Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

8 Noyabr - Zəfər Günü rayonumuzda da yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd olundu.

08 noyabr 2021 | 16:00

    Bu gün Azərbaycan xalqı  öz tarixinin ən möhtəşəm və şanlı gününü–Zəfər gününü qeyd edir. Bu tarixi günə aparan yol 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsindən təşnələnir. Cəmi 44 günə qət edilən Zəfər yolu dünya hərb tarixinə misli bərabəri olmayan ilk savaş kimi iri hərflərlə yazıldı. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı. Bu qələbə Qafqazda və ümumilikdə regionda terrorçu və faşizm rejminin süqutuna səbəb oldu.
    Son 30 il ərzində Ermənistana rəhbərlik edən terrorçu və quldur dəstələrin apardıqları destruktiv siyasət nəticəsində münaqişənin danışıqlar yolu ilə həllində diplomatik sahədə danışıqları uzatmaq, münaqişəni donmuş vəziyyətdə saxlamaq və işğal olunmuş əraziləri Azərbaycana qaytarmamaq Ermənistan dövlətinin əsas məqsədi idi.
   Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadi cəhətdən zəif, təklənmiş bir ölkə idi. Əzəli və əbədi düşmənimiz bunu fürsət bilərək, öz iyrənc niyyətini gerçəkləşdirdi. Torpaqlarımızın 20 faizi işğal olundu.
    Lakin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, sonralar cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən müdrik, düşünülmüş siyasət Azərbaycanın bu günki Zəfərinin təminatı oldu. Ulu Öndərin “Güclü dövlətin güclü iqtisadiyyatı olmalıdır” kəlamı yürüdülən siyasətin prioriteti oldu. Səbrlə həyata keçirilən düşünülmüş, müdrik siyasət öz bəhrəsini verdi. Azərbaycan sürətlə inkişaf etdi, dövlətin iqtisadi gücü artdı. Ölkədə sabitlik, əmin-amanlıq, aparılan sosial-iqtisadi islahatlar, beynəlxalq investorların ölkəmizə marağı Azərbaycanı güclü bir dövləti kimi formalaşdırdı.
    Azərbaycan Ordusunun peşəkarlığı və möhtərəm Prezidentimizin mahir hərbi strateji təcrübəsi nəticəsində bu siyasət iflasa uğradı. Erməni siyasətçiləri özləri etiraf edirdi ki, zaman keçdikcə Azərbaycan hərbi güc və ehtiyyat nöqteyi nəzərindən daha da güclənir. Onlar bildirirdi ki, razılaşmaya gedən yol nə qədər uzanırdısa, müharibənin olması da bir o qədər yaxınlaşırdı.
   30 il davam edən beynəlxalq riyakarlıq, 1992-ci ildə təsis edilmiş ATƏM-in (indiki ATƏT) Minsk Qrupunun 29 il ərzində məsələnin dondurulmasına çalışması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin kağız üzərində qalması, son iki il ərzində artan erməni təxribatları, bəyanatları müharibəni qaçılmaz etdi.
Vaxtı və doğru zamanı yaxşı bilən Ali Baş Komandanın “İrəli” əmrini Azərbaycan Ordusu səbrlə gözləmişdir. Müharibə zamanı xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günlük müharibənin hər günü şanlı bir tarix oldu.
     Azərbaycan Ordusu haqq işi uğrunda başlanan müharibəni şanlı Qələbə ilə başa çatdırdı.  Ermənistanı ordusu ilə yanaşı siyasi və hərbi rəhbərliyini də diz çökdürdü. Rəşadətli ordumuzun Füzuli və Cəbrayıl istiqamətindəki hərbi əməliyyatları zamanı işğaldan azad olunmuş ərazilərdə keçilməz mühəndis istehkamlarının olduğu aşkarlandı və darmadağın edildi. Bu istehkamlara “Ohanyan xətti” adını verən erməni hakimiyyəti, müharibə başlayacağı təqdirdə Azərbaycan Ordusunun bu istahkamları ən yaxşı halda bir ay müddətində keçə biləcəyini demişdi. Lakin, sentyabrın 27-də qəhrəman ordumuz tərəfindən başlanan əks-həmlə əməliyyatının ilk uğurları və oktyabrın 4-də Cəbrayıl şəhərinin azad olunması ilə bu xülyalar alt-üst oldu. Azərbaycan Ordusu illər ərzində  Ermənistanın mövcud olan “Yenilməz Ordu” mifini də darmadağın etdi.
    44 günlük müharibədə müzəffər ordumuz 5 min kvadrat kilometrə yaxın ərazini işğaldan azad etdi. Qısa müddət ərzində bu qədər ərazinin azad olunması tarixi bir qələbədir. Bu Qələbəni Azərbaycan əsgəri öz rəşadəti, gücü və əzəməti ilə tariximizə əbədi həkk etdi. Müzəffər Ordumuzun peşəkarlığı güclü silahlı qüvvələrə malik olan bir sıra iri dövlətlərin hərbi ekspertlərinin əsas müzakirə mövzusuna çevrildi. Qeyd olundu ki, Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparır.         Noyabrın 8-də isə Şuşanın azad olunması Vətən müharibəsinin pik nöqtəsi oldu. Bu Azərbaycan Ordusunun xüsusi peşəkarlığı və bacarığı nəticəsində mümkün olmuşdur. Bu Qələbə Ermənistanı rəzil bir duruma salıb, siyasi və iqtisadi təlatumlara düçar edib. Döyüş meydanında işğalçı ölkənin təxminən 4 milyard dollar dəyərində hərbi texnikası məhv edilmiş və qənimət kimi götürülmüşdür.
        10 noyabr tarixli bəyanatı ilə bölgədə bir sıra həll edilməmiş problemlər öz həllini tapdı. Uzun illər ərzində öz torpaqlarından qaçqın düşmüş vətəndaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaq və bölgədə 30 ilə yaxın bağlı qalmış nəqliyyat və komunikasiya xətləri açılacaq. Artıq Qafqazda yeni əməkdaşlığı nəzərdə tutan alyansın yaranması prosesi başlanır. Azərbaycan dövləti rəsmi olaraq Qarabağda bir sıra infrasturuktur layihələrin icrasına başlayıb. Bu uğurlar döyüş meydanı ilə yanaşı siyasi səhnədə möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən siyasətlə təmin edilmişdir. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün dünya birliyi Ermənistanı işğalçı dövlət kimi tanıyır. Bu siyasət nəticəsində Ermənistan regionda dalana dirənərək bütün layihələrdən kənarda qalıb. Cənab Prezidentin həyata keçirdiyi mükəmməl hərbi strategiya sayəsində Ermənistan məğlub tərəf kimi Azərbaycanın  diqtə etdiyi bütün şərtlər və tələblərlə razılaşmaq məcburiyyətində qalmışdır.
       44 günlük müharibə dövründə bir daha bütün dünya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu gördü. Müharibə dövründə Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda oldu. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmaz və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, güc verdi.
     Azərbaycan əsgərinin qələbə ruhunun təntənəsi kimi işğaldan azad edilmiş torpaqlarımızda bu gün qalibiyyət bayrağı dalğalanır. Hamı noyabrın 8-ni Şuşanın işğaldan azad edildiyi günü də, noyabrın 10-u Vətən Müharibəsinin başa çatdığı günü də Azərbaycan əsgərinin qüdrəti bildi.
      Biz bu qələbəyə görə qazilərə, şəhidlərə borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda qaldırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının qələbəsidir!
     Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır.
Azərbaycan tarixində yeni səhifə başlanır. Azərbaycanın yeni quruculuq missiyasını yerinə yetirir. Bundan sonra doğma Azərbaycanımız yalnız inkişaf edəcək. Bundan sonra azad edilmiş torpaqlarımızda Günəş yenidən doğacaq. Hər birimiz yeni doğan Günəşin istisinə Vətən sevgisinin hərarətini qataraq yaşayıb, yaradacağıq.
    Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 8 Noyabr - Zəfər günü yüksək bayram əhval-ruhiyyəsi və təntənə ilə qeyd olunmuşdur.
    Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar rayon üzrə Tədbirlər Planına uyğun olaraq rayonda müxtəlif tədbirlər keçirilmişdir.
    Bu tədbirlərin davamı olaraq 8 noyabr 2021-ci il tarixdə ilk öncə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyətin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında dəfn olunmuş şəhidlərin məzarları önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.
    Müharibə iştirakçıları, gənclər və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Qax şəhərinin mərkəzindən start götürən Zəfər yürüşü Şəhidlər xiyabanınadək davam edib. Əllərində Azərbaycan və Türkiyə bayraqları ilə hərəkət edən yürüş iştirakçıları yol boyu doğma Vətənə, onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, Müzəffər Ali Baş Komandanımıza, torpaqlarımızın bölünməzliyinə, şəhidlərimizin ölməzliyinə dair şüarlar səsləndiriblər.
Daha sonra Zəfər günü münasibətilə rayon ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
    Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar rayonun kənd inzibati ərazi vahidlərində də bayram tədbirləri keçirilmişdir.
    Bayram tədbirləri 8 noyabr 2021-ci il tarixdə axşam saatlarında “Şəhər parkı”nda respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı və atəşfəşanlıq  ilə davam etdiriləcəkdir.

Keçidlər