Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda vaksinasiya prosesi davam etdirilir

22 fevral 2021 | 16:00

Artıq bir ilə yaxındır ki COVİD-19 pandemiyası yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir nömrəli probleminə çevrilib. Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və öz vətəndaşını yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmağa çalışır. Bütün dünyada olduğu kimi Koronavirus pandemiyası başlayan gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş, sərəncam və tövsiyələrinin nəticəsi olaraq ölkəmizdə vətəndaşların sağlamlığının qorunması üçün vacib olan bütün addımlar atılıb. Bunun nəticəsidir ki, dövlət başçısının rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində bu istiqamət üzrə ölkəmiz ilk sırada dayanan dövlətlərdən biridir. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı. Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmiş, qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilmişdir. Pandemiyanın yayılmasının ilk dövrlərindən indiyədək ölkə rəhbəri tərəfindən insanlarımızın koronavirusa yoluxmaması, habelə sosial rifahının yaxşılaşdırılması üçün 4 milyard manatdan artıq vəsait ayrıldı. Cənab Prezidentin pandemiyaya qarşı apardığı mübarizədə qabaqlayıcı tədbirlər mühüm rol oynadı. Bu məqsədlə dövlətin ayırdığı böyük vəsait hesabına koronavirus xəstələrini müalicə etmək üçün tibbi avadanlıqlar, dərman preparatları alındı. Pandemiyanın ilk vaxtlarından yüksək tələblərə cavab verən “Yeni klinika” xəstəxanası, 10 ədəd modul tipli tibb müəsisəsi, 20-dən çox laboratoriya istifadəyə verildi. Vətəndaşların sağlamlığının qorunması istiqamətində qısa müddət ərzində ölkədə tibbi maska müəssisələri fəaliyyətə başladı, dezinfeksiya vasitələri, həkimlər üçün xüsusi geyim, kombinezonlar istehsal olundu. Həmçinin cənab Prezidentin təşəbbüsü ilə Koronavirusla mübarizəyə dəstək fondu yaradıldı. Eyni zamanda, COVID-19-dan əziyyət çəkən işsiz şəxslərə, aztəminatlı ailələrə, sahibkarlara böyük həcmdə maliyyə vəsaitlərinin xərclənməsi, sosial dəstək tədbirlərinin miqyasının genişləndirilməsi, bir sözlə həyata keçirilən bütün tədbirlər dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sağlamlığının qorunması, onların rifah halının yüksəldilməsi amilinin dayandığının sübutudur. Azərbaycan uğurlu və məqsədyönlü siyasəti ilə bugün bütün dünyaya nümunədir. Çətin pandemiya dövründə ölkəmizin 29 ölkəyə humanitar yardım göstərməsi, Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada iki dəfə ianə verməsi bunun bariz nümunəsidir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikanın bütün ərazisində Koronovirus pandemiyasına qarşı həyata keçirdiyi siyasət rayonumuzda da uğurla həyata keçirilməsinə ciddi şəkildə nəzarət olunur. Rayon ərazisində ciddi sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri həyata keçirilməsinə, Operativ Qərargahın tələblərindən irəli gələn vəzifələrlə bağlı məqsədyönlü işlər görülməsinə baxmayaraq COVİD-19 virusuna yoluxma təhlükəsi hələdə qalmaqdadır. Son günlər yoluxanların sayında azalma müşahidə olunsa da, bir çox ölkələrdəki kimi bu təhlükənin qarşısının alınması üçün respublikamız da vaksinasiya prosesinə qoşulmuşdur. Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 21 yanvar 2021-ci il tarixdən ölkədə, o cümlədən rayonumuzda “Azərbaycan Respublikasında pandemiya əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin mərhələli şəkildə vaksinasiyası prosesinə başlanılmışdır. Pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə rayonumuzda əhalinin vaksinləşmə prosesinə rəhbərlik etmək üçün Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qərargah və xüsusi qrup yaradılmışdır. İcra Hakimiyyəti başçısının şəhər və kənd İƏD üzrə nümayəndəlikləri, aidiyyəti qurumlar o cümlədən tibb işçiləri tərəfindən əhali arasında maariflənmə işləri aparılaraq vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi davam etdirilir. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə - səhiyyə işçilərinə, 50-60 yaşarası və yaşı 65-dən yuxarı olan şəxslərə könüllülük əsasında vurulur. Bu günədək rayon üzrə 3055 doza vaksin alınıb və 1547 nəfər vaksin olunub. Ümumilikdə rayon üzrə 609 nəfər tibb işçisindən artıq 236 nəfəri revaksinasiya olunub, yəni II dozanı qəbul ediblər. Strategiyaya əsasən növbəti mərhələdə , fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyasına başlanılmışdır. Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinləşmə prosesi vətəndaşların sağlamlığı üçün vacib mərhələdir. Bu sahədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Peyvənd olunan vətəndaşlar Koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsinə və əhalinin müxtəlif qrupları üçün əlçatanlığının təmin edilməsinə görə ölkə başçısına minnətdarlığını bildiriblər.

Keçidlər