Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan gəncliyi yeni salnamə yazdı

02 fevral 2021 | 16:00

Həqiqətən də gənclik böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut etmişlər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı, siyasi sabitliyinin qorunması, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən asılıdır.  Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Onlar öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.
2 fevral tarixi Gənclər Günü kimi qeyd edilir. Bu günün gənclər bayramı elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verirdi. O, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.  Hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir.
          Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət və  qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurlu gənclər siyasətinin  həyata keçirməsinə nail oldu.
        1995-ci ildə dahi liderin gənclər forumunun təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra  Azərbaycan gənclərinin forumları keçirilməyə, 1997-ci ildən isə 2 fevral tarixi Azərbaycan Gəncləri Günü kimi qeyd olunmağa başlandı. Bu əlmətdar hadisə  Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi.
Ulu öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti hal-hazırda da cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gəncləri aparıcı qüvvəyə çevirmək, onların inkişafına şərait yaratmaq  və  sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkədə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramı qəbul olundu.  Dövlət quruculuğunda gənclərin iştirakını təmin etmək, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir. 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur.
2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclər qeyri-hökumət təşkilatları yaradılmış, onların fəaliyyətlərinin təşkili üçün sağlam mühit formalaşdılmış və hüquqi baza təkmilləşdirilmişdir.
Bu gün savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc kadrların formalaşdırılması, mühüm dövlət postlarına rəhbər vəzifəyə gətirilməsi kadr siyasətinin tərkib hissəsi kimi qəbul olunmaqdadır.  Gənclər ən yüksək vəzifələrə çəklir,  peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə dövlət qulluğu vəzifələrini tutmağa layiq olan kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin müntəzəm olaraq hərtərəfli inkişaf etdirilməsinə önəm verilir.
Müasir Azərbaycan gənclərinə elm, təhsil, incəsənət, bir sözlə bütün sahələrdə əlverişli mühit yaradılmışdır. Gənclərimiz  ölkəmizin inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir.
Bu il Azərbaycan gəncləri öz bayramlarını həmişəkindən daha alnıaçıq, qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Xalqımız uzun illərdir gözlədiyi arzusuna qovuşub. Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad edib. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırıblar.
Heç təsadüfi deyildir ki,  əsası ulu öndər tərəfindən qoyulan azərbaycançılıq ideologiyası  cənab Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da möhkəmləndirildi. Cənab Prezidentin də dediyi kimi son illərdə gənclərin və yeniyetmələrin  vətənpərvərlik, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər an hazır olmaq ruhunda tərbiyə edilməsi gəncləri milli maraqlar ətrafında sıx birləşdirdi.  Vətən müharibəsində tarixi qələbəmiz  böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər.
Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı  döyüşə getmək üçün könüllü yazılırdı.
Bu gün artıq yeni bir gələcəyin addım səsləri eşidilir. Azərbaycan gəncliyi öz missiyasını  davam etdirir. Azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın çiçəklənməsində, tarixi torpaqlarımızın dirçəldilməsində də  gənclərimiz  yaxından iştirak edəcəklər.

Keçidlər