2018-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları keçirilmiş, imtahanlarda IX siniflər üzrə 605, XI siniflər üzrə 473 nəfər şagird iştirak etmişdir. IX siniflər üzrə müvəffəqiyyət faizi 94.59 faiz, XI siniflər üzrə isə 76.5 faiz olmuşdur. Həmçinin dekabr ayında ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan 507 nəfər şagird üçün İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanın II mərhələsi üzrə sınaq imtahanı keçirilmişdir.
Hesabat ilində şəhər 2 saylı məktəb-liseyin XI sinif şagirdi Gülnur Bayramlı qızıl medalla təltif olunmuş, həmçinin şəhər 1 nömrəli məktəbin 3 nəfər, şəhər 2 saylı məktəb-liseyin 3 nəfər IX sinif şagirdinə ümumi orta təhsil, şəhər 2 saylı məktəb liseyin 3 nəfər, şəhər 5 nömrəli məktəbin 1 nəfər və Tasmalı kənd tam orta məktəbin 1 nəfər XI sinif şagirdinə tam orta təhsil haqqında fərqlənmə attestatı verilmişdir.
Ötən il rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 403 nəfər məzunundan 282 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 187 nəfər tələbə adını qazanmışdır. Onlardan 22 nəfəri 600-dən çox, 54 nəfəri isə 500-700 arası bal toplamışdır. Rayon üzrə 53 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Şəki şəhərində keçirilmiş fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda rayonumuzdan 47 nəfər iştirak etmiş, final turunda rayonumuzu 2 nəfər şagird təmsil etmişdir.
Respublika üzrə keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində şəhər 2 saylı məktəb-liseyin şagirdi birinci yerə, “Gənc xilasedici” respublika müsabiqəsində 2 saylı məktəb-liseyin komandası üçüncü yerə layiq görülmüşdür.
Hesabat ilində Qax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Ölkəmizin rəqs çələngi” respublika uşaq rəqs festifalında milli rəqs nominasiyasında birinci yerə layiq görülmüşdür. “Fövqəladə hallar uşaqların gözü ilə” VIII respublika Uşaq Yaradıcılıq müsabiqəsində iki nəfər dərnək üzvü əl işləri nominasiyası üzrə birinci, 1 nəfər şagird isə rəsm nominasiyası üzrə üçüncü yerə layiq görülmüşdür.
Respublika gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyanın 40 nəfər iştirakçısı ötən il Lənkəran, Masallı və Astara rayonlarında səfərdə olmuşlar.
Hesabat ilində gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə görə Qum kənd tam orta məktəbinin direktoru Güllər Vəliyeva “Əməkdar müəllim” adına, şəhər 5 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Dilarə Abbasova “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına, Qaxbaş kənd 2 nömrəli tam orta məktəbinin fizika müəllimi Südabə Əhmədova Azərbaycan Respublikasının Təhsil nazirinin Fəxri Fərmanına və Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Mustafa Xasıyev “Əməkdar məşqçi” fəxri adına layiq görülmüşdür. İlisu kənd tam orta məktəbinin direktoru Aybəniz Məmmədova və şəhər 2 saylı məktəb-liseyn azərbaycan dili və ədəbiyyatı müəllimi Nazlı İsmayılova respublika pedaqoji müzakirələr müsabiqəsində üçüncü dərəcəli diploma layiq görülmüşlər.
Rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının yaradılması və 5 yaşlı uşaqların qəbulu məqsədilə hesabat ilində 24 məktəbdə 26 məktəbəhazırlıq qrupları təşkil edilmiş, həmin qruplara 435 nəfər uşaq cəlb edilmişdir.
Hesabat ilində rayonda 1835 uşağı əhatə edən 36-ı dövlət və 1 özəl məktəbəqədər təhsil məssisəsi fəaliyyət göstərmişdir.