Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2017-ci ilin hesabatı

Qax rayon İcra Hakimiyyəti başçısının 2017-ci ildə rayonun sosial-iqtisadi və təssərüfat sahələrində görülən işlərə dair hesabatı və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2018-ci ilin yanvar ayının 10-da keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2017-ci ilin yekunları müzakirə olunmuş, 2018-ci ildə görüləcək işlər müəyyənləşdirilmişdir.

           Dövlət başçısı giriş nitqində bu gün dünyanın müxtəlif yerlərində silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyini, risklərin və təhdidlərin artdığını bildirməklə düşünülmüş siyasət nəticəsində ölkəmizdə sabitliyin qorunub saxlanıldığını, iqtisadi islahatların getdikcə dərinləşdiyini, dövlətimizin gücünün və beynəlxalq nüfuzunun durmadan artdığını qeyd etmişdir.

         2017-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu bildirən ölkə başçısı ötən il qeyri-neft sektorunun 2.5 faiz və kənd təsərrüfatının 4.1 faiz artdığını, valyuta ehtiyatlarının 4.5 milyard dollar artaraq hazırda 42 milyard dollar təşkil etdiyini, ölkə iqtisadiyyatına 14.6 milyard dollar sərmayə qoyulduğunu,  ticarət balansının müsbət saldosunun 6.2 milyard dollar olduğunu, ixracın 19 faiz, qeyri-neft ixracının 24 faiz artdığını, 221 min yeni iş yeri açıldığını, işsizliyin 5 faiz, yoxsulluğun isə 5.4 faiz səviyyəsində olduğunu iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

         Prezident İlham Əliyev bildirmişdir ki, keçən il infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrılmış və bu istiqamətdə çox mühüm addımlar atılmışdır. Qeyd olunmuşdur ki, 2017-ci ildə sosial sahənin maliyyələşdirilməsi məqsədilə ümumilikdə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilmişdir.

        Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan ölkə başçısı Cocuq Mərcanlı kəndinin bərpasını tarixi hadisə kimi qiymətləndirərək kənddə 150 evdən ibarət yeni qəsəbənin, eyni zamanda Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərciyin salındığını və Azərbaycan dövlətinin işğalla heç vaxt barışmayacağnı bildirmişdir. 

        Ötən il energetika sahəsində tarixi hadisələrin baş verdiyini qeyd edən öklə başçısı “Azəri-Çıraq-Günəşli” yatağı üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadıldığını, bunun da  Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulmasına imkan verəcəyini, eyni zamanda Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasının təmin edildiyini, “Şahdəniz-2” layihəsinin icrasının yekunlaşmaq üzrə olduğunu, Cənubi Qafqaz kəməri layihəsinin 93 faiz,TANAP layihəsinin 90 faiz və TAP layihəsinin isə 62 faiz səviyyəsində icra olunduğunu qeyd etmişdir.

         Sənaye parklarının yaradılması istiqamətində praktiki addımların atıldığını bildirən dövlət başçısı ötən il Neftçala Sənaye Məhəlləsinin istifadəyə verildiyini, Sumqayıt Kimya Sənaye Parkında işlərin uğurla aparıldığını, Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması prosesinin davam etdirildiyini, Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışının bu il gözlənildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.

         Dövlət başçısı kənd təsərrüfatının, xüsusilə də pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışaraq bu sahələr üzrə respublika müşavirələrinin keçirildiyini və bir neçə dövlət proqramının qəbul edildiyini bildirmişdir.

          Ölkə başçısı çıxışında bildirmişdir ki, ötən ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi xalqımızın öz tarixi və dini köklərinə bağlı olduğunu bir daha göstərmiş, bu qərar İslam aləmində çox böyük dəstək və rəğbətə səbəb olmuşdur.

          Qeyd olunmuşdur ki, ötən il respublikamızda İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirilmiş, Azərbaycan komanda hesabında birinci yerə layiq görülməklə ölkəmizin siyasi, diplomatik, iqtisadi uğurlarına daha bir uğur – idman uğuru da əlavə edilmişdir.

        Prezident İlham Əliyev yekun nitqində bu ildə də bütün sahələr üzrə dövlətimizin böyük planlarının olduğunu, nəzərdə tutulmuş işlərin icrasının təmin ediləcəyinə əminliyini bildirməklə 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir.

          Hesabat ilində rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki,  Rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən 2017-ci ildə rayon üzrə məhsulun ümumi buraxılışı 154 milyon 339 min manat olmuşdur ki, bu da ötən illə müqayisədə 40 % çoxdur. Məhsulun ümumi buraxılışının tərkibində sənaye məhsulu istehsalı 12 milyon 118 min manat, ötən illə müqayisədə 40.1 faiz az, kənd təsərrüfatı məhsulu istehsalı 52 milyon 218 min manat və ya 4.7 % çox, tikintidə 50 milyon 327 min manat və ya 4.7 dəfə çox, nəqliyyatda 2 milyon 376 min manat və ya 5.7% çox, rabitədə 1 milyon 29 min manat və ya 5.1% çox, ticarətdə 36 milyon 271 min manat və ya 15.7% çox olmuşdur. Əhalinin gəlirləri 135 milyon 102 min manat, əvvəlki illə müqayisədə 1 milyon 602 min manat çox olmuşdur.

2017-ci il ərzində rayon üzrə büdcəyə 3 milyon 713 min manat proqnoza qarşı 3 milyon 802 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 102.4 faizini təşkil etmişdir. Büdcəyə yığılmış vəsaitin həcmi 2016-cı ilə nisbətən 201 min manat çox olmuşdur.

Hesabat ilində 595 yeni iş yeri açılmış, bu da əvvəlki illə müqayisədə 48 iş yeri çoxdur. Rayon üzrə orta əmək haqqı 238.7 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5.5 manat çoxdur.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ildə rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə 59 sahibkara 2 milyon 249 min manat güzəştli kreditlər verilmişdir. Verilmiş kreditlər hesabına 204 yeni iş yeri yaradılmışdır. 

          Ötən hesabat ili rayonumuzun ictimaiyyəti üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bölgəmizə səfəri ilə əlamətdar, yaddaqalan bir il olmuşdur. 03 avqust 2017-ci il tarixdə ölkə başçısının rayonumuza növbəti səfəri zamanı Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun, Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin, Bayraq Muzeyinin, 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının və 180 yerlik körpələr evi-uşaq bağçasının açılışlarında iştirak etmiş, tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olmuşdur.

       04 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə rayonumuzda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Rayonda baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə hazırlanmış “Tədbirlər Planı”na əsasən il ərzində  işlər davam etdirilmişdir.

        Ölkə başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına ötən il Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax şəhərindən Zaqatala rayonu ərazisinədək olan 18,5 km hissəsi əsaslı təmir olunmuş, yol üzərində 2 ədəd dəmir-beton körpü inşa edilmişdir. Həmçinin Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilmiş, şəhərin S.Qocayev, Nizami, Xəqani, M.Cuma, Ə.Sultanov, Nəsimi, V.Eyvazov, Koroğlu küçələrində və  M.Mustafayev, M.Gəncəvi, Y.İmrə küçələrinin isə bir hissəsində abadlıq işləri aparılaraq asfalt örtüyü salınmışdır.

       Hesabat dövründə yolların əsaslı təmiri və  abadlıq  işlərinin  görülməsi ilə bağlı  büdcədə  nəzərdə  tutulmuş  vəsait  hesabına şəhərin Ü.Hacıbəyov, M.Mustafayev, M.Gəncəvi, M.Ə.Rəsulzadə, C.Əhmədzadə küçələrinə və Dəymədağlı kəndinin giriş hissəsinə yeni asfalt örtüyü salınmışdır. Şəhərin A.Məmmədov, İ.Dağıstanlı, M.Mustafayev, C.Əhmədzadə, M.Gəncəvi və M.Ə.Rəsulzadə küçələrinin bir hissəsində abadlıq işləri aparılmışdır. Mənzil fondunun əsaslı təmiri ilə bağlı  büdcədə  nəzərdə  tutulmuş vəsait hesabına 5 ədəd kommunal yaşayış binasında təmir işləri, Ü.Hacıbəyov küçəsində yerləşən 3 ədəd kommunal yaşayış binasının həyətindəki xeyir-şər binası əsaslı təmir olunmuşdur. S.Vurğun küçəsində yerləşən 4 ədəd kommunal yaşayış binasının həyətinə isə asfalt örtüyü salınmışdır.

       Hesabat dövründə Rayon Mərkəzi  Xəstəxanasının inzibati binasında və  poliklinika  binasında, Ləkit kənd həkim  məntəqəsinin 8 otağında  təmir işləri aparılmış, İ.Dağıstanlının ev-muzeyinin dam örtüyü əsaslı təmir olunmuşdur. Həmçinin Rayon Uşaq Şahmat məktəbinin dam örtüyündə və otaqlarında əsaslı təmir işləri aparılmış, Qaxbaş kənd 1 nömrəli tam orta məktəbinin dam örtüyü əsaslı təmir olunmuş və fasad hissəsi rənglənmişdir. Şəhər 3 nömrəli tam orta məktəbinin 5  sinif otağı təmir olunmuş, Fıstıqlı kənd əsas məktəbinin isə dam örtüyü əsaslı təmir olunmuşdur. Ağyazı kənd uşaq bağçasının dam örtüyündə və otaqlarında təmir işləri aparılmışdır. Təhsil Nazirliyi tərəfindən rayonun Qaradolaq, Qarabaldır, Qapıçay və Əmircan kəndlərində modul tipli məktəblərin tikintisi davam etdirilmişdir. Baydarlı kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ Müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisində son tamamlama işləri aparılmışdır.

       Hesabat ilində İlisu kəndində 3 ulduzlu otelin, Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin Qax rayon  şöbəsinin  inzibati  binasının tikintisi işləri davam etdirilmiş, Qax Elektrik Şəbəkəsinin yeni inzibati binasının və Heydər Əliyev Fondu tərəfindən Tasmalı və Lələpaşa kəndlərində iki aztəminatlı ailəyə tikilən fərdi yaşayış evlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, İlisu kəndində 65 yerlik otelin, Ağçay kəndində isə “Bergs” otelində yeni korpusun tikintisinə başlanılmışdır. İl ərzində  rayonda 45 ədəd  fərdi  yaşayış evi və 9 ədəd sahibkarlıq obyekti olmaqla,  ümumilikdə  54 fərdi  tikinti  aparılmışdır. Kənd İnvestisiya layihəsi çərçivəsində hesabat ilində Ağçay və İlisu kəndlərində abadlıq işləri aparılmışdır.   

       Hazırlanmış “Tədbirlər Planı”na əsasən 2017-ci ildə rayonda aqrar sahə üzrə bir sıra işlər görülmüşdür. Belə ki, 2017-ci ilin məhsulu üçün əkilmiş 13868 hektar payızlıq taxıl, o cümlədən 10795 hektar buğda, 3073 hektar arpa sahələrindən rayonun tarixində ilk dəfə rekord miqdarda – 43.2  min ton payızlıq dənlilər istehsal olunmuşdur ki, bu da ötən illə müqayisədə 6.8 min ton çoxdur. Təsərrüfat ilində aqrotexniki tədbirlərin aparılmasına daha ciddi yanaşıldığından payızlıq dənlilərin məhsuldarlığı ötən illə müqayisədə 3.0 sentner artaraq  31.2 sentner təşkil etmişdir. Hər hektardan  31.7 sentner buğda məhsulu, 29.4 sentner arpa məhsulu götürülmüşdür. 2018-ci ilin məhsulu üçün  10568 hektar sahədə buğda, 3189 hektar sahədə arpa məhsulu olmaqla cəmi 13757 hektar sahədə səpin işləri aparılmışdır. Hesabat ilində 1725 hektar qarğıdalı sahəsindən 9505 ton məhsul yığılmışdır.

Rayonumuz üçün ənənəvi olan tütünçülük və baramaçılıq sahələrinin inkişafına xüsusi diqqət verilməsi nəticəsində hesabat ilində 2016-cı illə müqayisədə tütün əkini 274.8 hektar artırılaraq 605.8 hektara çatdırılmış və sahələrdən 6573.4 ton yaşıl tütün yarpağı tədarük olunmuşdur. Həmçinin il ərzində 810.3 ton quru tütün yarpağı istehsal olunmuşdur ki, bu da 2016-cı ilə nisbətdə 2.5 dəfə çox olmuşdur. Tütün satışından daxil olmuş 1 milyon 300 min manata yaxın vəsait rayon əhalisinin sosial rifahının və yaşayış şəraitinin daha da yaxşılaşmasına təsir göstərəcəkdir.

 Hesabat ilində əvvəlki illə müqayisədə 8.7 ton çox olmaqla 12.5 ton miqdarında yüksək keyfiyyətli barama istehsal olunmuşdur. İstehsal olunmuş baramaya görə barama istehsalçılarına 112.5 min manat vəsaitin ödənilməsi təmin olunmuşdur. Yaxın gələcəkdə barama istehsalı sahəsində daha uğurlu nəticələr əldə olunması üçün rayonun daxili imkanları hesabına yetişdirilmiş 119200 ədəd yerli tut toxmaçar və tinglərin, həmçinin Çin Xalq Respublikasından gətirilmiş 60 min ədəd yüksək məhsuldar tut tinglərinin əkini təmin olunmuşdur. Hesabat ilində Damazlıq İpəkçilik Stansiyasının bərpası ilə bağlı işlərə başlanılmış, işlər hazırda davam etdirilir.

İl ərzində rayon ərazisində 1214 hektar sahədə yeni fındıq bağları salınmışdır.

        Hesabat ilində Aqropark ərazisinin suvarma suyu ilə təmin olunması məqsədilə 4.5 km uzunluğunda 1200 mm-lik daşıyıcı su xətti çəkilmişdir. Aqroparkın Daşüz adlanan ərazisində 15 ədəd dairəvi Pivot suvarma sistemi quraşdırılmışdır. Yeni salınacaq meyvə bağları üçün damcılı suvarma sisteminin quraşdırılması işləri hazırda davam etdirilir.

Hesabat dövründə Aqroservis filialı tərəfindən məhsul istehsalçılarına güzəştli şərtlərlə 1146 ton azot, 196 ton ammofos, 252 ton karbamid, 278 ton nitroamofoska, 5 ton fosfor gübrələrinin, həmçinin 2450 litr miqdarında müxtəlif növ pestisidlərin satışı təmin olunmuşdur. Mövsüm  ərzində müəssisənin texnikaları vasitəsi ilə 600 hektar sahədə şum,1800 hektar sahədə payızlıq taxılların, 120 hektar qarğıdalı biçini  aparılmışdır.

         Hesabat ilində 7393 hektar payızlıq taxıl sahələrində gəmiricilərə, 880 hektar sahədə taxıl böcəyinə, 5780 hektar sahədə müxtəlif növ alaqlara, 296 hektar sahədə  çəyirtkəkimilərə, rayonun ayrı-ayrı ərazilərində 475 hektar əkin və qeyri-əkin sahələrində ambroziyaya qarşı kimyəvi mübarizə aparılmış, 993 hektar sahədə isə mexaniki yolla məhv edilmişdir.

        Hesabat ili ərzində rayonda fəaliyyət göstərən 3 özəl toxumçuluq müəssisəsi və 1 nəfər taxıl toxumçuluğu ilə məşğul olan fiziki şəxs tərəfindən 2117 ton yüksək kondisiyalı toxum istehsal olunaraq məhsul istehsalçılarına satılmışdır.

       Hesabat ilində 2325 nəfər istehsalçıya 950.3 min manat məbləğində yardımın ödənilməsi təmin olunmuşdur. 83 hektar təkrar əkinlərə görə  32 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 4410 manat məbləğində yardımın verilməsi üçün sənədlər Respublika Komissiyasına təqdim olunmuşdur. Hesabat dövründə rayonda taxıl toxumçuluğu ilə məşğul olan təsərrüfatlara satdıqları yüksək reproduksiyalı toxumlara görə 156.5 min manat subsidiyanın verilməsi təmin edilmişdir.

       Hesabat ilində rayon ərazisində torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə 228.02 min m3 həcmdə lildən təmizləmə, 1478 m3  beton kanallarda və 11 ədəd hidropostlarda, 14 ədəd hidroqurğuda  təmir işləri aparılmışdır.

       Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 792.4 min m3 daşqın və selə qarşı məcratəmizləmə işləri aparılmış, 1492 m3 qabyon,  4022 m3 daş-beton və 88.3 m3 beton bəndlərdə daşqın və selə qarşı sahilbərkitmə işlərinin aparılması üçün təmir işləri aparılmışdır.   

       İl ərzində rayonun Qaradolaq kəndində 2 ədəd olmaqla, Almalı, Zəyəm, Lələpaşa və İngiloy-Kötüklü kəndlərində ümumilikdə 6 ədəd subartezian quyusu qazılmışdır.

Hesabat ilində rayonun florasının zənginləşdirilməsi, yaşıllıqların inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilərək Şəki-Qax-Zaqatala magistral yol kənarlarında 780  ədəd,  inzibati ərazi dairələrində isə 3500 ədəd müxtəlif növ ağaclar əkilmişdir. Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 151.5 hektar sahədə fındıq bağı və 18.5 hektar sahədə meşə əkini aparılmış, 1.8 hektar sahədə tinglik salınmış, müvəqqəti tinglik sahələrində isə 355 min ədəd əkin materialı yetişdirilmişdir.

 İlisu Dövlət Təbiət Qoruğu tərəfindən Dövlət yasaqlığı ərazilərində və xüsusi mühafizə olunan təbiət ərazilərilə həmsərhəd ərazilərdə fauna elementlərinin qorunması və mühafizə rejiminə əməl olunması ilə bağlı tədbirlər davam etdirilmişdir.

İl ərzində epizootiya əleyhinə tədbirlərin icrası təmin olunmuş, profilaktik tədbirlər vaxtlı vaxtında aparıldığından  mal-qara arasında yoluxucu xəstəliklərin baş verməsi halları müşahidə olunmamışdır. Həmçinin rayonda cins maldarlığın inkişafı və süni mayalandırmanın tətbiqinin daha da genişləndirilməsi istiqamətində aparılan tədbirlər davam etdirilmişdir. Hesabat ilində 3316 baş inək-düyə süni mayalandırılmışdır ki, bu da əvvəlki illə müqayisədə 892 baş çox olmuşdur. Süni yolla mayalandırılmış inək-düyələrdən 1781 baş sağlam bala alınmış, bu da əvvəlki illə müqayisədə 380 baş çox olmuşdur. Hesabat ilində  süni mayalama nəticəsində doğulmuş hər baş buzova görə 100 manat məbləğində olmaqla 1716 nəfərə 189.7 min manat vəsaitin verilməsi təmin olunmuşdur.  İl ərzində respublikaya idxal olunan yüksək məhsuldar cins düyələrdən 20 başının hevandarlıqla məşğul olan 5 nəfər sahibkara 50 faiz güzəstlə lizinq yolu ilə satılması təmin olunmuşdur. 01 yanvar 2018-ci il tarixə rayonda 22314 baş iribuynuzlu mal, o cümlədən 11345 baş ana mal,  65238 baş qoyun-keçi,  107403  baş müxtəlif növ ev quşları və 9166 arı ailəsi mövcud olmuşdur. Hesabat dövründə 3 özəl inkubatorda 300 mindən artıq birgünlük cücə çıxarılaraq əhaliyə satılması təmin olunmuşdur.

İl ərzində həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2016-cı illə müqayisədə ət istehsalı 7.4 ton artaraq 3019.8 tona, süd istehsalı 48.7 ton artaraq 15985.4 tona, yumurta istehsalı 12.0 min ədəd artaraq 7 milyon 895 min ədədə, yun istehsalı 0.1 ton artaraq 126.9 tona çatmışdır.

        Hesabat ilində  Dövlət İmtahan  Mərkəzi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində  buraxılış imtahanları keçirilmiş, imtahanlarda IX  siniflər üzrə 589, XI  siniflər üzrə 504 nəfər şagird  iştirak etmişdir.

          Hesabat  ilində rayonun ümumtəhsil məktəblərindən  5  nəfər  pedaqoji işçi  ixtisasartırma  kurslarına  cəlb  olunmuşdur.

         Diaqnostik qiymətləndirmədə iştirak  etmiş rayonun 1229 nəfər müəllimindən 3 nəfəri - şəhər 1 nömrəli məktəbin biologiya, şəhər 2 nömrəli məktəb-liseyin  və  Cəlayir  kənd  tam orta məktəbin azərbaycan  dili və ədəbiyyat müəllimləri maksimum nəticə göstərərək - 60  bal  toplamışlar.

Hesabat dövründə rayonun tam orta  məktəblərinin Azərbaycan və rus bölmələrini  bitirmiş 436 nəfər məzundan 280 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş və 177 nəfər  tələbə adını qazanmışdır. Onlardan 17 nəfəri 600-dən çox, 48 nəfəri isə 500-700 arası  bal toplamışdır.

5 yaşlı uşaqların  məktəbəhazırlıq  təhsilə cəlb olunması  məqsədi ilə  rayonun 18 ümumtəhsil məktəbində 19 məktəbəhazırlıq qrupu fəaliyyətə  başlamış və  qruplara 344 uşaq cəlb  edilmişdir. 

        Hesabat ilində rayon Mərkəzi Xəstəxanasının 110 nəfər həkim və 395 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir.  Azərbaycan  Respublikasının Prezidenti  cənab  İlham Əliyevin tapşırığına əsasən 2017-ci ilin fevralın 15-dən may  ayının 15-dək rayonda əhalinin 18  yaşdan yuxarı 42730 nəfərdən 40546 nəfərinin  tibbi  müayinədən  keçirilməsi təmin  olunmuşdur. Müayinə zamanı 4917 nəfər ambulator, 62 nəfər stasionara  cəlb  olunmuş, 9 nəfər isə müalicə  üçün  Bakı  şəhərinə  göndərilmişdir.

İl ərzində cərrahiyyə şöbəsində 554 əməliyyat  aparılmışdır  ki, bunlardan 57-si təcili və təxirəsalınmaz əməliyyat olmuşdur. Rayon üzrə  il ərzində   0-1 yaşa kimi 3, 1-5 yaş arası 1 və 5-17 yaş arası isə 1 uşaq ölümü qeydə alınmışdır. Hesabat dövründə 22 nəfər həkim və 42 nəfər orta  tibb işçisi ixtisasartırma kursunda olmuşdur.

Hesabat dövründə 196.4 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüşdür. Güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 123.3 min manatlıq dərman preparatları  verilmişdir. İl  ərzində rayonda ilkin olaraq 19 nəfər vərəm, 114 nəfər diabetli xəstə və 109 nəfər onkoloji xəstə  qeydə alınmışdır.

         Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən peyvəndlərin tətbiqinə daim nəzarət olunmuş və rayonun müalicə profilaktika müəssisələrinə praktik köməklik göstərilmişdir. Peyvəndləmə işləri 98 faiz həyata keçirilmişdir.

Hesabat ilində Rayon Mədəniyyət və Turizm şöbəsi Bakı şəhəri  Dənizkənarı Milli Parkda  keçirilən “Novruz” şənliklərində iştirak etmiş, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Novruz festivalında” Rayon Uşaq İncəsənət məktəbinin “Tumurcuq”  rəqs kollektivi və Əlibəyli kənd mədəniyyət evinin “Pesvebi” rəqs qrupu uğurla çıxış etmişdir.

Rayonumuz respublikanın  turizm potensialına malik olan rayonlarından biri olduğundan hər il rayona gələn turistlərin sayı  artmaqdadır.  Belə ki, hesabat ilində rayonda 43383 nəfər  turist  istirahət  etmiş, bu da 2016-cı illə müqayisədə 17079 nəfər çox olmuşdur. 2017-ci ildə rayona gələn turistlərin 40124 nəfəri yerli, 3259 nəfəri isə xarici turist olmuşdur.

         Rayon Gənclər və İdman İdarəsi hesabat ilində iş planına uyğun olaraq rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Belə ki, il ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş sərbəst  güləş, ağır  atletika, taekvando və cüdo yarışlarında rayonumuzun idmançıları yüksək nəticələr əldə etmişlər.

          Hesabat ilində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar 25 aprel 2017-ci il tarixdə rayonumuzda möhtəşəm “Su festivalı” keçirilmişdir. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq rayonumuzda da il ərzində müxtəlif tədbirlər həyata keçirilmişdir.

        Hesabat ilində  28 mart 2017-ci il tarixdən 26 aprel 2017-ci il tarixədək bir ay ərzində rayon ərazisində “Asan Xidmət” avtobusu tərəfindən vətəndaşlara səyyar xidmət göstərilmişdir. Xidmət göstərilən müddətdə vətəndaşlar tərəfindən 4507 müraciət daxil olmuşdur. Daxil olmuş bütün müraciətlərlə bağlı Xidmət tərəfindən müvafiq sənədlər hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, hesabat ilində rayon İcra Hakimiyyəti tərəfindən Balakən “ABAD” və Qəbələ regional “ASAN  xidmət” Mərkəzləri  ilə birlikdə  rayon ictimaiyyəti ilə maarifləndirmə xarakterli görüşlər keçirilmişdir.

          Hesabat ilində Dövlət Sosial Müdafiə Fondunun Qax Rayon Şöbəsi üzrə yaşa görə 222 nəfərə, əlilliyə görə 129 nəfərə, ailə başçısını itirməyinə görə isə 16 ailəyə əmək pensiyası təyin olunmuşdur. Pensiyanın 1 nəfərə düşən orta aylıq məbləği 186.03 manat təşkil etmişdir. 01 yanvar 2018-ci il tarixə şöbə üzrə ümumilikdə 8514 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur.

       “Sosial müavinətlər haqqında” Qanuna uyğun olaraq şöbədə hesabat ilində 130 nəfərə yaşa görə, 91 nəfərə əlilliyə görə, 20 nəfərə ailə başçısını itirməyinə görə və 21 nəfər sağlamlıq imkanları məhdud olan  18  yaşadək uşağa aylıq müavinət təyin olunmuşdur. Müddət ərzində uşağın doğulmasına görə 769 nəfərə, penitensiar xidmətdən azad olunan 18 nəfərə, dəfn üçün 349 nəfərə və 14 nəfər Çernobıl əlilinə birdəfəlik müavinət verilmişdir. 01 yanvar 2018-ci il tarixə şöbə üzrə 115 ünvanlı sosial yardım işi hərəkətdə olmuş, 1 ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 138.23 manat təşkil etmişdir.

         Hesabat dövründə Qax Rayon Məşğulluq Mərkəzində 793 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 80 nəfərə işsiz statusu verilmiş, 298 nəfər işlə təmin olunmuşdur.  01 yanvar 2018-ci il tarixə mərkəz üzrə işsiz statusu olanların sayı ümumilikdə 143, mərkəzdə işaxtaran kimi qeydiyyatda olanların sayı isə 1054 nəfər olmuşdur. Mərkəz tərəfindən iyun ayında keçirilmiş Əmək yarmarkasında 340 nəfər vətəndaş iştirak etmiş, onlardan 52 nəfərinə iş yerinə göndəriş verilmişdir.

         Hesabat ilində 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən vətəndaşların əmək və sosial hüquqlarının pozulması ilə bağlı daxil olmuş 11 müraciətə baxılaraq araşdırılması təmin olunmuşdur. Müfəttişlik tərəfindən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsində yaranan çətinliklərlə bağlı 32 işəgötürənə metodiki köməklik göstərilmişdir.

      Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən hesabat ilində məişət tullantılarının daşınmasına dair bağlanmış müqavilələrə uyğun olaraq 1775 təsərrüfat subyektinə,  kommunal evlərdə yaşayan 678 abonentə, 290 sahibkara, 28 idarə, müəssisə və təşkilata müvafiq  xidmətlərin göstərilməsi təmin edilmişdir. Xidmət üçün şəhər ərazisində 1 qutu, 15 xüsusi yer və 170 konteyner ayrılmışdır. Kombinat tərəfindən şəhər ərazisində 25 hektar sahədə yaşıllıqlara xidmət göstərilmiş, küçə və parklarda 700 ədədə yaxın müxtəlif növ ağac tingləri, 22 min ədəd gül və çiçək əkilmiş, şəhərin giriş hissəsində 500 ədəd sərv və 200 ədəd sarağan ağacının tingləri basdırılmışdır.

Hesabat ilində Kombinat tərəfindən  şəhərin 69 küçə və prospektini, eləcə də  9 park və bağını əhatə edən 2135 ədəd nöqtənin işıqlandırılması, şəhər 1, 3 və  5 saylı uşaq bağçalarına istilik enerjisinin verilməsi təmin olunmuşdur.

       Qax Telekommunikasiya Qovşağında 2017-ci ildə tarif gəliri proqnozuna 100.1 faiz əməl olunaraq 1 milyon 213 min 900 manat gəlir əldə edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 106 min manat çox olmuşdur. Hesabat dövründə 167 ədəd telefon çəkilmiş, ümümilikdə qovşağın montaj tutumu 11734 nömrə təşkil etmişdir. Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə 7 ədəd avadanlıq quraşdırılmışdır. Rayon üzrə internet  abunəçilərinin sayı 5443 nəfərə çatmışdır.

       Qax Elektrik Şəbəkəsi tərəfindən 2017-ci ildə 31 ədəd transformator yarımstansiyası cari,  24 ədəd transformator yarımstansiyası əsaslı təmir olunmuş, 13 ədəd yeni ayrıcı və 2977 ədəd sayğac quraşdırılmışdır.  Qax şəhərində, Qaxbaş və İlisu kəndlərində ümumilikdə  22 ədəd  yeni  transformator  yarımstansiyası  quraşdırılmış,  72.6 km uzunluğunda  SİP  kabeli  çəkilmiş,  0.4 kV-luq  şəbəkənin  qurulması  üçün  1530 ədəd  metal  boru  dayaq,   10 kV-luq  xəttin  çəkilişi  üçün  isə 409 ədəd  dəmir-beton  dayaq  basdırılmış və 10.2 km uzunluğunda yeni xətt çəkilmişdir.

         Yeni 110 kV-luq hava xəttinin çəkilişi məqsədilə 78 ədəd dayaq basdırılmış və 13 km uzunluğunda yeni xətt çəkilmişdir. 35 kV-luq Qaxbaş hava xəttində isə  48 ədəd dayaq basdırılaraq 7.5 km uzunluğunda yeni xətt çəkilmişdir. Hesabat dövründə  35/10kV-luq “İlisu” yarımstansiyasının tikintisi başa çatdırılmışdır.

         Hesabat dövründə Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax sahəsi tərəfindən 106 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmiş, 18 ədəd smartkart tipli sayğac quraşdırılmış və 150 mənzilə qaz çəkilişi aparılmışdır. İl ərzində rayon üzrə 15598 ev təsərrüfatından 9779 təsərrüfat təbii qazdan istifadə etmişdir. Sahə tərəfindən Qaxbaş kəndi ərazisində 238 pm, şəhərin S.Qocayev küçəsində 331 pm, X.Hasilova küçəsində 335 pm, C.Məmmədquluzadə küçəsində 130 pm və C.Cabbarlı küçəsində 180 pm  uzunluğunda d-57 mm-lik, N.Nərimanov küçəsində isə 80 pm uzunluğunda d-40 mm-lik  yeni qaz xəttinin çəkilişi aparılmışdır.         

        Hesabat ilində Qax Sukanal İdarəsi tərəfindən 5475 abonent olmaqla 13799 nəfər içməli su ilə təmin olunmuşdur. İdarə tərəfindən xidmət göstərilməsi üçün 14 büdcə, 18 respublika, 128 kommersiya və 35 sənaye təşkilatı ilə müqavilə bağlanılmışdır. Əhaliyə içməli suyun verilməsi üçün idarə tərəfindən su sayğacların quraşdırılması işi davam etdirilərək smartkart tipli su sayğaclarının sayı 3988 ədəd, mexaniki su sayğaclarının sayı isə 511 ədəd olmaqla rayon üzrə quraşdırılmış su sayğaclarının ümumi sayı  4499-a çatdırılmışdır.

     Məlum olduğu kimi rayonumuzda 275 ailə olmaqla 1066 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Hesabat dövründə onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşgulluğunun artırılması və sosial müdafiəsinə yönəldilmiş tədbirlərin icrası vəziyyəti daim rayon rəhbərliyinin və əlaqədar təşkilatların diqqət mərkəzində saxlanılmaqla lazımi qayğı göstərilmişdir.

     Hesabat dövründə rayon üzrə 247 nəfər   hərbi   xidmətə  yola  salınmış, 311 nəfər isə hərbi xidmətdən tərxis olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi, rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman idarəsi ilə birlikdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində tədbirlər keçirilmişdir.

Hesabat ilində rayonda 108 cinayət hadisəsi baş vermiş, cinayətlərin açılma faizi  96,7 % olmuşdur. 2017-ci il  ərzində qeydə  alınmış cinayətlərdən 9-u ağır, 69-u az   ağır və  30-u  isə  böyük  ictimai  təhlükə   törətməyən  cinayətlər olmuşdur. Hesabat  dövründə   qeydə alınmış cinayətlərdən 15-i şəxsiyyət  əleyhinə,  2-si qəsdən adam öldürmə, 4-ü  qəsdən sağlamlığa  az ağır  zərər vurma və 8-i  qəsdən sağlamlığa  yüngül zərər vurma cinayəti olmuşdur.

    2017-ci ildə rayon ərazisində 13 yol  nəqliyyat  hadisəsi qeydə alınmış, 1 nəfər ölmüş və 12 nəfər isə  müxtəlif  bədən  xəsarəti  almışdır. Hesabat ilində yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə sahəsində aparılan tədbirlər zamanı 2700 yol hərəkəti qayda pozuntusu aşkar edilmişdir.  

         Təsdiq olunmuş qrafikə uyğun olaraq 2017-ci ildə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun yaşayış məntəqələrində 48 səyyar qəbul keçirilmişdir. Səyyar qəbullarda iştirak etmiş 2375 vətəndaşdan 166 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərlə bağlı aidiyyəti xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilməklə icrası nəzarətə saxlanılmışdır.

 2017-ci ildə Rayon İcra Hakimiyyəti başçısı Aparatına Prezident Adminstrasiyasından-138, o cümlədən 5-i nəzarətdə olmaqla, Milli Məclisdən-5, Nazirlər Kabinetindən-3, digər Respublika təşkilatlarından-31 və vətəndaşlardan-443 olmaqla, cəmi 620 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərdən 5-nə nəzarətə alınmaqla, 615-nə  isə nəzarətə alınmadan baxılmışdır. Vətəndaş müraciətlərinin baxılmasının nəticəsi olaraq hamısına müvafiq cavab məktublarının göndərilməsi təmin olunmuşdur.

Təsdiq olunmuş qrafikə uyğun olaraq il ərzində Rayon İcra Hakimiyyəti başçısının, müavinlərin və şöbə müdirlərinin qəbulları keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 237 nəfər, digər məsul şəxslər tərəfindən isə 372 nəfər olmaqla cəmi 609 nəfər vətəndaş qəbul edilmişdir.

        “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq hesabat ilində rayon İcra Hakimiyyətində keçirilən müşavirələrdə  yerlərdə həftə ərzində görülmüş və görüləcək işlər müzakirə olunmuş, iş hazırda da davam etdirilir.

           Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun Administrasiyasını və  rayon əhalisini əmin edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələri yerinə yetirmək üçün rayonun bütün potensial imkanları səfərbər edilərək 2018-ci il uğurla başa vurulacaqdır.

      

 

 

Keçidlər