Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müşavirə keçirilib

08 avqust 2020 | 16:00

Son aylarda bütün dünyanı bürüyən COVID-19 pandemiyası insanları bəşəri sınaq qarşısında qoyub. Hər bir ölkə  vətəndaşlarını böhrandan az itki ilə çıxartmaq üçün öz strategiyasını, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və metodlarını tətbiq edir. Hökümətimiz də pandemiyanın ilk günlərində qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində  vəziyyəti nəzarət altında saxlamağa nail oldu.  
        Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün siyasət və atılan zəruri addımlar öz bəhrəsini verdi. Belə ki,  vətəndaşlara ayrılan sosial yardımlar, vergi güzəştləri, sahibkarlara dəstək vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət etdi. Koronavirusa qarşı aparılan mübarizədə nümayiş etdirilən müsbət və inamlı nəticələr onu sübuta yetirdi ki, bu gün Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirməyə, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi verməyə qadirdir.
Avqustun 6-da ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirilib. Cənab Prezident çıxışında qeyd edib ki, İyulun 16-dan bu günə qədər koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Artıq yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu onu deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Koronavirus xəstəliyinin bundan sonra da nəzarət altında saxlanılacağını bildirən prezident həkimlərimizin pandemiya ilə mübarizədə çox böyük əməyi olduğunu vurğuladı: “Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunmuşdur.
         Ölkə başçısı onu da əlavə etdi ki, xəstələrin müalicəsi üçün  mövcud xəstəxanalarda kifayət qədər imkanların olmasına baxmayaraq  yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir.  Həmçinin Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq xəstəxana istifadəyə verilmişdir və ayın sonuna qədər 1300 çarpayılıq xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə 2100 əlavə çarpayı yeri yaranacaqdır. Qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə  iki Olimpiya İdman Kompleksi də xəstəxanaya çevrilib və qısa müddət ərzində hazır vəziyyətə gətirilmişdir.
           Aydın görünür ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə inkişaf yolu qət etmir, dövlət başçısı fövqəladə hallar, təbii fəlakətlər zamanı zərər çəkən vətəndaşların sosial rifahının qayğısına qalır. Bütün dünyanın koronavirusla mübarizə apardığı bir dövrdə də ölkə rəhbəri insan amilinin əsas olduğunu diqqətə çatdırır, açıq şəkildə bildirir ki, dövlətin yürütdüyü siyasətdə əsas amil vətəndaşların sağlamlığı, təhlükəsizliyi və rifahıdır.
Cənab Prezident çıxışında iqtisadi və sosial məsələlərin həllinə toxunaraq  son aylar ərzində dövlət tərəfindən böyük işlər görüldüyünü, 5 milyona yaxın insanın  geniş sosial paketlərlə  əhatə edildiyini qeyd etdi.
Pandemiya dövründə də Sosial dəstək layihələri uğurla icra edilmişdir. 2020-ci ildə sosial layihələrin həcmi rekord həddə çatmışdır. Bu il rekord sayda- 7 mindən çox məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaqdır. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçiyə də dövlət tərəfindən pulsuz mənzillər veriləcəkdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı deyib: “Müqayisə üçün deyə bilərəm ki, şəhid ailələrinə və müharibə əlillərinə əvvəlki illərdə 700-ə qədər, keçən il 934 mənzil verilmiş, bu il isə 1500 mənzil veriləcəkdir. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.
Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib). Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.  İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilmişdir.
Həmçinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə  tədbirlər geniş vüsət alır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib.  Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib.
Habelə  Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı  ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb.
Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği  3 dəfə artırılıb. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda)  aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub: 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox  vərəsəsi ödəmə ilə təmin edilib.
Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.
Həmçinin 2 milyon şəxsə sosial ödənişlərin davamlılığı təmin edilmişdir. 6 ayda ötən illə müqayisədə əhaliyə 590 milyon manat (27%) çox vəsait ödənilmişdir.
Ünvanlı dövlət sosial yardımının verilməsi də davam etdirilir.  1 aprel tarixi ilə müqayisədə 15 min ailə artaraq 85 min ailəyə (və ya 350 min şəxs) verilmişdir. Aylıq orta məbləğ 225 manat təşkil edir.
Habelə 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlil şəxsə evində sosial xidmət göstərilmişdir. Sosial xidmət müəssisələrində 1000-dək şəxsə stasionar xidmət göstərilir.
        COVID-19 virusunun yayılması ilə əlaqədar aztəminatlı ailələrə ərzaq paylarının verilməsi təmin olunmuşdur. Bu müddət ərzində sosial tərəfdaşların dəstəyi ilə 100 min ailəyə 2 dəfə ərzaq payı verilmişdir.
Müddəti bitən əlilliyi olan şəxslər, işsizlikdən sığorta alanlar, peşə hazırlığına cəlb olunanlar üçün (cəmi 16 min nəfər) ödəniş 2 aylıq uzadılmışdır. Əhaliyə güzəştli elektrik enerjisi limiti aprel-may aylarında aylıq 100 kvts. həcmində artırılmışdır.
Məşğulluq və sosial rifaha dəstək tədbirləri təqribən 5 milyon nəfəri əhatə edir. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq dövtət sektorunun və özəl sektorun bir çox sahələrində  fəaliyyətin dayandırılmasına baxmayaraq  dövlət sektoru üzrə  900 min nəfərin (80%-i işə çıxmasa da) iş yeri və əmək haqları qorunub saxlanıb.  Özəl sektora göstərilən dəstəklə  760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınıb. İlin əvvəlindən əmək müqavilələrinin sayı 120 min (19%), əmək haqqı fondu 15%  artıb.
İşsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərə  190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə verilmişdir.   Aprel-may aylarında ölkə üzrə 600 min şəxsə 225 milyon manat ödənilib.
İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunmuşdur.
Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunacaqdır. Avqust ayında da onlara 190 manat ödəniləcəkdir. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək.
Ölkə başçısı müşavirədə onu da qeyd etdi ki: “Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faizdən də çoxdur. Bu ölkələrə baxdıqda respublikamızda vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar  iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır”.
Prezident İlham Əliyev sahibkarlara bundan sonra da şəffaf və mütəşəkkil qaydada dəstək veriləcəyini qeyd etdi. O bildirdi ki, ölkəmizdə vergilərin 75 faizi özəl sektorda formalaşır:  “Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, bu vergilər yığılmayacaqdı. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir. Eyni zamanda, Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir”.
Həmçinin ölkə başçısı dövlət şirkətlərinin itkilərin dövlətin hesabına aradan qaldırılması tendensiyasına son qoyulmasını, onların normal korporativ idarəetmə əsasında işləməsinin təmin olunmasını vurğuladı.
İqtisadiyyatın liberallaşdırılmasına toxunan ölkə başçısı qeyd etdi ki:   “Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq.  Ancaq bu yolla bu müəssisələr işə salına bilər. Çünki Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə yeni sənaye müəssisələri yaradılmaqla ekoloji standartları tam gözləmək şərti ilə şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər”.
Bu sahəyə İnvestorların cəlb olunmasına ehtiyac olduğunu bildirən cənab Prezident  ərazilərin abadlaşdırılması, ictimai zonaların yaradılması və binaların tikilməsi ilə  biznesin daha da canlanacağını qeyd etdi. O bildirdi ki: “Xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidir”.
Karantin tədbirlərinin yumşaldılması barədə danışan dövlət başçısı koronavirusla bağlı mübarizədə vəziyyətə uyğun şəkildə addım atılacağını vurğuladı. O, insanların karantin rejimindən yorulduğunu,  vəziyyətin normallaşması üçün bütün rəhbərliyin fasiləsiz, 24 saat ərzində iş başında olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki:  “Avqustun 5-də olduğu kimi karantin rejiminin yenə yumşaldılması mümkündür. Ancaq vətəndaşlar başa düşməlidirlər ki, yumşalmadan sonra xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcəkdir”.
Qabaqlayıcı tədbirlər sayəsində COVID-19-la mübarizədə müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Lakin ciddi nəzarət mexanizmi davam etdirilməlidir. Hər bir vətəndaş  sosial məsafəni təmin etməli,  açılan obyektlərdə bütün sanitar-epidemioloji normalara riayət olunmalıdır. 
          Ölkə başçısı çıxışında onu da qeyd etdi ki: “Koronovirus pandemiyası dünya üçün böyük təhlükədir. Ona görə də bu məsələyə çox ciddi nəzarət olmalıdır. Əgər hamı məsuliyyətli olarsa karantin rejimi yumşaldılaraq normal həyata daha tez qayıtmaq mümkün ola bilər”.
           Bu gün Azərbaycan uğurlu və məqsədyönlü siyasəti ilə bütün dünyaya nümunədir. Çətin pandemiya dövründə ölkəmizin 29 ölkəyə humanitar yardım göstərməsi, Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada iki dəfə ianə verməsi bunun bariz nümunəsidir. Eyni zamanda, COVID-19-dan əziyyət çəkən işsiz şəxslərə, aztəminatlı ailələrə, sahibkarlara böyük həcmdə maliyyə vəsaitlərinin xərclənməsi, sosial dəstək tədbirlərinin miqyasının genişləndirilməsi, bir sözlə həyata keçirilən bütün tədbirlər dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sağlamlığının qorunması, onların rifah halının yüksəldilməsi amilinin dayandığının  sübutudur. İnanırıq ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmiz minimum zərərlərlə pandemiyadan xilas olacaqdır.

Keçidlər