində yaranmış iqtisadi  potensial dayanır. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bərabər, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Belə ki, şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb. Keçən il insanların sosial problemlərinin həlli üçün bir neçə milyard manat vəsait xərclənib. Bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bu il ödənişli ictimai işlərə 90 mindən artıq insan cəlb ediləcək. O  iş yerləri ki insanlar üçün şərait yaradılır pul qazansınlar və heç olmasa, aztəminatlı təbəqə minimum əməkhaqqı səviyyəsində vəsait qazansın. Biz bu imkanları oz işimizlə, məqsədyönlü fəaliyyətimizlə qazanırıq. Bizim iqtisadi siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məqsədimiz odur ki ölkə daha qüdrətli olsun, insanlar daha yaxşı yaşasın.  
Bütün dünyanı bürüyən COVID-19 pandemiyasının insanların sağlamlığına və ölkələrin iqtisadiyyatında yaratdığı çətinliklərədən də söz açan ölkə başçısı qeyd etdi : “Pandemiya dövründə dünyada böhran davam edir. Yeni modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Biz bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb etmişik.  Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiyməti bir neçə dəfə düşüb və gəlirlərimiz buna uyğun olaraq azalıb, ancaq bir dənə də olsun sosial layihə ixtisar edilməyib. Neftin qiymətinin azalmasına Ermənistan sevinir, çünki başa düşürlər ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaq. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə də sevinir, istəyirlər ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər”.
Son günlərdə Tovuz istiqamətində mənfur Ermənilərin törətdiyi növbəti təxribatdan danışan ölkə başçısı bildirib: “ Bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olubdur, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib. Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz. İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var”.
Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan yazılıb.
Cənab Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə aparılan siyasət  beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və dövlətimiz  istədiyinə nail olacaqdır. Qardaş Türkiyənin Tovuz hadisələrindən sonra ölkəmizə verdiyi dəstəkdən də söz açan ölkə başçısı bu günlərdə heç vaxt olmadığı qədər çox güclü beynəlxalq dəstək gördük. İlk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər”.
Son illər Azərbaycan beynəlxalq və regional əməkdaşlıq sahəsində boyük uğurlar qazanıb. Ölkə başçısı bildirib ki,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərmişdir. Bu təşkilatda beş ölkə fəaliyyət göstərir - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın üzvləridir və Azərbaycanı dəstəkləyirlər. Habelə 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatı,  57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı birmənalı olaraq ölkəmizə  dəstək oldu. “Ermənistan bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdır, məhv edir, təhqir edir. Biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə də belə həssas günlərdə hansı ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşlarımızı öldürüb, kəndlərimizi dağıdıb”.
Cənab Prezident görüşdə qorxaq erməni siyasətindən də söz açıb: “Azərbaycan Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi.  KTMT-nin 6 üzvündən 3-ü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan o cümlədən Qoşulmama Hərəkatında təmsil olunan Belarusiya da bu hərəkatın bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi. Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir.
Qarabağ münaqişəsinin həllinə qətiyyətli mövqeyini bir daha dilə gətirən ölkə başçısı bildirib ki:”Münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq”.

 

 

Keçidlər