Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Torpaq çərşənbəniz mübarək

16 mart 2021 | 16:00

     Bu gün torpaq çərşənbəsidir.
     Novruz bayramının ən təntənəli  mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” adları ilə də tanınır.
Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq, müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpaqla bağlı idi: “Torpaq haqqı” deyən sözün düzünü söylərdi.  “Torpaqdan pay olmaz”, “Torpaq deyir: öldür məni dirildim səni”, “Torpaqda izi olanın süfrədə üzü olar”.
Torpaq çərşənbəsində əkinçilər əkin – biçinə başlayır. Yer şumlanır, toxum səpilir. İnanca görə, əcdadlarımız həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayardılar, Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkin vaxtının yetişdiyini xəbər verməkdir.
    Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəminin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində İlaxır çərşənbənin “Yeddilərin bayramı” adlandırılması bununla əlaqəlidir. Son çərşənbədə süfrə bu yeddi nemətlə- su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbüllə bəzədilir.
    İlaxır çərşənbələrlə bağlı adət-ənənələr tarixən çox qədim və zəngin olmuş, lakin tədricən, zaman keçdikcə  müasirləşən həyatın təsiri ilə unudulmuş, bəziləri isə başqa bir forma almışdır.
Bir ildən artıqdır ki, dünyanı bürüyən koronavirus pandemiyasına görə ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsi təxirə salınmışdır. Təəssüf  ki, bu il də çərşənbələri kütləvi şəkildə qeyd edə bilmirik. Lakin dövlətimiz  tərəfindən görülən  qabaqlayıcı  tədbirlər  deməyə  əsas  verir  ki, tezliklə bütün el  bayramlarını  adət-ənənələrimizə uyğun, hamılıqla  qeyd  edəcəyik. 
    Rayon  rəhbərliyi İlaxır çərşənbə  münasibəti ilə rayon ictimaiyyətinə xoşbəxtlik və ailə səadəti, ölkəmizə əmin-amanlıq,nurlu gələcək arzulayır.
Bayramınız mübarək!

Keçidlər