Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2018-ci ilin hesabatı

Qax Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ildə rayonun sosial-iqtisadi və təssərüfat sahələrində görülən işlərə dair hesabatı və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2019-cu ilin yanvar ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2018-ci ilin yekunları müzakirə olunmuş, 2019-cu ildə görüləcək işlər müəyyənləşdirilmişdir.

         Giriş nitqində ölkə başçısı 2018-ci ilin respublikamız üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq ölkəmizin dinamik inkişaf etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın icrası başa çatmış, proqram çərçivəsində bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə aparılaraq 100 minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılmış, kənd təsərrüfatı daha sürətlə inkişaf etmiş və bu il növbəti dördüncü proqram qəbul olunacaqdır. Keçən il bölgələrə 24, xarici ölkələrə isə 16 dəfə səfər etdiyini deyən dövlət başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirmiş, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini vurğulamış, respublikamızın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanmış Konvensiyada ölkəmizin mövqeyi öz əksini tapdığını bildirmişdir.

         Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan ölkə başçısı 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanıldığını, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq sahəsinə tam nəzarət olunduğunu, Azərbaycan xalqının və dövlətinin heç vaxt işğalla barışmayacağını bildirmişdir.

        İclasda qeyd olunmuşdur ki, ötən il dövlətimizin müasir tarixində xüsusi yerə layiq olan bir sıra layihələr ərsəyə gəlmişdir. Belə ki, “Cənubi Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələri uğurla reallaşmış, “Azərspace-2” peyki orbitə buraxılmış, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Sumqayıtda polipropilen zavodu, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodu istismara verilmişdir.

        2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirmişdir ki, ötən il iqtisadi artım 1.4 faiz olmuş, qeyri-neft sektoru 1.8 faiz, sənaye istehsalı 1.5 faiz, kənd təsərrüfatı 4.6 faiz, ixrac 36 faiz, əhalinin pul gəlirləri 9.2 faiz artmış, xarici ticarət balansının müsbət saldosu 8.6 milyard dollar təşkil etmişdir. Həyata keçirilmiş işlər nəticəsində respublikamızın valyuta ehtiyatları 3 milyard dollar artaraq 45 milyard dollara çatmış, 118 min daimi iş yeri yaradılmış, inflyasiya isə cəmi 2.3 faiz olmuşdur. Ötən il ölkə iqtisadiyyatına 17.2 milyard manat sərmayə qoyulmuşdur ki, bunun da 11 milyard manatı qeyri-neft sektorunun payına düşmüşdür. Qeyd olunmuşdur ki, respublikamızda görülmüş işlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, Dünya Bankının “Doing Business” hesabatında 2018-ci ildə ölkəmiz 32 pillə irəliləyərək biznes üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə qərarlaşmışdır.

         Ölkə başçısı bildirmişdir ki, keçən il infrastruktur layihələrinin icrası istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki, ümumilkdə 2 min kilometr uzunluğunda avtomobil yolu, o cümlədən 920 kəndin yol infrastruktru yaxşılaşdırılaraq yeni yollar salınmış, bölgələrdə sürətli qazlaşdırma işləri aparılmış, elektrik təchizatı yaxşılaşdırılmış, həmçinin görülmüş tədbirlər nəticəsində 100 min hektardan çox sahənin suvarılması təmin edilmişdir. Sosial infrastruktur layihələrinin icrası davam etdirilərək 140-dan çox məktəb tikilmiş, 400-ə yaxın hərbiçiyə, 5800 məcburi köçkün ailəsinə, 626 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər verilmişdir. Bu ildə də infrastruktur layihələrinin icra ediləcəyini bildirən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini qeyd etmişdir.

        Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya idman komplekslərinin, “ASAN xidmət” mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən ölkə başçısı sahibkarlığın inkişafı ilə bağlı əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd etmiş, kənd təsərrüfatında, həmçinin turizm sahəsində islahatların nəticə verəcəyinə əmin olduğunu bildirmişdir.

         Respublikamızda sənaye zonalarının, sənaye məhəllələrinin, sənaye parklarının yaradılmasının geniş vüsət aldığını bildirən ölkə başçısı hazırda Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlərdə də bu istiqamətdə işlərin aparıldığını, bu layihələrin icrası nəticəsində 11 min yeni iş yeri yaradıldığını qeyd etmişdir.

         Müşavirədə bildirilmişdir ki, respublikamızda investisiya təşviqi mexanizmi çərçivəsində 333 investisiya təşviqi sənədi verilmiş, bunlardan 107-si 2018-ci ildə icra edilmişdir. Layihələrin icrası nəticəsində 12 min iş yeri yaradılmış, bu mexanizm işə düşdükdən sonra icra edilən layihələrin ümumi investisiya həcmi 2.8 milyard manat olmuşdur.  

        2019-cu ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən Prezident İlham Əliyev vergi və gömrük sahəsində aparılan islahatlar nəticəsində həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və yaxşı nəticələrin əldə edildiyini bildirmişdir.

       Yekun nitqində Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili “Nəsimi İli” elan etdiyini bildirmişdir.

         Ötən il respublikamızda olduğu kimi rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki,  Rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən 2018-ci ildə rayon üzrə məhsulun ümumi buraxılışı 157 milyon 478 min manat olmuş, bu da əvvəlki illə müqayisədə 2.3 faiz çox olmuşdur. Məhsulun ümumi buraxılışının tərkibində sənaye məhsulu istehsalı 12 milyon 126 min manat, əvvəlki illə müqayisədə 2.2 faiz çox, kənd təsərrüfatı məhsulu istehsalı 53 milyon 848 min manat və ya 3.1 faiz çox, tikintidə 49 milyon 804 min manat və ya 1.1 faiz az, nəqliyyatda 2 milyon 415  min manat və ya 1.6 faiz çox, rabitədə 1 milyon 108 min manat və ya 7.7 faiz çox, ticarətdə 38 milyon 177 min manat və ya 5.9 faiz çox olmuşdur.

Hesabat ilində rayon üzrə əhalinin gəlirləri 161 milyon 210 min manat,  orta əmək haqqı isə 259.1 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 498 min manat və 19.1 manat çox olmuşdur.

2018-ci ildə rayon üzrə büdcəyə 3 milyon 780 min manat proqnoza qarşı 3 milyon 858 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 102 faizini təşkil etmişdir. Büdcəyə yığılmış vəsaitin həcmi 2017-ci ilə nisbətən 55.4 min manat çox olmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə 8 sahibkara 3 milyon 546 min manat güzəştli kreditlər verilmişdir. Verilmiş kreditlər hesabına 98 yeni iş yeri yaradılmışdır. 

       Yola saldığımız 2018-ci il rayonumuzun ictimaiyyəti üçün ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bölgəmizə növbəti səfəri ilə əlamətdar, yaddaqalan bir il olmuşdur. Möhtərəm Prezidentimizin rayonumuza reallaşdırdığı səfərlərin hər biri rayonumuzun sosial-iqtisadi inkişafına möhkəm zəmin yaratmaqla həyatımıza tarixi hadisə kimi daxil olmuşdur. Ölkə başçısının səfərləri zamanı rayonumuzda aparılan quruculuq işlərinə, insanların əməyinə verdiyi yüksək qiymət hər birimizi ruhlandırmaqla yanaşı, məsuliyyətimizi daha da artırır, yeni-yeni uğurlara stimul verir. Bu gün rayonumuzdakı sosial-iqtisadi sahələrin, xüsusilə turizmin və kənd təsərrüfatının inkişafına, sakinlərin sosial rifahına və rahatlığına xidmət edən bir çox obyektlər məhz, möhtərəm Prezidentimizin səfərləri çərçivəsində, onun xeyir-duası ilə istifadəyə verilmişdir. Ötən il növbəti səfəri zamanı ölkə Prezidenti rayonumuzda bir sıra sosial-infrastruktur obyektlərinin açılışında iştirak etmiş və görülmüş işlərə yüksək qiymət vermişdir. Belə ki, ölkə başçısı 28 oktyabr 2018-ci il tarixdə rayonumuza səfəri zamanı Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun, “Yurd Hotel” mehmanxanasının, Qax Aqroparkının və yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışlarında iştirak etmişdir.

        Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 4 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi məqsədi ilə 15.1 milyon manat, Əlibəyli kəndində 216 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün ilkin olaraq 1 milyon manat,  Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat vəsait ayrılmışdır. Məlumat üçün bildirirəm ki, dövlət başçısının sərəncamları ilə ayrılmış vəsaitlər hesabına Əlibəyli kəndində məktəb binasının, şəhər ərazisində isə 48 mənzilli yaşayış binasının tikintisinə başlanılmış, həmçinin yuxarıda qeyd olunduğu kimi Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun  tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

       Məlum olduğu kimi, ötən il “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası başa çatmışdır. Dövlət Proqramında  rayonumuz üçün nəzərdə tutulmuş 21 bənddən ibarət tədbirlərin icrası uğurla həyata keçirilmişdir. Belə ki, proqramın icrası ilə bağlı ötən 5 il ərzində rayonumuzda inzibati binalar, Qarabağ müharibəsi əlilləri üçün fərdi mənzillər, yeni məktəb binaları, uşaq bağçaları, səhiyyə obyektləri, sahə baytarlıq məntəqələri, turizm obyektləri, yeni körpülər və beton bəndlər tikilib istifadəyə verilmiş, yaşayış məntəqələrinin qazlaşdırılması işi davam etdirilmiş, yeni artezian və subartezian quyuları qazılmış, respublika əhəmiyyətli, kəndlərarası və kəndlərin giriş yollarına asfalt örtüyü döşənmişdir. Görülmüş işlər nəticəsində son 5 il ərzində rayonda 2548-i daimi olmaqla 2637 yeni iş yeri, o cümlədən 2018-ci ildə daimi olmaqla 601 yeni iş yeri açılmışdır.

        Hesabat dövründə yolların əsaslı təmiri və  abadlıq  işlərinin  görülməsi ilə bağlı  büdcədə  nəzərdə  tutulmuş  vəsait  hesabına şəhərin S.Qazıyeva, C.Məmmədquluzadə, Ə.Cavad küçələrində, Heydər Əliyev prospektinin giriş hissəsinin yol və səkilərində, M.Rahim, Ü.Hacıbəyov, İ.Qabulov, M.Maqomayev və Babək küçələrinin isə bir hissəsində təmir işləri aparılmış, asfalt örtüyü salınmışdır. Həmçinin Zərnə kəndinin giriş yoluna asfalt örtüyü salınmışdır.

       Şəhərin İ.Qabulov, S.Qazıyeva, M.Rahim, C.Məmmədquluzadə, M.Maqomayev, Babək küçələrində və M.Müşviq küçəsi döngə 1-də su arxlarının və küçə divarlarının tikintisi, İ.Qabulov, S.Qazıyeva, M.Maqomayev, Babək küçələrində və M.Müşviq küçəsi döngə 1-də işıq dirəkləri quraşdırılmışdır. A.Bakıxanov, S.Şirvani, H.Cavid, M.Hüseyinzadə küçələrində, A.Məmmədov döngə 2-də, V.Eyvazov və X.Natəvan küçələrinin bir hissəsində su arxlarının təmiri aparılmışdır. Şəhərin 2 prospektində və 13 küçəsində hərəkət tənzimləyici xətlərin çəkilməsi və səki daşlarının rənglənməsi işi aparılmışdır.

        Mənzil fondu hesabına şəhərin Heydər Əliyev prospekti 1b, 1v və 1q saylı binaların həyətində xeyir-şər binası tikilmiş və həmin binaların həyətinə asfalt örtüyü salınmışdır. Ş.Rustaveli küçəsi 14 saylı binanın həyətinə asfalt örtüyü salınmış və abadlıq işləri aparılmışdır. İ.Mustafayev küçəsi-150 ünvanındakı birmərtəbəli yaşayış evlərinin dam örtüyü dəyişdirilmiş, N,Nərimanov küçəsindəki 6 saylı binanın fasadının bir hissəsində təmir işləri aparılmışdır. Rayon üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi məqsədi ilə şəhər ərazisində 8 kommunal yaşayış binasının fasadlarının bir hissəsində və bloklarında, 6 kommunal yaşayış binasının isə fasadlarında təmir işləri aparılmışdır.

        Hesabat dövründə Qıpçaq  kəndində 35 yerlik körpələr evi-uşaq bağçası tikilmiş, Qaxingiloy kənd 19 saylı və Qum kənd 16 saylı körpələr evi-uşaq bağçalarında təmir işlərinə başlanılmış, işlər hazırda davam etdirilir. Təhsil Nazirliyi tərəfindən rayonun Qaradolaq, Qarabaldır, Qapıçay və Əmircan kəndlərində modul tipli məktəblərin tikintisində son tamamlama,  şəhər 3 saylı və Qum kənd tam orta məktəblərində isə təmir işləri aparılmışdır. Tasmalı və Əlibəyli kəndlərində tam orta məktəb binalarının, Fıstıqlı və Aşağı-Malax kəndlərində modul tipli məktəblərin tikintisi davam etdirilmiş, Çinarlı kəndində modul tipli məktəbin tikintisinə başlanılmışdır.

       Hesabat ilində Mərkəzi Rayon Xəstəxanasının binasında və poliklinika binasında cari təmir işləri aparılmış, qazanxana binasının və maşın dayanacağının dam örtüyü dəyişdirilmiş, Əlibəyli kənd mədəniyyət evində və  Qax Rayon Gənclər və İdman idarəsinin inzibati binasının bir hissəsində cari təmir işləri aparılmışdır.

        Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2018-ci il tarixli müvafiq sərəncamı ilə Qax şəhəri üzrə müfəssəl planın hazırlanması üçün vəsait ayrılmış, işlərin görülməsi üçün Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanılmışdır. Hazırda müfəssəl planın hazırlanması ilə bağlı işlər davam etdirilir.

       Ötən il Baydarlı kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ Müharibəsi əlilinə fərdi yaşayış evinin, İlisu kəndində “Uludağ” Turizm və İstirahət Kompleksində 65 yerlik otelin və Ağçay kəndində “Bergs” otelində yeni korpusun tikintisi başa çatdırılmış, Qax şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmişdir. İl ərzində  rayonda rayon İcra Hakimiyyəti tərəfindən 98 fərdi  yaşayış evinin tikintisinə, 44 fərdi yaşayış evinin istismarına, eyni zamanda 17 sahibkarlıq obyektinin tikintisinə və 9 sahibkarlıq obyektinin istismarına icazə verilmişdir.

       Hesabat dövründə rayonda bitkiçilik və heyvandarlıq sahələrinin dinamik inkişafının təmin olunması üçün nəzərdə tutulmuş tədbirlər davam etdirilmişdir. Belə ki, 2018-ci ilin məhsulu üçün əkilmiş 13572 hektar payızlıq taxıl, o cümlədən 10468 hektar buğda, 3104 hektar arpa sahələrindən 41.1  min ton payızlıq dənlilər istehsal olunmuşdur. Payızlıq dənlilərin məhsuldarlığı  30.3 sentner təşkil etmişdir. 2019-cu ilin məhsulu üçün  10934 hektar sahədə buğda, 2881 hektar sahədə arpa məhsulu olmaqla cəmi 13815 hektar sahədə səpin işləri aparılmışdır ki, bu da ötən ilə nisbətən 58 hektar çoxdur. 

2018-ci ildə 1577 hektar qarğıdalı sahəsindən 12337 ton məhsul  tədarük edilmişdir. Dən qarğıdalının hər hektardan orta məhsuldarlığı əvvəlki ilə nisbətən 23.1 sentner çox olmaqla 78.2 sentner təşkil etmişdir.

Rayonumuz üçün ənənəvi olan tütünçülük və baramaçılıq sahələrinin inkişafına xüsusi diqqət verilməsi nəticəsində hesabat ilində 2017-ci illə müqayisədə tütün əkini 17.5 hektar artırılaraq 623.5 hektara çatdırılmış və sahələrdən 7822 ton yaşıl tütün yarpağı tədarük olunmuşdur. Bu hesaba 971.8 ton quru tütün yarpağı istehsal olunmuşdur ki, bu da 2017-cı ilə nisbətdə 161.5 ton çox olmuşdur. Tütün satışından daxil olmuş 1 milyon 500 min manatdan çox vəsait rayon əhalisinin sosial rifahının və yaşayış şəraitinin daha da yaxşılaşmasına təsir göstərəcəkdir.

 Hesabat ilində əvvəlki illə müqayisədə 12.8 ton çox olmaqla 25.3 ton yüksək keyfiyyətli barama istehsal olunmuşdur. İstehsal olunmuş baramaya görə barama istehsalçılarına 112.5 min manat vəsaitin ödənilməsi təmin olunmuşdur. Yaxın gələcəkdə barama istehsalı sahəsində daha uğurlu nəticələr əldə olunması üçün rayonun daxili imkanları hesabına yetişdirilmiş 53 min ədəd yerli, həmçinin Çin Xalq Respublikasından gətirilmiş 55 min ədəd yüksək məhsuldar tut tinglərinin əkini təmin olunmuşdur. Həmçinin hesabat ilində rayon ərazisində 601 hektar sahədə yeni fındıq bağları salınmışdır.

        Rayonda yaradılmış Aqroparkda hesabat dövründə idarəetmə mərkəzinin, hər biri 1500 ton olan 3 ədəd taxıl bunkerinin, həcmi 50 min m3-lik su anbarının, 500 tonluq su hovuzunun tikintisi başa çatdırılmışdır. Həmçinin Aqropark ərazisində meyvə bağları üçün damcılı suvarma sisteminin quraşdırılması, 50 min m3-lik su anbarına 5,5 km uzunluğunda elektrik xətlərinin çəkilişi və dairəvi suvarma sisteminin (Valley) 2-ci mərhələsinin çəkilişi işləri başa çatdırılmışdır. Rayonun Şıxlar kəndi ərazisində yerləşən paylayıcı yarımstansiyadan Aqropark ərazisinə 16 km uzunluğunda yüksək gərginlikli elektrik xətti çəkilmiş, 35 kV-luq elektrik yarımstansiyasının tikintisi hazırda yekunlaşmaq üzrədir. Su anbarlarına su vurmaq üçün 3 ədəd nasos stansiyası tikilmişdir. Aqroparkın maddi-texniki bazasının yaradılması məqsədi ilə il ərzində 29 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası alınmışdır.

         Aqroparkda 2018-ci iln məhsulu üçün əkin aparılmış 1203 hektar buğda sahəsindən 3839.5 ton,  115 hektar arpa sahəsindən 425.7 ton, 1 hektar kartof  sahəsindən 21.5 ton, 169 hektar dən üçün qarğıdalı sahəsindən 1690 ton, 65 hektar soya sahəsindən 200.2 ton  məhsul tədarük olunmuşdur.  Payızlıq dənlilərin orta məhsuldarlığı  suvarılan ərazilərdə 55 sentner təşkil etmişdir. Aqropark ərazisində 2019-cu ilin məhsulu üçün 1100 hektar sahədə buğda əkini aparılmışdır.

       Hesabat ilində rayon ərazisində torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə 377 min m3 həcmdə lildən təmizləmə, 1315 m3  beton kanallarda, 53 ədəd hidropostda və 49 ədəd hidroqurğuda  təmir işləri aparılmışdır.

       Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 1009 min m3 məcratəmizləmə işləri aparılmış, 1477 m3 qabyon,  1977 m3 daş-beton və 100 m3 beton bəndlərdə daşqın və selə qarşı sahilbərkitmə işlərinin aparılması üçün təmir işləri aparılmışdır.   

      Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə məqsədilə hesabat ilində rayonun Almalı, Oncallı, Qaratala, Cəlayir, Tasmalı, Qorağan, Qaxbaş, Meşəbaş, Əmbərçay, Zərnə, Qaradolaq, Qaşqaçay kəndlərində və Qax şəhərində ümumilikdə 13 ədəd artezian və subartezian quyusu qazılmışdır.

        Kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması, həmçinin yazlıq bitkilərin əkininə və payızlıqların biçini ilə əlaqədar 1654 nəfər istehsalçıya 1 milyon 126 min manat məbləğində yardımın ödənilməsi təmin olunmuşdur. Hesabat dövründə rayonda taxıl toxumçuluğu ilə məşğul olan təsərrüfatlara satdıqları yüksək reproduksiyalı toxumlara görə 210 min manat, təkrar əkinlərə görə kənd təsərrüfatı məhsulları istehsalçısına 21 min manat, barama istehsalçılarına 119.6 min manat məbləğində yardımın ödənilməsi təmin olunmuşdur. Tütünçülüklə məşğul olan 68 nəfər sahibkara 37.7 min manat subsidiyanın verilməsi üçun sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuşdur.

        Aqrolizinq ASC-nin Qax rayon bölməsi tərəfindən hesabat dövründə məhsul istehsalçılarına güzəştli şərtlərlə 1207 ton azot, 913 ton ammofos, 545 ton karbamid, 578 ton nitroamofoska gübrələrinin, həmçinin 2300 litr miqdarında müxtəlif növ pestisidlərin satışı təmin olunmuşdur. İl  ərzində müəssisənin texnikaları vasitəsi ilə 1200 hektar sahədə şum,1800 hektar sahədə payızlıq dənlilər və qarğıdalı biçini  aparılmışdır.

         Hesabat ilində 7393 hektar payızlıq taxıl sahəsində gəmiricilərə, 1150 hektar sahədə taxıl böcəyinə, 1735 hektar taxıl sahəsində sarı pas, 122 hektar tütün sahəsində isə tütün tripsi və pambıq sovkasına qarşı kimyəvi mübarizə aparılmışdır. Ambroziyaya qarşı dövlət hesabına verilmiş preparatla 170 hektar, həmçinin təsərrüfat subyektləri tərəfindən 1684 hektar sahədə mexaniki, 630 hektar sahədə isə  kimyəvi yolla  məhv edilməsi işləri aparılmışdır. Taxıl sahələrində müxtəlif növ alaq otlarına qarşı təsərrüfat subyektləri tərəfindən 7464 hektar sahədə kimyəvi  və 310 hektar sahədə mexaniki mübarizə tədbirləri aparılmışdır.

        Qax Regional Toxum Sertifikatlaşdırma laboratoriyası tərəfindən rayonda fəaliyyət göstərən özəl toxumçuluq müəssisələrində işlərin gedişi, aqrotexniki tələblərə əməl olunması nəzarətə götürülmüş, toxumluq əkin sahələrində aprobasiya işi aparılmışdır. İl ərzində rayonda fəaliyyət göstərən 4 özəl toxumçuluq müəssisəsi və 1 nəfər taxıl toxumçuluğu ilə məşğul olan fiziki şəxs tərəfindən 3418 ton yüksək kondisiyalı buğda, 399 ton arpa toxumu istehsal olunaraq məhsul istehsalçılarına satılmışdır. Laboratoriya tərəfindən sertifikatlaşdırılmış toxumların saxlanılmasına və etiketləşdirilməsinə nəzarət edilmiş, lakin bununla belə qeyd olunmalıdır ki, laboratoriya tərəfindən rayonda dövlət reyestrinə daxil olmayan və rayonlaşdırılmamış toxumların ticarət dövriyyəsinin qarşısının alınmasına tam nail olunmamışdır.

Hesabat ilində rayonumuzun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilmiş və bir sıra işlər görülmüşdür. Belə ki, 01 yanvar 2019-cu il tarixə rayonda 22815 baş iribuynuzlu mal, o cümlədən 11923 baş ana mal,  59581 baş qoyun-keçi,  100 min başdan artıq müxtəlif növ ev quşları və 20 minə yaxın arı ailəsi mövcud olmuşdur. Mal-qara arasında qısırlıq hallarının minimuma endirilməsi, əhali təsərrüfatlarında olan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlıq keyfiyyətlərinin yüksəldilməsi üçün süni mayalanmanın tətbiqi diqqət mərkəzində saxlanılmışdır. Ötən il ərzində 3687 baş inək-düyə süni mayalandırılmışdır ki, bu da 2017-ci illə müqayisədə 371 baş çoxdur. Süni yolla mayalandırılmış inək-düyələrdən 2017-ci ildəkindən 716 baş çox olmaqla 2497 baş salamat bala alınmışdır. Heyvandarlıq məhsullarının intensiv yolla artımına nail olunmasında başlıca rol oynayan süni mayalanmanın tətbiqinə marağın artırılması məqsədilə hesabat ilində  süni mayalama nəticəsində doğulmuş hər baş buzova görə 100 manat məbləğində subsidiyanın verilməsi məqsədilə 1444 nəfərə 167.7 min manat, həmçinin ölkə başçısının 05 mart 2018-ci il tarixli 3747 nömrəli sərəncamının icrası ilə bağlı 586 nəfər arıçıya 176 min manat subsidiyanın verilməsi təmin olunmuşdur.

Hesabat ilində respublikaya idxal olunan yüksək məhsuldar cins düyələrdən 26 başının heyvandarlıqla məşğul olan 6 nəfər sahibkara 50 faiz güzəstlə lizinq yolu ilə satılması təmin olunmuşdur. Ötən il rayonda fəaliyyət göstərən 4 özəl inkubatorda 400 mindən çox cücə çıxarılaraq əhaliyə satılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2017-cı illə müqayisədə ət istehsalı 12 ton artaraq 3031.8 tona, süd istehsalı 95.9 ton artaraq 16081.3 tona, yumurta istehsalı 13 min ədəd artaraq 7 milyon 895 min ədədə, yun istehsalı 2 ton artaraq 128.9 tona çatmışdır.

Rayonda mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün 2018-ci ildə həyata keçirilməsi nəzərdə tutulan epizootiya əleyhinə tədbirlər  planının icrası tam təmin olunmuşdur. Profilaktik tədbirlər vaxtlı-vaxtında aparıldığından  mal-qara arasında yoluxucu xəstəliklərin baş verməsi halları müşahidə olunmamışdır.

         Hər il olduğu kimi ötən ildə də icarəyə verilmiş  dövlət torpaq fonduna aid örüşlərin, xüsusilə qış otlaqlarınn təyinatı üzrə istifadə olunmasına xüsusi diqqət yetirildiyindən icarədarlar tərəfindən fond torpaqlarının təyinatının özbaşına dəyişdirilməsi, eləcə də ərazilərdə qeyri-qanuni tikintilərin aparılması hallarına yol verilməmişdir. Bununla belə bəzi sahibkarlar tərəfindən hələ də qışlaqlarda normadan artıq iribuynuzlu mal-qara saxlanması halları mövcuddur ki, bunun da qarşısının alınması üçün lazımi tədbirlər görülməlidir. Həmçinin qışlaqların su və enerji təminatının bərpa edilməsinə direktiv orqanların köməyinə ehtiyac vardır.

Hesabat ilində Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin Qax meşəbəyiliyi tərəfindən mövcud meşələrin qorunub mühafizə və bərpa olunması, yeni meşələrin salınması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, il ərzində 43 hektar sahədə fındıq, 7 hektar sahədə qoz, 2 hektar sahədə şabalıd, 1 hektar sahədə tut, 1 hektar sahədə ərik və 1 hektar sahədə göyrüc olmaqla cəmi 55 hektar sahədə meşə əkini aparılmış, müvəqqəti tinglik sahələrində 367 min ədəd əkin materialları yetişdirilmişdir. İl ərzində meşə qanunvericiliyinin pozulması, meşə sahələrinə qanunsuz müdaxilərlə bağlı 6153 manat məbləğində cərimə hesablanmış, həmin vəsaitin 5500 manatının könüllü şəkildə ödənilməsi təmin olunmuşdur. Bununla belə mal-qaranın meşələrə səllim buraxılaraq otarılmasının, meşələrə qanunsuz müdaxilələrin qarşısının alınmasında, meşə qanunvericiliyinə əməl olunmasında nöqsan və çatışmazlıqlar hələ də qalmaqdadır.

İlisu Dövlət Təbiət Qoruğunda hesabat ilində vətəndaşlar tərəfindən qoruq və yasaqlıq ərazilərində mühafizə rejiminin pozulması, bu və ya digər qeyri-qanuni hərəkətlərə yol verilməsi ilə bağlı 30 protokol tərtib edilərək 8154 manat məbləğində cərimə tətbiq olunmuş və həmin vəsaitin 7497 manatının Qoruğun xüsusi fonduna keçirilməsi təmin olunmuşdur.

Hesabat ilində rayonun florasının zənginləşdirilməsi, yaşıllıqların inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilmiş və  magistral yol kənarlarında 580 ədəd,  həmçinin inzibati ərazilərdə 3850 ədəd  müxtəlif  növ agac tingləri əkilmişdir.

Daxili bazarın qorunması, kənd təsərrüfatı məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədi ilə Bakı şəhərində, eləcə də Qax şəhərində təşkil olunmuş yarmarkalarda rayonumuzun sahibkarlarının iştirakı artıq ənənə halını almışdır. Ötən il keçirilən yarmarkalarda 50 tona yaxın müxtəlif növ kənd təsərrüfatı məhsullarının satışı təmin olunmuşdur. Həmçinin Bakı şəhərində bir ay müddətində davam edən arıçılıq məhsullarının satışı yarmarkasında rayonun arıçılıqla məşğul olan 16 sahibkarı tərəfindən 6 ton həcmində bal və digər arıçılıq məhsullarının satışı təmin olunmuşdur.

        Hesabat dövründə Dövlət  İmtahan  Mərkəzi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində  buraxılış imtahanları  keçirilmiş, imtahanlarda IX siniflər üzrə 605, XI  siniflər  üzrə 473  nəfər şagird iştirak etmişdir. IX  siniflər  üzrə müvəffəqiyyət faizi 94.59 faiz,  XI siniflər üzrə isə 76.5 faiz olmuşdur. Həmçinin dekabr ayında ümumtəhsil  müəssisələrinin IX  siniflərində təhsil alan 507 nəfər  şagird  üçün İmtahan  Mərkəzi tərəfindən buraxılış imtahanın II mərhələsi üzrə sınaq imtahanı keçirilmişdir.

        Hesabat ilində şəhər 2 saylı  məktəb-liseyin XI sinif şagirdi  Gülnur Bayramlı qızıl medalla təltif  olunmuş, həmçinin şəhər 1 nömrəli məktəbin 3 nəfər, şəhər 2 saylı məktəb-liseyin 3 nəfər IX  sinif  şagirdinə ümumi orta  təhsil, şəhər 2 saylı məktəb liseyin 3 nəfər, şəhər 5 nömrəli  məktəbin 1 nəfər və Tasmalı kənd  tam orta məktəbin 1 nəfər  XI sinif  şagirdinə tam orta təhsil haqqında fərqlənmə attestatı verilmişdir.  

       Ötən il rayonun tam orta  məktəblərinin Azərbaycan və rus bölmələrini  bitirmiş 403 nəfər məzunundan  282 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 187 nəfər  tələbə adını qazanmışdır. Onlardan 22 nəfəri 600-dən çox, 54 nəfəri isə 500-700 arası  bal toplamışdır. Rayon  üzrə 53 nəfər orta  ixtisas məktəblərinə qəbul olunmuşdur.

         Şəki şəhərində keçirilmiş fənn  olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda rayonumuzdan 47 nəfər  iştirak etmiş, final turunda rayonumuzu 2 nəfər şagird  təmsil etmişdir.

        Respublika  üzrə keçirilmiş “Ən  yaxşı təqdimat” müsabiqəsində şəhər 2  saylı məktəb-liseyin  şagirdi birinci yerə,  “Gənc xilasedici”   respublika  müsabiqəsində 2 saylı məktəb-liseyin komandası üçüncü yerə layiq  görülmüşdür. 

        Hesabat ilində Qax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs  kollektivi Azərbaycan  Xalq  Cümhuriyyətinin 100 illiyinə  həsr olunmuş “Ölkəmizin rəqs çələngi” respublika uşaq  rəqs  festifalında milli  rəqs  nominasiyasında birinci  yerə layiq görülmüşdür. “Fövqəladə hallar uşaqların gözü ilə” VIII respublika Uşaq  Yaradıcılıq müsabiqəsində iki nəfər dərnək üzvü  əl işləri  nominasiyası üzrə birinci, 1 nəfər şagird isə rəsm nominasiyası üzrə üçüncü yerə layiq  görülmüşdür.

         Respublika gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi məqsədi ilə  ölkə başçısı cənab  İlham Əliyevin  tapşırığına uyğun olaraq həyata keçirilən “Ölkəmizi tanıyaq”  devizi  altında maarifləndirici  tur-aksiyanın 40 nəfər iştirakçısı ötən il Lənkəran, Masallı və Astara rayonlarında  səfərdə  olmuşlar.

         Hesabat  ilində gənc nəslin təlim-tərbiyəsində əldə  etdiyi nailiyyətlərə görə Qum kənd  tam  orta məktəbinin direktoru Güllər Vəliyeva “Əməkdar müəllim” adına, şəhər 5 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Dilarə Abbasova “Azərbaycan Respublikasının qabaqcıl təhsil  işçisi” döş  nişanına, Qaxbaş kənd  2 nömrəli  tam  orta məktəbinin fizika müəllimi Südabə Əhmədova Azərbaycan Respublikasının Təhsil nazirinin  Fəxri Fərmanına və Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Mustafa Xasıyev “Əməkdar məşqçi” fəxri adına layiq görülmüşdür. İlisu kənd  tam orta məktəbinin direktoru Aybəniz Məmmədova  və şəhər 2 saylı məktəb-liseyn azərbaycan dili və ədəbiyyatı müəllimi Nazlı İsmayılova respublika pedaqoji müzakirələr müsabiqəsində üçüncü dərəcəli diploma  layiq  görülmüşlər.

        Rayonda fəaliyyət  göstərən ümumtəhsil  müəssisələrində məktəbəhazırlıq  qruplarının  yaradılması və 5 yaşlı uşaqların qəbulu məqsədilə  hesabat ilində 24 məktəbdə 26  məktəbəhazırlıq qrupları  təşkil edilmiş, həmin qruplara 435 nəfər uşaq cəlb  edilmişdir.

         Hesabat  ilində rayonda  1835  uşağı  əhatə  edən 36-ı  dövlət  və 1 özəl  məktəbəqədər  təhsil  məssisəsi  fəaliyyət  göstərmişdir.  

        Hesabat dövründə Qax Rayon Mərkəzi Xəstəxanasının 110 nəfər həkimi və 395 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir. Hesabat dövründə  rayon əhalisinin 18 yaşdan yuxarı  43158 nəfərindən 40916 nəfəri  tibbi  müayinədən keçmiş, onlardan  4048  nəfəri ambulator, 121 nəfəri stasionar  müalicəyə  cəlb  olunmuş, 10 nəfəri isə Bakı  şəhərinə  müalicəyə  göndərilmişdir.

        “Azərbaycan Respublikasında 2016-2020-ci  illər  üçün qanın, qan  komponentlərinin donorluğu və qan xidmətininn  inkişafına dair  Tədbirlər proqramı”na  əsasən hər il  olduğu  kimi hesabat  ilində  də  könüllü  qanvermə  aksiyası  keçirilmiş, 121 nəfərin aksiyada iştirakı təmin edilmişdir.

        Heydər Əliyev  Fondunun  “ Regional İnkişaf”  İctimai  Birliyi  və  Talassemiya  Mərkəzinin birgə  təşkilatçılığı ilə “Talasemiyyasız həyat  naminə”  devizi  ilə ikinci  regional  simpozium və  ödənişsiz tibbi müayinələr təşkil olunmuş, 50 nəfər müayinə  edilmişdir.  

        İl ərzində rayon üzrə 1 yaşadək uşaqlar arasında 2, 5 yaşadək uşaqlar arasında 2 və 17 yaşadək uşaqlar arasında 3 ölüm qeydə alınmışdır. İl  ərzində cərrahiyyə şöbəsində 485 əməliyyat  aparılmışdır  ki, bunlardan  77-si  təcili və təxirəsalınmaz əməliyyat olmuşdur.  2018-ci  ildə 26 nəfər həkim ixtisasartırma kursunda və 47 nəfər orta tibb işçisi sertifikasiya kurslarda  olmuşlar. Həkimlərin 99 faizi sertifikasiya komissiyalarından keçərək sertifikat almışdır.

        Hesabat ilində 251.2 min manatlıq  dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüşdür. Güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 156.4 min manatlıq pulsuz dərman preparatları  verilmişdir.

         Rayon Gigiyena və Epidiomologiya Mərkəzi tərəfindən hesabat dövründə peyvəndlərin tətbiqinə nəzarət olunmuş, rayonun müalicə profilaktika müəssisələrinə praktik köməklik göstərilmişdir.

         Hesabat dövründə rayon Mədəniyyət şöbəsi Baki şəhəri Dənizkənarı Milli Parkda  keçirilən “Novruz” şənliklərində iştirak etmişdir. “Şərq bazarı” və “Milli  mətbəx” bölməsində rayonumuza məxsus mətbəx nümunələri, kənd  təsərrüfatı məhsulları və tətbiqi sənət ustalarının əl işləri nümayiş olunmuşdur.  Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Novruz festivalı”nda  Qaxingiloy kənd mədəniyyət evinin “İmedi”  rəqs qrupu uğurla çıxış etmişdir.

       2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar hesabat ilində rayonun ümumtəhsil məktəblərində və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmişdir.

        Hesabat dövründə rayonda 14000 nəfər  turist  istirahət  etmişdir ki, bunlardan 13392 nəfəri yerli, 608 nəfəri isə xarici turist olmuşdur.

       Rayonda fəaliyyət  göstərən Heydər  Əliyev Mərkəzində hesabat ilində mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların qəbulu, əlamətdar və tarixi günlərə həsr olunmuş tədbirlər, respublika səviyyəli seminar-treninqlər və maarifləndirici tədbirlər, yeni ailə quran gənclərə ailə dəyərlərini aşılamaq məqsədi ilə 12 nikah  mərasimi keçirilmişdir.

       Rayon Tarix  Diyarşünaslıq  muzeyində hesabat dövründə 23 stasionar, 1 səyyar sərgi  keçirilmiş və 23 ədəd mühazirə oxunmuşdur. İl ərzində muzeyə gələnlərin sayı 12120 nəfər  olmuş, 16 ümumtəhsil məktəb muzeydə  təşkil olunmuş tarix-diyarşünaslıq üzrə səyyar dərslərdə iştirak  etmişdir.

       Rayon Gənclər və İdman İdarəsi hesabat dövründə iş planına uyğun olaraq aidiyyəti qurumlarla əlaqələri daha da genişləndirərək rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirmişdir.

        Gənclər  və İdman  Nazirliyi tərəfindən Oğuz rayonunda  keçirilən kompüter  oyunları üzrə Azərbaycan çempionatının final mərhələsində və Zaqatala şəhərində keçirilən “Şahin” hərbi idman  oyunlarının  zona  mərhələsində rayon komandası birinci yerə layiq  görülmüşdür.

        Bakı şəhərində keçirilən taekvando üzrə “Baku Open” beynəlxalq  turnirdə Musayev  Nicat birinci yeri tutmuşdur. Serbiyada keçirilən pankration üzrə Avropa çempionatında və Moskva şəhərində keçirilən dünya  çempionatında Dərişov  Ehtiram birinci yeri tutmuş və “Əməkdar idman  ustası”  adına  layiq görülmüşdür.  Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat  Olimpiadasında Xanım Balacayeva qızıl medal qazanmışdır.

         Ötən il “Heydər Əliyev Fondu”nun Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə rayonun 200 nəfər IX-XI sinif şagirdləri araında Yol Hərəkət Qaydaları Təlimlərinin və Simulyator Oyunlarının təşkili məqsədilə “Sənin Sürət Formulan” adlı yarış keçirilmişdir. Yarışda şəhər 5 saylı tam orta məktəbin XI  sinif şagirdi  Aqşin Əhmədov birinci yeri, mart ayında Bakı şəhərində 6 rayonun nümayəndələri arasında keçirilən yarışda isə ikinci yeri tutmuşdur.

        Hesabat ilində rayonda dini münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu və dövlət-din münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarının tələbləri əsasında tənzimlənmişdir. Belə ki, rayonda yaşayan milli azlıqların sosial-məişət şəraitinin yaxşılaşdırılması, inkişafı daim diqqət mərkəzində saxlanılmış, onların sosial-iqtisadi, mədəni və s. problemlərinin öyrənilməsi və həlli istiqamətində lazımi işlər aparılmış, keçirilmiş tədbirlərdə iştirakı təmin olunmuşdur. İl ərzində dini icmalar tərəfindən dini fəaliyyətlə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edilmiş, fəaliyyətlərində qanunazidd hallar müəyyən olunmamışdır. İl ərzində rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumların birgə təşkilatçılığı ilə vətəndaşların, xüsuilə də gənclərin radikal meylli dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlər həyata keçirilmişdir. Hal-hazırda rayonda dini durum sabitdir. Ötən il rayonda milli-dinin bayram və əlamətdar günlərin kənar müdaxilələr olmadan mövcud qanunvericiliyin tələblərinə, adət və ənənələrə uyğun həyata keçirilməsi təmin edilmişdir.

         Hesabat dövründə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmət avtobusu rayon ərazisində 04 iyun 2018-ci il tarixdən 03 iyul 2018-ci il tarixədək vətəndaşlara səyyar xidmət göstərmişdir. Xidmət göstərilən müddət ərzində vətəndaşlar tərəfindən 3104 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərdən 3101-nə Xidmət tərəfindən müvafiq sənədlər hazırlanaraq təqdim olunmuş, 3 müraciətə isə imtina olunmuşdur.

         Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində hesabat dövründə qeydiyyatda olan əmək pensiyaçılarının sayı 8239 nəfər olmuşdur ki, bunlardan da 5507 nəfəri yaşa, 2202 nəfəri əlliliyə və 530 nəfəri ailə başçısını itirməyinə görə pensiya alan şəxs olmuşdur. İl ərzində şöbədə 155 nəfərə əmək pensiyası təyin olunmuş, 01 yanvar 2019-cu il tarixə bir nəfərə düşən əmək pensiyasının orta aylıq məbləği 194.89 manat təşkil etmişdir. “Sosial müavinətlər haqqında” qanuna uyğun olaraq 2528 nəfər sosial müavinət, 422 nəfər Prezident təqaüdü almışdır. İl ərzində 330 nəfərə aylıq, 472 nəfərə birdəfəlik müavinət verilmiş, 131 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Şöbənin 35 sosial xidmət işçisi tərəfindən 288 ailədə 333 qoca və əlil şəxsə sosial xidmət göstərilmişdir.

         Hesabat dövründə Qax Rayon Məşğulluq Mərkəzində 719 nəfər şəxs işaxtaran kimi qeydiyyata alınmışdır. Qeydiyyata götürülənlərin 88 nəfəri ali, 105 nəfəri orta-ixtisas, 117 nəfəri ilk peşə-ixtisas, 409 nəfəri isə orta təhsilli şəxs olmuşdur. İl ərzində mərkəz tərəfindən 9 nəfərə işsizlik statusu verilmiş və müavinət təyin olunmuşdur.

      Hesabat ilində qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai faydalı əməyə cəlb edilməsi məqsədilə şəhərdə təmizlik və abadlıq işlərinin görülməsi üçün 190, çoxmənzilli binaların təmir olunması üçün 30 iş yeri yaradılmış və həmin iş yerləri işçi qüvvəsi ilə təmin olunmuşdur. İl ərzində mərkəz tərəfindən ümumilikdə  303 nəfər işlə təmin olunmuş, onlardan  76  nəfəri gənc, 99 nəfəri isə qadın olmuşdur. Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş Əmək yarmarkasına idarə, müəssisə və təşkilatlar tərəfindən 224 vakant iş yeri təqdim olunmuş və 50 iş yerinə göndəriş verilmişdir.

       Əhalinin sosial cəhətdən həssas qruplarının, xüsusilə də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərdən 47 nəfəri seçilərək “Özünüməşğulluğun təmin edilməsi proqramı”na cəlb edilmiş və aktivlər verilmişdir. Bunlardan 33 nəfərə  maldarlıq, 10 nəfərə qoyunçuluq, 2 nəfərə şirniyyat və 2 nəfərə arıçılıq üzrə aktivlər verilməklə həmin şəxslərin özünüməşğulluğu təmin edilmişdir.

       18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən hesabat dövründə dövlət müəssisələrində və sahibkarlıq subyektlərində müxtəlif mövzularda 7 seminar-müşavirə təşkil olunmuşdur. Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsində yaranan çətinliklərlə bağlı işəgötürənlər tərəfindən daxil olmuş müraciətlər müfəttişlik tərəfindən nəzarətdə saxlanılaraq 48 işəgötürənə metodiki köməklik göstərilmiş və bildirişlərin elektron informasiya sisteminə daxil edilməsi prosesində yol verilmiş nöqsanların aradan qaldırılması təmin olunmuşdur. Fəaliyyət planına uyğun olaraq qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə müfəttişlik tərəfindən il ərzində işəgötürənlər üçün 5 maarifləndirici tədbir keçirilmişdir.

       Qax Telekommunikasiya Qovşağında 2018-ci ildə tarif gəliri proqnozuna 102 faiz əməl olunaraq 1329.1 min manat gəlir əldə edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 124.5 min manat çox olmuşdur. İl ərzində 96 ədəd telefon çəkilmiş, ümümilikdə qovşağın montaj tutumu 11734 nömrə təşkil etmişdir. Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə 10 ədəd avadanlıq quraşdırılmış, rayon üzrə internet  abunəçilərinin sayı 6270-ə çatmışdır. Qovşaq tərəfindən Baydarlı  kəndində 750 metr, Ağçay kəndində isə 730 metr uzunluğunda kabel xətti yenisi ilə əvəz olunmuşdur. Əlibəyli kəndində 430 metr, Qaşqaçay kəndində 1500 metr, İlisu kəndində 1350 metr, Əmbərçay kəndinə 650 metr və şəhər ərazisində 720 metr uzunluğunda yeni kabel xətti çəkilmişdir. Qaxbaş, Turaclı, Tasmalı, Ləkit,  İngiloy-Kötüklü, Lələli, Cəlayir və Əmbərçay kəndlərində rabitə xətlərində cari təmir işləri aparılmış və xətlər texniki normaya gətirilmişdir. Ümumilikdə 56 ədəd ağac dirək yenisi ilə əvəzlənmiş, 117 ədəd ağac dirəyə beton calaq verilmiş, 33 ədəd dirək dəmir-dirəklə əvəzlənmiş və 51 abunə qutusu dəyişdirilmişdir.

       Hesabat dövründə Qax Elektrik Şəbəkəsi tərəfindən 45 ədəd transformator yarımstansiyası cari təmir olunmuş, 10 ədəd yeni ayrıcı quraşdırılmış, 124 ədəd 10 kV-luq, 223 ədəd 0.4 kV-luq dayaq dəyişdirilmiş, 44.2 km 10 kV-luq, 50.8 km 0.4 kV-luq hava xətləri əsaslı və cari təmir olunmuşdur. Elektrik xətlərinin mühafizə zonasının 65.4 km hissəsi təmizlənmiş, 3161 ədəd sayğac quraşdırılmış, 3980 metr uzunluğunda SİP kabel xətti çəkilmişdir. Əlibəyli kəndində 10 və 0.4 kV-luq şəbəkənin yenidənqurulması işləri çərçivəsində 14 ədəd yeni 10 kV-luq, 408 ədəd yeni 0,4 kV-luq  metal boru dayaq basdırılmış, 352 ədəd sayğac dəyişdirilmiş, 21774 metr uzunluğunda yeni SİP kabel xətti və 1500 metr uzunluğunda AS-50 markalı yeni naqil çəkilmiş, hazırda işlər davam etdirilir. Hesabat dövründə yeni 35/10kV-luq “İlisu” yarımstansiyası istifadəyə verilmişdir.

       Qax Sukanal İdarəsi tərəfindən hesabat ilində 5789 abonent olmaqla 14045 nəfər içməli su ilə təmin olunmuşdur. İdarə tərəfindən xidmət göstərilməsi üçün 13 büdcə, 22 respublika, 166 kommersiya və 37 sənaye təşkilatı ilə müqavilə bağlanılmışdır. İstehlak olunmuş içməli suya görə yığım faizi ümumilikdə 103.1 faiz təşkil etmişdir. İl ərzində idarə tərəfindən 577 ədəd su sayğacı quraşdırılmaqla rayon üzrə quraşdırılmış su sayğaclarının ümumi sayı 5191-ə çatdırılmışdır.

        Hesabat dövründə Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax sahəsi tərəfindən 450 sayğac küçə xəttinə çıxarılmış, 166 sayğac yenisi ilə əvəzlənmiş, 3 ədəd smartkart tipli sayğac quraşdırılmışdır. Şəhərin R.Behbudov, H.Əfəndiyev və İ.Dağıstanlı küçələrində ümumilikdə 1175 pm,   Qaxbaş kəndində isə 344 pm yeni qaz xətti quraşdırılmışdır. Qaz təminatını yaxşılaşdırmaq məqsədilə şəhər ərazisində və Qaxbaş kəndində 15 ədəd qaz tənzimləyici quraşdırılmış, Əlibəyli kəndində isə 1 ədəd siyirtmə quraşdırılmışdır. Meşəbaş kəndinə təbii qaz xətti çəkilmişdir.        

          Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən hesabat ilində məişət tullantılarının daşınmasına dair bağlanmış müqavilələrə uyğun olaraq 1702 təsərrüfat subyektinə,  kommunal evlərdə yaşayan 663 abonentə, 299 sahibkara, 31 idarə, müəssisə və təşkilata müvafiq  xidmətlərin göstərilməsi təmin edilmişdir. Xidmət üçün şəhər ərazisində 4 qutu, 15 xüsusi yer və 139 konteyner ayrılmış, 18.4 min kub metr həcmində bərk məişət tullantılarının poliqonda zərərsizləşdirilməsi təmin edilmişdir. Kombinat tərəfindən şəhər ərazisində 40 hektar sahədə yaşıllıqlara xidmət göstərilmiş, küçə və parklarda müxtəlif növ 581 ədəd ağac tingi, 879 ədəd gül kolu, 23 min ədəd gül və çiçək əkilmiş, 1500 m2 sahəyə çəmən toxumu, 300 m2 sahəyə isə müxtəlif çiçək toxumları səpilmiş, yaşıllıqların gübrələnməsi təmin edilmişdir.

İl ərzində kombinat tərəfindən  şəhərin 70 küçə və prospektini, eləcə də  9 park və bağını əhatə edən 2257 ədəd nöqtənin işıqlandırılması, şəhər 1, 3 və  5 saylı uşaq bağçalarına istilik enerjisinin verilməsi təmin olunmuşdur.

    Məlum olduğu kimi, rayonumuzda 178 ailə olmaqla 825 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Hesabat ilində onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşgulluğunun artırılması və sosial müdafiəsinə yönəldilmiş tədbirlərin icrası vəziyyəti daim rayon rəhbərliyinin, eləcə də əlaqədar təşkilatların diqqət mərkəzində saxlanılmaqla lazımi qayğı göstərilmişdir.

     Hesabat dövründə rayon üzrə 210 nəfər   hərbi   xidmətə  yola  salınmış, 244 nəfər isə hərbi xidmətdən tərxis olunmuşdur. Ötən il rayonda 75 cinayət hadisəsi baş vermiş, cinayətlərin açılma faizi  97.5 faiz olmuşdur. 2018-ci il  ərzində qeydə  alınmış cinayətlərdən 6-sı ağır, 38-i az   ağır və  31-i  isə  böyük  ictimai  təhlükə   törətməyən  cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərdən 25-i şəxsiyyət  əleyhinə, 6-sı qəsdən sağlamlığa  az ağır  zərər vurma və 17-si  qəsdən sağlamlığa  yüngül zərər vurma cinayəti olmuşdur. İl ərzində 19 nəfər inzibati qaydada həbs edilmiş, 2236 nəfərə 188654 manat məbləğində cərimə tətbiq edilmiş, 158 nəfərə xəbərdarlıq edilmiş və 178 inzibati protokol aidiyyəti üzrə göndərilmiş, sahə rəisləri tərəfindən 528 inzibati xəta haqqında protokol tərtib edilmişdir.                      

     2018-ci ildə rayon ərazisində 9 yol  nəqliyyat  hadisəsi qeydə alınmış, 2 nəfər ölmüş və 12 nəfər isə  müxtəlif  bədən  xəsarəti  almışdır. Hesabat ilində yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə sahəsində aparılan tədbirlər zamanı 2894 yol hərəkəti qayda pozuntusu aşkar edilmişdir.  

    Hesabat dövründə Qax Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən 4642 nəfər vətəndaşa şəxsiyyət vəsiqəsi verilmişdir.  

     Ötən il rayon üzrə 696 doğum, 424 ölüm qeydə alınmış, əhalinin təbii artımı 272 nəfər olmuşdur.  Bundan başqa 319 nigah və 65 nigahın pozulması halı qeydə alınmışdır.

        Təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci ildə rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayonun 48 yaşayış məntəqəsində səyyar qəbul keçirilmişdir. Səyyar qəbullarda iştirak etmiş 2025 vətəndaşdan 192 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərlə bağlı aidiyyəti xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilməklə icrası nəzarətə saxlanılmışdır.

 Ötən il rayon İcra Hakimiyyəti başçısının Aparatına 23 ədəd Azərbaycan Respublikasının Qanunu, Respublika Prezidentinin 65 fərman və sərəncamı, Prezident Administrasiyası rəhbərinin 2 sərəncamı, Nazirlər Kabinetinin 136 sərəncam və qərarı, respublikanın mərkəzi icra hakimiyyəti orqanları və digər idarə və müəssisələrindən, rayon təşkilatlarından ümumilikdə 964 sənəd daxil olmuşdur. Daxil olmuş sənədlər müvafiq təlimat və göstərişlərə uyğun olaraq işlənərək rayon İcra Hakimiyyəti başçısı Aparatının və əlaqədar təşkilatların məsul işçiləri tərəfindən baxılmışdır. Aparatda vətəndaşların müraciətlərinə baxılması vəziyyəti il ərzində 1 dəfə şura iclasında və şöbələrdə müzakirə edilmişdir.

 2018-ci ildə rayon İcra Hakimiyyəti başçısı Aparatına Prezident Adminstrasiyasından 132, o cümlədən 3-ü nəzarətdə olmaqla, Milli Məclisdən 6, Nazirlər Kabinetindən 14, digər Respublika təşkilatlarından 28 və vətəndaşlardan 386 olmaqla, cəmi 566 müraciət daxil olmuşdur. Vətəndaş müraciətlərinin baxılmasının nəticəsi olaraq hamısına müvafiq cavab məktublarının göndərilməsi təmin olunmuşdur. Həmçinin ötən il rayon İcra Hakimiyyətinə küçə ticarəti ilə məşğul olduğu üçün 11 şəxs barəsində tərtib olunmuş inzibati protokol daxil olmuşdur. İnzibati hüquqpozma törətmiş şəxslər barəsində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir.

Hesabat ilində daxil olmuş müraciətlərdən enerji daşıyıcıları və su ilə bağlı 26, rayon İcra Hakimiyyəti və bələdiyyələrin fəaliyyəti ilə bağlı 43, təbii fəlakət və fövqəladə hallarla bağlı 23, mənzil məsələləri ilə bağlı 50, torpaq məsələləri ilə bağlı 98, əmək və sosial müdafiə məsələləri ilə bağlı 75, şəhərsalma və tikinti məsələləri ilə bağlı 199 olmaqla çoxluq təşkil etmişdir.

Təsdiq olunmuş qrafikə uyğun olaraq il ərzində Rayon İcra Hakimiyyəti başçısının, müavinlərin və şöbə müdirlərinin qəbulları keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 274 nəfər, digər məsul şəxslər tərəfindən isə 903 nəfər olmaqla cəmi 1177 nəfər vətəndaş qəbul edilmişdir.

        “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq hesabat ilində rayon İcra Hakimiyyətində keçirilən müşavirələrdə  yerlərdə həftə ərzində görülmüş və görüləcək işlər müzakirə olunmuş, iş hazırda da davam etdirilir.

          Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun Administrasiyasını və  rayon əhalisini əmin edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələri yerinə yetirmək üçün rayonun bütün potensial imkanları səfərbər edilərək 2019-cu il uğurla başa vurulacaqdır.

      

Keçidlər