Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bugün Tibb işçilərinin bayramıdır

17 iyun 2021 | 16:00

 17 iyun- tibb işçilərinin peşə bayramıdır.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. 
Müstəqillik qazandıqdan sonra Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin də yüksək səviyyədə inkişafına imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 750-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, tibb sahəsində təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.
Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.
Son dövrlər bütün dünyanı bürümüş yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə də ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Ölkədə həyata keçirilən tədbirlər nəticəsində infeksiyaya yoluxanların sayı əhəmiyyətli dərəcədə azalıb. Bu il yanvarın 18-dən başlanılan virusa qarşı peyvəndləmə prosesi isə sürətlə davam edir və bu sahədə ölkəmiz MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir. İnanırıq ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında koronavirusla mübarizə dövründə olduğu kimi, postpandemiya mərhələsində də taleyüklü, məsuliyyətli vəzifələr uğurla həyata keçiriləcək, xalqımız daha xoşbəxt sabahlara qovuşacaqdır.
Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.
Rayon  rəhbərliyi  peşə  bayramı  münasibəti  ilə  rayonun  tibb  işçilərini  təbrik  edir, onlara  uzun  ömür  can  sağlığı, çətin və şərəfli peşə fəaliyyətlərində    müvəffəqiyyətlər  arzulayır.

 

Keçidlər