Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna müsahibə verib

17 oktyabr 2020 | 16:00

Ermənistan bölgə və beynəlxalq təhlükəsizliyi təhdid edir

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 16-da Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna müsahibə verib.
         Müsahibəsində cənab Prezident Ermənistanın yeni əraziləri işğal etməyə hazırlaşırdığını, Ermənistanın müdafiə nazirinin bu bəyanatla açıq-aşkar çıxış etdiyini, Azərbaycana daim hədələr və təhqirlər səslənirdiyini diqqətə çatdırdı.
Hərbi əməliyyatlara Ermənistan başlayıb. Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qaldı.  İyul ayında da dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı.
Cəbhədə Azərbaycan əsgərinə qarşı dura bilməyən erməni ordusu dinc əhaliyə qarşı terror törədir. Sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində bu günə qədər dinc əhali arasında 43 nəfər həlak olmuş, 200-dən çox dinc sakin yaralanmışdır.  Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev tamamilə dağıdılmışdır. Atəşkəsin əldə olunmasından sonra da Ermənistan tərəfindən artilleriya atəşlərinin davam etdiyini bildirən ölkə rəhbəri Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakinin həlak olduğunu, 40-a yaxın adamın yaralandığını bildirdi.
Müsahibəsində Ermənistan ordusunun itkiləri barədə danışan Ali Baş Komandan erməni tərəfinin itkilərinin Azərbaycanın itkilərindən çox olduğunu,  Azərbaycan hərbi qulluqçuları arasındakı itkiləri isə münaqişənin qaynar fazası başa çatandan sonra elan edəcəyini diqqətə çatdırdı.
Hazırda hərbi əməliyyatlar uğurla davam edir. Döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Azərbaycan ordusu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olub. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılmış və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatlar davam etdirilir.
Azərbaycanda xaricdən gələn muzdluların olmadığını diqqətə çatdıran  ölkə rəhbəri xarici muzdlulara ehtiyacın olmadığını, orduda 100 mindən çox döyüşçünün olduğunu bildirdi. Və əgər ehtiyac olarsa səfərbərlik hesabına bu rəqəmin bir neçə dəfə artırıla biləcəyini diqqətə çatdırdı.
Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Bunu internetdə erməni hərbi texnikasının məhv edilməsi kadrları bir daha sübut edir.
Azərbaycan ordusu arsenalında olan Pilotsuz zərbə uçuş aparatlarından məharətlə istifadə edir. Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Artıq bütün dünyaya Azərbaycan Ordusunun potensialı məlumdur. Bütün bunlar göstərir ki,  Azərbaycanda əlavə hərbi qüvvələrə ehtiyac yoxdur.

Azərbaycan işğal edilmiş torpaqlarını düşməni sülhə
məcbur etmək yolu ilə alacaq

Azərbaycanın prinsiplərə sadiqliyini bildirən cənab Prezident Minsk qrupu çərçivəsində əldə edilən prinsiplərin uzun illər ərzində işlənib hazırlandığını, Azərbaycanın Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərin razılaşdırılması istiqamətində çox fəal irəlilədiyini diqqətə çatdırdı.
Bu çox mürəkkəb məsələ olsa da  hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirmişdi. Paşinyan hökuməti isə əldə edilən prinsipləri qəbul etmədi. Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını kənara atdı. O, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlara cəlb etməyə cəhd göstərdi. Bu cəhd Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi
Müsahibəsində işğal altındakı torpaqlarımız geri qaytarılmasının vacibliyini vurğulayan ölkə rəhbəri bildirdi ki, Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməlidir. Bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Prezident İlham Əliyev qədim Şuşa şəhərinin Azərbaycan üçün böyük önəm daşıdığını, Şuşadan olan məcburi köçkünlərin Şuşaya qayıdacağını qətiyyətlə qeyd etdi.
Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Odur ki, BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir. Azərbaycanın mövqeyi həmişə  konstruktiv və ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb.

Vətən Müharibəsi bəşəri dəyərlər olan ədalətin və
haqqın bərpası uğrunda aparılır

Bu gün Azərbaycan ordusu işğalçıya qarşı Vətən müharibəsi aparır.
Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Hazırda Qarabağdakı hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə  Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir.
Təbii ki Azərbaycan xalqı öz ordusuna və Ali Baş Komandanına inanır.
Prezident İlham Əliyevin əsas amalı da Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğu bütün illər ərzində verdiyi vədləri yerinə yetirmək, ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan xalqı da öz növbəsində Prezident İlham Əliyevin bu uğurlu siyasətinə şübhəsiz yüksək dəyər verir.
Azərbaycanın ərazi bütövlüyü “qırmızı xətdir” deyən cənab Prezident əminliklə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz və Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə  razılıq verməyəcəkdir.

Tarixi həqiqət Azərbaycanın tərəfindədir

Müsahibəsində tarixi faktlara üstünlük verən ölkə rəhbəri qeyd edib ki, Kürəkçay müqaviləsində ermənilərin adı keçmir. Faktdır ki, bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda isə Qarabağ Azərbaycanın tərkibində idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır ki, 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi.

Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar

Sonda bu tarixi faktların Rusiya ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyini bildirən cənab Prezident qeyd edib ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdırlar. Heç bir qüvvə buna təsir göstərə bilməz.
Bu da məlumdur ki, bu gün iki ölkə arasında müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdləri var. Lakin Rusiya və Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində münasibətlər nəinki geriləmir, irəliyə gedir. Bu gün Rusiya və Azərbaycan bir-birinin strateji tərəfdaşlarıdır.

Keçidlər