Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti

30 oktyabr 2020 | 16:00

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Müraciətində ikinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir deyən ölkə rəhbəri  Azərbaycan ordusunun döyüş meydanında tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırdı.
26 oktyabr tarixində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib. Bunlar Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri və Qubadlı şəhəri də daxil olmaqla Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləridir.
Bununla da azad edilən yaşayış məntəqələrinin sayı 150-yə yaxınlaşır. Beş ilə  (1988-1993-cü illər) işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisidir. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu ordu quruculuğu siyasəti nəticəsində görülən işlər göz önündədir. 
Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır deyən ölkə başçısı bildirib ki, erməni lobbi təşkilatlarının həm bölgənin, həm də münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürməsi nəticəsində  dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yaranmışdır. Məhz buna görə də, torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir.
Bütün bunlara baxmayaraq son illər ərzində Qarabağ tarixininin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülmüşdür. Bu işlər sayəsində artıq dünyada  məsələ ilə bağlı daha obyektiv təsəvvür var. 
Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada,  Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə vermişdir.
Xalqa müraciətində tarixi həqiqətlərə toxunan Ali Baş Komandan vurğulayıb ki, Kürəkçay sülh anlaşmasında  erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycan ərazisinə gətirilib. Burada isə məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi. Həmçinin Qafqaz bürosunun 1921-ci il protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Halbuki bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana verib.
Azərbaycanın sovetlər dövründə də bölgəyə böyük investisiya qoyduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, erməni əhalinin diskriminasiyasından söz gedə bilməz.  Münaqişə başlayanadək ermənilərin Dağlıq Qarabağda bütün mədəni, sosial və mümkün siyasi hüquqları təmin olunub.
Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyində olması da ermənilərin uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. 
Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsinin yaradılmasıyla faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı.
O vaxtkı Azərbaycan rəhbərliyinin qeyri-adekvat davranışı münaqişənin qarşısını vaxtında almağa imkan vermədi. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğal altına düşməsi ilə Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. 
Cənab Prezidentin müraciəti həm daxili auditoriyaya, həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq ictimai rəyə hesablanmışdı. Prezident daxili auditoriyanı həm 20-ci əsrin əvvəllərinin, həm də 1988-ci ildən sonrakı dövrün səhvləri haqqında məlumatlandırır, beynəlxalq ictimai rəyi həqiqətlərlə maraqlanmağa məcbur edir,  Ermənistan ictimaiyyətini isə miflərdən xilas edib tarixi, hüquqi və ordumuzun yaratdığı hərbi reallıqları qəbul etdirməyə çalışırdı. O,  Dağlıq Qarabağ münaqişəsinin həm tarixi, həm də hüquqi incəliklərini müfəssəl izah etdi. Çıxış həm ictimai fəallar, həm gənclər, həm də diplomatlar üçün fəaliyyət proqramı kimi istifadə edilməlidir.
Minsk qrupunun fəaliyyətinə də münasibət bildirən ölkə rəhbəri bildirdi ki qrupun fəaliyyətinə müsbət qiymət vermək olmaz. 
Minsk qrupu bu zamana qədər işğalçıya təzyiq etməyib və etmək də istəməyib.  
Minsk qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Minsk qrupu həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir,onlar istənilən məsələni həll edə bilərlər.
Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına da etiraz etməyib.
Cənab Prezident qanunsuz məskunlaşmanı beynəlxalq cinayət adlandırmış, Cenevrə konvensiyalarına zidd olduğunu vurğulamışdır. Minsk qrupunun cinayətə susması Azərbaycan torpaqlarını erməniləşdirməyə, Azərbaycan mədəni irsini silməyə təşviq mesajıdır. 28 il ərzində danışıqların imitasiyası olub. Bununla da Azərbaycanı vəziyyətlə barışmağa və yaranmış vəziyyətlə hesablaşmağa sürükləyirdilər.
Bu gün onlar öz torpaqlarını işğalçılardan azad etməyə başlayan  Azərbaycana böyük təzyiq göstərirlər. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. 
Minsk qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni  ballistik raketlərlə bombalayan Ermənistanı xilas etməkdir.
Vasitəçi neytral olmalıdır deyən ölkə rəhbəri bildirib ki, neytral deyilsə, öz namizədliyini geri götürməlidir. 
Müstəqilliyimizin ilk mərhələsində Minsk qrupunun həmsədri olan Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir.
Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında digər üzv   ölkələrə böyük təzyiqlər edərək yeni sənəd  qəbul olunmasına çalışıb.  Məqsəd                   1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələri qüvvədən salmaq olub.  Bu yenə də işğalçıya dəstək göstərilməsi cəhdidir. Qoşulmama Hərəkatına üzv ölkələr buna imkan vermədilər, bizə dəstək göstərdilər deyə olkə başçısı bildirib.  
Bugün bütün başqa məsələlərdə  maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur. 
Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə   qaldırılıb. Son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər  ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz  deyil. Azərbaycandakı siyasi partiyalar və ictimai–siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər. Qoşulmama Hərəkatının verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, “dünya 5-dən daha böyükdür”.
          Müraciətində atəşkəs rejiminin Ermənistan tərəfindən daim pozulduğunu bildirən cənab Prezident oktyabr ayının 10-da birinci  atəşkəs qüvvəyə mindiyini diqqətə çatdırdı. Azərbaycan tərəfi  həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün  buna razılıq vermişdi. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi namərd şəkildə, gecə vaxtı Gəncəni bombalamaqla kobudcasına pozdu.
Oktyabrın 17–də  ikinci atəşkəs, oktyabrın 26-sında isə üçüncü atəşkəs elan olundu. Yenə də atəşkəs Ermənistan tərəfindən pozuldu.
Münaqişənin həlli istiqamətində Azərbaycan tərəfinin şərtləri bəllidir.
Münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalı, cədvəl verilməli, Ermənistanın neçə gündən sonra hansı rayondan çıxacağı cədvəldə göstərilməlidir (Ermənistan bu cədvəli verməyib). Döyüş meydanında diz çökən Ermənistan atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək,   silahlanmaq   və yeni işğalçılıq siyasəti aparmaq istəyir. Son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif növ silahlar göndərilir. Atəşkəsi istəyənlər Ermənistanı silahlanıdrmağı dayandırmalıdır. Hazırda münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir:  BMT Təhlükəsizlik Şurasının qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatların analoji sənədləri. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Bu  hüquqi baza imkan verir ki, Azərbaycan ordusu  döyüş meydanında düşmənə dərs versin. 
           Azərbaycan məsələnin hərbi-siyasi yollarla da həllinə hazırdır. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.
          Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır deyən ölkə rəhbəri vurğuladı ki:  Azərbaycan xalqı  tolerant xalqdır, hərbi mərhələnin  başa çatması üçün azərbaycanlılar Şuşaya, Xankəndinə, əvvəllər yaşadığı bütün başqa yerlərə qayıtmalıdır. Erməni əhali üçün şərait yaradılacaq və yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik.” Azərbaycan Prezidentinin bu yanaşması həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır. 
          Artıq vasitəçi ölkələr beş rayonun azad edilməsindən danışa bilməzlər, 5 rayonun artıq 4-ü (Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı) və keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi işğaldan azad olunub. 
         Cənab Prezident Azərbaycanın danışıqların əleyhinə olmadığını, Amerikada baş verən danışıqlar nəticəsində bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrədə görüşəcəyini bildirdirərək qeyd etdi: “Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz.  Biz istəyirik ki, bunun mənası olsun.”
         Bu çıxışda açıqlanan şərtlərlə “5 rayon + 2 rayon” formatının, “Kazan formulu” adlanan danışıqlar mövzusunun arxada qaldığı aydın olur. Azərbaycan Prezidenti danışıqların mənalı olmasını, yeni istiqamətini, vasitəçilərin yeni tərkibini və yeni predmetinin təklif edilməsini istəyir. Yeni yanaşma Azərbaycanın hərb meydanında öz hüquqlarını bərpa etməsi reallığına uyğun olmalı, bunun təcavüzkar tərəfindən qəbul edilməsinə xidmət etməlidir.  Həmsədrlərin məşğul ola biləcəyi fəaliyyət barədə həm müsahibələrində, həm son müraciətdə açıq istiqamət var - Azərbaycanın dəyişdiyi reallıqları qəbul edib danışıqları bu reallıqları təcavüzkara qəbul etdirmək,  erməni tərəfini mədəni muxtariyyət, iki icmanın birgə yaşayışı və bələdiyyə muxtariyyətləri çərçivəsində həllə razı  salmaq. Bunun mədəni dünyanın standartlarına uyğun olması, o cümlədən Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyası, Avropa Şurasının Etnik  Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyasına və digər beynəlxalq hüquqi aktlara uyğunluğu izah olunmalıdır. Əksinə, Ermənistan tərəfi keçmiş prezidentlərin və indiki baş nazirin dili ilə azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığı kimi irqçi fikirlər təlqin edir.
         Müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasını da diqqətə çatdıran ölkə başçısı bildirib ki, müharibənin ilk günündən başlayaraq toplam 305 tank olmaqla 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Cəmi 79 ədəd olmaqla 50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. 251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275 ədəd. Toplam 106 ədəd olmaqla 61 minaatan məhv edilib, 45-i qənimət kimi götürülüb. 53  tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu,2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS”, 4”TOR” zenit-raket kompleksi, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu, 6 “S-300” atıcı qurğusu, 1 Elbrus, 2  “Toçka-U” əməliyyat taktiki raket kompleksləri məhv edilib. 
Həmçinin toplam 404 yük avtomobilindən 20-si sursatla yüklü olmaqla 231 yük avtomobili məhv edilmiş, 173-ü qənimət kimi götürülmüşdür.
Ölkə başçısı Ermənistanın iflas həddinə çatdığını  müşahidəçilərin, vasitəçilərin, politoloqların, ermənipərəstlərin kiçik büdcəsi olan Ermənistanın bu qədər silaha necə sahib olduğunun araşdırılmasının vacibliyini vurğuladı.
Bu gün Azərbaycan və Ermənistanın dövlət büdcəsi göz önündədir. Bizim pulumuz var, hər şey şəffafdır deyən cənab Prezident bildirdi ki: “Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollar, valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir.”
Təbii ki, Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilməz
Bu rəqəmlər sadəcə itki və qənimətləri əks etdirmir, Ermənistanın çöküşünün sürətlənməsini və onun süni yolla ayaqda saxlamağa çalışan dünya güclərinin ikili standartlarını əks etdirir.
“Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir.  Bu müqaviləyə əsasən imzalanmış sənəddə üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi. SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi əsasında mövcud olan kvotasını bölüşdürərkən Ermənistan və Azərbaycanın hər birinin payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü. İndiyədək  Yerevan kvotanın pozulmasını inkar edirdi. Beynəlxalq hesabatlara görə, Ermənistanın  aldığı silahların  böyük hissəsi Dağlıq Qarabağda  anbarlarda gizlədilib. Ortaya çıxan hərbi texnikanın siyahısı Ermənsitanın və onu silahlandıranların müqavilənin şərtlərini kobud şəkildə pozduğunu göstərir.
Bu günlər Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə   Ermənistana silahların daşınması həyata keçirilir. 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir. 
Müraciətdə Ermənistanı idarə edən şəxslər  haqqında da danışan ölkə başçısı bildirdi ki: “Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan indi yıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü və xalqını alçaldır.Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, Dağlıq Qarabağdan çıxıram.”  
Bugün Ermənistanın yeni hökuməti Paşinyanın simasında söyləyir ki, Ermənistanı idarə edən adamlar cinayətkardır. Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkar olub, deməli bu ölkə cinayətkar ölkədir.  
Hamıya məlumdur ki, xarici media antiazərbaycan mövqe tutur, erməni lobbisinin təsiri altındadır. Bütün bu illər ərzində onlar Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar yazıblar.
Halbuki Ermənistanda indiyədək hakimiyyətdə olan şəxslərin hərbi cinayətləri haqda yazılar davam etməli, Paşinyanın qeyri-adekvatlığı göstərilməlidir. Qərb mediasının isə erməni lobbisinin islamofobiya və türkofobiya təbliğ  edən dairələrin əlində alət olması, indiyədək Qərbin yüksək media standartları haqda deyilənlərin puç olmasını sübuta yetdiyini göstərir.
           Hər zaman olduğu kimi Türkiyənin Azərbaycana olan dəstəyindən də söz açan Ali Baş Komandan F-16-ların Azərbaycana təlimlər üçün gəldiyini və müharibə başlayandan türkiyəli qardaşlarımızın bizə mənəvi dəstək vermək üçün Azərbaycanda saxladığını diqqətə çatdırdı. Əgər Azərbaycana kənardan təcavüz olarsa, qarşılarında o F-16-ları görəcəklər.  
            Azərbaycan tərəfi də öz növbəsində bir tərəfdən atəşkəs deyib digər tərəfdən Ermənistana silah göndərilməsinə səssiz qalmayacaq.
  Ermənistanı xilas etmək istəyənlər, onlara təzyiq göstərməlidirlər. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilmirsə bunu Azərbaycan ordusu edəcək. Halbuki  bunu tələb etsələr Ermənistan onların bir sözüylə çıxa bilər.
Son döyüşlər bir daha sübut etdi ki,  Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır.  Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə  məhv edildi.  Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoysun.
Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxıb. İndi böyük dövlətlər beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər.  Azərbaycan isə  beynəlxalq hüququn kənarında heç bir addım atmır. Ermənistan ərazisinə girmir, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarını bərpa edir.
Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıb deyən Ali Baş Komandan bildirdi ki:” Biz haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq! Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Azad olunmuş kəndlərdən bir şey qalmayıb.  Azərbaycan xalqının, dövlətinin  onları bərpa etməyə  gücü çatacaq. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Cənab Prezidentin xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar olunurlar. Bu, ikinci Qarabağ müharibəsi başlayandan Prezidentin xalqa 5-ci müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı.  Prezidentin həmsədrləri – Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən, Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki vəziyyətə uyğundur. Son müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış həlledici məqamın yetişdiyini göstərir.  Prezident müraciətdən bir gün əvvəl Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə yubanmaları tənqid etməsi  ilə orduya “vaxt itirməyin” göstərişi verərək, düşmənə son zərbəni hazırlayır. Həlledici məqamda mane olacaq ölkələrə də F-16-ları xatırlatmaqla  son mesajını göndərir. Bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik: ola biləcək danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir. Vətən müharibəsi qələbəyə qədər davam edəcək. İlham Əliyev cənabları bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı.
Beləliklə, cənab Prezidentin verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb. Müşahidələr göstərir ki, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunur, amma vətəndaş cəmiyyəti institutları və medianın bu istiqamətdə səfərbər olmasına indi hər zamankından daha çox ehtiyac duyulur.

Keçidlər