Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2016-cı ilin hesabatı

Qax rayon İcra Hakimiyyəti başçısının 2016-cı ildə rayonun sosial-iqtisadi və təssərüfat sahələrində görülən işlərə dair hesabatı və 2017-ci ildə qarşıda duran vəzifələr haqqında

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin yanvar ayının 10-da keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2016-cı ilin yekunları müzakirə olunmuş, 2017-ci ildə görüləcək işlər müəyyənləşdirilmişdir.

         Prezident İlham Əliyev giriş nitqində 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını bildirmişdir. “Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir” - deyən dövlətimizin başçısı Azərbaycanın ötən ildə də inkişafını davam etdirdiyini, təhlükəsizlik tədbirlərinin təmin olunduğunu, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşadığını qeyd etmişdir.

         2016-cı ilin ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayan ölkə başçısı qəbul edilən qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını bildirmişdir. Qeyd olunmuşdur ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında isə 2.6 faiz artım əldə olunmuşdur.

        Ötən il respublikamıza 8 milyard dollar xarici, 3.7 milyard dollar daxili sərmayənin qoyulduğunu vurğulayan Prezident İlham Əliyev 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması olduğunu və buna  nail olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, respublikamızda görülmüş işlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür.

        Prezident İlham Əliyev bildirmişdir ki, ötən il yenə də sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılmış, maaşlar 7 faiz, pensiyalar isə 8 faiz artırılmışdır. Kommunal xidmətlərin diferensiallaşdırılmasının sosial ədalət prinsipinə əsaslandığını, orta təbəqənin maraqlarının nəzərə alındığını bildirən dövlət başçısı ötən il sosial siyasətin tərkib hissəsi kimi 485 məktəbin təmir olunduğunu, 29 yeni məktəbin tikildiyini, 41 tibb müəssisəsinin tikildiyini və ya təmir edildiyini, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının diqqətdə saxlanıldığını qeyd etmişdir.

      Qeyd olunmuşdur ki, respublikamızda “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılmış, indiyədək bu mərkəzlərə 13 milyon müraciət daxil olmuş, göstərilən xidmətlərin sayı artırılmışdır. “ASAN Viza”nın fəaliyyətə başlaması ölkəmizə turist axınının daha da sürətlənməsinə geniş imkanlar açmış və 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artmışdır.

         Keçən ilin vacib hadisələrindən danışarkən Prezident İlham Əliyev 2016-cı ilin aprel ayında cəbhənin təmas xəttində düşmənin təxribatına tutarlı cavab verərək ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağımızı işğaldan azad etdiyini  bildirmişdir.

         İclasda qeyd olunmuşdur ki, “Cənub” qaz dəhlizinin və “Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımlar atılmış, TANAP layihəsinin böyük hissəsi icra edilmiş, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı tədbirlər həyata keçirilmişdir.

        Dövlət başçısı 2016-cı ildə keçirilən ümumxalq səsverməsinin-referendumun nəticələrindən danışaraq onun xalqımızın iradəsini əks etdirdiyini, xalqımızın növbəti dəfə dövlətimizin  siyasətinə  öz dəstəyini verdiyini diqqətə çatdırmış, ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan ümumxalq səsverməsinin demokratik, ədalətli və şəffaf şəkildə keçirildiyini qeyd etmişdir.

        Ötən ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən Prezident İlham Əliyev Bakının bir sıra beynəlxalq tədbirlərə - V Bakı Beynəlxalq Humanitar Forumuna, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdiyini, Roma Papasının ölkəmizə səfəri zamanı Azərbaycan üçün mühüm bəyanatlar verdiyini bildirmişdir.

        Prezident İlham Əliyev yekun nitqində inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini, bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirmişdir. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti haqqında danışan dövlət başçısı qarşıdakı illərdə paytaxtda iki minə yaxın sosial mənzilin inşa olunacağını və Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə start verildiyini, “Ağ şəhər” layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzə Pir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını və ictimai yerlərin yaradılacağını bildirmişdir.

        2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsinin, inflyasiyanın birrəqəmli olmasının vacibliyini qeyd edən Prezident İlham Əliyev bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini bildirmişdir. Dövlət başçısı sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə də taxıl, pambıq, çay, barama və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışaraq, istehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğulamışdır. Qeyd olunmuşdur ki, 2015-ci ildə respublikamızda 18 min hektarda pambıq əkilərək 35 min ton pambıq tədarük olunmuşdursa, 2016-cı ildə 51 min hektarda pambıq əkilmiş, 90 min tona yaxın pambıq tədarük edilmişdir. 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdirsə, 2016-cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatmışdır. Kənd təsərrüfatı məhsulları arasında valyuta gətirən fındıqçılıq və tütünçülük sahələrinə diqqət artırılmış, respublikamızda mövcud 30 min hektar fındıq bağları ilə yanaşı keçən il 13 min hektarda yeni fındıq bağları salınmış, 3500 ton quru tütün tədarük edilimişdir. Ölkə başçısı çıxışında bu sahələrlə yanaşı üzümçülük, çayçılıq və digər sahələrin də inkişafı ilə bağlı 2017-ci ildə dövlətimizin böyük planlarının olduğunu bildirmişdir.

       Ölkədə infrastrukturun yaradılması, qazlaşdırılmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev hərbi potensialın gücləndirilməsinə dair əlavə tədbirlərin görüləcəyini, ekoloji tədbirlərin, ölkəyə turist axınının stimullaşdırılmasının, “ASAN xidmət”in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin diqqət mərkəzində saxlanıldığını bildirmişdir. Prezident İlham Əliyev 2017-ci ildə Bakının bir sıra beynəlxalq tədbirlərə, həmçinin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini bildirmiş, 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etmişdir.

        Hesabat ilində respublikamızda olduğu kimi rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki,  Rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən 2016-cı ildə rayon üzrə məhsulun ümumi buraxılışı 109 milyon 886 min manat olmuşdur ki, bu da ötən illə müqayisədə 20.9% çoxdur. Məhsulun ümumi buraxılışının tərkibində sənaye məhsulu istehsalı 20 milyon 356 min manat, ötən illə müqayisədə 2.9 dəfə çox, kənd təsərrüfatı məhsulu istehsalı 44 milyon 371 min manat və ya 3.7% çox, tikintidə 11 milyon 268 min manat və ya 4.9% az, nəqliyyatda 2 milyon 247 min manat və ya 3.5% çox, rabitədə 979 min manat və ya 2.7% çox, ticarətdə 30 milyon 665 min manat və ya 17.9% çox olmuşdur. Əhalinin gəlirləri 133 milyon 500 min manat, ötən illə müqayisədə 403 min manat çox olmuşdur.

2016-cı il ərzində rayon üzrə büdcəyə 3 milyon 500 min manat proqnoza qarşı 3 milyon 601 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 102.9 faizini təşkil etmiş və 101 min manat çoxdur.  

Hesabat dövründə 547 yeni iş yeri açılmışdır ki, bu da ötən illə müqayisədə 221 iş yeri çoxdur. Rayon üzrə orta əmək haqqı 233.2 manat olmuşdur.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2016-cı ildə rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə sənaye məhsulları istehsalı üzrə 4 nəfər, kənd təsərrüfatı məhsulları istehsalı üzrə isə 58 nəfər olmaqla ümumilkdə 62 sahibkara 550 min manat güzəştli kreditlər verilmişdir. Verilmiş kreditlərin hesabına 100 yeni iş yeri yaradılmışdır.   

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin  2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında ölkə başçısı proqram xarakterli çıxışlarında rayon İcra Hakimiyyətləri qarşısında mühüm vəzifələr qoymuşdur. Yerli icra strukturlarına verilmiş tapşırıqların icrası məqsədilə hesabat ilində rayonda geniş “Tədbirlər Planı” tərtib olunmuşdur. Tədbirlər planına əsasən rayonda bütün sahələr üzrə müvafiq işlərin həyata keçirilməsi əsasən də kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi nəzərdə tutulmuşdur.

“Tədbirlər Planı”nda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində hesabat ilində bir sıra işlər görülmüşdür. Belə ki, 2016-cü ilin məhsulu üçün əkilmiş 12890 hektar payızlıq taxıl, o cümlədən 8300 hektar buğda, 4590 hektar arpa sahələrindən rayonun tarixində ilk dəfə olaraq rekord miqdarda, yəni 36,4 min ton payızlıq dənlilər istehsal olunmuşdur ki, bu bu da ötən ildəkindən 7.8 min ton çoxdur. Tələb olunan bir sıra aqrotexniki tədbirlərin həyata keçirilməsinə daha ciddi yanaşılması, eləcə də  hava şəraitinin əlverişli keçməsi nəticəsində payızlıq dənlilərin məhsuldarlığı ötən illə müqayisədə 1.9 sentner artaraq 28.2 sentner təşkil etmişdir. Hər hektardan  29.7 sentner buğda məhsulu, 25.7 sentner arpa məhsulu götürülmüşdür. 2017-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini əvvəlki təsərrüfat ilinə nisbətən hesabat ilində 978 hektar artırılaraq 13868 hektara çatdırılmışdır. Ötən il 1311 hektar qarğıdalı sahəsindən 8130 ton məhsul tədarük edilmişdir. Orta məhsuldarlıq 62 sentner təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 24.7 sentner çoxdur.

Hesabat ilində rayonumuz üçün ənənəvi olan tütünçülük və baramaçılıq sahələrinin inkişaf etdirilməsinə xüsusı diqqət verilərək 331 ha sahədə tütün əkini aparılaraq 3230 ton yaşıl tütün yarpağı tədarük olunmuş, 3884 kq yüksək keyfiyyətli barama istehsal olunmuşdur. Yaxın gələcəkdə baramaçılığın yem bazasının gücləndirilməsi məqsədilə 1000 m2 sahədə tut  toxumu səpini aparılmış, normal bitiş alınmışdır. Eyni zamanda inzibati ərazi dairələrndə 35200 ədəd, rayon Damazlıq İpəkçilik Stansiyası tərəfindən isə 20000 ədəd olmaqla cəmi 55200 ədəd tut tinginin əkilməsi təmin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 17 sentyabr 2016-cı il tarixdə Sabirabad rayonunda pambıqçılığın inkişafına dair respublika müşavirəsində yerlərdə ixrac yönümlü məhsul istehsalının artırılması üçün verilmiş tapşırığın icrası ilə əlaqədar 2016-cı ildə rayonda fındıq istehsalının artırılması məqsədilə payız mövsümündə 1275 hektar ərazidə yeni fındıq bağları  salınmış, bu istiqamətdə işlər cari ildə də davam etdirilir.

Hesabat ilində “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli  Fərmanının icrası ilə əlaqədar rayonda dənli və paxlalı bitkilərin əkini üzrə ixtisaslaşmış Aqropark yaradılmasına başlanılmışdır. Bu məqsədlə dövlət fondu torpaqlarından 2094 hektar münasib ərazilər seçilmişdir ki, hal-hazırda torpaq-kadastr işləri və seçilmiş ərazinin 1500 hektarının suvarmaya cəlb olunması üçün mexaniki suvarma şəbəkəsinin yaradılması məqsədi ilə lahiyə sənədləlinin hazırlanması istiqamətində işlər aparılr.

Dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası təmin olunmuş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara ciddi əməl olunmaqla lazımi sənədlərin tərtibatı təmin edilməklə  2007-ci ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına 8.1 milyon manat, o cümlədən 2016-cü ildə 1 milyon 10 min manat məbləğində yardımın verilmişdir.  Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 100 nömrəli qərarının icrası ilə əlaqədar rayonda taxıl toxumçuluğu ilə məşğul olan təsərrüfatlara satdıqları yüksək reproduksiyalı toxumlara görə 925 min manat, o cümlədən hesabat ilində satılmış  toxuma görə 114 min manat subsidiyanın verilməsi təmin edilmışdir.

2016-cü ildə Aqrolizinq ASC-nin Qax rayon “Aqroservis” filialı tərəfindən   kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştli qiymətlə 985 ton azot, 320 ton ammofos, 43 ton nitroammofoska, 34 ton superfosfat gübrələrinin, 1600 litr həcmdə müxtəlif növ herbisidlərin  satılması təmin olunmuşdur. Hesabat ili ərzində filiala məxsus texnikalar vasitəsi ilə rayonun ayrı-ayrı ərazilərində 850 hektar sahədə şum, 3400 hektar sahədə  taxıl və qarğıdalı biçini aparılmışdır. Hesabat ili ərzində filialın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 4 ədəd traktor, 4 ədəd kotan və 1 ədəd taxılsəpən alınmışdır. Bununla belə filialın maddi-texniki bazasının gücləndirılməsi məqsədilə yeni texnikaların gətirilməsi istiqamətində işlər davam etdirilməlidir.

Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinin aşkar edilməsi məqsədilə aparılmış müşahidə işlərinin nəticəsi olaraq 6170 hektar sahədə payızlıq taxıl sahələrində siçanabənzər gəmiricilərə və 210 hektar sahədə taxıl böcəyinə qarşı kimyəvi mübarizə, 812 hektar sahədə yovşan yarpaqlı ambroziyaya qarşı kimyəvi, 948 hektar sahədə isə mexaniki mubarizə işləri aparılmışdır. Həmçinin taxıl sahələrində müxtəlif növ alaq otlarına qarşı 3380 hektarda kimyəvi, 220 hektar sahədə isə mexaniki mübarizə tədbirləri aparılmışdır.

Qax rayon Dövlət Toxum Müfəttişliyi tərəfindən rayonda fəaliyyət göstərən özəl toxumçuluq müəssisələrində işlərin gedişi, aqrotexniki tələblərə əməl olunması nəzarətə götürülmüş, toxumluq əkilmiş  sahələrdə aprobasiya işi aparılmışdır. Hesabat ilində rayonda fəaliyyət göstərən 3 özəl toxumçuluq müəssisəsi və 1 nəfər taxıl toxumçuluğu ilə məşğul olan fiziki şəxs tərəfindən 1634 ton yüksək kondisiyalı toxum istehsal olunaraq məhsul istehsalçılarına satılmışdır. İl ərzində  müxtəlif  kənd təsərrüfatı bitkilərinin toxumlarından 191 nümunə götürülmüş və lazımi qaydada analiz olunaraq nəticəsi  rəsmiləşdirilmişdir. Müfəttişlik tərəfindən sertifikatlaşdırılmış toxumların saxlanılmasına, etiketləşdirilməsinə nəzarət edilmişdir. Bununla belə qeyd olunmalıdır ki, müfəttişlik tərəfindən rayonda dövlət reyestrinə daxil olmayan və rayonlaşdırılmamış toxumların ticarət dövriyyəsinin qarşısının alınmasına tam nail olunmamışdır.

Hesabat ilində rayonumuzun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilmiş və aparılan məqsədyönlü tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmişdir.  01 yanvar 2017-cü il tarixə rayonda 22881 baş iribuynuzlu mal, o cümlədən 11883 baş ana mal,  66777 baş qoyun-keçi, 100361  müxtəlif növ ev quşları və 8724   arı ailəsi mövcud olmuşdur. Mövcud mal-qaranın yemə olan təlabatının ödənilməsi məqsədilə hər bir ərazidə  örüş sahələrı ayrılmış,  qoyunçuluqla məşğul olan hüquqi və fiziki şəxslərə təsərrüfatlarını saxlamaq üçün 13.1 min hektar qışlaq və 8.4 min hektar yaylaq sahəsi icarəyə verilmişdir. Mal-qara arasında qısırlıq hallarının minimuma endirilməsi, fərdi təsərrüfatlarda olan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlıq keyfiyyətlərinin yüksəldilməsi üçün süni mayalanmanın tətbiqi diqqət mərkəzində saxlanılmışdır. Hesabat ilində 2424 baş inək-düyə süni mayalandırılmışdır ki, bu da əvvəlki illə müqayisədə 588 baş çoxdur. Süni yolla mayalandırılmış inək-düyələrdən 1401 baş salamat bala alınmışdır. Heyvandarlıq məhsullarının intensiv yolla artımına nail olunmasında başlıca rol oynayan süni mayalandırmanın tətbiqinə marağın artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 1364 №-li sərəncamın icrası ilə əlaqədar hesabat ilindən etibarən süni mayalama nəticəsində doğulmuş hər baş buzova 100 manat məbləğində subsidiyanın verilməsinə başlanmış və 200 nəfər mal sahibinə 20 min manat subsidiyanın verilməsi təmin olunmuşdur. Ötən dövr ərzində respublikaya idxal olunan yüksək məhsuldar cins düyələrdən 9 başının hevandarlıqla məşğul olan 5 nəfər sahibkara 50 faiz güzəstlə lizinq yolu ilə satılması təmin olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2015-cü illə müqayisədə ət istehsalı 7.2 ton artaraq 3012.4 tona, süd istehsalı 79.6 ton artaraq 15936.3 tona, yumurta istehsalı 14 min ədəd artaraq 7 milyon 883 min ədədə, yun istehsalı 0.1 ton artaraq 126.8 tona çatmışdır.

Rayonda mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün 2016-cı ildə həyata keçirilməsi nəzərdə tutulan epizootiya əleyhinə tədbirlər planının tam icrası təmin olunmuşdur. Profilaktik tədbirlər vaxtlı-vaxtında aparıldığından  mal-qara arasında yoluxucu xəstəliklərin baş verməsi halları müşahidə olunmamış,  iri buynuzlu mal-qara arasında brusellyozla sirayətlənmə 0.14  faiz təşkil etmişdir ki, bu da 2015-ci illə müqayisədə 0.19 faiz azdır.

Hesabat ilində Qax rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən mövcud meşələrin qorunub mühafizə olunması, bərpa edilməsi, yeni meşələrin salınması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, ötən il 60 hektar sahədə meşə əkini aparılmış, 1.5 hektar sahədə tinglik salınmış, müvəqqəti tinglik sahələrində 195 min ədəd əkin materialları yetişdirilmişdir. İlisu Dövlət Təbiət Qoruğu tərəfindən mühafizə rejiminə əməl olunması, fauna və flora elementlərinin qorunması, qoruq ərazisində elmi müşahidələrin davam etdirilməsi “Təbiət səlnaməsi”nin yazılması, ekoloji təbliğat aparılması ilə əlaqədar müəyyən işlər görülmüşdür.

Hesabat ilində rayonun florasının zənginləşdirilməsi, yaşıllıqların inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilərək  bələdiyyələr və inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən  magistral yol kənarlarında 5050 ədəd,  inzıbati ərazilərdə isə 5800 ədəd  müxtəlif növ agac tingləri əkilmişdir. Bu istiqamətdə işlər cari ildə də daha geniş şəkildə davam etdiriləcəkdir.

       Daxili bazarın qorunması, kənd təsərrüfatı məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin müxtəlif rayonlarında təşkil olunmuş yarmarkalarda rayonumuzun sahibkarlarının iştirakı artıq ənənə halını alımışdır. 2008-ci ildən etibarən hər həftənin şənbə və bazar günlərində rayonumuzun sahibkarları həmin yarmarkalarda iştirak edirlər. Yarmarkalarda hər il orta hesabla 10 tona yaxın qərzəklilər, 4 ton bal və arıçılıq məhsulları, 3 ton süd, 2 ton ət, 1.5 ton konserv məhsulları, 10 ton meyvə, 8 ton tərəvəz məhsulları və 400 kq miqdarında təbii dərman bitkilərinin satışı təşkil olunur. 

       Hesabat ilində kənd təsərrüfatı istehsalçılarına suvarma suyunun çatdırılması mexanizminin təkmilləşdirilməsi, yaşayış məntəqələrinin, əkin sahələrinin sel sularından mühafizəsinin təmin olunması məqsədi ilə işlər davam etdirilmişdir. Belə ki, hesabat ilində torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə rayon ərazisində  407.8 min m3 həcmdə lildən təmizləmə, 752 m3  beton kanallarda və 21 ədəd hidropostlarda təmir işləri aparılmışdır. Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 983.7 min m3 daşqın və selə qarşı məcratəmizləmə, 1668 m3 qabyon və 5522 m3 daş-beton bəndlərdə daşqın və selə qarşı sahilbərkitmə işləri aparılmışdır.

      Ölkə başçısı cənab İlham Əliyevin 15 dekabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq 2016-cı ildə rayonun  Şotavar, Qıpçaq, Almalı, Şıxlar, Qum, Böyük Alatəmir, Ləkit, Tasmalı, Zəyəm, Dəymədağlı, Güllük kəndlərində və Qax şəhərində artezian quyuları qazılmışdır.

Hesabat dövründə yolların əsaslı təmiri və  abadlıq  işlərinin  görülməsi ilə bağlı  büdcədə  nəzərdə  tutulmuş  vəsait  hesabına Zəyəm kəndinin əsas yolunun 0.7 km hissəsinə, Şotavar kəndinin isə giriş hissəsinə 1.8 km uzunluğunda yeni asfalt örtüyü salınmışdır. Şəhərin A.Məmmədov küçəsində yolun əsaslı təmiri aparılmış, Ü.Hacıbəyov S.Vurğun və İ.Dağıstanlı küçələrinin isə bir  hissəsinə yeni asfalt  örtüyü salınmışdır.

 2016-cı ildə şəhərin S.Vurğun küçəsi 4, 7 və 9 saylı kommunal yaşayış binalarının dam örtükləri və fasad hissələri, V.Eyvazov küçəsində 20 saylı kommunal yaşayış binasının isə dam örtüyü təmir olunmuş,  S.Vurğun küçəsi 3, 5 və 7 saylı kommunal yaşayış binalarının həyətlərinə asfalt örtüyü salınmışdır.         

Rayon üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi məqsədi ilə şəhərdə 18 ədəd kommunal yaşayış binasının fasad hissələrinin rənglənməsi və  3 ədəd kommunal  yaşayış  binasının isə dam  örtüyünün  əsaslı  təmiri həyata keçirilmişdir.

      2016-cı ildə rayonda sosial-mədəni obyektlərin əsaslı təmir işləri üçün ayrılmış vəsait hesabına Zəyəm  kənd  körpələr  evi-uşaq  bağçasında, Zəyəm kənd xəstəxanasında, Almalı mədəniyyət evində və Rayon Mərkəzi Xəstəxanasının həyətində əsaslı təmir işləri aparılmış, Qaşqaçay  kənd  Mədəniyyət  evinin və şəhər 3 saylı tam orta məktəbinin idman zalının  dam  örtükləri əsaslı  təmir olunmuşdur.

       Cari təmir işləri üçün ayrılmış vəsait hesabına Qax rayon Dövlət Rəsm Qalereyasında, Rayon İncəsənət məktəbində, şəhər 1 nömrəli tam orta məktəbinin 4 sinif otağında, Əlibəyli kənd tam orta məktəbinin 3 sinif otağında və dam örtüyünün bir hissəsində, Güllük kənd iəd üzrə nümayəndəliyinin, Rayon Gənclər və İdman İdarəsinin və Rayon Poliklinikasının inzibati binalarında təmir işləri aparılmışdır.

       Şəhərdə abadlıq işlərinin görülməsi üçün ayrılmış vəsait   hesabına şəhərin  A.Məmmədov küçəsində, Ü.Hacıbəyov küçəsinin bir hissəsində və şəhərin giriş hissəsində inşası davam edən “Dövlət Bayraq Meydanı”nda abadlıq işləri aparılmışdır.

       Ötən il ərzində Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin, şəhərin giriş hissəsində Dövlət Bayrağı Meydanının və  Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin  Qax rayon  şöbəsinin  inzibati  binasının  tikintisi işləri davam etdirilmişdir.

       Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2016-cı il tarixli Sərəncamı ilə Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsindən 2.0 milyon manat vəsait ayrılmışdır. Hazırda yolun tikintisinin başa çatdırılması istiqamətində müvafiq işlər aparılır.

      Hesabat ilində Kənd  Təsərrüfatı  Nazirliyinin  Qax  rayonu  üzrə İdarəsinin inzibati  binasının və şəhərin İ.Dağıstanlı küçəsindəki 180 yerlik  uşaq  bağçasının tikintisi  başa  çatdırılmış, şəhərin 28  May  küçəsində  100 yerlik   körpələr  evi-uşaq  bağçasının, Ağçay  kəndində bir  qruplu  uşaq bağçasının, Qax şəhərində, Qaşqaçay və Əmbərçay kəndlərində Qarabağ müharibəsi əlillərinə inşa olunmuş fərdi yaşayış evlərinin tikintisi  başa  çatdırılaraq istifadəyə verilmiş, Turaclı kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuşdur. Ötən il rayonda  85 ədəd  fərdi  yaşayış evi və 14 ədəd sahibkarlıq obyekti olmaqla  ümumilikdə  99 fərdi  tikinti  aparılmışdır. Ötən il İlisu kəndi ərazisində 50 otaqlı-100 yerlik 3 ulduzlu otelin, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Tasmalı və Lələpaşa kəndlərində iki aztəminatlı ailəyə iki otaqlı fərdi yaşayış evlərinin tikintisinə başlanılmış, hazırda tikinti işləri davam etdirilir.

      Kənd İnvestisiya layihəsi çərçivəsində 2016-cı ildə rayonun Güllük kəndində içməli su xəttinin çəkilişi, Qaxingiloy kəndində kənddaxili yolların təmiri, Çüdüllü kəndində suvarma arxlarının təmiri, Tasmalı, Zəyəm və Ağyazı kəndlərində abadlıq işləri həyata keçirilmiş, İlisu kəndində isə tam orta məktəb binası təmir olunmuşdur.

       2016-cı ildə Rayon Təhsil şöbəsi təhsilin inkişaf etdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işini davam etdirmişdir. Belə ki,  Tələbə Qəbulu üzrə Dövlət  Komissiyası tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində  mərkəzləşmiş qaydada keçirilən test-buraxılış imtahanlarında  IX üzrə  625, XI üzrə 482 nəfər şagird iştirak etmişdir. Onlardan 75 nəfəri gürcü  bölməsinin IX  sinif, 70 nəfəri isə XI sinif şagirdi olmuşdur. İmtahan nəticələrinə görə IX siniflər üzrə müvəffəqiyyət 78.9 %, XI siniflər üzrə müvəffəqiyyət 80.9 % olmuşdur.

       2015-2016-cı tədris ilində rayonun tam orta  məktəblərinin Azərbaycan və rus bölmələrini  bitirmiş 482 nəfər məzundan  265 nəfəri ali məktəblərə   qəbul imtahanlarında iştirak etmişdir. Qəbulun  nəticələrinə görə167 nəfər  tələbə adını qazanmışdır. Onlardan 10 nəfəri 600-dən çox, 31 nəfər isə 500-700 arası  bal toplamışdır.  

       Fənn  olimpiadalarının respublika turunda rayonumuzu 5 nəfər təmsil etmiş, 1 nəfər biologiya, 1 nəfər isə azərbaycan dili və ədəbiyyat fənni üzrə III yeri tutaraq bürünc medalla  təltif olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş “Multikulturalizm ili”nə həsr  olunmuş rəsm müsabiqəsində Qum kənd tam orta məktəbin X sinif  şagirdi II yeri tutmuş və diplomla təltif  edilmişdir.

      “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsinin respublika  turunda şəhər 2 saylı məktəb liseyin 2 şagirdi  I yerə, şəhər 2 nömrəli məktəb-liseyin 1şagirdi  və şəhər 4 nömrəli  tam orta məktəbin 1 şagirdi  II  yerə  və şəhər 2 nömrəli  məktəb-liseyin şagirdi 2 şagirdi  III  yerə layiq  görülmüşlər. Respublika Uşaq Yaradıcılıq Mərkəzləri dərnək üzvlərinin  əl işlərinə  baxış   müsabiqəsində İlisu  kənd  tam orta məktəbinin şagirdi II yeri tutmuşdur.

      “Şahin” hərbi-idman  oyunu üzrə  rayon komandası zona yarışlarında  birinci, respublika yarışlarında VII  yeri  tutmuşdur.

       Gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə görə və 5 oktyabr- Beynəlxalq Müəllim günü münasibəti ilə şəhər 2 nömrəli məktəb-liseyin ibtidai  sinif müəllimi Ayna Məhsimova “Tərəqqi” medalına  layiq görülmüşdür.

       Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına və Azərbaycan Respublikası Təhsil nazirinin  5  avqust 2016-cı il tarixli  548 və 549 nömrəli əmrlərinə əsasən  5 yaşlı uşaqların  məktəbəhazırlıq   qruplarına cəlb olunması üçün  14 ümumtəhsil məktəbində 15 məktəbəhazırlıq qrupu fəaliyyətə  başlamış və bu qruplara 290 uşaq cəlb  edilmişdir. Məktəbəhazırlıq qrupları yaradılmış ümumtəhsil müəssisələrində     01 oktyabr tarixdən təlimlərə başlanılmışdır.

       2016-ci  ildə rayon Mərkəzi Xəstəxanasının 117 nəfər həkim və 403 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir. Azərbaycan  Respublikasının Prezidenti  cənab  İlham Əliyevin tapşırığına əsasən 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də rayonda fevralın 15-dən may  ayının 15-dək 18 yaşdan yuxarı 42291 nəfər əhalinin  39965 nəfəri tibbi  müayinədən  keçirilməsi  təmin edilmişdir. Tibbi  müayinədən keçənlərin 7526  nəfəri ambulator, 105 nəfəri stasionar  müalicəyə  cəlb  olunmuş, 25 nəfəri isə Bakı  şəhərinə  müalicəyə  göndərilmişdir.

      Hesabat dövründə rayon üzrə  0-1 yaşlı uşaqlar arasında 3, 1-5 yaşlı uşaqlar arasında isə 5  ölüm hadisəsi olmuşdur. İl ərzində cərrahiyyə şöbəsində 586 əməliyyat  aparılmışdır  ki, bunlardan 84-ü təcili və təxirəsalınmaz əməliyyat olmuşdur.

      Hesabat ilində 45 nəfər həkim Həkimlərin Təkmilləşdirmə İnstitutunda, 95 nəfər orta  tibb işçisi isə ixtisasartırma kursunda olmuş, 18 nəfər həkim sertifikasiya komissiyasından keçmişdir.

      2016-cı ildə  172.7 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüş, rayonda 2600 nəfər güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 102.4 min manatlıq dərman preparatları  verilmişdir.

       Rayon Gigiyena  və Epidiomologiya Mərkəzi tərəfindən il ərzində peyvəndlərin tətbiqinə daim nəzarət olunmuş, rayonun müalicə profilaktika müəssisələrinə praktik köməklik göstərilməklə peyvəndləmə işləri tam həyata keçirilmişdir. Mərkəz tərəfindən məktəbəqədər uşaq müəssisələri, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələr də daxil olmaqla il ərzində 140 obyektdə sanitar müayinələri aparılmış, sanitariya şəraiti qənaətbəxş qiymətləndirilmişdir. İl ərzində  7 yeyinti sənayesi müəssisəsində yoxlama aparılmış və 11 ərzaq məhsulunun gigiyenik sertifikatlaşması təmin olunmuşdur.

       Rayon Mədəniyyət və Turizm şöbəsi Baki şəhəri  Dənizkənarı Milli Parkda  keçirilən “Novruz” şənliklərində iştirak etmiş, həmçinin 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə  bağlı Xaçmaz  rayonunda  keçirilən “Multikultural dəyərləri yaşadaq” adlı  I  Beynəlxalq festifalda Qax İngiloy kənd  mədəniyyət  evinin “Şvidkatso” Gürcü Xoru, 27 iyun-1 iyul tarixlərində Bakı şəhərində keçirilən Azsaylı  xalqların V İncəsənət  Festifalında  Ağyazı kənd mədəniyyət evinin “Samur” və Əlibəyli kənd mədəniyyət evinin “Pesvebi” rəqs  kollektivi iştirak edərək, rayonumuzu  layiqincə təmsil etmişdir. Bakı Xoreqrafiya Akademiyasında  keçirilən Qəmər Almaszadə adına Klassik və Milli rəqs  üzrə I Beynəlxalq müsabiqəsində “İmedi” gürcü rəqs ansamblı iştirak etmiş, sertifikat və diploma  layiq  görülmüşdür.

       Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən ənənəvi mürəbbə festivalında Jalə Xəlilova ikinci yeri tutaraq qiymətli hədiyyə və diplomla mükafatlandırılmışdır.            

       Rayona gələn turistlərin asudə vaxtının səmərəli təşkili məqsədilə  Mərkəzləşdirilmiş Kitabxana  Sistemi  tərəfindən rayonda  fəaliyyət göstərən  istirahət  məkanlarında səyyar kitabxanalar fəaliyyət  göstərmiş, müxtəlif viktorinalar, əyləncəli oyunlar  təşkil edilmişdir.  

       Hesabat ilində rayonda turizmi  inkişaf  etdirmək məqsədi ilə  İlisu kəndində “Snov Tubinq Park” əyləncə mərkəzi istifadəyə verilmişdir. Bu da rayona gələn turistlərin sayının  artmasına kömək edəcəkdir. Rayonun mehmanxana və digər turizm  obyektlərində 2016-cı il ərzində 26304 nəfər yerli, 2696 nəfəri isə xarici turist olmaqla ümumilikdə 29 min nəfər  turist  istirahət  etmişdir ki, bu da 2015-ci illə müqayisədə 4900 nəfər çoxdur.

      Rayon Gənclər və İdman İdarəsi hesabat dövründə iş planına uyğun olaraq aidiyyəti qurumlarla əlaqələri daha da genişləndirərək rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Belə ki, Biləsuvar  rayonunda keçirilən 10-11 yaşlı futbolçular arasında “Sabahın ulduzları” kuboku uğrunda ölkə çempionatında rayon komandası birinci, 2000-2001-ci il təvəllüdlü qızlar arasında  futbol üzrə ölkə  çempionatında komandamız ikinci yeri,  Astara  rayonunda  keçirilən qız futbolçularının  birinciliyində rayon komandası birinci yeri tutmuşdur. Bakı şəhərində keçirilən sərbəst güləş üzrə gənclərin  birinciliyində və Gəncə şəhərində respublika turnurində həmyerlimiz Məhəmməd Abdullayev birinci yeri qazanmışdır. 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında Qəbələ şəhərində keçirilən İdman Məktəblərinin VIII Respublika Oyunları proqramına  daxil edilən sərbəst  güləş üzrə zona  yarışında  İsmayılov Bərxudar birinci yeri, Əsgərzadə Eldəniz ikinci yeri tutmuşdar. Şəki şəhərində keçirilən kompüter oyunları üzrə respublika  birinciliyinin zona  mərhələsində rayon komandası birinci yerə layiq  görülmüşdür.

       Macarıstanda Pankration döyüş növü üzrə keçirilən Avropa  çempionatında həmyerlilərmiz Ehtiram və Coşqun Dərişov qardaşları müvafiq olaraq birinci və üçüncü yeri tutmuşlar. İsveçrədə keçirilən  güləş üzrə Avropa birinciliyində isə həmyerlimiz Əli Əminli üçüncü yerə layiq  görülmüşdür. Vətənin Müdafiəsinə Hazıram poliatilon çoxnövçülüyü üzrə respublika çempionatında isə rayonumuzun komandası uğurla çıxış edərək çempion olmuşdur.          

       Hesabat ilində rayonda dini münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu və dövlət-din münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarının tələbləri əsasında tənzimlənmişdir. Belə ki, rayonda yaşayan milli azlıqların sosial-məişət şəraitinin yaxşılaşdırılması, inkişafı daim diqqət mərkəzində saxlanılmış və onların sosial-iqtisadi, mədəni və sair problemlərinin öyrənilməsi və həlli istiqamətində lazımi işlər aparılmışdır. İl ərzində rayonda keçirilən sosial-iqtisadi, ictimai-siyasi tədbirlərdə rayonda yaşayan bütün milli azlıqların nümayəndələrinin iştirakı təmin olunmuşdur.

      Rayonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçmiş 11 müsəlman və 2 gürcü provaslav xristian dini icması, 28 məscid mövcuddur. Onlardan 18-i fəaliyyət göstərir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının  qanununa uyğun olaraq rayon ərazisində dini qurumların  normal fəaliyyəti  üçün  hər cür şərait yaradılmışdır. Ötən dövr ərzində dini icmalar tərəfindən dini fəaliyyətlə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edilmiş, fəaliyyətlərində qanunazidd hallar müəyyən olunmamışdır.

       Hesabat dövründə rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumların birgə təşkilatçılığı ilə rayon əhalisinin, xüsusən gənclərin radikal meylli dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlər həyata keçirilmişdir.

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsinə dair Tədbirlər Planına uyğun olaraq rayon İcra Hakimiyyəti hesabat ilində Millətlərarası, Multikulturalizm və Dini münasibətlər üzrə Dövlət Müşavirliyi xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm  Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə rayonda dini münasibətlər, tolerantlıq və multikulturalizm sahəsində müxtəlif tədbirlər keçirilmiş, eyni zamanda dini tarix və mədəniyyət abidələrinə respublika səviyyəsində ziyalılar, gənclər və tələbələrdən ibarət heyətlərlə gəzinti turları təşkil edilmişdir.

       Rayonda 23-24 aprel 2016-cı il tarixlərində Bakı Beynəlxalq Multikulturalizm  Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Slavyan Universiteti və “Mədəniyyət Plus” İctimai birliyinin birgə təşkilatçılığı ilə respublikanın bir qrup alim və tələbələrinin, yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Alban Apostol kilsəsi Qafqazın ən qədim kilsəsidir” layihəsi çərçivəsində elmi tur keçirilmişdir. Həmçinin “Azərbaycan  multikulturalizmi” proqramı çərçivəsində  “Azərbaycan  multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Azərbaycanın maddi-mədəni irsi – Kürmük Alban məbədi”  kitablarının təqdimat mərasimi keçirilmişdir. Həmçinin keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzində “Şimal-qərbi Azərbaycan bölgəsi Azərbaycan tolerantlığının əsl nümunəsi kimi” adlı seminar-mühazirə təşkil edilmişdir.

       Hesabat ilində Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində də bir sıra işlər görülmüşdür. Belə ki, 2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz ümumilikdə 87.8 %, o cümlədən, büdcə sektoru üzrə 90.1 %, qeyri-büdcə sektoru üzrə isə 82.1 % yerinə yetirilmişdir. Hesabat dövründə 10 hüquqi, 140 fiziki şəxs, 4 pay torpaq mülkiyyətçisi uçota alınmış və şöbə üzrə 01 yanvar 2017-ci il tarixə cəmi  8801 sığortaedən uçotda olmuşdur.

        Qanunvericiliyə uyğun olaraq hesabat dövründə sığortaolunanların fərdi uçot sistemində qeydiyyata alınması və məcburi dövlət sosial sığorta haqlarının fərdi hesablara toplanması işi davam etdirilmiş və 35 nəfərə sosial sığorta şəhadətnaməsinin verilməsi məqsədilə ərizə blankları yazılmış, 341 sığortaolunana sosial sığorta şəhadətnaməsi verilmişdir.

        Hesabat dövründə şöbədə yaşa görə 103 nəfərə, əlilliyə görə 62 nəfərə, ailə başçısını itirməyinə görə 16 nəfərə əmək pensiyası təyin olunmaqla ümumilikdə 181 nəfərə yeni pensiya təyin olunmuş  01 yanvar 2017-ci il tarixə uçotda olan pensiyaçıların sayı 8419 nəfər olmaqla 1 nəfərə düşən orta aylıq pensiya məbləği 173.4  manat təşkil etmişdir.

        İl ərzində şöbədə 353 aztəminatlı ailəyə ünvanlı sosial yardımı təyin edilmiş, 1 ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 146 manat təşkil etmişdir. “Sosial müavinətlər haqqında” Qanuna uyğun olaraq hesabat ilində 96 nəfərə əlilliyə görə, 47 nəfər sağlamlıq imkanları məhdud olan  18  yaşadək uşağa və 10 nəfərə ailə başçısını itirməyinə görə aylıq müavinət təyin olunmuşdur. Hesabat ilində uşağın doğulmasına görə 654 nəfərə, penitensiar xidmətdən azad olunan 31 nəfərə, dəfn üçün 17 nəfərə və 14 nəfər Çernobıl əlininə birdəfəlik müavinət verilmiş, 2 nəfər birinci qrup əlil şəxs yeni əlil arabaları ilə təmin edilmişdir.

      “Asan Xidmət” mərkəzlərinin olmadığı rayonlarda səyyar xidmətlərin həyata keçirilməsi məqsədi ilə  Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmət avtobusu hesabat dövründə rayon ərazisində 22 avqust 2016-cı il tarixdən 05 sentyabr 2016-cı il tarixədək vətəndaşlara səyyar xidmət göstərmişdir. Xidmət göstərilən müddət ərzində vətəndaşlar tərəfindən 2732 müraciət daxil olmuşdur. Daxil olmuş bütün müraciətlərlə bağlı Xidmət tərəfindən müvafiq sənədlər hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.

         Hesabat ilində Rayon Məşğulluq Mərkəzində 1843 nəfər işaxtaran vətəndaş qeydiyyata götürülmüşdür. Qeydiyyata götürülənlərin 272 nəfəri ali, 357 nəfəri orta-ixtisas, 483 nəfəri ilk peşə-ixtisas, 690 nəfəri tam orta və 41 nəfəri isə ümumi orta təhsili olanlardır. İl ərzində 104 nəfərə işsiz statusu verilmiş və onların hamısına müavinət təyin olunmuşdur.

       Ölkə başçısının tapşırığına uyğun olaraq rayonda qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai faydalı əməyə cəlb edilməsi məqsədi ilə 2016-cı ildə dövlət şirkətləri, dövlət qurumları tərəfindən yaradılmış yeni iş yerləri ilə bağlı mərkəzə 139 iş yeri-vakansiya daxil olmuş, bu yerlər işçi qüvvəsi ilə tam təmin olunmuşdur. Bundan əlavə şəhərdə quruculuq və abadlıq işlərinin, həmçinin çoxmənzilli binaların  təmiri üçün 149 iş yeri yaradılmış və həmin iş yerləri də işçi qüvvəsi ilə təmin olunmuşdur.

       2016-cı ildə rayonda keçirilmiş Əmək Yarmarkasına 8 dövlət, 7 qeyri-dövlət müəssisəsi və 5 fiziki şəxs tərəfindən ümumilikdə 194 iş yeri təqdim edilmişdir. Yarmarkanın yekununda 11 nəfər gənc, 44 nəfər qadın olmaqla ümumilikdə 54 nəfər daimi işlə təmin olunmuşdur.

      İl ərzində mərkəz tərəfindən ümumilikdə 483 nəfər daimi işlə təmin olunmuşdur ki, onlardan 151 nəfəri qadın, 176 nəfəri isə 29 yaşadək gəncdir.

       “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamna uyğun olaraq əhalinin sosial cəhətdən həssas qruplarının, xüsusilə də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərdən 12 nəfəri seçilərək “Özünüməşğulluğun təmin edilməsi proqramı”na cəlb edilərək onlara təlimlər keçirilmişdir.

        Hesabat dövründə 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən vətəndaşların əmək və sosial hüquqlarının pozulması ilə bağlı daxil olmuş 21 şikayət ərizəsi əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq yerində araşdırılmaqla 9 nəfərin əmək və məzuniyyət haqlarının qanunamüvafiq qaydada hesablanaraq 3500 manat məbləğində gecikdirilmiş vəsaitin ödənilməsi təmin olunmuş, 5 nəfər işinə bərpa olunmuş və 3 nəfərin isə pensiya stajının düzgün hesablanması təmin edilmişdir.

       İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunması və iş yerlərində sağlam əmək şəraiti, əməyin mühafizəsi işinin təşkil edilməsi sahəsində ictimaiyyət arasında təbliğat işlərinin aparılması müfəttişlik tərəfindən nəzarətdə saxlanılmış, hesabat dövründə 15 müəssisə və təşkilatda seminar müşavirələr təşkil olunmuşdur.

       İl ərzində işçilərin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı müfəttişlik tərəfindən 48 işəgötürənlə  maarifləndirici tədbir həyata keçirilmiş və onlara metodiki köməklik göstərilmişdir.     

       Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə 2016-cı ildə rayon Telekommunikasiya Qovşağı tərəfindən 11 ədəd yeni avadanlıq quraşdırımış, internet istifadəçilərinin sayı 472 abonent artaraq 5124-ə çatmışdır. Qovşaq tərəfindən şəhər ərazisində Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri üçün inşa edilmiş 16 mənzilli yaşayış binasına 510 metr uzunluğunda internet xətti çəkilmişdir. İstismar müddətini başa çatdırmış 1432 metr uzunluğunda rabitə kabeli yenisi ilə əvəz edilmiş, 220 ədəd telefon çəkilişi aparılmışdır.

        Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax sahəsi tərəfindən il ərzində əhali və sənaye abonentləri fasiləsiz olaraq təbii qazla təmin edilmiş, qazın verilməsində normal təzyiq saxlanılmışdır. İl ərzində qaz itkilərinin, qaz xətlərinə qanunsuz qoşulma və müdaxilə hallarının  qarşısının alınması üçün qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilərək 162 ədəd qaz sayğacı küçə xəttinə çıxarılaraq yenisi ilə əvəzlənmiş, 55 ədəd smart tipli sayğac və 6 ədəd qaz tənzimləyicisi quraşdırılmışdır.

        Hesabat ilində rayonda 1510 mənzilə qaz çəkilişi aparılmış, hazırda rayon üzrə 15592 ev təsərrüfatından 9629 təsərrüfat təbii qazdan istifadə edir. Rayonun Zəyəm və Tasmalı kəndlərində qazlaşma işləri yekunlaşdırılmış, 740 mənzil təbii qazla təmin edilmişdir.

Rayon Elektrik Şəbəkəsi tərəfindən hesabat ilində 138,3 km 10 kV-luq, 119,7 km 0,4 kV-luq hava xətləri, 140 ədəd transformator yarımstansiyası əsaslı təmir olunmuş, 488 ədəd 10 kV-luq, 514 ədəd 0,4 kV-luq hava xətlərində qəzalı vəziyyətdə olan dayaqlar yeniləri ilə əvəz olunmuşdur. İl ərzində 11 ədəd sıradan çıxmış transformator təmir olunmuş, 19 ədəd yeni ayrıcı, 8 ədəd yeni transformator yarımstansiyası və 927 ədəd elektrik sayğacı quraşdırılmışdır. Ümumilikdə rayon ərazisində 0,4 kV-luq 639 ədəd yeni metal-boru dayaq basdırılmış,  18,4 km uzunluğunda SİP kabeli çəkilmişdir. 110/35/10 kV-luq  yeni “Qax” yarımstansiyasının qurulması işləri davam etdirilmiş, yeni 35/10 kV-luq “İlisu” yarımstansiyasının tikintisinə başlanılmışdır.

Hesabat ilində Qax Sukanal İdarəsi tərəfindən xidmət göstərilməsi məqsədilə 13 büdcə, 19 respublika, 128 kommersiya və 35 sənaye təşkilatı ilə müqavilə bağlanılmışdır. Əhaliyə içməli suyun verilməsi üçün idarə tərəfindən plomblanaraq sistemə qoşulmuş yeni Smart-kart tipli sayğacların sayı il ərzində 3950 ədədə,  ön ödəməli kart verilmiş sayğacların sayı isə 3890 ədədə çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə hesabat ilində rayonun 13 yaşayış məntəqəsində Qorağan, Qarameşə, Amanlı, Baydarlı, Qazmalar, Süskənd, Fıstıqlı, Turaclı, Çüdülü, Marsan, Lələli, Qındırğa və  Qarabaldır kəndlərində modul tipli sutəmizləyici qurğuları quraşdırılmışdır.

        Hesabat ilində Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən sanitar təmizləmə, yaşıllaşdırma, işıqlandırma və camaşırxana xidmətlərinin göstərilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, Kombinat tərəfindən  şəhərin 106 küçəsində yerləşən fərdi evlərindən, yaşayış binalarından, sahibkarlıq subyektlərindən, idarə, müəssisə və təşkilatlardan, eləcə də Qaxingiloy kəndinin bir hissəsindən məişət tullantılarının daşınması  həyata  keçirilmişdir.  Fərdi  müqavilələr əsasında 1731 sayda təsərrüfat subyektinə, 678 sayda kommunal evlərdə yaşayan abonentə və 266 sahibkara xidmət göstərilmişdir. Kombinat tərəfindən 25  idarə, müəssisə və təşkilatla məişət tullantılarının daşınmasına dair müqavilələr bağlanmış və müvafiq  xidmətlərin göstərilməsi təmin edilmişdir. Məişət tullantılarının daşınması prosesi Kombinata aid 5 ədəd traktor və 3 ədəd xüsusi avtomobil vasitəsi ilə həyata keçirilmişdir. Şəhər ərazisində abonentlərə xidmət üçün 4 qutu, 15 xüsusi yer və 164 xüsusi konteyner ayrılmışdır. Bağlanmış müqaviləyə əsasən Kombinat tərəfindən şəhərdə 16 hektar sahədə yaşıllıqlara xidmət göstərilmiş, küçə və prospektlərdə 271 ədəd müxtəlif növ ağac, 25 min ədəd müxtəlif gül və çiçək əkilmişdir.

Kombinat tərəfindən il ərzində şəhərin 69 küçə və prospektini, eləcə də  9 park və bağını əhatə edən 2135 ədəd nöqtənin işıqlandırılması, eləcə də şəhər 2, 3, 4 və  5 nömrəli tam orta məktəblərinə, şəhər 1 və 3 nömrəli uşaq bağçalarına istilik enerjisinin verilməsi təmin olunmuşdur.

     Məlum olduğu kimi rayonumuzda 295 ailə olmaqla 1113 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Hesabat dövründə onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşgulluğunun artırılması və sosial müdafiəsinə yönəldilmiş tədbirlərin icrası vəziyyəti daim rayon rəhbərliyinin və əlaqədar təşkilatların diqqət mərkəzində saxlanılmaqla lazımi qayğı göstərilmişdir.

     Hesabat dövründə rayon üzrə 282  nəfər   hərbi   xidmətə  yola  salınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi, rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman idarəsi ilə birlikdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda vətənə sevgi, dövlətə sadiqlik, Konstitusiya  və  qanunlara hörmət, dövlət  rəmzlərinə, hərbi  anda  və döyüş bayrağına  ehtiram hisslərinin  aşılanması istiqamətində tədbirlər keçirilmişdir.

2016-cı ildə rayonda 92 cinayət hadisəsi baş vermiş, cinayətlərin açılma faizi  95,7 % olmuşdur. 2016-cı il  ərzində qeydə  alınmış cinayətlərdən 5-i ağır və  xüsusilə  ağır, 44-ü az   ağır və  43-ü  isə  böyük  ictimai  təhlükə   törətməyən  cinayətlər olmuşdur. Hesabat  dövründə   qeydə alınmış cinayətlərdən 23-ü şəxsiyyət  əleyhinə olmaqla, qəsdən sağlamlığa   ağır  zərər vurma, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd  və qəsdən sağlamlığa  ağır zərərvurma  cinayətləri qeydə alınmamışdır.                       

    2016-cı ildə  8  yol  nəqliyyat  hadisəsi  baş  vermiş bu  qəzalar   nəticəsində 2 nəfər ölmüş və 7 nəfər isə  müxtəlif   bədən  xəsarəti  almışdır.    

       Təsdiq olunmuş qrafikə uyğun olaraq 2016-cı ildə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun yaşayış məntəqələrində 50 səyyar qəbul keçirilmişdir. Səyyar qəbullarda iştirak edən 2760 nəfərin 225-i çıxış etmişdir. Vətəndaşlar tərəfindən edilmiş 225 müraciətdən 25-i əsassız sayılmış, 173 müraciətə yerində cavab verilmiş, 27 müraciətlə bağlı qəbul vərəqəsi yazılaraq aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinə göndərilməklə icrası nəzarətə götürülmüşdür.

         Məlum olduğu kimi 2016-cı ilin sentyabr ayının 26-da ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçirilmişdir. Rayon İcra Hakimiyyəti Seçki Məcəlləsinə uyğun olaraq icra orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə əlaqədar vəzifələrin icrasını təmin etmişdir. Belə ki, seçici siyahılarının hazırlanıb məntəqə seçki komissiyalarına verilməsi təmin edilmiş, seçicilərin öz iradələrini ifadə edə bilmələri üçün seçki məntəqələri təmir edilmiş, lazımi inventar və avadanlıqlarla təmin edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə seçicilərlə görüşlərin keçirilməsi üçün açıq və qapalı yerlər ayrılmış, təşəbbüs qruplarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Nəticədə konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum rayonumuzda Seçki Məcəlləsinin tələblərinə uyğun müvəffəqiyyətlə başa çatmışdır.

 Hesabat ilində Rayon İcra Hakimiyyəti başçısının Aparatına 39 ədəd Azərbaycan Respublikasının Qanunu, Respublika Prezidentinin 75 fərman və sərəncamı, Prezident Administrasiyası rəhbərinin 2 sərəncamı və 17 xidməti sənədi, Nazirlər Kabinetinin 55 sərəncam və qərarı, 55 xidməti sənədi, respublikanın mərkəzi icra orqanları və digər idarə və müəssisələrindən 251, rayon təşkilatlarından isə 537 olmaqla cəmi 1031 sənəd daxil olmuşdur. Daxil olmuş sənədlər müvafiq təlimat və göstərişlərə uyğun olaraq işlənmişdir. Sənədlərə aparatın şöbələrinin məsul işçiləri, əlaqədar təşkilatlar və xidmət sahələrinin məsul işçiləri tərəfindən baxılmışdır. Aparatda vətəndaşların müraciətlərinə baxılması vəziyyəti il ərzində 1 dəfə şura iclasında, 2 dəfə isə şöbələrdə müzakirə edilmişdir.

 2016-cı ildə Rayon İcra Hakimiyyəti başçısı Aparatına Prezident Adminstrasiyasından-175, o cümlədən 3-ü nəzarətdə olmaqla, Milli Məclisdən-7, Nazirlər Kabinetindən-12, digər Respublika təşkilatlarından-47 və vətəndaşlardan-355 olmaqla, cəmi 596 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərdən 3-nə nəzarətə alınmaqla, 593-nə  isə nəzarətə alınmadan baxılmışdır. Vətəndaş müraciətlərinin baxılmasının nəticəsi olaraq hamısına müvafiq cavab məktublarının göndərilməsi təmin olunmuşdur.

Hesabat ilində daxil olmuş müraciətlərdən 18-i ailə və məişət məsələləri, 21-i enerji daşıyıcıları və su, 23-ü rayon İcra Hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, 41-i təbii fəlakət və fövqəladə hallar, 49-u mənzil məsələləri, 85-i torpaq məsələləri, 130-u əmək və sosial müdafiə məsələləri, 190-ı isə şəhərsalma və tikinti məsələləri ilə bağlı olmaqla çoxluq təşkil etmişdir.

Təsdiq olunmuş qrafikə uyğun olaraq il ərzində Rayon İcra Hakimiyyəti başçısının, müavinlərin və şöbə müdirlərinin qəbulları keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 331 nəfər, digər məsul şəxslər tərəfindən isə 515 nəfər olmaqla cəmi 846 nəfər vətəndaş qəbul edilmişdir.

        “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq hesabat ilində rayon İcra Hakimiyyətində keçirilən müşavirələrdə  yerlərdə həftə ərzində görülmüş və görüləcək işlər müzakirə olunmuş, bu iş indi də davam etdirilir.

          Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə  26 dekabr 2016-cı il tarixdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın geniş müşavirəsi keçirilmişdir. Keçirilmiş müşavirədə səsləndirilmiş irad və qeydlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən aidiyyəti üzrə baxılıb müvafiq tədbirlərin görülməsi üçün rayon İcra Hakimiyyətlərinə göndərilmişdir.

        Müşavirədə yerlərdə ayrı-ayrı vətəndaşlar və bələdiyyələr tərəfindən torpaqların istifadəsində qanunvericiliyin pozulması, təhsil, səhiyyə, mədəniyyət, maliyyə sahələrində bəzi neqativ hallara təsadüf edildiyi, vətəndaşların müraciətlərinə biganə münasibət göstərildiyi qeyd olunmaqla bütün sahələr üzrə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi və onların aradan qaldırılması məqsədilə institusional xarakterli tədbirlər hazırlanaraq həyata keçirilməsi tapşırılmışdır.

       Keçirilmiş müşavirə ilə bağlı tərəfimizdən hüquq mühafizə orqanları, eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə geniş tərkibdə iclas keçirilmişdir. Qeyd olunan neqativ hallara qarşı mübarizə sahəsində 2016-cı ildə rayonumuzda bir sıra işlər görülmüşdür. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsi tərəfindən Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyasının dəyişdirilməsinə və torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə ilə bağlı 20 hal aşkarlanmış, onlardan 16-sı üzrə ümumilikdə 6500 manat cərimə tətbiq edilmiş, bunun da 4090 manatının ödənilməsi təmin edilmişdir. Qalan 4 hal üzrə isə İnzibati Xətalar Məcəlləsinin tətbiqi ilə bağlı hazırda müvafiq işlər aparılır. Mülkiyyətdə və ya istifadədə(icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi ilə bağlı 2 hal aşkarlanaraq 180 manat cərimə tətbiq edilmiş və ödənilməsi təmin edilmişdir. Əmlakı özəlləşdirilmiş dövlət torpağında qanunsuz tikili ilə bağlı 1 hal aşkarlanmış, hazırda torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müvafiq işlər aparılır. Ötən il Qax rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən meşə qanunvericiliyinin pozulması, meşə sahələrinə qanunsuz müdaxilərlə bağlı 8529 manat məbləğində cərimə hesablanmış, həmin vəsaitin 6100 manatının ödənilməsi təmin olunmuşdur. İlisu Dövlət Təbiət Qoruğu ərazisində mal-qaranın meşələrə səllim buraxılaraq otarılmasının və  meşələrə qanunsuz müdaxilələrin qarşısının alınmasında, həmçinin meşə qanunvericiliyinə əməl olunmasında nöqsan və çatışmazlıqlar hələ də qalmaqdadır. Belə ki, il ərzində ayrı-ayrı vətəndaşlar tərəfindən qoruq və yasaqlıq ərazilərində mühafizə rejiminin pozulması, bu və ya digər qeyri-qanuni hərəkətlərə yol verilməsi ilə bağlı 10 protokol tərtib olunmuş, 9065 manat məbləğində cərimə tətbiq olunmuşdur. Həmin vəsaitin 8 min manatının qoruğun xüsusi fonduna keçirilməsi təmin olunmuşdur. 

       Müşavirədə qeyd olunan neqativ hallara  2016-cı ildə rayon Təhsil, Səhiyyə və Maliyyə sahələrində rast gəlinməmişdir. Mədəniyyət sahəsində isə digər rayonlarda olduğu kimi yalnız əmək haqqı fondu ilə bağlı müəyyən çatışmazlıqlar olmuşdur. Belə ki, Rayon Mədəniyyət və Turizm şöbəsi üzrə 2016-cı ilin sonuna 108413 manat əmək haqqı çatışmazlığı yaranmışdır.

       Müşavirədə elektrik enerjisi verilişində tez-tez açılmaların və fasilələrin yaranması, həmçinin bu sahədə mövcud çatışmazlıqlarla əlaqədar digər rayonlarla yanaşı rayonumuzun da adı qeyd olunmuşdur. Rayon ərazisində elektrik dayaqlarının əksəriyyəti istismar müddətini başa vuraraq qəzalı vəziyyətdə olduğundan küləklə müşahidə olunan yağmurlu hava şəraitində şəhərdə və kəndlərin əksəriyyətində elektrik enerjisi verilişində tez-tez açılmalar baş verir. Odur ki, Qax Elektrik Şəbəkəsi bu sahədə təxirəsalmaz tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

        Qeyd olunanlarla əlaqədar, eyni zamanda vətəndaşların müraciətlərinə baxılmasında mövcud qanunvericiliyin tələblərinə ciddi əməl olunmalı,  süründürməçiliyə yol verilməməli, vətəndaşların hər bir müraciətinə “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxılmalı, imtiyazlı vətəndaşlara isə xüsusi diqqət göstərilməlidir.

         Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun Administrasiyasını və  rayon əhalisini əmin edir ki, rayon rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələri yerinə yetirmək üçün rayonun bütün potensial imkanlarından səmərəli istifadə edərək 2017-ci ili uğurla başa vuracaqdır.

 

 

Keçidlər