Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Laçının işğaldan azad edilməsindən 1 il ötür

01 dekabr 2021 | 16:00

   Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədini  imzalamağa və ərazilərimizdən çıxmağa məcbur oldu. İmzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu və dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Beləliklə, Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi.
   Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci ildə Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmuşdu.  Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olmuş, rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmışdır. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur.
    Azərbaycanın füsünkar guşələrindən olan Laçın rayonu ölkəmizin cənub qərbində, Kiçik Qafqazda yerləşir.  Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonu Azərbaycanın ən qədim insan məskənlərindən biridir.  Laçın zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları, yataqları, civə, vermikulit, əlvan və üzlü daşları, sement xammalı və tikinti daşı yataqları ilə də zəngindir.
     Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub.
    Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular  “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.  Azərbaycan Prezidenti cənab  İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
    Artıq işğaldan azad edilmiş digər rayonlarda olduğu kimi Laçında da fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Laçının torpaqları olduqca məhsuldardır və tarixən burada kənd təsərüfatı, heyvandarlıq kimi sahələr inkişaf etdirilib. Ölkədə aqrar sahənin inkişaf etdirilməsi əsas perspektivlərdən biridir. Laçının yaylaqları isə qoyunçuluğun inkişafına xidmət edəcəkdir. İşğaldan azad olunmuş ərazilərdə qızıl, civə kimi yeraltı sərvətlərin, mərmərin çıxarılması və emalı sənayesinin təşkili, xalçaçılı¬ğın genişləndirilməsi də ölkə iqtisadiyyatına böyük fayda gətirəcəkdir.
   Qarabağ Azərbaycandır!

Keçidlər