Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ramazan Bayramınız Mübarək

12 may 2021 | 16:00

Qurani-Kərimin nazil edildiyi müqəddəs Ramazan ayı bəşər mənəviyyatı tarixində dərin iz qoyan mübarək aylardandır. Dünyanın müsəlman xalqları arasında dini-mənəvi birlik duyğusunu qoruyub yaşadan, qəlblərdə iman gücünü artıran bu bayram insanları səbrli, gözəl niyyətli olmağa, savab işlər görməyə və ilahinin hikmətlərindən faydalanmağa çağırır, yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə dəvət edir.
Tarix boyu özünün zəngin milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq qalmış Azərbaycan xalqı dünya müsəlmanları ilə həmrəylik nümayiş etdirərək bu mübarək günləri böyük təntənə ilə qarşılayır. Din qarşısında öz vicdan borcunu yerinə yetirən və Ramazan ayının sınaqlarından alnıaçıq çıxan hər bir vətəndaşımız bu günü böyük fərəhlə bayram edir. Cəmiyyətdə birlik və bərabərliyin təntənəsinə çevrilən Ramazan bayramı ölkəmizin sabahı olan gəncliyin dərin mənəviyyata və yüksək əxlaqa sahib bir nəsil kimi Vətənə sədaqət ruhunda yetişməsində də mühüm rol oynayır.
Bu gün Azərbaycanın sürətli inkişafı, uğurlu xarici və daxili siyasətinin, o cümlədən dövlət və din münasibətlərinin səmərəli tənzimlənməsini şərtləndirən başlıca iki amil mövcuddur. Ulu öndərin əsasını qoyduğu sağlam bünövrə,  onun layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin həmin sağlam bünövrə üzərində həyata keçirdiyi uğurlu strategiyadır.
Ulu öndər Heydər Əliyev Azərbaycanın müsəlman ölkələri ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmlənməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görmüşdür. Bu əlaqələr, sonradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da genişləndirilmiş, Azərbaycan islam ailəsinin etibarlı üzvü kimi böyük nüfuz qazanmışdır.
Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqəti və himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət etmiş, dünyaya təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası  dialoq, dinlər və mədəniyyətlərarası əməkdaşlığın inkişafına öz töhvəsini vermişdir.
Sevindirici haldır ki, ölkəmiz bu il Ramazan bayramını işğaldan azad olunmuş ərazilərdə də qeyd edir. Mənfur düşmənlər tərəfindən dağıdılmış dini abidələrimiz, məscidlərimiz yenidən bərpa olunur. Minarələrdən azan səsləri yüksəlir, əzəli və əbədi torpaqlarımız öz əsl sahiblərini qarşılayır, bu torpaqlarda sülhün, əmin-amanlığın bərqərar olmasından xəbər verir.
Azəbaycanın suverenliyi və ərazi bütövlüyü yolunda canından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini bu müqəddəs bayram günündə bir daha ehtiramla yad edir, ruhları şad olsun deyir, şəhidlərin ailələrinə və yaxınlarına səbr diləyirik.
Rayon rəhbərliyi bu əziz bayram münasibətilə bütün rayon əhalisini təbrik edir, ailələrə xoşbəxtlik, süfrələrə bol ruzi-bərəkət, əziz bayram günlərində dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını diləyir.

Keçidlər