Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib

29 oktyabr 2020 | 16:00

24 oktyabr 2020-ci il tarixdə aparılan müsahibədə cənab Prezident İlham Əliyev bildirdi ki, hərbi əməliyyatlara Ermənistan başlayıb.
Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər.
Son dövrlər Ermənistan tərəfdən aparılan hücumların əsas məqsədi  Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturunu ələ keçirmək istəyidir. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistan bu boru kəməri üzərində nəzarəti ələ keçirməklə Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etmək niyyətində idi. Lakin onlara  ciddi cavab verildi. Əfsus ki, Ermənistan öz işğalçı niyyətindən əl çəkmədi, növbəti dəfə avqust ayında azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu ölkəmizə göndərdi.
Cənab Prerzident qeyd etdi ki, bu hücumları  etməklə Ermənistan status-kvonun dəyişməz olaraq saxlamaq, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaq, danışıqları tamamilə pozmaq, üçüncü ölkələri münaqişəyə cəlb etmək və münaqişəni beynəlmiləlləşdirmək istəyir. Ölkəmiz düşmənə  yalnız adekvat cavab verib.
Müsahibəsində Azərbaycanın nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə də artıq regional mərkəzə çevrildiyini deyən ölkə rəhbəri Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələrin nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələndiyini bildirdi.
Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Habelə Azərbaycan informasiya texnologiyaları  sektoruna böyük sərmayələr yatırır. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bu sahədə çox inkişaf etmiş şirkətlər, özəl şirkətlər var. Onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir.
Cənab Prezident İlham Əliyev qeyd etdi ki, uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilib.
Hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat verilir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və onlar qaçmaq məcburiyyətindədirlər. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə döyüş meydanında çoxlu işlər görülüb və bu, davam edir.
Ermənistanın atəşkəsi iki dəfə pozduğunu da diqqətə çatdıran ölkə rəhbəri birinci dəfə oktyabrın 10-da, ikinci dəfə isə oktyabrın 17-də gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıldığını qeyd etdi.
Ermənistan hökuməti davamlı olaraq dezinformasiya yayır deyən cənab Prezident bildirdi: Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum edib, insanların yaşadığı ərazini vurublar. Bu, beynəlxalq terror əməli, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.
Müsahibəsində ölkə rəhbəri guya Türkiyənin  münaqişəyə cəlb edilməsi və Azərbaycanda muzdluların olması məsələsinə də aydınlıq gətirdi.
Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstək, beynəlxalq hüququn norma və prinsiplərinə dəstək verirlər. Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, dezinformasiyadır. Bu, müəyyən ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Azərbaycana muzdlu döyüşçülər lazım deyil, çünki ölkəmizin 100 min nəfərdən ibarət nizami ordusu, müasir avadanlığı və 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanları var. Həmçinin ölkədə  tam səfərbərlik belə elan edilməyib. Döyüşdə əlavə insan lazım olsa, daha artıq qüvvə çağırılar.
Ermənistanın pulsuz silahlandırıldığını qeyd edən cənab Prezident onu da əlavə etdi ki, Azərbaycana hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan aldığı silahlara görə pul ödəyir. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaq imkanı var.
İran-Azərbaycan sərhədinin erməni işğalından təmizlənməsindən də danışan cənab Prezident bildirdi ki, İranın rəhbərləri, Azərbaycan, həm də Ermənistan tərəfi ilə danışıqlar aparmışdır. Toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən mərmilərin bəziləri sərhədi keçmişdir. Bu gün Azərbaycan-İran sərhədi erməni işğalçılarından tamamilə təmizlənib. Artıq heç bir toqquşma baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaqdır.
         ATƏT-in Minsk qrupu həmsədr ölkələri 28 ildir ki, heç bir nəticə olmadan tərəflərə həll yolunu tapmaqda vasitəçilik etməyə çalışıb. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Vasitəçilər Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul etmişdir. Lakin vasitəçilər  işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi. Bunu da uğurla edirik- deyə ölkə rəhbəri bildirib.
Azərbaycan bu gün hərbi əməliyyatı saxlamağa hazırdır. Bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyir. Lakin oktyabrın 17-də növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra Ermənistan onu pozdu. Əgər Ermənistan dayansa, konstruktiv davransa,  Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə əməl etsə, Azərbaycan geri danışıqlar masasına qayıdacaqdır. Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki, status-kvo, təmas xətti artıq mövcud deyil. Azərbaycan artıq yeni reallıq yaradıb. Əks təqdirdə Azərbaycan işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcək.
Azərbaycan Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çiçəklənən, təhlükəsiz ərazisi kimi görür deyə Ali Baş Komandan bildirib.
Azərbaycan, həmçinin vasitəçilər dəfələrlə açıq şəkildə Ermənistan hökumətinə Azərbaycanın gələcəyi necə görməsi ilə bağlı müəyyən mesajlar veriblər. Azərbaycanda yoxsulluq səviyyəsi çox aşağı, təxminən 5 faizdir. Ermənistanda isə bu, 50 faizə yaxındır.
Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb. Azərbaycanın böyük regionu olan təkcə Dağlıq Qarabağ yox, bütün Qarabağ üçün ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır.
Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixindən də bəhs edən cənab Prezident müharibə və toqquşmaların ilk qurbanlarının  Dağlıq Qarabağdakı azərbaycanlılar olduğunu bildirdi. Münaqişə Ermənistandakı millətçilər tərəfindən Dağlıq Qarabağdakı separatçıların Azərbaycandan ayrılmaq planlarını dəstəklədikdən və maliyyələşdirdikdən sonra başladı. Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizələməyə məruz qaldı. Ermənistanda yaşayan 250 min azərbaycanlı da etnik təmizləməyə məruz qaldı, qovuldu, onlardan çoxu qətlə yetirildi. Həmin toqquşmalar hər yerdə - İrəvanda, Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi. Ermənistanın sabiq Prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin Gürcüstanın bəzi kəndlərində, həmçinin Rusiyada  azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil?
Cənab Prezident İlham Əliyev bir daha vuğuladı ki, Türkiyə və Azərbaycan qardaşlığı əbədidir və qardaşlığımız bir çox sınaqlardan keçib. Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bu, çox güclü siyasi dəstəkdir.         Azərbaycan döyüş meydanında nə edirsə özü edir. Bəli, müasir silahlarla, müasir avadanlıqlarla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir.
Türkiyə ilə münasibətlərin böyük tarixi və daha da parlaq gələcəyi var. Bu prosesə cəlb edilmək üçün Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi legitim hüququ var deyə cənab Prezident əlavə edib. Qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq Türkiyə beynəlxalq hüququ müdafiə edir. Qarabağ münaqişəsində də Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra da  Türkiyənin rolu çox mühüm və müsbət olacaq.
Sülh müqaviləsi imzalandıqdan sonra kommunikasiya xətləri açılacaq. Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Ermənistan liderləri ilə müzakirə olunan sülhməramlı planda kommunikasiyalara açıq-aydın istinad var idi. Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Beləliklə, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyanın quru əlaqəsi olacaq. Bu gün bu yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi var. Bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır.
Müsahibəsində Azərbaycan-Gürcüstan münasibətlərinə də toxunan dövlət başçısı iki ölkə arasında  mükəmməl  strateji tərəfdaşlığın olduğunu bildirdi. Azərbaycan Gürcüstanda ən böyük investor, ən böyük vergi ödəyicisidir. Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatı var. Prezidentlər səviyyəsində sammitlər, nazirlər səviyyəsində  görüşlər olub. Ölkəmizin bütün əsas nəqliyyat və enerji kommunikasiyaları Gürcüstan ərazisindən keçir. Gürcüstanda 300 minə yaxın  böyük azərbaycanlı icması var. Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Azərbaycan regiona bu nöqteyi-nəzərdən baxmır.
Cənab Prezident onu da əlavə etdi ki, Azərbaycan dininə hörmət edən dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyət qarşısında bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirib. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi var. İşğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər məscidlərimizdə donuz saxlayırlar. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.

Keçidlər