Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəhid kapitan Fərid Dursunovun doğum günündə xatirəsi anılıb

27 iyul 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir, onların ailə üzvlərinin, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimizin sosial problemlərinin həll edilməsi, onlara mənəvi dəstək göstərilməsi daim dövlətimizin diqqətindədir. 
       O cümlədən rayonumuzda da belə həssas təbəqədən olan ailələr mütəmadi olaraq ziyarət edilir, eləcə də müraciətləri rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən araşdırılır və aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
    Şəhidlərimizin doğum günlərində şəhid ailələrinin dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri tərəfindən ziyarət olunması da artıq ənənə halını almışdır.
     Bu günlərdə gizir Sahib Musayevin və MAHHXHQ Nihad Abbasovun ardınca  Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Fərid Dursunovun da doğum günündə xatirəsi yad edilib.
     Anım mərasimində şəhidin ailəsi, yaxınları o cümlədən rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edərək, şəhidin keçdiyi döyüş yolundan söhbət açmışlar.
      Bildirilib ki, Vətən müharibəsində Azərbaycan bütünlüklə xalq-ordu birliyi nümayiş etdirərək Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşdi. Düşmən üzərində Qələbə qazanılaraq 30 illik həsrətə son qoyuldu.
       Döyüşlərdə qəhrəmanlığı ilə seçilən və torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər döyüşərək şəhadətə yüksələn qəhrəman oğullardan biri də Fərid Dursunovdur. O, 26 iyul 1986-cı ildə Qax rayonunun Qorağan kəndində anadan olub. 2003-cü ildə orta məktəbi bitirən Fərid həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq avtomatik idarəetmə sistemi ixtisası üzrə akademiyanı bitirib. 2008-ci ildən xidmətə başlayan Fərid cəbhənin müxtəlif istiqamətlərində vətənin keşiyində dayanıb. Xidməti dövründə kapitan rütbəsinədək yüksələn Fərid rabitə rəisinin müavini  vəzifəsində çalışıb. Kapitan Dursunov həm də 2016-cı il aprel döyüşlərinin  iştirakçısı olub.
     Fəridin son xidmət yeri  Daşkəsən rayonunda “N” saylı hərbi hissə olmuşdur. Müharibə başlayan gündən döyüşlərə qatılan Fərid Daşkəsən, Kəlbəcər rayonları istiqamətində Koroğlu 3 yüksəkliyində düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək qəhrəmancasına şəhid olmuşdur. Fərid Dursunov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra  “Vətən uğrunda” medalı və “Kəlbəcərin azad edilməsinə görə” medalı ilə təltif olunub. Ailəlidir, 2 övladı yadigar qalıb.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər