Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

26 iyun- Silahlı Qüvvələr Günüdür

26 iyun 2021 | 16:00

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Azərbaycan ordusunun 1918-ci ildən başlayan keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm səlnaməsidir. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan silahlı qüvvələrimiz istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir. Bu uğuru ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar.
      Azərbaycanın zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Ulu Öndərin hər zaman diqqət mərkəzində olmuşdu. Bunun nəticəsi idi ki, Sovetlər dövründə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə start verildi.
Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə orduda xidməti ümumxalq vəzifəsi kimi aktuallaşdırdı. Yeni şəraitdə hərbi xidmət kişilik məktəbi, xalq üçün xüsusi əhəmiyyət kəsb edən mürəkkəb hərbi ixtisasların öyrənilməsi məktəbi  kimi qəbul edildi.
     Xalqımızın dahi oğlu 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcədə SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə nail olmaqla bu günkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması işinin əsasını qoydu.  Nəticədə keçən əsrin 70-ci illərinin sonlarında İttifaqın 45-dən artıq ali hərbi məktəbinə ildə Azərbaycandan 800-900 nəfər gənc göndərilirdi. 
Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ silahlı qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. 
  Müstəqillik əldə etdikdən sonra yaranmış çətin vəziyyətlə əlaqədar olaraq Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdı. Onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərindən biri də Azərbaycan silahlı qüvvələrini ağır böhranlı vəziyyətdən çıxarması, ordunu siyasi oyunlardan kənarlaşdırması oldu. Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoydu.
  Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı.
  1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin bazasında Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edildi.
      Milli Ordunun yaradılması günü 1998-ci ilə qədər hər il oktyabrın 9-da qeyd edilsə də, sonradan varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi təsbit edildi.
      Azərbaycanda hərbi quruculuq işləri bu gün də yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti, silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
   Bu gün silahlı qüvvələrin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi militarizasiya siyasəti deyil, Ermənistan tərəfindən edilən hərbi təcavüzə qarşı atılan  məcburi addımdır.
  Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayesini də formalaşdırır və birgə istehsal müəssisələri yaradılır. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal və ixrac edilir. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan silahlı qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Bunu 2016-cı ilin aprel döyüşləri, 2018-ci ildə Naxçıvanda keçirilən Günnüt əməliyyatı və  44 günlük Vətən müharibəsi bir daha sübut etdi.
      Azərbaycan ordusu 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
       Ermənistan ordusu barədə 30 il müddətində formalaşdırılan “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Azərbaycan Ordusunun en¬dirdiyi sərrast, güclü zərbələr nəticəsində qısa dövrdə Ermənistanın 3 milyard dollar məbləğində hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçır¬ma və fərarilik halları geniş vüsət aldı.
İmzaladığı təslim aktına əsasən, işğalçı Ermənistan qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmaqla razılaşması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir.
       Müstəqil Azərbaycan Respublikası dünya dövlətlər arası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir. Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev cənabları ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, dövlətçiliyin möhkəmləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inam və böyük uğurla aparır.
     İyunun 26-da rayonda Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamına əsasən təltif edilən şəhid  və qazilərimizə  orden və medalların təqdim olunması mərasimi keçirilib.
     Tədbir iştirakçıları ümummili lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdikdən sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etmişdir. 
    Tədbiri giriş sözü ilə açan  Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirdi ki, xalqımız uzun illərdir gözlədiyi arzusuna qovuşub. Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad edib. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırıblar. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Qədim şəhərlərimiz, əzəli torpaqlarımız azad olundu. Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü göstərdi. Həmçinin vurğuladı ki, Bugün artıq işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılır. Bütün bunlar bizə deməyə əsas verir ki, yenidənqurma işləri və gələcəkdə həyata keçiriləcək layihələr bölgəyə yeni nəfəs gətirəcək, həmin ərazilərdə daimi sülh bərqərar olacaqdır.
      Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşlarının iştirakı ilə orden və medallar şəhidlərimizin ailələrinə və qazilərimizə təqdim olundu.
      Rayon rəhbərliyi 23 iyun- Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin bütün şəxsi heyətini təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür, can sağlığı arzulayır.

Keçidlər