Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev ABŞ-ın “FoxNews” televiziya kanalına müsahibə verib

30 oktyabr 2020 | 16:00

Hərbi əməliyyatlara Ermənistan başlayıb və məqsədi danışıqlar prosesini tamamilə pozmaq idi. Bu sözləri cənab Prezident İlham Əliyev 25 oktyabr tarixində ABŞ-ın “Fox News” televiziyasına müsahibəsində deyib.
Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi. Ermənistan avqustda hərbi Azərbaycanın mövqelərinə nüfuz etmək, mülki şəxslərə və hərbi qulluqçulara hücum etmək üçün diversiya qrupu göndərdi. Sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur.
Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş, 300 nəfər mülki şəxs yaralanmışdır. Hücuma başlayan Ermənistan idi, Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi. Cavab çox adekvat olmuşdur və nəticədə işğal olunmuş ərazilərin mühüm hissəsini azad edilib.
Müsahibəsində ölkə rəhbəri onu da vurğulamışdır ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Azərbaycanın verdiyi reaksiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Azərbaycanın verdiyi cavab Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə tam uyğundur.
Sülh planında muxtariyyətin olmadığınını qətiyyətlə bildirən Ali Baş Komandan  vasitəçilər - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı heç bir planın təqdim olunmadığını qeyd etdi. Sülh planında təklif var idi, muxtariyyət isə əsla yoxdur. Sülh planında  Dağlıq Qarabağın ətrafında yerləşən,  700 mindən çox azərbaycanlının yaşadığı və etnik təmizləməyə məruz qaldığı işğal olunmuş bütün ərazilərin Azərbaycana qaytarılması deyilir.
Birinci Qarabağ müharibəsində Azərbaycanın məğlub olmadığını vurğulayan cənab Prezident bildirdi ki,  Azərbaycan döyüşü uduzmuşdur. Bu da obyektiv səbəblər üzündən olmuşdur.  O dövrdə Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. Ermənistana açıq xarici dəstək verilirdi. Azərbaycan müharibəyə başlamayıb. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycan özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Dağlıq Qarabağda yaşayan ermənilər də  vətəndaşlarımızdır, onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.
Azərbaycan atəşkəsə hazır idi deyən Ali Baş Komandan  Azərbaycanın humanitar atəşkəs şərtlərinə əməl etdiyini bir daha diqqətə çatdırdı. Oktyabrın 10-da Moskvada Ermənistan, Rusiya və Azərbaycan Xarici İşlər nazirləri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi. Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verdi. Çünki atəşkəs barədə iki dəfə razılaşma əldə edilmişdi. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə isə sübut yoxdur.
Ermənistanın  hərbi cinayətlərinə baxmayaraq Azərbaycan yenidən atəşkəsə hazırdır. Bu ölkə prezidenti tərəfindən dəfələrlə dilə gətirilib. Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir.Lakin  Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. Bu bir daha Ermənistanın əsl xislətini nümayiş etdirir.
Azərbaycanın atəşkəs və torpaqlarının qaytarılmasını istədiyini bilidirən ölkə başçısı onu da əlavə etdi ki,  Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir.
        Azərbaycan mülki şəxslərə və obyektlərə hücum etmir deyən ölkə rəhbəri bildirdi ki: “Qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və bizim oraya hücumlarımız yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra biz Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməmişik. Lakin onlar hücum ediblər. Siz onların Gəncədə etdiklərinin şəkillərini görmüsünüzmü? Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücum etmirik. Şuşada kilsədə baş verənlər ya səhv olub, - mən artıq buna açıq şəkildə münasibət bildirmişəm, - ya da bu, bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib.”    Azərbaycanın dronları Ermənistan tanklarını və başqa hərbi hədəfləri məhv edir. İndiyədək dronlar 230-dan çox tankı məhv edib. Azərbaycan Ermənistanın 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını sıradan çıxarıb. Dronlardan mülki şəxslərə qarşı istifadə edilməsi yanlış məlumatdır.
Azərbaycan tərəfində muzdluların döyüşdüyü yalanlarına da aydınlıq gətirən ölkə başçısı bildirdi ki, bu, dezinformasiyadır. Rusiya və Fransa bu haqda məsuliyyətsiz bəyanatlar verdilər. Sübutlar, dəlillər tələb edildi və hələ də tələb edilir. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb.
ABŞ-ın “NewYorkTimes” qəzetinin əsassız iddialarına da münasibət bildirən ölkə başçısı Prezident Trampın “NewYorkTimes”ı necə adlandırdığını xatırlatdı.
Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Nizami orduda  müasir avadanlıqlar və 100 min əsgər var, bir neçə gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edilə bilər. Heç bir muzdluya əsla ehtiyac yoxdur. Bu əsassız iddialar ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan dezinformasiyadır.
Azərbaycanın iqtisadi göstəriciləri dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Ciddi sosial problem yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Azərbaycan 30-dan çox ölkəyə  maliyyə və humanitar dəstək göstərib. İqtisadiyyat sabitdir, davamlıdır. Azərbaycanın bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamasına ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var.
Cənab Prezident qeyd etdi ki, razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Bu, tərəflərin nə istədiyinə deyil, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb.
Azərbaycanın ABŞ-ın Dövlət Katibi Pompeodan gözləntisi barədə danışan ölkə rəhbəri vurğuladı ki:  “ Mən Dövlət Katibi Pompeodan nə gözləyə bilərəm – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, “diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verməlidirlər. Onlar ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birgəyaşayışa razılıq verməlidirlər və münaqişəni beynəlmiləlləşdirmək cəhdlərinə son qoymalıdırlar. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdırlar. Bu, səmərəsizdir. Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub.”
Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi və dostudur, amma sadəcə siyasi dəstək verir.  Azərbaycan qürurlu və xoşbəxtdir ki, belə böyük ölkə tərəfdaşıdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var. Türkiyənin müharibə çağırışı yoxdur.
Müsahibəsində dövlət başçısı bir daha nəzərə çatdırdı ki, Azərbaycan məsələnin diplomatik həllinə inanır. Əks halda Azərbaycan 17 il ərzində danışıqlarda iştirak etməzdi. Əgər bu gün müharibəyə Azərbaycan başlayıbsa, onda niyə 17 il gözləyirdi? Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir. Azərbaycan arzu edir ki, hərbi həll bu gün dayansın və danışıqlar masasına keçilsin. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də  bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox,  substantiv danışıqlara nə qədər tez başlanılsa, həll yolu bir o qədər tez tapılar. Həll yolu isə Azərbaycanın ərazi bütövlüyünə əsaslanır.
Cənab Prezident onu da əlavə etdi ki, münaqişə ərzində Azərbaycanın bütün səyləri aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb. Azərbaycan münaqişə genişlənsin deyə onun hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinədir.  Ermənistanın etmək istədiyi isə məhz budur. Onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Azərbaycan isə başqa ölkələrin müdaxilə etməsinə qarşıdır. Rusiyanın hərbi bazası Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar.
Ermənistan enerji xətləri və infrastrukturlarını hədəf seçir deyən ölkə rəhbəri nəzərə çatdırdı ki, Ermənistanın yüksək rütbəli rəsmilərinin bu barədə bəyanatları var. Bəyanatlarda bildirili ki, onlar Azərbaycanın strateji neft infrastrukturuna, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum,  edəcəklər. Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi. Bakıdan Aralıq dənizinə neft kəməri 2006-cı ildə istismara verilib və heç bir fasilə olmadan işləyir. Azərbaycandan Türkiyəyə qaz kəməri 2007-ci ildə istismara verilib. Kəməri qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır.
Ölkə başçısı qeyd etdi ki, Azərbaycan ABŞ-ın vasitəçiliyini tam dəstəkləyir. Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Digər həmsədrlər də tərəf tutmamalıdırlar. Çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiya Azərbaycan tərəfindən dəstəklənir. Bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün.
Azərbaycanın həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olduğunu bir daha vurğulayan cənab Prezident qeyd etdi ki, ABŞ-ın güclü dəstəyi ilə Azərbaycan önəmli layihələri tamamlayıb.  Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Ölkələrimiz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdədir, Əfqanıstanda  hərbi qulluqçularımızı saxlayır və bununla birgə sülhməramlı əməliyyatlara öz töhfəsini verir. Amerika super gücdür. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləmişdir. Bu gün ikitərəfli əməkdaşlıq bəlkə də, ən yüksək səviyyədədir. Vaşinqtondakı görüş Ermənistanı təcavüz və işğalı dayandırmağa inandırmaq üçün önəmli olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. Azərbaycan Prezidenti İlham Əliyev Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşüb. Cənab Baydenlə ikitərəfli görüşləri olub. İkitərəfli münasibətlərin bir çox məsələlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edib. Azərbaycan ABŞ-ın xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyir.
İndi nəyin baş verəcəyini proqnozlaşdırmağın çətin olduğunu bildirən dövlət başçısı qeyd etdi ki, bu, təkcə Azərbaycandan asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Azərbaycan Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola biləcəyini düşünür. Çünki bütün müharibələr dayanır və sülh gəlir.
Müsahibəsində cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün hesab edir. Ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada və bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilərlər. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi təmin olunacaq.

Keçidlər