Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib

19 oktyabr 2020 | 16:00

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber ” televiziya kanalına müsahibə verib.
       Müsahibəsində cənab Prezident Ermənistanın hərbi cinayət törətdiyini, döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açdığını, birinci Qarabağ savaşında da bele halların müşahidə olunduğunu bildirdi. Məhz Xocalı soyqırımını törədənlərin də həmin mənfur Ermənistan olduğunu vurğulayan ölkə başçısı bunun insanlığa qarşı cinayət olduğunu qeyd etdi.
      Bütün bunlar onu göstərdi ki, bu namərd hücumlar  Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Mülki şəxslər arasında insan itkisi davam etdiyini bildirən ölkə rəhbəri Gəncəyə, Tərtərə olunan hücumlara baxmayaraq Azərbaycan ordusunun heç zaman mülki şəxslərə qarşı atəş açmadığını diqqətə çatdırdı.
Həqiqətən də bugün Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər.  Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması Azərbaycan xalqını daha da birləşdirir.       
Son döyüşlər bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var. Ermənistan məğlub olduğunu görüb atəşkəs istədi. Rusiya bu missiyanı öz üzərinə götürdü. Azərbaycan da öz növbəsində humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəsə razılığını bildirdi.
Lakin Ermənistan bu atəşkəsdən istifadə edərək Gəncəyə hücum təşkil etdi. Daha sonra digər şəhərləri vurdu və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdu.
Ermənistanın müharibədəki itkilərinə toxunan Ali Baş Komandan Ermənistan ordusunun müharibədə qısa zamanda əridiyini, yox olduğunu diqqətə çatdırdı.
Döyüşlərdə Ermənistan ordusunun 200-dən çox tankı məhv edilmiş, 33 tankı qənimət kimi götürülmüşdür, hava hücumuna qarşı 35 OSA sistemi, iki S-300 sistemi məhv edilmişdir. 170 karqo maşını ya məhv edilmiş, yaxud ələ keçirilmişdir. Həmçinin 16 komanda mərkəzi məhv edilmişdir. Ümumilikdə Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəymişdir.
         Müsahibəsində Ermənistanın müharibəyə muzdlu döyüşçülər cəlb etdiyini bildirən cənab Prezident nəzarətsiz Dağlıq Qarabağ ərazisində PKK-çıların düşərgələrinin olduğunu diqqətə çatdırdı. Həmin ərazilərdə nəzarət mexanizmi olmadığı üçün düşmən oradan qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri üçün istifadə edirdi.
Bütün sahələrdə Azərbaycana məğlub olan düşmən müharibənin coğrafiyasını genişləndirməyə çalışır. Azərbaycan isə öz torpağında özünü müdafiə edir və işğalçıları qovur.
         Bizim Ermənistan torpağında hərbi məqsədlərimiz yoxdur deyən Prezident İlham Əliyev Ermənistan ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəyi təqdirdə Azərbaycanın buna qarşılıq verəcəyini qeyd etdi.        
       Düşmən həmdə 30 ildən artıqdır ki, Azərbaycanın sərvətlərini talan edirdi. Kəlbəcərin qızıl yataqları qanunsuz olaraq istismar edilir, oradan çıxarılan qızılları Ermənistan xaricə satır və pul qazanırdı. Orada çıxan təbii qaynaqları, torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırdılar. Düşmənin əsas məqsədi bu torpaqları əbədi olaraq Ermənistanın tapdağı altında saxlamaq idi. 
Artıq məlumdur ki, Paşinyan Sorosun adamıdır və o, Rusiyaya qarşıdır. Həmçinin Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu olmuşdur və Paşinyan hər zaman anti-Rusiya mövqeyində olmuş, Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açmışdır.
Son hadisələr bir daha göstərdi ki, status-kvo artıq yoxdur, Azərbaycan status-kvonu dəyişdi. Status-kvo torpaqların işğal altında saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama vermişdirlər ki, status-kvo qəbuledilməzdir.
Müsahibəsində Azərbaycanın haqlı və ədalətli mübarizəsinin dəstəkləndiyini bildirən ölkə rəhbəri Türkiyə və Pakistanın ilk dəstək olan ölkələr olduğunu qeyd etdi. Daha sonra isə bu ölkələrin sayı artdı. Ardınca Əfqanıstan, Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Təbii ki ən çox dəstək göstərən qardaş Türkiyə oldu.  Ancaq hərbi dəstək istisnadır.
Təəsüflər olsun ki, bəzi həmsədr ölkələr bitərəf deyil. Həmsədr ölkələr tərəfsizliyini qorumalıdır. Fransanın həmsədr ölkə kimi bitərəfliyinin vacibliyini diqqətə çatdıran cənab Prezident hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola biləcəyini, ancaq həmsədrliyin artıq başqa bir mexanizm olduğunu vurğuladı. Vacibdir ki,  bu mandat çərçivəsindəki ölkələr gərək bitərəf olsunlar.
Azərbaycanın regionda artan nüfuzundandır ki, qonşu ölkələr tərəfsizliyini qoruyur. İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağlayıb. İran və Gürcüstan hökumətlərinin bu mövqeyi təşəkkürə layiqdir. Türkiyə də regionda böyük bir bölgə dövlətidir. Bu gün Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. 
Bu da reallıqdır ki Türkiyə De-fakto müzakirə masasındadır. Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Rusiya və Türkiyə prezidentləri arasında, Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin arasında danışıqlar olub.
Müsahibəsində Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığına toxunan Ali Baş Komandan bildirib ki, iki ölkə arasında hərbi sahədə işbirliyi gündən-günə möhkəmlənir. Təkcə keçən il 10 birgə hərbi təlim keçirilmişdir. Buna baxmayaraq Türkiyənin Azərbaycanda hərbi baza yaradılması məsələsi heç zaman iki ölkə arasında müzakirə mövzusu olmamışdır. Türkiyənin dünya gücünə çevrilməsində Rəcəb Tayyib Ərdoğanın rolunu yüksək qiymətləndirən ölkə rəhbəri Türkiyə Respublikasının Prezidentinin dünya lideri adlandırdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdıran liderə qarşı bəzi ölkələr tərəfindən çox böyük ədalətsizliklər, haqsızlıqlar edildiyini qeyd etdi. Cənab Prezident bildirib ki: “Bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik”.
          Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan Ordusunun əməliyyatının daha da uğurlu olmasına şərait yaradır deyən ölkə rəhbəri Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yerinin olduğunu, Şuşasız Azərbaycan xalqının haqq işinin  yarımçıq qalacağını diqqətə çatdırdı.
Prezident İlham Əliyevi ən çox kədərləndirən həm vətəndaşlar, həm də əsgərlər arasında olan  itkiləridir.  Gənc əsgərlər fədakarlıq, rəşadət göstərərək doğma Azərbaycan uğrunda şəhid olurlar. Bütün bunlara baxmayaraq Azərbaycan xalqının iradəsi sarsılmazdır.

Tərtəri Ermənistanın Stalinqrada çevirdiyini bildirən Prezident İlham Əliyev bildirib ki, insanlar mərmi altında yaşasa da, vətənlərini, evlərini tərk etmirlər.
         Bu gün Azərbaycan ordusunun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq Azərbaycanın təcrübəsini öyrənirlər.  Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bilir. Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edilib.
        Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.

Keçidlər