Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir”

21 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə  Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə  imza atır.Ölkəmizdə bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Qeyd etmək yerinə düşər ki, uğurlu neft strategiyasının davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş və əsas kontraktların hazırlanmasında,  imzalanmasında fəal rol oynamışdır.
“Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma işləri ilə yaxından tanış olan cənab Prezident İlham Əliyev  mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə vermişdir.
Cənab Prezident bildirdi ki, “Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir. İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin qətiyyəti sayəsində yeni kontrakt imzalanmış,  “Total” şirkəti ilə   SOCAR-ın əməkdaşlığı nəticəsində böyük qaz-kondensat yatağı aşkarlanmışdır. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır.  Artan daxili tələbatı ödəmək məqsədilə Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Təqribən 7 milyard dollar dəyəri olan  “Mərkəzi-Şərqi Azəri” adlanan yeni   layihənin  icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.
Uğurlu TANAP layihəsindən də bəhs edən ölkə başçısı bildirdi ki, TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür.  “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə və digər bazarlara ötürülə bilər. “Əsrin kontraktı”nın imzalandığı  1994-cü ildən 26 il keçib və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır.

Neftçi peşəsinin çətinliklərindən söz açan ölkə başçısı neftçilərin əməyini  əsl qəhrəmanlıq adlandırdı. “Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Ölkəmizin uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. Azərbaycanın Qurban Abbasov, Xoşbəxt Yusifzadə kimi əfsanəvi neftçiləri həmişə xatırlanmalı, yeni nəsillərə onların nümunəvi həyatı təbliğ olunmalıdır”.
Ölkə başçısı “Abşeron” yatağının azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən kəşf edildiyini, eyni zamanda istifadə edilən bütün qurğuların Azərbaycanda istehsal olunduğunu bildirdi. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında,  karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir.
Müstəqillik dövrünə qədər  çıxarılan neftin  Azərbaycan xalqının maraqlarına xidmət etmədiyini xatırladan cənab Prezident Azərbaycanın daha öncə  müstəqillik qazanmış olsa idi, dünyanın ən zəngin ölkəsinə çevrilə biləcəyini qeyd etdi.
Azərbaycan neft maqnatlarının xeyriyyəçi əməllərindən də bəhs edən ölkə başçısı  xüsusilə Hacı Zeynalabdin Tağıyevin, Muxtarovun, Əsədullayevin əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyə işlərinə sərf etdiklərinin  çıxış və yazılarda xatırlanmalı olduğunu bildirdi. “Tağıyevin azərbaycanlıların təhsil almasında, Bakının abadlaşdırılmasında rolu xüsusi olaraq vurğulanmalıdır. O, görkəmli dövlət xadimi Əziz Əliyevin Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumasına kömək etmişdir. İkinci Dünya müharibəsi zamanı Dağıstana rəhbərlik edərkən Əziz Əliyev Şimali Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq dağıstanlıların köçürülməsinin qarşısını almışdır.
İkinci Dünya müharibəsində sovet ordusunun qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi olduğunu bildirən ölkə başçısı bunun müqabilində isə Sovet İttifaqından  Azərbaycana dağılmış iqtisadiyyat, dağılmış neft infrastrukturunun miras qaldığını qeyd etdi.  “Sovet vaxtında  Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın  bir çox rayonlarında qaz xətləri yox idi.  II dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində azərbaycanlıların və Azərbaycan rolu yüksək olsa da, lazıminca qiymətləndirilməyib” .
Müstəqilliyin üstünlüklərindən danışan cənab Prezident hal-hazırda   Azərbaycan neftinin, təbii resursların tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət etdiyini, neft gəlirlərinin qorunduğunu, düzgün idarə olduğunu, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunduğunu bildirdi. “İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycan bu gün  infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdədir”.
Cənab Prezident  Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanın 11-12-ci yerlərə layiq görüldüyünü, yol infrastrukturunun keyfiyyətinə görə ölkəmizin dünyada 27-ci yerdə olduğunu, həmçinin nəhəng neft-qaz layihələrinin icrası nəticəsində  kosmik dövlətə çevrildiyimizi qeyd etdi. Müstəqillik dövründə 3700 məktəbin,  700-dən çox xəstəxananın tikilib-təmir edildiyini və ən müasir avadanlıqla təchiz olunduğunu, təkcə iqtisadiyyat və sənaye sahəsində deyil, idman sahəsində də uğurlar qazanıldığını vurğuladı.
Keçmiş dövrlə müqayisə aparan ölkə başçısı  sovet dövründə bunu təsəvvür etməyin mümkün olmadığını bildirdi.
“Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır”.
Sovet dövründə  Bakı, Abşeron yarımadasının, Sumqayıt şəhərinin ekoloji fəlakət zonası olduğunu xatıradan dövlət başçısı artıq  Bibiheybət buxtasının gözəl parklar, istirahət zonalarına çevrildiyini, Bibiheybət və Balaxanı qəsəbələrinin, Sumqayıt şəhərinin  yenidən qurulduğunu , Qara şəhərin Ağ şəhərə çevrildiyini bildirdi. Ölkə başçısı qeyd etdi ki, “Bakının bütün qəsəbələri abadlaşdırılmalı, tarixi abidələr bərpa edilməli, orada insanlar üçün daha yaxşı şərait yaradılmalı, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır. İki ildən sonra Heydər Əliyev adına neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” benzin istehsal olunacaq. “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq. Ekologiyanın sağlamlaşdırılması üçün atılan addımlar  xalqın, gələcək nəslin sağlamlığı üçündür. Ekoloji layihələr hələ davam edir. Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir”.   
Çar Rusiyası və sovet dövründə çirkləndirilmiş zonaların təmizlənmədiyini, sərvətlərimizin yalnız istismar edildiyini və insan amilinin nəzərə alınmadığını bildirən  cənab Prezident  dövlətin əsas məqsədinin  “qara qızıl”ın  insan kapitalına çevirilməsi və  vətəndaşlara xidmət etmək olduğunu vurğuladı.
Müsahibəsində ölkə başçısı bir daha bildirdi ki,  neft  Azərbaycan dövləti üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir. Neft məhsullarının təsirindən ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevriləcək və bunun üçün işlər aparılır.

Keçidlər