Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib

05 noyabr 2020 | 16:00

“Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub”- bu sözləri cənab Prezident İlham Əliyev 31oktyabr 2020-ci il tarixdə Almaniyanın ARD televiziyasına verdiyi müsahibəsində deyib.
Müsahibədə ölkə rəhbəri Ermənistanın iyul ayında hərbi təxribat törətdiyini, avqust ayında isə düşmən ölkənin Azərbaycana qətllər törətmək üçün diversiya qrupu göndərdiyini xatırlatdı. Üçüncü hərbi təxribat isə sentyabrın 27-də törədildi və erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdu. Cənab Prezident vurğuladı ki, atəşi ilk açan Ermənistan idi, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar olmuşdur. Bütün bunların fonunda Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi üç dəfə atəşkəsi kobud şəkildə pozaraq təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olduğunu sübut etdi.
Azərbaycanın həmişə sülh planına sadiq olduğunu bildirən cənab Prezident onu da əlavə etdi ki, Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında Ermənistanın bütün davranışları vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. Azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Bu gün Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox işğal olunmuş ərazilərini azad edir.
Bu da həqiqətdir ki, Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır. Kasıb Ermənistanın bu silahları hansı pulla əldə etmələri şübhə doğurur. Rəşadətli Azərbaycan əsgərlərinin şücaətindən də danışan ölkə rəhbəri Azərbaycan ordusunun şəhərlərimizi bir-birinin ardınca işğaldan azad etdiyini və bayrağımızı həmin yerlərdə ucaltdığını qeyd etdi.
Baş Prokurorluğun verdiyi məlumata əsasən sentyabrın 27-dən oktyabrın 31-dək Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb. Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.
Cənab Prezident müsahibəsində  ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyinin səmərəli olmadığını qeyd etdi. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olsalar da, ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyib. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Münaqişənin dondurulmuş kimi görünməsi isə beynəlxalq vasitəçiləri qane edib. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, işğalçı ölkə ona qulaq assın, lakin belə mesaj verilməyib.
Müsahibədə o da vurğulandı ki, ölkəmiz daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz. Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir. Azərbaycan dövləti istənilən halda torpaqlarını azad edəcək.
Bugün bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırdırırlar. Bu da öz növbəsində bu təşkilatların qərəzliliyi ilə bağlı böyük şübhələr yaradır. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəliblər.
Müsahibədə ölkə rəhbəri qətiyyətlə bildirdi ki, ermənilərin heç vaxt yaşamadığı yeddi rayon Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması  həmin rayonlara qayıtmalıdır. Cənab Prezident onu da əlavə etdi ki, Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə  təklif etdikləri artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb. Mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon işğaldan azad edilib.  Ona görə də həmin plan köhnəlmiş sayılır. Azərbaycanlılar və ermənilər birgə yaşamalıdırlar, bu, asan olmasa da, biz öyrənməliyik deyən ölkə rəhbəri müharibəni dayandırmağın yeganə yolunun Ermənistanın öz məğlubiyyətini, ölkəmizin isə qələbəsini qəbul etməsi olduğunu bildirdi.
Azərbaycan həmçinin Dağlıq Qarabağ münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir. Ermənistanla Azərbaycan arasında olan döyüşdən hər kəs uzaqda durmalıdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir.
Azərbaycanda siyasi sistem və siyasi proses səmərəlidir- deyən Ali Baş Komandan parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verildiyini, ölkədə müasir, yeni siyasi prosesə başlandığını bildirdi.
Prezidentin təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud  52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir. Bugün Azərbaycanda siyasi dialoq mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib.
Azərbaycanın pandemiya dövründə də iqtisadi göstəriciləri normaldır. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Azərbaycanın konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur.
Azərbaycanın özünü demokratiya nümunəsi kimi göstərmədiyini, ölkədə ciddi daxili problemlərin olmadığını nəzərə çatdıran ölkə rəhbəri özlərini demokratiya nümunəsi kimi göstərən ölkələrdə etirazçıların qətlə yetirildiyini vurğuladı.
Xatırlatmaq yerinə düşər ki, Avropada etirazçıları  atlarla döyür, itləri gətirirlər və bu həmin ölkələrdə demokratiya hesab olunur. “Sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən başlanıb. Etirazlardan keçən müddət ərzində polislə qarşıdurmada 10-dan çox adam qətlə yetirilib, 26 nəfər gözünü, 5-i isə əlini itirib və daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Euronews" fransız polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir. Digər araşdırmaya görə, il ərzində Almaniyada aksiya iştirakçıları və yoldan keçənlərə qarşı polis tərəfindən törədilən 12 mindən çox zorakılıq qeydə alınıb.
Cənab Prezident müsahibə boyunca jurnalistin verdiyi “feyk” məlumatlara aydınlıq gətirib və onları təkzib edib. Ölkə rəhbəri bildirib ki, sentyabrın 27-də Azərbaycan birinci atəş açmayıb. Birinci atəşi Ermənistan açıb və bunun sübutları var. Atəşkəsi Azərbaycan yox, Ermənistan pozur. Ölkəmiz arsenalında olan İsrail dronlarına arxayın olaraq müharibəyə başlamayıb. Bu dronlar əvvəldən də var idi. Sadəcə, bu dəfə təxribatın miqyası böyük idi və Ermənistan hələ də hücumu dayandırmadığından atəşkəs əldə olunmur. Həmçinin “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadə etməsi haqda iddiası yalandır. Ordumuzun yetərincə müasir silahları var və belə bir əlavə silaha ehtiyacı yoxdur. Cənab Prezident İlham Əliyev  qətiyyətlə bildirdi ki, Dağlıq Qarabağın azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, Avropa dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər. Ermənilər yox, Dağlıq Qarabağ və 7 ətraf rayon işğal ediləndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərimiz azad etdikdən sonra bir milyona yaxın  köçkün öz yurd-yuvasına qayıdacaqdır.
Cənab Ali Baş Komandan onu da əlavə edib ki, “Dünya üzrə əksər tarixçilər” ifadəsi yanlışdır. Ölkə rəhbəri hər dəfə müsahiblərində  qərb jurnalistlərinə bəsit tarixi həqiqətləri izah edir, onlara mənbələrlə işləmək dərsi keçir.
Şuşada kilsənin məqsədyönlü şəkildə vurulması xəbərinin yalan olduğunu bildirən cənab Prezident bildirdi ki, bunu ermənilərin özünün etməsi də istisna deyil. Bakıda erməni kilsəsi və kitabxanası hifz olunur, işğal olunmuş rayonlarımızda isə onlar məscidləri təhqir edirlər.
Jurnalistin müsahibədə feyk xəbərə istinad etməsinə münasibət bildirən ölkə rəhbəri sülh təbliğinə görə Azərbaycanda həbslər haqda heç bir real faktın olmadığını qeyd etdi.
İkinci Qarabağ müharibəsinin iqtidarın xalqı öz ətrafında birləşdirməsi, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq  üçün başladıldığı haqda deyilən fikirlər Prezidentin gətirdiyi iqtisadi statistika ilə təkzib olunur. Belə bir iddia səsləndirilməsi Qərb mediasının bir çox hallarda erməni feykləri ilə işləməsini göstərir. Cənab Prezident bir daha nəzərə çatdırdı ki, döyüş meydanında heç bir xarici döyüşçü yoxdur. Bakıda görünən xaricilər sadəcə turist və ya birgə hərbi təlimlərdə iştirak edənlər ola bilər.
Qərb jurnalistləri ilə müsahibələrdə cənab Prezident tam bir master-klass keçir. Bununla yanası, müsahibələr həmin KİV-lərin qərəzini və  peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə, ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemikaya girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Bununla da Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olunur.

Keçidlər