Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2013-cü ilin hesabatı

Qax rayon İcra Hakimiyyəti başçısının 2013-cü ildə rayonun sosial-iqtisadi və təssərüfat sahələrində görülən işlərə dair hesabatı və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin yanvar ayının 9-da keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2013-cü ilin yekunları müzakirə olunmuş, 2014-cü ildə görüləcək işlər müəyyənləşdirilmişdir.

         2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmiş, böyük layihələr icra olunmuş və Azərbaycanın beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmiş, respublikamızın  uğurlu inkişafının təmin edilməsi yolunda mühüm addım atılmışdır.

        2013-cü ildə Azərbaycanın ikitərəfli və çoxtərəfli formatda beynəlxalq əlaqələri genişlənmiş və güclənmişdir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti başa çatmışdır. Azərbaycan dünyanın humanitar mərkəzi kimi özünü bir daha təsdiq etmişdir. Ötən il ölkəmizdə III Beynəlxalq Humanitar Forumu, İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.

         Ötən ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmış, ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artmışdır. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün hərbi gücümüz həlledici rol oynayacaqdır.

        2013-cü ildə doğma yurd-yuvalarından didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünün mənzil-məişət şəraitinin və sosial təminatının yaxşılaşdırılması məqsədilə 20 min köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür.

        Keçən il regionların inkişafına dair ikinci Dövlət Proqramının icrası başa çatmış, hər iki proqramının icrası bölgələrdə ciddi dönüşün yaranmasına səbəb olmuşdur.

        İqtisadi sahədə son on il ərzində Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır.Təsadüfi deyildir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür.

        Ötən ildə ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektoru isə 10 faiz artmışdır.

        İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Onun 17,5 milyard dollarını daxili sərmayə təşkil etmiş, daxili sərmayə xarici sərmayəni üstələmişdir.

       Ölkəmizin valyuta ehtiyatları artaraq hazırda 50 milyard dollardır. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən mühüm göstəricilərdən biridir.

       Keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür

       Əhalinin pul gəlirləri 8 faiz artmış, inflyasiya isə cəmi 2,4 faiz olmuşdur. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələmişdir.

       Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü kursunun davamı olaraq ötən il minimum əmək haqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilmişdir. Dövlət sektorunda çalışanların əmək haqları isə ən azı 10 faiz həcmində artırılmışdır. Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaratmışdır.

       2013-cü ildə vətəndaşların keçmiş SSRİ Əmanət Banklarında qalan əmanətlərinin ödənilməsi prosesi başa çatmışdır.

       Keçən il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Belə ki, birinci Azərbaycan peyki “Azərspace-1” fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir. Biz kosmik kluba üzv olmuşuq.

       2013-cü ildə sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilmiş, iqtisadiyyatın müxtəlif sahələri üzrə 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 150 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsait təşkil etmişdir. Vəsaitin çox hissəsi kənd təsərrüfatı sahəsində çalışan fermerlərə verilmiş, nəticədə kənd təsərrüfatında 5 faiz artım əldə edilmişdir.

       2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanmışdır. Belə ki, iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçilmiş və Azərbaycan qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı müqavilələr bağlanmışdır. Dekabr ayının 17-də Bakıda XXI əsrin layihəsi-“Şahdəniz-2” investisiya Sazişi bağlanmışdır.

       Hesabat ilində regionların sosial-iqtisadi inkişafında sürətli dinamika təmin edilmiş, bütövlükdə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı bərpa olunmuş, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir. Şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait ayrılmışdır.

       2013-cü ildə ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə baş vermişdir - Prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsini real siyasətə və real işlərə vermişdir. Avropa Şurası, Avropa İttifaqı, ATƏT-in Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar seçkilərin keçirilməsini birmənalı olaraq yüksək qiymətləndirmiş və öz bəyanatlarında seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi haqqında rəsmi rəy ortaya qoymuşlar. Səsvermə günü və səsvermədən sonrakı dövrdə cəmiyyətdə hökm sürən yüksək əhval-ruhiyyə bir daha seçkilərin nə qədər şəffaf, ədalətli keçirilməsini təsdiqləyir.

          Ötən hesabat ili rayonumuzun ictimaiyyəti üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bölgəmizə səfəri ilə əlamətdar, yaddaqalan bir il olmuşdur. Rayonumuzun sakinləri hələ də ölkə başçısının 16 avqust 2013-cü il tarixli səfərinin, səfər çərçivəsində Olimpiya İdman Kompleksinin açılışı mərasimində ictimaiyyət nümayəndələri ilə görüşündə Qaxda görülən işlərə verdiyi yüksək qiymətin, bölgənin inkişafı ilə bağlı söylədiyi dəyərli fikirlərin yaratdığı xoş təəssüratların təsiri altındadırlar. Hamımızın yaxşı yadınadır, möhtərəm Prezidentimiz açılış mərasimində dedi: “Hər bir yerdə inkişaf, quruculuq, abadlıq vardır. Artıq bu meyllər o qədər güclüdür ki, indi rayonlar arasında sağlam rəqabət aparılır. Mən də bunun tərəfdarıyam. Hər dəfə hər yerdə deyirəm ki, çalışın ən qabaqcıl yerlərə çıxın. Deyə bilərəm ki, Qaxda aparılan quruculuq-abadlıq işləri rayonu ön plana çəkibdir. Siz də bunu bilirsiniz. Bu da sizin xidmətinizdir, zəhmətinizdir”.  Möhtərəm Prezidentimizin rayonumuza verdiyi bu yüksək qiymət bizim hər birimizi ötən hesabat ilini daha yüksək nailiyyətlərlə yekunlaşdırmağa sövq etmişdir. Nəticədə 2013-cü ildə bütövlükdə respublikamızda olduğu kimi rayonumuzun iqtisadiyyyatında da dinamik inkişaf təmin olunmuş, müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

        Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2013-cü il tarixli 2735 nömrəli Sərəncamı əsasında rayonumuzun sosial-iqtisadi inkisafının sürətləndirilməsi məqsədi ilə 7 min nəfərin yaşadığı  8  yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi üçün Azərbaycan  Respublikası  Prezidentinin  ehtiyat   fondundan rayon  İcra  Hakimiyyətinə ilkin olaraq ayrılmış 3 milyon  manat  vəsait hesabına  yolun 10 km-lik uzunluğunun-Alatəmir-Marsan-Tasmalı hissəsinin tikintisi başa çatdırılmışdır. Layihə  üzrə  Alatəmir-Fıstıqlı avtomobil  yolunun  üzərində aşırımının  uzunluğu 6 p/m olan körpünün  tikintisi  başa  çatdırılmış, Alatəmir-Marsan avtomobil  yolunun  üzərində  isə aşırımının  uzunluğu  33  p/m  olan körpünün  tikintisi  davam  etdirilir. 

         “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2013-cü il tarixli 3078 nömrəli Sərəncamı ilə rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 2,0 milyon manat vəsait hesabına şəhərin prospekt və küçələrində bərpa və abadlıq işlərinin aparılması planlaşdırılmış, ilkin olaraq Heydər Əliyev prospektində, N.Gəncəvi, M.Rəsulzadə, M.P.Vaqif, M.Məmmədov və M.V.Vidadi küçələrində işlərə başlanılmış və hazırda bu sahədə işlər davam etdirilir.

     Hesabat dövründə avtomobil yollarının əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulmuş 950,6 min manat vəsait hesabına Ləkit  kəndinin giriş  yolunun 1 km,  Əlibəyli  kəndinin giriş  yolunun  4,5 km hissəsinə asfalt örtük salınmış, şəhərin  Heydər Əliyev  prospektində 17600 m2,  Füzuli  küçəsində isə 2760 m2 yola asfalt-beton  örtük  salınmışdır.  

     Dövlət büdcəsindən mənzil fondu üçün ayrılmış 259 min manat vəsait hesabına şəhərdə 8 kommunal yaşayış binalarının dam örtüyü əsaslı təmir olunmuşdur.

     Büdcədən şəhərin abadlığı üçün ayrılmış 502 min manat vəsait hesabına  şəhərdə bir sıra abadlıq və bərpa  işləri  aparılmışdır. Belə ki,  H.Əliyev  parkında yenidənqurma  işləri  aparılmış,  şəhərin  küçələrində  hərəkət  tənzimləyici  xətlər çəkilmiş, Heydər Əliyev Mərkəzinin kənarlarında abadlıq işləri aparılmış və C.Cabbarlı  küçəsində 1600 p/m su  arxı yenidən  qurulmuşdur. 

     Hesabat ilində investisiya qoyuluşu vəsaiti hesabına şəhər  6 və 4 nömrəli uşaq  bağçalarında, Qorağan,   Zərnə,  Qapıçay və İlisu  kənd uşaq  bağçalarında  bərpa-gücləndirmə  işləri  aparılmışdır.  Artıq şəhər 6 və 4 nömrəli uşaq  bağçaları istifadəyə verilmiş,  digər  4 bağçada  isə son  tamamlanma  işləri  aparılır.

530 şagiryerlik şəhər 4 nömrəli tam orta məktəbin binasında əsaslı təmir işlərinə başlanılmışdır. Məktəbin  əsas binasının,  idman  zalının  və yardımçı binalarının dam  örtüyü dəyişdirilmiş,  pəncərə  blokları  yenidən  quraşdırılmış, yardımçı  binada əsaslı təmir  işləri başa  çatdırılmış, layihə  üzrə  işlər  cari ildə də davam  etdiriləcəkdir. 

Şəhərin, Qaxbaş və Qaxingiloy  kəndlərinin su  təchizatı  və  kanalizasiya  sisteminin  qurulması  işləri 2013-cü ildə də davam  etdirilmişdir.  Layihə üzrə ötən ildə 1 ədəd  su  anbarı  tikilmiş,  3 ədəd su  anbarında  isə son  tamamlanma  işləri aparılır.  51  km  uzunluğunda şəhərdaxili xətt  çəkilmiş,  135 ədəd yanğın  hidrantı, 165  ədəd  siyirtmə və  1600  ədəd su  sayğacı  quraşdırılmışdır.

Daxili imkanlar  hesabına Heydər  Əliyev  prospektində  bərpa  işləri  aparılmış,  1640 m2 çay  daşından divar  tikilmiş,   2600 m2  prospekt  kənarı  tikililərin dam  örtükləri yenidən qurulmuş, 1630 m2 fasad  divarına  dekorativ  suvaq vurulmuş, 1050 m2 həyətyanı darvazalarının səthləri və  asma  tavan taxta  ilə  üzlənmiş,  yola  58500 m2  asfalt-beton  örtük  salınmış,  9000 p/m bardyur  daşı,    2450 m2 tamet  tavalar  düzülmüş,   80  ədəd  iki  plafonlu  metal işıq  dirəkləri  quraşdırılmışdır. 

      Ötən il  büdcədən  ayrılmış 52 min  manat  vəsait  hesabına şəhər  poliklinikasında,   48 min  manat  hesabına  Uşaq  Kitabxanasında, Tarix  Diyarşunaslıq müzeyində,  Süskənd  və Qaşqaçay kənd  kitabxanalarında təmir  işləri  görülmüşdür.

      Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə 2013-cü ildə cari təmir işləri üçün ayrılmış 34 min manat vəsait hesabına  şəhər 2 və 5 saylı uşaq bağçalarında, şəhər 1 və 2 saylı orta məktəblərində təmir işləri aparılmışdır.

     Rayon Təhsil Şöbəsi tərəfindən ümumtəhsil müəssisələrində cari təmir işləri üçün ayrılmış 82,6 min manat vəsait hesabına isə şəhər 5 nömrəli tam orta məktəbində təmir işləri aparılmışdır.

      2013-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən Dəymədağlı kəndində 120, Ləkit-Kötüklü kəndində 40, Zərnə kəndində 240, Qorağan kəndində 220, Lələpaşa kəndində 100, Lələli kəndində 100, Ləkit kəndində 420 və Güllük kəndində 300 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.

          Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərindən 537 evin tikintisi başa çatdırılmış, hazırda 11 evdə tikinti işləri davam etdirilir.

      Ötən  ildə rayonda 115 ədəd fərdi  yaşayış evi və 14 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 129 fərdi tikinti aparılmışdır. Aparılmış tikinti işlərinin ümumi smeta dəyəri 3 milyon 220 min manata yaxındır.

      Qax bələdiyyəsi tərəfindən 39 min 530 manat vəsait hesabına şəhərdə abadlıq işləri, kənd bələdiyyələri tərəfindən 87 min 780  manat dəyərində sosial obyektlərdə təmir, tikinti və abadlıq işləri görülmüşdür.

          Hazırda Rayon Dövlət Yanğından mühafizə hissəsinin yeni inzibati binasının, “El Resort” hotel kompleksi ərazisində yeni 4 mərtəbəli korpusun, Qaxbaş kəndi ərazisində 9 mərtəbəli yaşayış binasının, Qıpçaq kənd həkim məntəqəsinin, İlisu kəndində “Səngər qala” istirahət kompleksinin,“Aqrolizinq” ASC-nin Qax rayon Aqroservis filialının, Ağçay kəndi ərazisində 3 mərtəbəli istirahət mərkəzinin və məişət tullantıların zərərsizləşdirilməsi məqsədi ilə poliqonun tikintisi davam etdirilir.

     Hesabat ilində 16 saylı Yol İstismarı idarəsi tərəfindən respublika əhəmiyyətli yolların saxlanması və təmirinə 488 min manat, yerli əhəmiyyətli yolların saxlanılmasına və təmirinə 240 min manat olmaqla ümumilikdə 728 min manatlıq iş görülmüşdür.

     Qax şəhərinin, İlisu, Qaxbaş, Əlibəyli, İbaxlı və Zərnə kəndlərinin seldən mühafizəsi məqsədi ilə 5074 m3 mühafizə bəndləri tikilmiş, 436 min m3 həcmində lildən təmizləmə və 858 min m3 həcmində məcratəmizləmə işləri görülmüşdür. Güllük və Əmbərçay  kəndlərində suvarma şəbəkəsi üçün  beton kanalların tikintisi başa çatdırılmış, hazırda Qaxmuğal beton kanalının tikintisi davam etdirilir.

          2013-cü ildə Azərbaycanda ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə baş vermişdir -prezident seçkiləri keçirilmişdir. Rayonda seçkilər seçicilərin yüksək fəallığı şəraitində, Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilmişdir. Seçkilərdə seçicilərin 75,8 faizi iştirak etmiş, onların 83,82 faizi ölkə Prezidenti cənab İlham Əliyevin on illik fəaliyyətini yüksək qiymətləndirərək ölkə başçısına yenidən etimad göstərmişdir.  

         16 avqust 2013-cü il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev rayonumuza səfəri zamanı yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin, həmin yolun üzərində olan 700 p/m uzunluğunda körpünün, Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin, Qax şəhərinin su təchizatı sisteminin və «El Resort» otelinin Konfrans Mərkəzinin açılışında iştirak etmişdir.

          Məlumat üçün bildirirəm ki, “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda  rayonumuz üçün nəzərdə tutulmuş 22 bənddən ibarət tədbirlərin icrası uğurla həyata keçirilmişdir.

      Belə ki, Proqramın icrası ilə bağlı ötən müddət ərzində şəhərdə Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri üçün yaşayış binası, kəndlərdə sahə baytarlıq məntəqələri, yeni məktəb binaları, səhiyyə obyektləri, Olimpiya İdman Kompleksi, Süd emalı müəssisəsi və qum-çınqıl müəssisəsiləri, yeni körpülər, beton bəndlər tikilib istifadəyə verilmiş, kəndlərin qazlaşdırılması işi davam etdirilmiş, yeni artezian quyuları qazılmış, respublika əhəmiyyətli, kəndlərarası və kəndlərin giriş yollarına asfalt döşənmiş,  toxumçuluq təsərrüfatları yaradılmışdır. Görülmüş işlər nəticəsində 5 il ərzində rayonda 1730 daimi olmaqla 2086 yeni iş yeri açılmış, 2013-cü ildə isə 328 daimi olmaqla 332 yeni iş yeri təşkil etmişdir.

      Hesabat ilində rayonun illik yerli xərcləri 16 miyon 111 min manat proqnoza qarşı 15 miyon 950 min manat və ya 99 faiz, yerli gəlirləri isə 3 milyon 112 min manat proqnoza qarşı 3 milyon 148 min manat və ya 101 faiz icra edilmişdir.      

Rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən 2013-cü ildə məhsulun ümumi buraxılışı 151 milyon 533 min manat təşkil etmişdir ki, bu da 2012-ci illə müqayisədə 8 milyon 552 min manat çoxdur.

        2012-ci illə müqayisədə əsas sahələr üzrə məhsul istehsalı sənayedə 4 milyon 864 min manat və ya əvvəlki illə müqayisədə 692 min manat az, kənd təsərrüfatında 42 milyon 197 min manat və ya əvvəlki illə müqayisədə 1 milyon 213 min manat çox, tikintidə 78 milyon 41 min manat və ya əvvəlki illə müqayisədə 5 milyon 592 min manat çox olmuşdur. Əsas sahələr üzrə xidmət istehsalı isə ticarətdə 23 milyon 745 min manat, əvvəlki illə müqayisədə 2 milyon 371 min manat, nəqliyyatda 1 milyon 976 min manat, əvvəlki illə müqayisədə 13 min manat, informasiya və rabitədə 711 min manat əvvəlki illə müqayisədə 77 min manat çox olmuşdur.

        Əsas kapitala yönəldilən investisiya 79 milyon 513 min manat olmuşdur ki, bu da əvəllki illə müqayisədə 4 milyon 191 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 21 milyon 384 min manat, əvvəlki illə müqayisədə 941 min manat çox olmuşdur. Rəqəmlərdən göründüyü kimi hesabat ilində məhsulun ümumi buraxılışı əvvəlki illə müqaisədə bütün sahələr üzrə artımla icra olunmuşdur.

       Sahibkarlığın inkişaf etdirilməsi, hüquqi bazanın möhkəmləndirilməsi və dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi nəticəsində son illər rayonumuzda bu sahədə mühüm irəliləyişlər əldə edilmişdir. Belə ki, 2003-cü ildə rayonda iqtisadiyyatın bütün sahələri üzrə kiçik sahibkarlıq obyektlərinin sayı 130 olmuşdursa, bu göstərici 01 yanvar 2014-cü il tarixə 1239 vahid artaraq 1369-a çatdırılmış, sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin sayı 2003-cü ildə 245 nəfər olmuşdursa, bu göstərici 01 yanvar 2014-cü il tarixə 2315 nəfər artaraq 2560 nəfərə çatmışdır. Rəqəmlərdən göründüyü kimi iqtisadiyyatın bütün sahələri üzrə istər sahibkarlıq subyektlərinin sayında, istərsə də sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin sayında 2003-cü ilə nisbətən 2013-cü ildə göstəricilər 10 dəfədən çox artmışdır. Bütün bunlara sahibkarlığın inkişafı sahəsində uğurlu dövlət siyasətinin həyata keçirilməsi sayəsində nail olunmuşdur.

        2013-cü ildə rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 38 lahiyə üzrə 487 min manat güzəştli şərtlərlə kreditlərin verilməsi təmin olunmuş, nəticədə 64-ü daimi olmaqla yeni iş yerləri yaradılmışdır. Məlumat üçün bildirirəm ki, son 10 ildə Sahibkarlara Kömək Milli Fondu tərəfindən rayonumuzda fəaliyyət göstərən sahibkarlara 5 milyon 429 min manat güzəştli şərtlərlə kreditlərin verilməsi təmin olunmuş, rayonda sahibkarlar tərəfindən 15 mineral suların qablaşdırılması sexi, 5 fındıq emalı müəssisəsi, 11 turizm istirahət mərkəzi, 6 şadlıq sarayı, 2 qum-çınqıl zavodu, tikiş və ayaqqabı sexi, pivə istehsalı zavodu, süd məhsulları emalı müəssisəsi, çoxlu sayda iaşə və ticarət obyektləri istifadəyə verilmiş, nəticədə  rayonda cəmi 972 yeni iş yeri yaradılmışdır.

        Dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası təmin olunmuş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara ciddi əməl olunmaqla lazımi sənədlərin tərtibatı təmin edilməklə 2007-ci ildən etibarən rayonda  kənd təsərrüfatı məhsulları istehsalçılarına 5,3 milyon manat, o cümlədən 2013-cü il ərzində 599,9 min manat məbləğində yardımın verilməsi təmin olunmuşdur.  Nazirlər Kabinetinin 25.06.2007-ci il tarixli, 100 nömrəli qərarının icrası ilə əlaqədar rayonda taxıl toxumçuluğu ilə məşğul olan təsərrüfatlara satdıqları yüksək reproduksiyalı toxumlara görə 679 min manat, o cümlədən 2013-cü il ərzində 113,8 min manat subsidiyanın verilməsi təmin olunmuşdur. Hal-hazırda 2014-cü il üçün əkin aparmış 1054 nəfər buğda istehsalçılarına 282 min manat vəsaitin verilməsi üçün müvafiq sənədlər Respublika Komissiyasına təqdim olunmuşdur. Son 5 ildə  heyvandarlıqla məşğul olan sahibkarlara respublikaya idxal olunan cins düyələrdən lizinq yolu ilə 14 nəfər sahibkara 98 başı 50 % güzəştlə satılmışdır. Həmin düyələrdən 131 baş bala alınmışdır.

        Sahibkarlara kömək məqsədi ilə inək və düyələrin yüksək məhsuldar törədici toxumlar ilə süni yolla mayalandırılması işlərinə diqqət daha da artırılmaqla yeni süni mayalandırma məntəqələrinin yaradılması təmin edilmişdir.

        2013-cü ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlara 2 ədəd taxılbiçən kombayn, 8 ədəd traktor, 6 ədəd asma-qoşma kənd təsərrüfatı texnikası və 1ədəd qarğıdalı səpən aqreqat lizinq yolu ilə satılmışdır.

       Ölkə əhalisinin taxıla olan tələbatını ödəmək, taxılın vaxtında və itkisiz yığımını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2013-cü il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında” Sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara olan əlavə ehtiyacını təmin etmək üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat vəsait ayrılmışdır.

       “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsulları ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması və ərzaq bazarının səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə 16 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı olmuşdur.

       Sərəncamda kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətləri olaraq nəzərdə tutulur.

       Bununla belə, məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, kənd təsərrüfatı və ərzaq məhsullarının qəbulu üzrə ixtisaslaşmış terminalların və onların saxlanılması üçün anbarların yaradılması, həmin məhsulların daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi göstərilir.

       Daxili bazarın qorunması, kənd təsərrüfatı məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin müxtəlif rayonlarında təşkil olunmuş yarmarkalarda rayonumuzun sahibkarlarının iştirakı artıq ənənə formasını alımışdır. 2008-ci ildən hər həftənin şənbə və bazar günlərində rayonumuzun sahibkarlarının yarmarkalarda iştirakı təmin olunmuşdur. Yarmarkalarda hər il orta hesabla 10 tona yaxın qərzəklilər, 2,5-3 ton bal və arıçılıq məhsulları, 2,5 ton süd, 2 ton ət, 1,5 ton konserv məhsulları, 8-10 ton meyvə, 7-8 ton tərəvəz məhsulları, 0,3-0,4 ton miqdarında təbii dərman bitkilərinin satışı aparılmışdır.

          2013-cü ildə 2012-ci illə müqayisədə ət istehsalı 45,5 ton artaraq 2942 tona, süd istehsalı 729 ton artaraq 15697,7 tona, yumurta istehsalı 101 min ədəd artaraq 7825 min ədədə və yun istehsalı 1,3 ton artaraq 124,9 tona çatmışdır.

          2012-cü ildə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2131nəfərə, 2013-cü  ildə isə 2047 nəfərə  sosial  müavinətlərin ödənilməsi təmin olunmuşdur. Müavinət alanlardan  1150 (ötən il  1102)  nəfəri əlilliyə, 209 (ötən il 229) nəfəri  ailə başçısını  itirdiyinə, 49 (ötən il 56) nəfəri yaşa görə və 410 ( ötən il 451) nəfəri isə digər  növ sosial müavinət  alanlar olmuşdur. 101 (ötən  il 293) nəfəri  “Prezident təqaüdü” almışdır.  2012-ci  ildə 908, 2013-cü  ildə  isə 780 ailəyə  ünvanlı sosial yardım təyin edilmişdir. Mərkəz tərəfindən 2012-ci ildə rayonun ərazisində olan 363, 2013- cü  ildə isə 361 nəfər tənha, ahıl və əlil şəxslərə sosial xidmət göstərilmişdir.

      Hesabat dövründə rayonda 270 nəfərə pensiya təyin olunmuş, 01 yanvar 2014-cü il tarixə uçotda olan pensiyaçıların sayı 8429 nəfər olmuşdur. Pensiyaların əhaliyə vaxtında çatdırılmasını təmin etmək məqsədilə şəhərdə 1 ədəd yeni bankomat quraşdırılmış və hazırda rayon ərazisində pensiyaçılara 4 bankomat xidmət göstərir.

     “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2013-cü il tarixli Sərəncamına əsasən sentyabr ayının 1-dən əmək pensiyalarının baza hissəsi 100 manat müəyyən edilmişdir. Sərəncamın icrası ilə əlaqədar rayon üzrə əmək pensiyalarının aylıq pensiya məbləği ümumilikdə 10,6 faiz və ya 128,4 min manat artmışdır. Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2013-cü il tarixli 135 nömrəli Sərəncamının icrası ilə əlaqədar rayonda uçotda olan dövlət qulluqçusu kimi pensiya alan pensiyaçıların aylıq pensiya məbləği  01dekabr 2013-cü il tarixdən 49,1 faiz və ya 8,5 min manat artmışdır.

     Rayon üzrə bir nəfərə düşən orta aylıq pensiya məbləği 159,6 manat təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 nəfərə düşən orta aylıq pensiyanın məbləği 17,5 manat və ya 12,3 faiz artmışdır.

       Rayonda imtiyazlı təbəqəyə aid şəxslərin mənzil növbəsinin uçotu və mənzillə təminatı diqqət mərkəzində saxlanılır. 2013-cü ildə Qarabağ əlilləri  və  şəhid  ailələrinin  mənzil şəraitini  yaxşılaşdırmaq  üçün rayonumuzda 4 mərtəbəli 36  mənzilli   bina  tikilmiş, 1  nəfər Qarabağ  müharibəsi  əlilinə  pulsuz avtomobil və 1 nəfərə əlil arabası verilmişdir.

         2013-cü ildə rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 308 nəfər (onlardan 130 nəfəri qadındır) mərkəzdə işaxtaran kimi qeydiyyata götürülmüş  onların daimi  işlə təmin olunması, ictimai işlərə, peşə kurslarına cəlb olunması və status verilməklə müavinətin  ödənilməsi diqqətdə saxlanılmışdır.

          Qeydiyyata alınanların 23 nəfəri struktur dəyişikliyi  ilə əlaqədar,107 nəfəri kadr axıcılığı nəticəsində işdən azad olunanlara, 7 nəfəri hərbi xidmətdən tərxis olunanlara, 71 nəfəri digər səbəblərdən işdən azad olunanlara, 100 nəfəri isə iqtisadiyyatda əmək fəaliyyəti ilə məşğul olmayanlara  aiddir.

          Qeydiyyata götürülənlərin 46 nəfəri ali, 57 nəfəri orta-ixtisas, 81 nəfəri ilk peşə-ixtisas, 117 nəfəri tam orta məktəb məzunları, 7 nəfər isə orta təhsili olanlardır.

         Hesabat dövrünün əvvəlinə mərkəzdə işsiz statusu olanların sayı 367 nəfər( onlardan 171 nəfəri qadın) olmuşdur.  2013-cü ildə 32 nəfərə (onlardan 9 nəfəri qadın) status verilmiş və onların hamısına müavinət təyin olunmuşdur.   Hal-hazırda müavinət alanların sayı 9 nəfər, işsiz statusu olanların sayı isə 294 nəfərdir. Hesabat ilində mərkəz tərəfindən 241 nəfər (onlardan 86 nəfəri qadın) daimi işlə təmin olunmuşdur.  İşlə təmin olunanların 70 nəfəri 29-yaşadək gənclərdir.

         Ötən il mərkəz tərəfindən “Kompüter texnikasının təmiri ustası” və “Ekskursiya təşkilatçısı” peşə  kursları təşkil edilmiş və 36 nəfər mərkəzdə qeydiyyatda olan işaxtaran vətəndaş  həmin kurslara cəlb olunmuşdur. Kursu bitirdikdən sonar onlardan 18 nəfəri bağlanmış müqavilələrə əsasən daimi işlə təmin olunmuşlar.

         Rayonda 03 iyul 2013-cü il tarixdə Əmək Yarmarkası keçirilmiş və yarmarkaya 171 iş yeri çıxarılmışdır. Mərkəzdə qeydiyyatda olan 57 nəfər işaxtaran həmin iş yerlərinə göndərilmişdir. Eyni zamanda Yarmarkada 20 nəfər vətəndaş haqqı ödənilən müvəqqəti ictimai işlərə və 18 nəfər isə peşə hazırlığı kursuna  cəlb olunmuşdur. Ümumiyyətlə il ərzində 32 nəfər ictimai işlərə cəlb olunmuşdur.

        Rayonda fəaliyyət göstərən 12 müəssisə və təşkilatda 23 iş yerinə kvota müəyyən olunmuşdur.  İl ərzində həmin iş yerlərində 5 nəfər daimi işlə təmin olunmuşlar.

    18 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyi rayonda fəaliyyət göstərən 26 idarə, müəssisə və təşkilatda (ondan 4-ü dövlət, 22-i özəl sektora aiddir) işəgötürənlər tərəfindən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmişdir. Yoxlamalarda 31 qanun pozuntusu aşkar  olunmuş, aşkar olunmuş qanun pozuntularına görə müfəttişlik tərəfindən 26 ədəd icrası məcburi olan göstəriş forması yazılaraq işə götürənlərə verilmiş və eyni zamanda əmək qanunvericliyinə dair qanunpozuntularının aradan qaldırılması üçün işə götürənlərə vaxt verilmiş və təkrarən yoxlanılmışdır.

      Müfəttişlik tərəfindən rayonda hesabat ilində 36 nəfər işçi ilə işəgötürən arasında yazılı əmək müqavilələrinin bağlanılması təmin olunmuşdur. Vətəndaşların Əmək və Sosial hüquqların pozulmasına dair müraciətlərə baxılmış, nəticədə 206 manat əmək haqqı və sosial müavinətlərin vətəndaşlara ödənilməsi təmin olunmuşdur.

          Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən hesabat ilində şəhərin 24 küçə və prospektinə,7  park  və  xiyabana, fərdi  müqavilələr  əsasında  1630 sayda təsərrüfat subyektinə, 640 sayda kommunal evlərdə yaşayan abonentlərə və 340 sahibkara xidmət  göstərilmişdir. Bununla yanaşı  25 idarə, müəssisə və təşkilatlarla  məişət  tullantılarının  daşınmasına  dair  müqavilələr  bağlanmış  və  müvafiq  xidmətlərin göstərilməsi təmin edilmişdir.    

           Xidmət prosesinə Kombinatın 9 ədəd məişət tullantısı daşıyan nəqliyyat vasitəsi cəlb edilmişdir. Əhaliyə və  sahibkarlıq  subyektlərinə şəhər ərazisində 10 qutu və 120 xüsusi konteyner, müəssisə və təşkilatlara isə xidmət  üçün  15 xüsusi yer ayrılmış, 18 min m3 məişət tullantısı daşınaraq   poliqonda  zərərsizləşdirilmişdir.,                                                                                                                                                                                                                  

           Kombinat tərəfindən şəhərdə 25 hektar sahədə yaşıllıqlara xidmət göstərilmiş, 417 ədəd  at şabalıdı, cökə, sərv və lapan ağac növlərindən olan tinglər və 30 minə yaxın müxtəlif adda mövsümi çiçək və gül kolları əkilmiş, 1575 m2 sahəyə çəmən toxumu səpilmiş, 50 kvadrat metr əraziyə çim döşənmişdir.

           Hesabat ilində şəhərin 74 küçəsində, 2 prospektində və 6 parkında işıqlandırma sisteminə gündəlik nəzarət olunmaqla xidmət göstərilmişdir. Kombinat tərəfindən müqavilə əsasında şəhər 2, 3, 4 və  5 nömrəli tam orta məktəblərinə, şəhər 1 və 3 nömrəli uşaq bağçalarına istilik enerjisinin verilməsi təmin olunmuşdur..

          Bütün bunlarla yanaşı bu sahədə də bir sıra çatışmazlıqlar mövcuddur. Belə ki, şəhərin ətrafındakı bəzi küçələrdən məişət tullantılarının vaxtında götürülməsi təmin olunmur, yağmurlu havalarda suötürücü arxların təmizliyinə nəzarət işi zəif təşkil edilir. Poliqon ərazisinin ətraflarının kənar şəxslər tərəfindən çirkləndirilməsinin qarşısı alınmamış, məişət tullantılarını daşıyan texnikaların yuyulub təmizlənməsi və dezinfeksiyası təmin edilməmişdir.

         Yaşıllıqlara əkilən yeni ağacların qorunması və səllim mal-qaraya qarşı mübarizə işi zəif təşkil edilmişdir. Odur ki, müəssisə rəhbərliyi göstərilən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir.

          Hesabat ilində rayon Elektrik Şəbəkəsi tərəfindən əhali,müəssisə və təşkilatların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, il ərzində şəbəkə tərəfindən 57 ədəd transformator yarımstansiyasında əsaslı və cari təmir işləri aparılmış, 11 ədəd yanmış və sıradan çıxmış transformator yarımstansiyası Şəki şəhər laboratoriyasında təmir olunaraq yenidən istifadəyə verilmiş, 10kV-luq hava xəttinin 43,9 km-i, 0.4 kV-luq hava xəttinin 36,11 km-i əsaslı və cari təmir olunmuşdur.

        Qax 35/10 kV-luq yarımstansiyasından çıxan İlisu hava xəttində yenidənqurma işləri aparılmışdır. İlisu 10 kV-luq hava xəttinin 10 km hissəsində 300 ədəd dəmir beton dayaq basdırılaraq 45 km məftil çəkilmişdir. 35/10 kV-luq yarımstansiyada köhnəlmiş 6 ədəd yağ açarı yeni vakkum açarla əvəz edilmişdir.

        Qıpçaq hava xəttində 17, Qorağanda 30 və Güllükdə 10 ədəd 10 kV-luq  dayaqlar yeni beton və dəmir-boru dayaqlarla əvəz edilmişdir. İlisu hava xəttində 40, şəhərdə 14 və Qıpçaqda 7 ədəd 0.4 kV-luq dayaqlar yeni beton və dəmir-boru dayaqlarla əvəz olunmuş, 3.2 km SİP kabel çəkilmiş, 726 sayğac quraşdırılmışdır.

         2013-cü ildə rayon üzrə istehlak olunmuş elektrik enerjisinə görə vəsaitin toplanılması 90,5 faiz olmaqla keçən ildəkindən 3 faiz çoxdur.

     Bütün bunlarla yanaşı qeyd olunmalıdır ki, rayon ərazisində mövcud elektrik ötürücü dirəklərin uzun müddət istismarda olması, hava xətlərinin qoruq zonasının ağac və kol-kosdan təmizlənməməsi və qeyri-standart dayaqlardan istifadə etməklə elektrik verilişi xətlərinin çəkilməsi nəticəsində küləkli və yağmurlu günlərdə elektrik enerjisinin verilməsində açılmalar baş verir. Bu da əhalinin haqlı narazılığına səbəb olur. Odur ki, şəbəkə bu sahəyə diqqəti daha da artırmalıdır.

2013-cü ildə rayon Qaz İstismar Sahəsi tərəfindən rayonun 12 yaşayış məntəqəsində və şəhərdə olan 7371 abonentə fasiləsiz təbii qazın verilməsi təmin olunmuş, 496 nəfər əhalisi olan Ağçay kəndində 159 abonentə, 1997 nəfər əhalisi olan Almalı kəndində 336 abonentə və 1590 nəfər əhalisi olan Cəlayir kəndində 305 abonentə yeni qaz xətti çəkilmişdir.

Hesabat ilinin sonuna rayon üzrə qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 13-ə çatdırılmışdır ki, bu da yaşayış məntəqələrinin 22 faizini təşkil edir. Əhali üzrə bu göstərici 29763 nəfər olmaqla 54,5 faizdir. Əhalinin sayı 2421 nəfər olan İlisu və Şotavar kəndləridə hazırda qaz çəkilişi aparılır. Qaxbaş kəndinin genişləndirilmiş hissəsində qazlaşma işi başa çatmaq üzrədir. İşlər başa çatdıqdan sonra 1066 abonentə təbii qazın verilməsi təmin olunacaqdır. Hesabat ilində rayon üzrə 1227 mənzilə qaz çəkilişi aparılmış, qaz itkilərinin, qaz xətlərinə qanunsuz qoşulma və müdaxilələrin qarşısının alınması üçün sayğacların əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilmiş, 708 ədəd qaz sayğacı əvəzlənmişdir. Rayon üzrə qaz təzyiqinin nizamlanması ilə əlaqədar yeni standartlara cavab verən 9 ədəd təzyiq tənzimləyici alınaraq quraşdırılmışdır. Hesabat dövründə istehlak olunan təbii qaza görə vəsaitin toplanması 96,3 faiz olmuşdur ki, bu da respublika üzrə yüksək göstəricidir.

Hesabat ilində kəndlərdə əhalinin içməli suya olan təlabatının təmin edilməsi məqsədi ilə də müəyyən işlər görülmüşdür. Belə ki, Qaratala, Şotavar, Qarabaldır, Fıstıqlı, Qaradolaq və Çudullu kəndlərində yeni su artezian quyuları qazılıb istifadəyə verilmişdir. Qax Su-Kanal idarəsinə Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən 5 ədəd xüsusi təyinatlı avtomaşın və 1 ədəd ekskvator gətirilmişdir.

2013-cü ildə idarə tərəfindən xidmət haqlarının toplanılması yerli büdcə üzrə 100, respublika büdcəsi üzrə 106, sənaye sahəsi üzrə 95, əhali abonentləri üzrə 84 olmaqla cəmi 88 faiz yerinə yetirilmişdir.

    Qax İstilik Sistemləri İstismar Sahəsinin balansında olan qazanxanaların nəzarət-ölçü və avtomatika cihazları “Azəristiliktəchizat” ASC-nin müvafiq labaratoriyalarında sınaq müayinələrindən keçirilmişdir. Balansda olan bütün qazanxanalar üzrə tüstü yollarının qış mövsümünə hazırlanması, qoruyucu və partlayıcı klapanların təmizlənməsi, nasos, armatur və başqa avadanlıqların, elektrik avadanlıqlarının yerlə əlaqəsinin və işıqlandırılmasının vəziyyətinin, qaz avadanlıqlarının və qaz borularının yoxlanması və istilik müdafiə qurğularının mexaniki üsulla təmizlənməsi işləri başa çatdırılmışdır.

         Hesabat ilində rayon Telekommunikasiya Qovşağı tərəfindən də xeyli işlər görülmüşdür. Qovşaq tərəfindən bütün proqnoz göstəricilərə yüksək səviyyədə əməl edilmişdir. Qovşağın montaj tutumu 48 nömrə artaraq 11108 nömrəyə çatmışdır. Şəhərdə internetin keyfiyyətli  yayımını təmin etmək məqsədilə 1972-ci ildən istismarda olan kabellər yeniləri ilə əvəzlənmişdir. Bu məqsədlə 6910 metr kabel çəkilişi aparılmış, 17 kənddə əhalinin genişzolaqlı, yüksəksürətli internetdən istifadəsi üçün elektron stansiyalarda yeni internet avadanlıqları montaj olunmuşdur. Bunula da rayon üzrə internet istifadəçilərinin sayı 1230 ədəd artaraq 3213-ə çatmışdır.

        Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar Qax Seçki Dairəsinə 1300 metr fiber-optik  yeraltı kabeli  çəkilmiş, 8 Seçki məntəqəsində isə seçkinin gedişini müşahidə etmək üçün VEB kameralar quraşdırılmış və alternativ rabitə xətləri çəkilmişdir.  

       Rayonda rabitənin fasiləsiz işləməsini təmin etmək məqsədilə mərkəzi elektron avtomat telefon stansiyasında müsir tipli dizel generatoru quraşdırılmışdır.

       Qaxingiloy, İngiloy-Kötüklü, Ağyazı, Ağçay və Ləkit kəndlərində rabitənin fasiləsiz təmin olunması məqsədilə yeni akkumlyatorlar montaj olunmuş, Sarıbaş və Meşəbaş kəndləri istiqamətində yeni fiber-optik kabeli çəkilərək yeni internet avadanlığı quraşdırılmışdır.

2012-2013-cü dərs ilində rayonda 56 ümumtəhsil məktəbi, o cümlədən 30 tam orta, 17 ümumi orta, 9 ibtidai məktəb, 36 məktəbəqədər, 4 məktəbdənkənar tərbiyə müəssisəsi- Uşaq Gənclər Şahmat Məktəbi, Uşaq Gənclər İdman Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərmişdir. Rayonun məktəblərində oxuyan 7104 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1224 nəfər müəllim məşğul olmuşdur. Müəllimlərin 1120 nəfəri  (91,5%) ali, 104 nəfəri (8,5 %) orta ixtisas təhsillidir. Cari dərs ilində  rayonun Qındırğa və Süskənd ibtidai məktəblərinin fəaliyyəti şagird kontingentinin azalması səbəbindən dayanmışdır.

Rayonda 32 məktəb birtipli layihə əsasında tikilmiş, 24 məktəb isə uyğunlaşdırılımış binalarda yerləşir, 24 məktəbdə istilik sistemi quraşdırılmışdır.

Dərs ilinin yekunlarına görə 679 nəfər şagird I sinifdən II sinfə keçmiş, IX sinfi bitirmiş 728 nəfər  nəfər şagird ümumi orta təhsil haqqında şəhadətnamə, 527 nəfər şagird isə tam orta təhsil haqqında attestat almışdır. Şəhər 2 saylı tam orta məktəb-liseyin şagirdləri Günel Muxtarova, Minayə Əhmədzadə və Rəsul Rəsulzadə məktəbi qızıl medalla bitirdikləri üçün onlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat verilmişdir. Rayon üzrə 7064 nəfər şagirdin biliyinə qiymət verilmiş, onlardan 2226 nəfəri (31,5%) dərs ilini 4 və 5 qiymətlərlə bitirmiş, 1045 nəfəri (13,7%) əlaçı olmuş, rayon üzrə müvəffəqiyyət faizi 99,8 və keyfiyyət faizi  46,2 olmuşdur.

        Dərs ilinin sonunda Tələbə Qəbulu üzrə Dövlət Komitəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdləri ilə mərkəzləşmiş qaydada test-buraxılış  imtahanları keçirilmişdir. Ötən illərdən fərqli olaraq hesabat ili ərzində keçirilən buraxılış imtahanına təlimi gürcü dilində olan məktəblərin şagirdləri də cəlb olunmuş, həmin məktəblərin şagirdləri riyaziyyat fənnindən imtahanı mərkəzləşdirilmiş qaydada vermişlər.İmtahanın nəticələrinə əsasən IX sinif şagirdləri 80,7 faiz, XI sinif şagirdləri isə 94,8 faiz müvəffəqiyyət əldə etmişlər.

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin İnformasiya Kommunikasiya Texnologiyaları ilə təminatı proqramı”na, eləcə də 2013-cü ilin “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan olunması haqqında sərəncamına uyğun olaraq rayonunun şəhər 1, 2, 3, 4, 5 saylı, İlisu, Qaxbaş 1, 2 saylı, Qum, Turaclı, Almalı, Qaxingiloy, Cəlayir, Qıpçaq, Dəymədağlı kənd tam orta məktəblərinin, eləcə də rayon Təhsil Şöbəsinin inzibati binasının, Uşaq Yaradıcılıq Mərkəzinin, Uşaq Gənclər Şahmat Məktəbinin və Uşaq Gənclər İdman Məktəbinin internetə qoşulması üçün lokal şəbəkələr quraşdırılmışdır. Rayonun ümumtəhsil məktəbləri 316 ədəd kompyuter, 18 ədəd noutbuk, 19 ədəd proyektor, 4000-dən çox elektron dərsliklə təmin olunmuşdur.

 “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı”na uyğun olaraq ardıcıl iş aparılmışdır. Rayonun təhsil müəssisələrində olan istedadlı uşaqlar barədə məlumat bankı hazırlanmış, şəhər 2 nömrəli tam orta məktəbdə lisey sinifləri təşkil olunmuş, istedadlı və qabiliyyətli uşaqların rayon, zona, respublika, beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin edilmişdir. Vaxtaşırı məktəblilər arasında fənn olimpiadaları, bilik yarışları, inşa yazı, şeir, mahnı, rəsm müsabiqələri keçirilmiş, idman tədbirləri təşkil olunmuşdur. Belə ki, fənn olimpiadalarının rayon mərhələsinin qalibi olmuş 7 nəfər şagirdimiz respublika turunda iştirak etmiş, onlardan 3 nəfəri respublika turunda  IV yeri tutmuşlar.

Rayon  Təhsil Şöbəsi il ərzində ümumtəhsil məktəblərində  təlimin keyfiyyətinin yüksəldilməsi məsələsini ciddi nəzarətdə saxlamışdır. Bu məqsədlə şagirdlərin  bilik, bacarıq və vərdişlərinin faktik vəziyyətini, habelə müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsini aşkara çıxarmaq və qiymətləndirmək məqsədilə rayonun Qıpçaq, Qorağan, Qaratala, Qum,Turaclı, Şəhər 5N-li, Qaradolaq, Amanlı, Süskənd məktəblərində frontal, eyni zamanda digər ümumtəhsil məktəblərində tematik yoxlamalar, sınaq imtahanları keçirilmiş, yerlərə reydlər təşkil olunmuş, aşkar edilmiş nöqsanlanların aradan qaldırılması üçün pedaqoji kollektivlərə əməli köməklik göstərilmişdir.

Rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 433 nəfər məzundan 319 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 170 nəfəri (keçən il 318 nəfərdən 153 nəfəri) tələbə adını qazanmışdır. Rayon üzrə 7 nəfər məzun 600-dən çox, 26 nəfər isə 500-700 arası bal toplamış, 6 nəfərin topladığı bal 581-600 intervalında olmuşdur. Rayonun abituriyentlərinin Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricidən yuxarıdır. Fizika və kimya fənləri üzrə topladıqları bal isə respublika üzrə ən yüksək göstəriciyə bərabərdir.

Yerlərdə, xüsusilə  ucqar  kənd  məktəblərində  müəllim çatışmazlığını nəzərə alaraq 2013-cü ildə  rayonun Turaclı kənd tam orta məktəbinə 1 nəfər (riyaziyyat), Marsan kənd tam orta məktəbinə 1 nəfər (tarix), Zərnə kənd tam orta məktəbinə 1 nəfər (əmək hazırlığı), Ağyazı kənd tam orta məktəbinə 2 nəfər (tarix və ibtidai sinif), cəmi 5 nəfər müəllim göndərilmiş və onlarla əmək münasibətləri yaradılmışdır (Ötən il göndərilən müəllimlərin sayı 25 nəfər olmuşdur) .

Təhsil müəssisələrinin məktəb avadanlıqları və inventarlara olan ehtiyacını ödəmək məqsədilə məktəblərə 436 ədəd parta, 402 ədəd stul, 100 ədəd yazı taxtası, 300 ədəd şkaf, 400 ədəd müəllim stolu, 12 ədəd kompüter, 14 ədəd “Ağıllı lövhə”, 10 proyektor, 11 ədəd printer, 5 ədəd notbuk  veilmişdir.

        Rayonda  əhaliyə 150  çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 25 çarpayılıq şəhər  Uşaq  xəstəxanası, 15  çarpayılıq Tasmalı,10  çarpayılıq Əlibəyli  kənd  sahə  xəstəxanaları, 10  həkim və 26 tibb məntəqəsi tibb  xidməti göstərir.

       2013-cü ildə doğulmuş 745 uşaqdan 1 yaşa  kimi 2  uşaq  ölümü  olmuşdur  ki, bu  da 0,3% olmaqla respublika  göstəricisinə  uyğundur, 1-5 yaş  arasında 5, 5-17  yaş  arasında 3  uşaq  ölümü  olmuşdur.

    Rayon Mərkəzi Xəstəxanasında 2012-ci ildə 711, 2013-cü ildə  isə 748 əməliyyat keçirilmiş, əməliyyatdan  sonra ölüm hadisəsi   olmamışdır.  Vərəmin ilkin aşkarı məqsədi ilə ötən il  22206 nəfər, 2013-cü  ildə isə 22500 nəfər müayinəyə cəlb olunmuş, il ərzində 23 nəfərdə ilkin  vərəm  aşkarlanmışdır.

   2013-cü ildə rayonda 87 nəfər diabetli xəstə və 55 nəfər onkoloji xəstə qeydiyyata götürülmüşdür. Hazırda rayonda 668 nəfər  ruhi  xəstə, 32 narkomaniyalı, 43  nəfər talassemiyalı  və  hemofiliyalı, 22  nəfər  xroniki böyrək  çatışmazlığı  olan xəstələr qeydiyyatdadır. Rayonda 1950 nəfərə  yaxın  imtiyazlı və aztəminatlı şəxslər vardır  ki, onlar da il boyu pulsuz dəramanlarla  təmin  olunurlar. İmtiyazlı  xəstələrə  2012-ci  ildə  isə 100 530, 2013-cü ildə 105 000 manatlıq  pulsuz  dərman  verilmişdir.   

       2013-ci ildə  Əlibəyli  kənd xəstəxanası  və Güllük  kənd  həkim məntəqəsi  istifadəyə  verilmiş, Qıpçaq kəndində yeni  həkim  məntəqəsinin tikintisi başa çatdırılmışdır.

       Rayonda 11 turizm obyekti fəaliyyət göstərir. Turistlərin  istirahəti üçün rayonuymuzda hər cür şərait vardır. Belə ki, rayonda istirahət məkanlarının sayı çoxalmış,  istirahət parklarında  istər şəhər əhalisini, istərsə də turistlərin mənalı istirahəti, asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif əyləncə növləri üzrə xidmət təşkil edilmişdir. “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində mövcud infrastrukturun daha mükəmməl şəkildə fəaliyyəti üçün və turistlərin daha sıx olduğu yay aylarında onlara yüksək keyfiyyətli xidmətin təşkili istiqamətində əlavə tədbirlər görülmüşdür. Rayonumuz qədim yaşayış məskənlərindən olduğundan rayonun ərazisi tarixi abidələrlə zəngindir. Rayonun tarixi və gəzməli-görməli yerlərinə gəzintilərin təşkili məqsədilə Mədəniyyət və turizm şöbəsində 6 istiqamətdə marşrut hazırlanmışdır.

          Keçən il rayona 18min 369 turist gəlmişdirsə, 2013-cü ildə bölgəmizdə 20 min 573  turist  istirahət etmişdir. Onlardan 20 min172 daxili, 401 nəfəri xarici turist olmuşdur. 

          Rayon Mədəniyyət və Turizm şöbəsi və turizm obyektləri 2013-cü il aprel ayının 4-dən 6-dək Bakı şəhərində keçirilən Daxili Turizm sərgisində iştirak etmiş, rayonumuzun turizm imkanlarını nümayiş etdirmişlər.

         Qax Tarix-Diyarşünaslıq muzeyində rayonun 450 min illik tarixindən soraq verən 11296 ədəd tarixi və elmi əhəmiyyətə malik əşya mühafizə, tədqiq  və  təbliğ  olunur. Muzey 2012-ci ildən YUNESKO-nun Beynəlxalq muzeylər şurasının  üzvüdür.

         Rayon Təhsil Şöbəsi ilə bağlanmış müqaviləyə əsasən  rayonun 47 ümumtəhsil məktəbi muzeydə təşkil edilmiş tarix dərslərdə iştirak etmişlər. Hesabat ilində muzey tərəfindən cəmi  23 olmaqla 18 dəfə muzeydə (stasionar), 5 dəfə isə yerlərdə səyyar sərgilər keçirilmişdir. 2013-cü ildə muzey  tərəfindən toplanmış eksponatların sayı 50 ədəd olmuşdur.

         Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə  təsdiq edilmiş siyahıya əsasən rayonda qeydiyyata götürülmüş 68 tarix və mədəniyyət abidəsindən 48-i memarlıq, 18-i arxeoloji, 2-i monumental–xatirə abidələridir. Əhəmiyyət dərəcələrinə görə 2-i dünya əhəmiyyətli,  18-i ölkə əhəmiyyətli,  48-i isə yerli əhəmiyyətlidir.

   İlisu kəndindəki “Sumuq qala”da, Qum kəndindəki  Alban məbədində, “Kürmük” məbədində və Qaxmuğal, Əmbərçay, Güllük, Süskənd, Ağçay kənd məscidlərində bərpa işləri aparılsa da  digər tarix və mədəniyyət abidələrinin əksəriyyətinin bərpa-konservasiyaya ehtiyacı vardır.

       Heydər Əliyev Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Mərkəzdə tarixi gün və bayramların keçirilməsi, bu cür tədbirlərə əhalinin bütün təbəqələrinin cəlb edilməsi təmin edilmişdir.

       Məktəblərdə səyyar dərslərin keçirilməsi, məruzələrin oxunması, videoçarxların nümayiş olunması üçün Mərkəzin əməkdaşları Əmbərçay, İbaxlı, Qaşqaçay, Güllük, Qum, Zərnə, Ləkit kəndlərinin məktəblərində olmuşlar.

       Mərkəzdə “Tarixin Heydər Əliyev zirvəsi”, “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”  və “Ordu quruculuğunda Heydər Əliyevin rolu”  mövzusunda dəyirmi masalar, “Ömrünü vətəninə həsr edən vətənpərvər”adlı tədbir və  “Tarixin Heydər Əliyev zirvəsi” adlı ədəbi-bədii gecə keçirilmişdir.

    İdmanla və  bədən  tərbiyəsi  ilə  məşğul  olanların sayı 9229  nəfər olmuşdur ki, onlardan da 4591  nəfəri qızlardır. 2013-cü  ildə rayonda 558  nəfər dərəcəli  idmançı hazırlanmışdır.  İl  ərzində rayonda 46 idman  tədbiri  keçirilmiş, bu  tədbirlərdə 5803  nəfər  yeniyetmə və  gənc  iştirk  etmişdir. Rayonda  idman  yarışlarının  yüksək  səviyyədə  keçirilməsi  təmin  edilmişdir. Bunun  nəticəsidir  ki, idmançılarımız  ayrı-ayrı  idman  növləri  üzrə respublika  səviyyəli  tədbirlərdə  iştirk  edərək  layiqli  yerlər  tutmuşlar. Gəncə  şəhərində  keçirilən  ağır  atletika üzrə  VI Respublika  oyunlarında Nuqzar Paçxataşvili, Bakı  şəhərində  keçirilən məktəblilərin Respublika  birinciliyində rayonumuzun  qızlardan  ibarət   voleybol   komandası, şahmat  üzrə Serbiyada  keçirilən məktəblilərin  Avropa çempionatında Xanım Balacayeva, Yunanıstanın Veriy  şəhərində  keçirilən Pankration idman  döyüş  növü  üzrə Avropa  çempionatında Ehtiram Dərişov və Bakı  şəhərində  keçirilən Taekvando  üzrə respublika  çempionatında Nicat Musayev I  yerə  layiq  görülmüşlər.

         Rayonda 8 siyasi partiyanın qeydiyyatdan keçmiş rayon təşkilatı, 16 Qeyri  hökumət təşkilatı və kütləvi informasiya vasitələrindən isə yerli qəzet olan “Şəlalə” qəzeti fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası istisna olmaqla digər partiyaların fəaliyyətləri yox dərəcəsindədir. Azərbaycan cəmiyyətinin formalaşmasında mühüm rolu olan, dövlətçiliyə xidmət edən, milli-mənəvi dəyərləri özündə əks etdirən partiya olan Yeni Azərbaycan Partiyası üzvlərinin sayı artaraq 3882 nəfərə çatmışdır.

        Qeyri-hökumət təşklatları ötən dövr ərzində fəaliyyətlərini nizamnamə və əsasnamə tələblərinə uyğun qurmağa çalışmışlar. “Sevil” Azərbaycan Qadınları Cəmiyyəti rayon şöbəsi, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları Veteranlar Şurası rayon təşkilatı, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qax rayon bölməsinin apardıqları iş daha yaxşı təşkil olunmuşdur.

        Rayonda dini münasibətlər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun tələbləri əsasında tənzimlənir. Müvafiq Qanunun 22-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən qadağan olunmuş dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının rayon ərazisində yayılmasının qarşısının alınması üçün  rayon İcra Hakimiyyəti, MTN-nin Qax rayon şöbəsi və rayon Polis şöbəsi tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. Radikal dini təriqətlərdən “Vəhhabi” dini təriqətinin üzvlərində artım tendensiyası müşahidə olunur və müvafiq təriqətin üzvləri müəyyənləşdirilərək barələrində məlumatlar toplanılması təmin olunur. Hal-hazırda 71 nəfər “Vəhhabi” dini təriqətinin üzvü qeydiyata alınmışdır və onlar rayon hüquq-mühafizə orqanlarının əməliyyat nəzarətindədir.

2013-cü il ərzində“Vəhhabi” dini təriqətinin üzvləri tərəfindən rayonda ictimai-siyasi sabitliyin və ictimai asayişin pozulması, cinayət və qeyri-qanuni hərəkətlərə cəhd edilməsi halları olmamışdır. Rayonda dini durum sabittdir.

Rayonda yaşayan milli azlıqların sosial-məişət şəraitinin yaxşılaşdırılması, inkişafı daim diqqət mərkəzində saxlanılır və onların sosial-iqtisadi, mədəni vəs. problemlərinin öyrənilməsi və həlli istiqamətində lazımi işlər aparılır. Rayonumuz etnik cəhətdən zəngin olduğundan keçirilən sosial-iqtisadi, ictimai-siyasi tədbirlərdə rayonda yaşayan bütün milli azlıqların nümayəndələrinin də iştirakı təmin olunur. Məhz bunun nəticəsidir ki, rayonda milli zəmində heç bir münaqişə baş verməmişdir.

        Ötən dövr ərzində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs, respublikamızda və rayonmuzda olan sosial-iqtisadi inkişaf, tikinti-quruculuq işləri, əldə olunan uğurlar, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması diqqət mərkəzində saxlanılmışdır.

    Regionların inkişaf proqramlarının yüksək səviyyədə reallaşdırılması, yeni müəssisələrin və iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması, kənd təsərrüfatı məhsulları istehsalının artırılması, fermerlərə maliyyə yardımlarının edilməsi, xidmət və digər infrastruktur obyektlərinin yaradılması, turizmin inkişafının təmin edilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi, yolların və kommunikasiya xətlərinin qurulması, sahibkarliğin inkişafı istiqamətində kompleks tədbirlərin görülməsi, bu sahəyə maliyə yardımlarının artırılması, regionlarda təhsil və səhiyyə, mədəniyyət və s. sahələrin inkişafı  yerli “Şəlalə” qəzeti və digər kütləvi informasiya vasitələrində işıqlandırılması təmin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərin, sosial-iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında dolğun məlumatların operativ qaydada əhaliyə çatdırılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq rayonumuzda yüksək hazırlığa, biliyə və nüfuza malik ziyalılardan ibarət hər birinin tərkibinə 5 nəfər daxil  olmaqla  8 təbliğat qrupu yaradılmışdır.

Təbliğat qrupları 2010-cu ilin may ayından fəaliyyət göstərir. Hər ayın sonunda təbliğat qruplarının keçirdiyi görüşlər haqqında məlumat R.İ.A.İ.S şəbəkəsinə ötürülür. Təbliğat qrupunun hər bir üzvü hər həftə müəyyən olunmuş vaxtda və yerdə vətəndaşlarla görüşlərini keçirir. Həmin görüşlərdə müxtəlif təbəqədən olan vətəndaşlar iştirak edirlər.

        Qrup üzvləri həmin həftə ərzində cənab Prezidentin keçirdiyi görüşlər, qatıldığı tədbirlər, imzaladığı Fərman və Sərəncamlar, həmçinin beynəlxalq aləmdə baş verən hadisələr, dünya mətbuatında Azərbaycan haqqında gedən materiallar barədə vətəndaşlara məlumatlar verirlər.

Görüş zamanı, həmçinin cəmiyyətin həyatında, ictimai-siyasi proseslərdə, sosial- iqtisadi inkişaf, abadlıq-quruculuq sahəsində görülən işlər ictimaiyyət nümayəndələrinə təqdim olunur. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi barədə də geniş söhbət açılır.

     Görüş zamanı iştirakçıları maraqlandıran suallar təbliğat qruplarının üzvləri tərəfindən ətraflı cavablandırılır.

Rayonda 2013-cü ildə 358  nəfər   hərbi   xidmətə  yola  salınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi, rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman idarəsi ilə birlikdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində gənclərdə vətənə sevgi, dövlətə sadiqlik, Konstitusiya  və  qanunlara hörmət, dövlət  rəmzlərinə, hərbi  anda  və döyüş bayrağına  ehtiramın  aşılanması istiqamətində tədbirlər keçirilmişdir.

         2013-cü ildə rayonda 89  cinayət hadisəsi baş vermiş, bu da  2012-ci  illə müqaisədə 2 hadisə  azdır. 2013-cü  ildə  rayonda 91  cinayət  hadisəsi   qeydə  alınmış, 89 cinayət hadisəsindən 87-si acılmış, açılma faizi  96,5 faiz olmuşdur.

Həmin  cinayət  hadisələrindən 51-i (2012-ci  ildə 48) böyük  ictimai  təhlükə  törətməyən, 34-ü (2012-ci  ildə 36) az  ağır,4-ü (2012-ci  ildə 7) isə  ağır və  xüsusi  ilə  ağır  cinayətlərə  aid  olmuşdur.

     2013-cü  ildə 24 qəsdən  sağlamlığa yüngül  zərər vurma,  3 ehtiyatsızlıqdan sağlamlığa  az zərər vurma, 18 (2012-ci  ildə 16)  xuliqanlıq, 6  dələduzluq, 10(2012-ci  ildə 9) oğurluq, 1(2012-ci  ildə 1) qanunsuz  olaraq silah  saxlama, 1 qanunsuz  ağac kəsmə, 1 ədalət  mühakiməsinin  və  ya ibtidai istintaqın həyata  keçirilməsi  ilə  əlaqədar hədələmə  və  ya zor tətbiq etmə, 2 hakimiyyət nümayəndəsinə qarşı müqavimət, 9(2012-ci  ildə 9) narkotik vasitələrin və  psixotrop   maddələrin  qanunsuz  dövriyyəsi  ilə  əlaqədar, 5(2012-ci  ildə 4) ölümlə  nəticələnən, 6(2012-ci  ildə 5 ölümlə nəticələnməyən)  az ağır, ağır zərərvurma  ilə  nəticələnən yol  hərəkəti  və  nəqliyyat  vasitələrin istismarı qaydalarının  pozulması, 1(2012-ci  ildə 1) zorlama,1(2012-ci  ildə 5) özünüöldürmə  həddinə catdırma, 1 bədənə ağır  zərər vurma  ilə bağlı cinayət  hadisələri olmuşdur.  2012-2013-cü  illərdə cinayətlərin  baş verməsinin müqayisəli   təhlili  göstərir  ki, 2012-ci  ildə  1  qəsdən adam öldürmə cinayəti  olmuşdursa, 2013-cü il ərzində  bu  qəbildən  cinayət  hadisəsi qeydə  alınmamışdır. 2012-ci  ildə qəsdən bədənə ağır zərər vurma cinayəti  qeydə  alınmamış, 2013-cü  ildə bu  qəbildə 1 cinayət  hadisəsi   qeydə  alınmışdır. Yol nəqliyyat  hadisələrinin sayı 2012-ci  ilə  nisbətdə 2013-cü  ildə 2  fakt çox olmuşdur. Qanunsuz odlu  silah  saxlama ,quldurluq, zorlama cinayətlərinin  sayı ötən  illə  müqayisədə eynilik  təşkil  etməklə  1 fakt  olmuşdur.   

     Rayonumuzda 316 ailə olmaqla 1221 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmış, onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşgulluğunun artırılması və sosial müdafiəsinə yönəldilmiş tədbirlərin icrası vəziyyəti daim rayon rəhbərliyinin və əlaqədar təşkilatların diqqət mərkəzində saxlanılmaqla onlara qayğı göstərilir.

    İl ərzində 7 məcburi köçkün ailəsinin yaşadığı evinin təmirinə tikinti materialları ilə köməklik edilmiş və 6 ailəyə maddi yardım göstərilmişdir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış duru yanacağın gətirilib ailələrə paylanması təmin edilmişdir.

    2013-cü ildə bələdiyyələr tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, hesabat ilində rayon bələdiyyələri tərəfindən ərazidə fəaliyyət göstərən büdcə təşkilatlarının inzibati binalarının, yolların, suvarma kanallarının, içməli su xətlərinin, elektrik və qaz xətlərinin təmirinə, əhalinin sosial müdafiəsinə müəyyən köməklik edilmişdir.

     Keçən il rayonda fəaliyyət göstərən bələdiyyələrin illik gəliri 600,2 min manat, xərcləri isə 600,4 min manat olmuşdur. Hesabat ilində bələdiyyələr tərəfindən təhsil sahəsinə 7,1 min manat, bədən tərbiyəsi və idman sahəsinə 6,8 min manat, bələdiyyə yollarının təmirinə 26,2 min manat, mənzil və təsərrüfat xərclərinə 59,9 min manat, sosial müdafiə xərclərinə 15,6 min manat və sair xərcləmişdir.

     Ötən ilin noyabr ayında rayonda fəaliyyət göstərən bələdiyyələr tərəfindən “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində 124 tədbir keçirilmişdir. Həmin tədbirlərdə 6412 nəfər iştirak etmiş, həftə ərzində bələdiyyələr tərəfindən 634 nəfər vətəndaş qəbul edilmişlər.

         Hesabat ilində rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri öz işini “Yerli icra hakimiyyələri haqqında Əsasnamə”nin tələbləri əsasında qurmağa çalışmışlar. Yerlərdə Azərbaycan Respublikasının Qanunlarının,  Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının, Nazirlər Kabinetinin Qərar və Sərəncamlarının yerinə yetirilməsi istiqamətində müvafiq işlər aparmışlar.

    2013-cü ilin yanvar ayında İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə “2012-ci ilin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, yığıncaqlarda vətəndaşlar tərəfindən söylənilmiş müraciətlər ümumiləşdirilərək aidiyyatı təşkilatlara göndərilmiş, icrası ilə bağlı məsələ  nəzarətə götürülmüş və qeyd olunan məsələ 2013-cü ilin dekabr ayında rayon İcra Hakimiyyəti başçısı yanında şura iclasında müzakirə olunmuşdur.    

    Bununla yanaşı 2014-cü ilin yanvar ayında təsdiq edilmiş qrafikə əsasən inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqları keçirilmiş, yığıncaqlarda 2500 nəfər iştirak etmiş, 127 nəfərin çıxışı dinlənilmiş və vətəndaşlar tərəfindən 98 müraciət edilmişdir.

    Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətini daim diqqət mərkəzində saxlamış, onların fəaliyyətini tənzimləyən Qanun, Fərman, Sərəncam və Qərarların icra vəziyyətini araşdıraraq müzakirəsini təşkil etmişdir.

   2013-cü ildə rayon İcra Hakimiyyətinə 17 ədəd Qanun, 17 ədəd Prezident Fərmanı, 25 ədəd Sərəncam, 23 ədəd Nazirlər Kabinetinin qərarı, 8 ədəd sərəncam, 2 ədəd Prezident Administrasiyası rəhbərinin sərəncamı, Prezident Administrasiyasından-65, Nazirlər Kabinetindən-46, respublikanın digər təşkilatlarından-64 və rayon təşkilatlarından -81 olmaqla 1256 məktub daxil olmuşdur. Daxil olan sənədlərlə bağlı şöbələr tərəfindən məlumat, hesabat, cavablar, tədbirlər planları hazırlanmış, icrası təmin olunmuş və cavablar verilmişdir. 2012-ci ilin sonunda şurada təsdiqlənmiş aparatın və şuranın perspektiv iş planında nəzərdə tutulmuş 49 məsələ şura iclasında müzakirəyə çıxarılmış, şöbələrdə 44 məsələ müzakirə edilərək protokollaşdırılmışdır. Şura iclaslarında müzakirədə qəbul edilmiş qərar və verilmiş tövsiyələrlə bağlı şöbələrə və əlaqədar təşkilatlara 26 çıxarış göndərilmişdir.

       Hesabat ilində aparata Respublika Prezident Administrasiyasından 434, Milli Məclisdən-1, Nazirlər Kabinetindən-13, digər respublika təşkilatlarından-32, rayon təşkilatlarından isə-911 ərizə olmaqla cəmi 1391 ərizə daxil olmuşdur. Ərizələrdən 49-u kollektiv, 131-i isə təkrar olmuşdur. Daxil olan ərizələrə aparatın məsul işçiləri və digər əlaqədar təşkilatlar tərəfindən baxılmış və vətəndaşlara yazılı cavablar verilmişdir. Şöbədə aparılan təhlillərin nəticəsinə görə zəlzələ nəticələrinin aradan qaldırılması ilə bağlı-412, əhalinin sosial müdafiəsi və maddi yardım tələbi ilə bağlı -424, torpaq məsələləri ilə bağlı-106, sahibkarlıq məsələləri ilə bağlı-83, mənzil məsələləri ilə bağlı-139, tikinti məsələləri ilə bağlı-36, əmək məsələləri ilə bağlı-36, elektrik enerjisi və istilik təminatı ilə bağlı-21 ədəd, ailə və məişət məsələləri ilə bağlı-21 ədəd  olmaqla müraciətlər çoxluq təşkil etmişdir.

       Hesabat ilində daxil olan ərizələrin sayı keçən illə müqayisədə artmışdır (1055), bunun da çoxu zəlzələ nəticələrinə baxılması, baxışlardan narazılıq, fərdi yaşayış evi tikilməsi, əsaslı təmir olunması, maddi yardım edilməsi ilə bağlıdır. Vətəndaşlar xüsusilə evlərin təmiri və yenidən tikilməsi ilə bağlı Prezident Administrasiyasına 2012-ci ildə zəlzələ baş verərkən 165 ədəd ərizə göndərmişlərsə, 2013-cü ildə bu rəqəm artaraq 434 olmuşdur. O da qeyd edilməlidir ki, ərizələrə baxılmasında müddət pozuntusu, (18 ədəd) səthi cavabların verilməsi və şikayətin şikayətçi ilə birlikdə araşdırılmaması halları da vardır. Aparatın məsul işçiləri bu sahəyə diqqəti artırmalıdırlar.

 2013-cü ildə RİH başçısının qəbulunda 408 nəfər olmuşdur. Müraciətləri ilə bağlı vətəndaşlara izahat, məlumat verilmiş, köməklik (maddi, ağac materialı, tikinti materialı) edilmiş müraciətlərin həlli məqsədi ilə məsul şəxslərə 49 tapşırıq vərəqəsi verilmiş, icrası nəzarətə götürülmüşdür. Qeyd etmək istəyirəm ki, vətəndaşlar daha çox maddi və müalicə üçün yardım, kommunal xidmət haqlarının ödənilməsindən azad edilmək, evlərini təmir etmək kimi məsələlərlə bağlı müraciət edirlər. İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, bələdiyyələr bu sahəyə diqqətlə yanaşmalıdırlar.

 Hesabat ilində RİH başçısının 48 kənddə görüşü  keçirilmiş, görüşlərdə 4309 nəfər vətəndaş iştirak etmiş, onlardan 321 nəfər çıxış etmiş, 162 nəfərə yerində cavablar verilmiş, 105 nəfərin şikayəti ilə bağlı məsul şəxslərə tapşırıq vərəqi verilmiş, 54 nəfərin tələbinin əsassız olduğu bildirilmişdir.

      Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli sərəncamı ilə qüvvədə olan “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının 02.10.2012-ci il tarixli, 255 nömrəli müvafiq sərəncamına əsasən 140 nəfər rayon İcra Hakimiyyətinin nomenklaturasına götürülmüşdür ki, onlardan da 39 nəfəri rayon İcra Hakimiyyəti  başçısı aparatında, 51 nəfəri İnzibati Ərazi Dairələrində, 14 nəfəri ikili tabelikdə olan idarə və müəssisələrdə, 36 nəfəri isə məktəbəqədər təhsil müəssisələrində çalışan dövlət qulluqçuları və ya büdcədən maliyyələşən müəssisələrdə işləyən rəhbər işçilərdir. 2013-cü ildə rayon İcra Hakimiyyəti tərəfindən kadrların seçilməsində müvafiq təlimata uyğun olaraq işin aparılması təmin edilmişdir. Kadrların seçilib yerləşdirilməsində əsas meyarlardan biri də gənc perspektivli kadrlara üstünlük verilməsidir. Belə ki, hazırda işləyən dövlət qulluqçularının 16 faizini 35 yaşadək gənclər təşkil edir ki, bu da ötən illərlə müqayisədə əhəmiyyətli irəliləyişdir. Məlumat üçün bildirirəm ki, rayon İcra Hakimiyyəti aparatında  çalışan 35 yaşadək gənclərin böyük əksəriyyəti Azərbaycan Respublikası Dövlət İdarəetmə Akademiyasının məzunlarıdır.

        “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq hesabat ilində rayon İcra Hakimiyyətində yeni yaradılmış operativ idarəetmə mərkəzi vasitəsi ilə həftənin bazarertəsi günləri 7 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə yaradılmış mərkəzlər vasitəsilə keçirilən videomüşavirələrdə  yerlərdə həftə ərzində görülmüş və görüləcək işlər müzakirə olunmuşdur. Bundan başqa yeni yaradılmış “İnformasiya təminatı və təhlil” sektoru tərəfindən hesabat ilində rayonla bağlı 54 adda aylıq, rüblük, yarımillik və illik məlumatların Regionların İnkişafının Analitik İnformasiya Sisiteminə göndərilməsi təmin olunmuşdur.       

         Qax rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun Administrasiyasını və rayon əhalisini əmin edir ki, rayon rəhbərliyi 2013-cü ildə rayonun sosial-iqtisadi və təsərrüfat sahəsində buraxılmış nöqsan və catışmazlıqları təhlil edərək inzibati ərazi dairələri üzrə nümayəndəliklərində keçirilən hesabat yığıncaqlarında və rayon İcra Hakimiyyəti başçısının hesabat iclasında vətəndaşlar tərəfindən söylənilmiş təklifləri ümumiləşdirərək müvafiq tədbirlər həyata keçiriləcəkdir. Rayon İcra Hakimiyyətinin  Aparatı 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarının, digər Mərkəzi icra orqanlarının müvafiq tövsiyyələrinin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəkdir.

 

 

 

 

 

Keçidlər