Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev : “Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır”

21 sentyabr 2020 | 16:00

 


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib .
XIX əsrin əvvəllərindən başlayaraq ermənilər kütləvi şəkildə Qafqazda məskunlaşdırılmağa başlandı. Qondarma “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi yolunda onların atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllər və soyqırım aktları ilə müşayiət olundu. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dəfələrlə təkrarlandı.
Müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə toxunan ölkə başçısı qeyd etdi ki, Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Azərbaycan xalqının cəlladı Qorbaçov və onun  ermənilərdən ibarət yaxın ətrafı ölkəmizə qarşı nifrətlə yaşayırdı.
Azərbaycanın o zamankı rəhbərliyinin də  xalqa xəyanət etdiyini vurğulayan cənab Prezident Sovet İttifaqının 366-cı alayının  azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynadığını bildirdi.
Müsahibəsində müasir Ermənistanın vəziyyətini də şərh edən ölkə başçısı qeyd edir ki:   “Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Paşinyan rəhbərliyi  məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu. Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş  etmişdir. Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan  PR məqsədilə istifadə etməmişdir.
İyul hadisələri haqqında da danışan cənab Prezident İlham Əliyev  bildirdi ki, indi Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir?
Ermənistan siyasətinin əsas qayəsinin özlərini alçaltmaq olduğunu bir daha vurğulayan ölkə başçısı yazıq xalq imici yaradan Ermənistanda müstəqilliyin formal xarakter daşıdığını bildirərək qeyd edir:  “Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?”
Televiziya nümayəndələri ilə görüşdə ölkə başçısı bir daha  Paşinyanı Soros rejiminin məhsulu adlandıraraq  bu gün Ermənistanda söz sahibinin Soros olduğunu bildirdi: “ Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. Ermənistanda  iki keçmiş prezident  sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Paşinyan hakimiyyətinin yeganə məqsədi Azərbaycan dövlətinə qarşı davamlı təxribatlar törətməkdir. Ermənistan rəhbəri danışıqlar prosesini pozur. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.  Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Minsk qrupunun həmsədrləri də  Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər.  Ermənistanın işğal edilmiş torpaqlarda  məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara  ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edərək  Azərbaycanı təxribata çəkir”.
Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin, düşmən tərəfinin hansısa komediya tipli təlimlərinin keçirilməsi, iyul hadisələri, avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilməsi- bütün bunlar Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribatlardır. Bunları etməkdə əsas  məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır deyə ölkə başçısı qeyd etdi.
Cənab Prezident təxribatlarala bağlı mövqeyini açıq bəyan edərək belə halda danışıqlar haqda danışmağın  məsuliyyətsizlik olduğunu vurğuladı:- “ Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə iyrənc siyasətinə qoşulmaq istəmir. Bizim bir şərtimiz var,  BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapdığı kimi onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Bizə qarşı ciddi təxribat  törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.
Azərbaycanın güclü strateji vəziyyətindən narahat olan Ermənistan  bu gün döyüş qabiyyətini gücləndirmək üçün müxtəlif dövlətlərdən silah alır. Prezident Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsinə də münasib bildirdi: ”Serbiya və Rusiya  prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim. Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Ermənistan isə BMT və digər beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə səs verib”.
Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətli çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Ermənistanda isə islamofobiya  dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. İşğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədilib. Dini tarixi abidələr dağıdılıb, müsəlmanların müqəddəs yerləri təhqir edilib.  Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirməlidir.
Azərbaycan-Türkiyə münasibətlərindən də bəhs edən cənab Prezident qeyd edir ki: “Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Son illər ərzində Türkiyə-Azərbaycan  birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır.  Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir. Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəkdir”.
Görüşdə Cənab Prezident İlham Əliyev bir daha qətiyyətlə bildirdi ki: “Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!  “

Keçidlər