Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür

22 iyul 2021 | 16:00

        Bugün Azərbaycan milli mətbuatının 146 yaşı tamam olur.
        Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi.
       “Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi” millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
       Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.
      Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi” haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb.
      Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etdi. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən Qanun qəbul edildi. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə etdi. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı. Ümummilli Liderin mətbuata bu cür dost münasibəti bütün mətbuat işçilərinin fəaliyyətinə böyük stimul verdi. Heydər Əliyev 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
      Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.
     Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük rəğbətlə qarşılandı. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
     Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
    Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Onu da vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər.
Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Qabaqcıl texnologiyalar media sektoruna daxil olduqca yeni trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır.

Keçidlər