Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

15 may- Beynəlxalq Ailə Günüdür

15 may 2021 | 16:00

Ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynamışdır. Ailə nikah, qohumluq, ümumi maraq və qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik qrupdur. Başqa sözlə, ailə vahid qayə uğrunda birlikdə var olub çalışan üzvlərin, qohum-əqrəbaların cəmidir, onların yaşayış tərzində ən əhəmiyyətli yer tutan təməldir. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir.
      Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il may ayının 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. 1994-cü ildən etibarən isə 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.
     Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.
      Beynəlxalq Ailə Günü ailə dəyərlərinin üstün olduğu ölkəmizdə də 2008-ci ildən qeyd olunur.
      Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə, hörmət və ehtiram lazımdır”, - deyən ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirilmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit edilmiş və dövlətin xüsusi himayəsində olduğu qeyd olunmuşdur. Bununla dövlət ailənin müdafiəsinə, onun sosial quruluşunun və nüfuzunun qorunmasına təminat vermişdir. 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir.
       Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərir. Ölkə başçısı müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
     Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xüsusilə aztəminatlı ailələrin, müharibə veteranları və şəhid ailələrinin, əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu gün, ilk növbədə, həmin kateqoriyalardan olan həssas qəlbli insanlar mənzillərlə, avtomobillərlə təmin edilir. Onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamı xüsusilə qeyd edilməlidir. Bu sərəncam əlillərin, aztəminatlı ailələrin, sağlamlıq imkanları məhdud insanların həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynadı. Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırıldı. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Prezident İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamıyla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmışdır. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə bayramı son zamanlarda bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə keçirilir.  O cümlədən bu bayram rayonumuzda da virtual olaraq qeyd edilir.

      Respublikamızda ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin də əyani təcəssümüdür. Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. Ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri sönmüş ümidlərə işıq verir. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” deyən Mehriban xanım Əliyeva bu xoşagəlməz meyllərin aradan qaldırılması istiqamətində də bir sıra təşəbbüs və ideyaların müəllifi kimi də öz sözünü demişdir. Azərbaycanın Birinci xanımı uşaq evlərində valideyn himayəsindən uzaq böyüyən gənclərin toy mərasimlərini təşkil edir, bu şənliklərə qatılır, gənclərə xeyir-dua verir, bununla da onların sabaha inamını gücləndirir.
Bütün bunlar bir daha sübut edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.

Etiraf edilməlidir ki, gənclərin vətənpərvər ruhda,  şəxsiyyət kimi böyüməsində ailə tərbiyəsinin xüsusi yeri var. Ona görə ki, insan ilk tərbiyəni ailədə alır. Bu məsələdə dövlətin də rolu danılmazdır. Vətəndaş ailədə həm də dövlətin tələb etdiyi tələblərə uyğun tərbiyə almalıdır. Belə tərbiyə məsələsində hər bir valideynin üzərinə böyük yük və məsuliyyət düşür. Bəlkə də elə bu kimi səbələrdən bəzən ailəni dövlətin kiçik modeli də adlandırırlar. Azərbaycan ailəsinin isə övladını əsil vətənpərvər, torpağına, elinə-obasına bağlı şəxsiyyət kimi  yetişdirməkdən ötrü kifayət qədər potensialı mövcuddur. Böyüyə hörmət, insanpərvərlik kimi nəcib keyfiyyətlər bizim qədim atət- ənənələrimizdəndən irəli gəlir.

      Bu il  hər bir azərbaycanlı ailəsi Beynəlxalq Ailə Gününü  daha qürurlu qeyd edir. Çünki bu ailələrdə vətən üçün sağlam ruhda böyüyüb boya-başa çatmış gənclər 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən ailələrə borcluyuq.
      Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir. Sevindirici haldır ki, ölkəmizdə məhz bu ruhda gənc nəsl formalaşıb. Sağlam ailədə böyüyən, intellektual, güclü vətənpərvərlik ruhuna malik gəncliyi olan ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir sahədə möhtəşəm nailiyyətlər qazanmağa qadirdir.

Keçidlər