Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2020-ci ilin hesabatı

Qax Rayon İcra Hakimiyyəti başçısının 2020-ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabatı

         Məlum olduğu kimi, 2021-ci ilin yanvar ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə videoformatda 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.

        Giriş nitqində dövlət başçısı bildirmişdir ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad etmiş, düşmənə sarsıdıcı zərbələr endirərək məğlub etmişdir. Qeyd olunmuşdur ki, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Hadrut və Xocavənd rayonlarının böyük hissəsi, Suqovuşan qəsəbəsi, Murovdağ silsiləsi və Şuşa şəhəri, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yolla işğaldan azad edilmiş, Ağdam, Laçın və Kəlbəcər rayonları güllə atılmadan, şəhid verilmədən geri qaytarılmışdır.

      “Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi” - deyən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan siyasi, iqtisadi və hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirmişdir.

       2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən Prezident İlham Əliyev pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışmışdır.

       Keçirilmiş müşavirədə ölkə başçısı diqqətə çatdırmışdır ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayesi 11 faizdən çox artmışdır. Bundan əlavə, kənd təsərrüfatı 2 faiz, orta aylıq əməkhaqqı və pensiyalar 14 faiz artmışdır. Qeyd olunmuşdur ki, ötən il Neft Fondunun vəsaiti azalmamış, əksinə artmış və respublikamız öz valyuta ehtiyatlarını qorumuşdur.

       Ötən ilin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini bildirən Prezident İlham Əliyev demişdir ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilmiş, tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropa məkanına çatmışdır.

       Prezident İlham Əliyev beynəlxalq qurumların ölkəmizdə gedən işlərə yüksək qiymət verdiyini, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini bildirmiş, Davos Dünya İqtisadi Forumunun hesabatındakı Azərbaycanla bağlı uğurları da sadalamışdır. Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğuluyaraq bununla bağlı müvafiq tapşırıqlarını vermişdir.

        Dövlət başçısı İlham Əliyev yekun nitqində 2021-ci ildə də bütün sahələr üzrə dövlətimizin böyük planlarının olduğunu, nəzərdə tutulmuş işlərin icrasının təmin ediləcəyinə əminliyini bildirmişdir.

         Respublikamızda olduğu kimi, hesabat ilində rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

        Belə ki, 2020-ci ildə rayon üzrə məhsulun ümumi buraxılışı 140 milyon 355 min manat - əvvəlki illə müqayisədə 7.7 faiz az olmuşdur. İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının tərkibində informasiya və rabitə sahəsində məhsul buraxılışı 1 milyon 272 min manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.0 faiz, kənd təsərrüfatı sahəsində məhsul buraxılışı 60 milyon 194 min manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.7 faiz, sənaye məhsulu istehsalı 19 milyon 856 min manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9.0 faiz çox olmuşdur. Nəqliyyat sahəsində məhsul buraxılışı 1 milyon 410 min manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44.4 faiz, ticarət sahəsində məhsul buraxılışı 41 milyon 824 min manat əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.2 faiz, tikinti sahəsində məhsul buraxılışı 15 milyon 799 min manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44.5 faiz az olmuşdur. Qeyd olunan bu sahələr üzrə azalma həmin sahələrin fəaliyyətinə pandemiya ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərlə əlaqədardır.

         Hesabat dövründə rayonda 173 yeni iş yeri açılmışdır. Rayon üzrə orta aylıq əmək haqqı 398.1 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 65.2 manat çox olmuşdur.

Rayon üzrə büdcəyə ötən il 4 milyon 139 min manat proqnoza qarşı 4 milyon 324 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 104.5 faizini təşkil etmiş və müəyyən olunmuş proqnozdan 185.8 min manat çox olmuşdur.  

Ötən il rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayonda 13 sahibkara 167 min manat güzəştli kredit verilmiş və həmin kreditlər hesabına 9 yeni iş yeri yaradılmışdır. 

Hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq  məhsulları istehsalının dinamik inkişafının təmin olunması üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi  davam etdirilmişdir. Belə ki, 2020-ci ilin məhsulu üçün əkilmiş 13026 hektar payızlıq taxıl, o cümlədən 10270 hektar buğda, 2756 hektar arpa sahəsindən 38.4 min ton payızlıq dənlilər istehsal olunmuşdur. Payızlıq dənlilərdə hər hektardan orta məhsuldarlıq 29.5 sentner təşkil etmişdir.  2021-ci ilin məhsulu üçün 10036 hektar sahədə buğda, 4055 hektar sahədə isə arpa olmaqla cəmi 14091 hektar sahədə səpin işləri aparılmışdır.  Hesabat ilində  1787 hektar qarğıdalı sahəsindən 15.9 min ton məhsul tədarük edilmiş, orta məhsuldarlıq 84.3 sentner təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 10.1 sentner çox olmuşdur. Ötən il rayon üzrə ümumilikdə bitkiçilik sahəsi üzrə 18820 hektar sahə üçün 4 milyon 270 min manat subsidiya ödənilmişdir.

Rayonumuz üçün ənənəvi istehsal sahələri olan tütünçülüyün və baramaçılğın daha da inkişaf etdirilməsinə xüsüsi diqqət verilərək ötən il 496.4  hektar sahədə tütün əkini aparılmış 755.6 ton quru tütün tədarük olunmuşdur.

 Hesabat dövründə rayonda 12.8 ton barama istehsal olunmuşdur. Kümdarlara barama istehsalına görə 58.3 min manat subsudiyanın verilməsi təmin olunmuşdur. Rayonda baramaçılığın yem bazasının artırılması məqsədilə ötən il 28235 ədəd yerli tut tinginin əkini təmin olunmuşdur.

Regionların təbii-iqlim şəraiti və istehsal ənənələri nəzərə alınmaqla ixrac yönümlü məhsul istehsalının artırılması məqsədilə hesabat ilində rayonun ayrı-ayrı ərazilərində 22.5 hektar sahədə yeni fındıq bağları salınmışdır.

Rayonda yaradılmış Aqropark ərazisində ötən il ekoturizmin inkişaf etdirilməsi məqsədilə 50.5 hektar ərazidə müxtəlif növ meyvə tingləri əkliməklə ekobağ salınmış, suvarmanın yüksək səviyyədə təşkili məqsədilə damcılı suvarma sistemi quraşdırılmışdır. Hesabat ilində müəssisədə 1070 hektar buğda sahəsindən 5104 ton, 90 hektar arpa sahəsindən 417.6 ton olmaqla cəmi 5521.6 ton payızlıq dənlilər istehsal olunmuşdur.  Buğda məhsulu üzrə məhsuldarlıq 47.7 sentner, arpa məhsulu üzrə məhsuldarlıq 46.4 ton təşkil etmişdir. Buğdanın məhsuldarlığı rayon  səviyyəsindən 17.9 sentner, arpanın məhsuldarlığı isə 18.0 sentner çox olmuşdur. Qeyd etmək lazımdır ki, müəssisənin suvarılan torpaqlarında hesabat ilində 180 hektar dən qarğıdalı sahəsinin hər hektarından 141 sentner olmaqla cəmi 2538 ton məhsul istehsal olunmuşdur. Hesabat ilində müəssisədə 90 hektar sahədə təkrar qarğıdalı əkini aparılmış və 912 ton məhsul istehsal olunmuşdur. Həmçinin müəssisədə 2021-ci ilin məhsulu üçün 1049 hektar sahədə buğda, 100 hektar sahədə arpa əkini aparılmışdır.

Hesabat dövründə “Aqrolizinq” ASC-nin rayon bölməsi tərəfindən   kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlə 941 ton müxtəlif növ mineral gübrələrin və 1884 litr həcmdə pestisidlərin satışı təmin olunmuşdur. Hesabat ilində filiala məxsus texnikalar vasitəsi ilə rayonun ayrı-ayrı ərazilərində  2800 hektar sahədə payızlıq dənlilərin, 400 hektar sahədə isə dən qarğıdalı  biçini aparılmışdır.           

Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinin aşkar edilməsi məqsədilə aparılmış müşahidə işlərinin nəticəsi olaraq ayrı-ayrı ərazilər üzrə ötən il 1471 hektar sahədə gəmiricilərə, 1283 hektar sahədə taxıl böcəyinə, 507 hektar taxıl sahəsində sarı pas, 276 hektar qarğıdalı sahəsində gövdə kəpənəyinin tırtırlarına və 735 hektar meyvə bağlarında müxtəlif zərəvericilərə qarşı kimyəvi mübarizə aparılmışdır. Həmçinin il ərzində rayonun ayrı-ayrı ərazilərində 115 hektar sahədə ambroziyaya qarşı kimyəvi mübarizə aparılmış, 168 hektar sahədə isə mexaniki yolla məhv edilmişdir.  Əkin və qeyri-əkin sahələrində müxtəlif növ alaq otlarına qarşı təsərrüfat subyektləri tərəfindən 14287 hektar sahədə kimyəvi  mübarizə tədbirləri aparılmışdır.

Qax Regional Toxum Sertifikatlaşdırma Mərkəzi tərəfindən rayonda fəaliyyət göstərən özəl toxumçuluq müəssisələrində işlərin gedişi nəzarətə götürülmüş, toxumluq əkin sahələrində aprobasiya işi aparılmışdır. Hesabat ilində rayonda fəaliyyət göstərən 4 özəl toxumçuluq müəssisəsi və 2 nəfər taxıl toxumçuluğu ilə məşğul olan fiziki şəxs tərəfindən 6191 ton yüksək kondisiyalı buğda, 414 ton isə arpa toxumu istehsal olunaraq məhsul istehsalçılarına satılmışdır. İl ərzində mərkəz tərəfindən sertifikatlaşdırılmış toxumların saxlanılmasına və etiketləşdirilməsinə nəzarət edilmişdir. Bununla belə qeyd olunmalıdır ki, mərkəz tərəfindən rayonda dövlət reyestrinə daxil olmayan və rayonlaşdırılmamış toxumların ticarət dövriyyəsinin qarşısının alınmasına tam nail olunmamışdır.

         Torpaqların su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatının yaxşılaşdırılması məqsədilə ötən il rayonda 513.5 min m3 həcmdə lildən təmizləmə işləri, 25 ədəd hidropost və 51 ədəd hidroqurğuda  təmir işləri aparılmışdır.

         Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə ötən il daşqın və selə qarşı 1002.9 min m3 məcratəmizləmə işləri aparılmış, 1979 m3 qabion və 5598 m3 daş-beton bəndlərdə sahilbərkitmə işləri, 313.7 m3  beton bənddə, 401 m3 beton kanalda, 1997.3 m3  dəmir-beton kanalda təmir işləri  aparılmışdır.

         “Qax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq hesabat ilində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonun 17 yaşayış məntəqəsində - Almalı, Baydarlı, Dəymədağlı, Əlibəyli, Güllük, İbaxlı, Kiçik Alatəmir, Qaradolaq, Qındırğa, Qıpçaq, Qorağan, Lələpaşa, Marsan, Turaclı, Uzuntala, Zərnə kəndlərində və Qax şəhərində artezian və subartezian quyuları qazılmışdır.

       Ötən hesabat ilində rayonumuzun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilmişdir. Belə ki, 01 yanvar 2021-ci il tarixə rayonda 23587 baş iribuynuzlu mal, o cümlədən 12145 baş ana mal,  56719 baş qoyun-keçi və  26846 arı ailəsi mövcud olmuşdur. Rayonda arıçılığın daha da inkişaf etdirilməsi üçün stimullaşdırıcı amillərin həyata keçirilməsi məqsədilə hesabat ilində arıçılıqla məşğul olan 899 nəfər sahibkara dövlət vəsaiti hesabına 268.4 min manat məbləğində subsidiya ödənilmişdir. Turaclı kəndində 61 arıçını birləşdirən ümumi arı ailələrinin sayı 600 ədəd olan “Şan balı” İstehsal Kooperativi yaradılmışdır.

         Hesabat dövründə mal-qara arasında qısırlıq hallarının minimuma endirilməsi, əhali təsərrüfatlarında olan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi üçün süni mayalanmanın tətbiqi diqqət mərkəzində saxlanılmışdır. Ötən il 4809 baş inək-düyə süni mayalandırılmışdır ki, bu da 2019-cu illə müqayisədə 718 baş çox olmuşdur. Süni yolla mayalandırılmış inək-düyələrdən ötən il 2019-cu illə müqayisədə 74 baş çox olmaqla 2728 baş salamat bala alınmışdır. Süni yolla mayalanma nəticəsində doğulmuş buzovlara görə mal sahiblərinə 250.1 min manat məbləğində subsidiya ödənilmişdir.

Ötən il respublikaya idxal olunan yüksək məhsuldar 29 baş cins düyənin heyvandarlıqla məşğul olan 10 nəfər sahibkara 50 faiz güzəştlə lizinq yolu ilə satılması təmin olunmuşdur. İl ərzində rayonda fəaliyyət göstərən 4 özəl inkubatorda 300 mindən çox cücə çıxarılaraq satışı təmin olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2019-cu illə müqayisədə ət istehsalı 3 ton artaraq 3040.8 tona, süd istehsalı 0.2 ton artaraq 16115.5 tona, yumurta istehsalı 1 min ədəd artaraq 7 milyon 916 min ədədə çatmış, yun istehsalı 102.1 ton olmuşdur.

Rayonda mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan epizootiya əleyhinə tədbirlərin icrası tam təmin olunmuşdur. Profilaktik tədbirlər vaxtlı-vaxtında aparıldığından  mal-qara arasında yoluxucu xəstəliklərin baş verməsi halları müşahidə olunmamışdır.

Hesabat dövründə Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin Qax meşəbəyiliyi tərəfindən mövcud meşələrin qorunub mühafizə olunması, bərpa edilməsi və yeni meşələrin salınması istiqamətində müəyyən işlər görülmüşdür. Hesabat ilində müəssisə tərəfindən 2.5 hektar sahədə fındıq, 11.5 hektar sahədə göyrüc olmaqla cəmi 14 hektar sahədə meşə əkini aparılmış, ötən il və əvvəlki illərdə əkilmiş 4.34 hektar müvəqqəti tinglik sahələrində 400 min ədədə yaxın əkin materialı yetişdirilmişdir. İl ərzində meşə qanunvericiliyinin pozulması, meşə sahələrinə qanunsuz müdaxilərlə bağlı 622 manat məbləğində cərimə hesablanmış və həmin vəsaitin ödənilməsi təmin olunmuşdur. Bununla belə mal-qaranın meşələrə səllim buraxılaraq otarılmasının, meşələrə qanunsuz müdaxilələrin qarşısının alınmasında, meşə qanunvericiliyinə əməl olunmasında xeyli nöqsan və çatışmazlıqlar hələ də mövcuddur.

İlisu Dövlət Təbiət Qoruğu tərəfindən mühafizə rejiminə əməl olunması, fauna və flora elementlərinin qorunması, qoruq ərazisində elmi müşahidələrin aparılması və əhalinin ekoloji maarifləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Bununla belə qoruq və yasaqlıq ərazilərində qoruq rejiminə zidd fəaliyyət və müdaxilə halları olmuşdur. Ötən il ayrı-ayrı vətəndaşlar tərəfindən qoruq və yasaqlıq ərazilərində mühafizə rejiminin pozulması, bu və ya digər qeyri-qanuni hərəkətlərə yol verilməsi ilə bağlı 15 protokol tərtib olunmuş, 10.9 min manat məbləğində cərimə tətbiq olunmuşdur. Həmin vəsaitin 9.6 min manatının Qoruğun xüsusi fonduna keçirilməsi təmin olunmuşdur. Lakin bu sahədə görülən işlərlə yanaşı qoruq və yasaqlıqların mühafizə rejiminə əməl edilməsi istiqamətində əhali arasında  maarifləndirmə işlərinin  müntəzəm olaraq aparılmasına ciddi ehtiyac vardır.  

       Hesabat dövründə yolların əsaslı təmiri və abadlıq işlərinin görülməsi ilə bağlı  büdcədə nəzərdə  tutulmuş  vəsait hesabına şəhərin Azərbaycan prospekti, M.F.Axundov, Ş.Rustaveli, İ.Şamil, M.Ə.Sabir, M.Rahim küçələrinə, M.Dilbazi küçəsinin 1 döngəsinə, C.Cabbarlı küçəsinin 4 döngəsinə və Heydər Əliyev prospektinin 8 döngəsinə  asfalt-beton örtüyü salınmışdır. Şəhərin Azərbaycan prospekti, İçəribazar, Ş.Rustaveli, İ.Şamil, M.Ə.Sabir, M.F.Axundov, İ.Abdullayev, M.Maqomayev, S.Pişəvəri, F.Xoyski, X.Ağamirov küçələrində və C.Cabbarlı küçəsinin 2 döngəsində abadlıq işləri aparılmışdır. Həmçinin Şəki-Qax-Zaqatala avtomobil yolunun Qax şəhəri ərazisindən keçən hissəsinin işıqlandırılması işləri aparılmışdır.

         Mənzil fondu hesabına şəhərin H.Əliyev prospekti 8 və 105 saylı kommunal yaşayış binalarının həyətlərində xeyir-şər yerinin tikintisi, Ü.Hacıbəyov küçəsi 8Q saylı kommunal yaşayış binasının fasadı rənglənmiş, girişlərində blokların dam örtüklərinin təmiri işləri aparılmışdır. Qax şəhəri H.Əliyev prospekti 6, 8, 78, 98, 105 və 107 saylı kommunal yaşayış binalarının həyətlərində asfalt-beton örtüyü salınmışdır.

        Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmış, hazırda kommunikasiya xətlərinə qoşulma işləri aparılır.

         Hesabat ilində Amanlı kəndində modul tipli ibtidai məktəb tikilərək istifadəyə verilmiş, Qax Peşə Liseyinin 2 emalatxanası əsaslı təmir olunmuş, Qaxingiloy kənd 19 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmir işləri davam etdirilmişdir. Hesabat dövründə Ağçay kəndində 3 mərtəbəli otel binasının və Heydər Əliyev Fondu tərəfindən Qaxingiloy kənd mədəniyyət evinin tikintisi işləri, həmçinin Qax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmişdir.

       Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qax şəhərində, Ləkit və Lələli kəndlərində 1-ci Qarabağ müharibəsi əlillərinə 5 ədəd fərdi yaşayış evinin tikintisinə başlanılmış, işlər hazırda davam etdirilir.        

       Hesabat ilində rayon İcra Hakimiyyəti tərəfindən 75 fərdi  yaşayış evinin tikintisinə, 18 fərdi yaşayış evinin istismarına, eyni zamanda 7 sahibkarlıq obyektinin tikintisinə və 9 sahibkarlıq obyektinin istismarına icazə verilmişdir.

        Hesabat dövründə Rayon Təhsil şöbəsi təhsilin inkişaf etdirilməsi, yeni tədris planlarının tətbiqi, tədris prosesinin təkmilləşdirilməsi, şagirdlərin mənəvi tərbiyəsinin formalaşması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işini davam etdirmişdir.

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 mart 2020-ci il tarixli əmrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq koronavirus infeksiyasının (COVİD-19) ölkə ərazisində yayılmasının qarşısının alınması, təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədi ilə 2020-ci il martın 3-dən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bütün tədbirlər təxirə salınmışdır.

        Pandemiya dövründə şagirdlərin təhsil prosesindən kənar qalmaması üçün 2020-ci ilin mart ayından Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına başlanılmışdır. Bununla bağlı rayonda təbliğat işi aparılmışdır.  Həmçinin Təhsil Nazirliyi tərəfindən aprel ayının 2-də "Virtual məktəb" layihəsinə start verilmişdir. Layihə məsafədən tədris imkanlarını genişləndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə 10 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq pandemiya dövründə rayonun müəllimləri müxtəlif proqramlar vasitəsi ilə təhsil prosesinin davamlılığının təmin edilməsi məqsədilə onlayn dərslər keçmişlər.

         Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına və Təhsil Nazirliyinin müvafiq hüquqi-normativ sənədlərinə uyğun olaraq 2020-2021-ci dərs ilində 30 məktəbdə 34 məktəbəhazırlıq qrupu təşkil edilmişdir ki, həmin qruplara da 508 nəfər uşaq cəlb edilmişdir. Təhsil Nazirliyinin dəstəyi ilə rayonun 7 kəndində - Baydarlı, Qarabaldır, Fıstıqlı, Lələpaşa, Lələli, Şıxlar və Uzuntala kəndlərində 3-4 yaşlı uşaqlar üçün icmaəsaslı məktəbəqədər hazırlıq qrupları təşkil edilmiş, 2020-2021-ci dərs ilində həmin qruplara 112 nəfər uşaq qəbul edilmişdir. Pandemiya dövründə məşğələlər onlayn formatda keçilmişdir.

         Hesabat ilində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarında Azərbaycan, gürcü və rus bölməsi üzrə 567 nəfər IX sinif, 416 nəfər isə XI sinif şagirdi iştirak etmişdir. IX siniflərdə ana dili, riyaziyyat və xarici dil fənni üzrə orta bal 37.9, XI siniflərdə isə hər üç fənn üzrə orta bal  41.5  olmuşdur.

         Ötən il Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”ndə rayonun İlisu, Əmircan və Qorağan kənd tam orta məktəblərinin müəllimləri  müxtəlif layihələrdə iştirak edərək qalib adını qazanmışdır. 

        Hesabat dövründə rayonun ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə iştirak edərək bir sıra uğurlar qazanmışdır. Belə ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində  bir şagird III dərəcəli diplomla təltif edilmiş, 3 nəfər şagird isə "Virtual əlaçı" bilik yarışmasının qalibi olmuşdur. Fənn olimpiadalarının respublika mərhələsinin final turunda şəhər 2 saylı məktəb-liseyin şagirdi coğrafiya fənni üzrə III yerə layiq görülmüşdür.

         Hesabat ilində rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrinin 352 nəfər məzunundan 288 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Məzunlardan 192 nəfəri ali məktəblərə qəbul olunmuş, bunlardan 37 nəfər 500-700 arası, o cümlədən 10 nəfər 600-dən çox bal toplamışdır.

         Ötən il Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə ümumi təhsildə xüsusi nailiyyətlərinə görə şəhər 2 saylı məktəb-liseyin 3 məzunu qızıl medalla təltif edilmişdir. IX sinfi bitirmiş 6 şagirdə tam orta təhsil haqqında, həmçinin XI sinfi bitirmiş 5 şagirdə  isə  ümumi orta təhsil haqqında fərqlənmə attestatı verilmişdir.

        Azərbaycan Respublikasının regionlarda və Bakı şəhərində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri arasında keçirilən “Evdə Qalaq, Evdə Yaradaq” müsabiqəsinin onlayn respublika nəticələrinə görə Uşaq-Gənclər İnkişaf Mərkəzinin 3 nəfər dərnək üzvü  "Rəqs" nominasiyası üzrə I, 3 nəfəri "Əl işi" nominasiyası üzrə I, II və III,  2 nəfəri isə  "Bədii qiraət" nominasiyası üzrə II və III yerlərə layiq görülmüşdür.

         Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Tusi-Bohm Planetarium”un birgə əməkdaşlığı çərçivəsində “Gələcəyin mühəndisi” II Respublika müsabiqəsində Uşaq-Gənclər İnkişaf Mərkəzinin 1 nəfər dərnək üzvü III, “Üç alov” adlı Uşaq və Gənclərin onlayn Beynəlxalq Folklor Klassik Müasir Yaradıcılıq Festivalında mərkəzin 2 nəfər dərnək üzvü isə II və III yerlərə layiq görülmüşdür.

        Hesabat ilində koronavirus infeksiyası ilə əlaqədar olaraq rayonun bütün ümumtəhsil məktəblərində dezinfeksiya işləri aparılmış, xəstəliyin aşkar olunması və virusun yayılmasının qarşısının alınması üçün məktəblər lazımi vasitələrlə təmin edilmişdir. 2020-ci ilin noyabr ayının 2-dən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ümumtəhsil məktəblərində təlim-tərbiyə işi distant formada aparılmışdır. 

       Məlum olduğu kimi, rayonda 36 dövlət, 1 özəl olmaqla 37 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hesabat ilində məktəbəqədər təhsil müəssisələrində 1830 nəfər uşaq məktəbəqədər təhsilə cəlb olunmuşdur. Pandemiya səbəbindən uşaqların və gənc nəslin sağlamlığının qorunması məqsədilə təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılmış, məktəbəqədər təhsil müəssisələrində də məşğələlər onlayn formada keçirilmişdir.

       Hesabat dövründə “Qax  Rayon Mərkəzi  Xəstəxanası” publik hüquqi  şəxsin 104 nəfər həkimi və 394 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir. Bunlardan 2020-ci ildə 35 nəfər həkim və 38 nəfər orta tibb işçisi ixtisasartırma kurslarında olmuşdur. Ötən il Rayon Mərkəzi  Xəstəxanasında stasionara 2126 nəfər xəstə müraciət etmiş və müalicə almışdır.

       Koronavirus infeksiyasının aşkarlaması məqsədilə rayonda  2020-ci ilin mart ayından ilin sonunadək 7765 nümunə götürülmüşdür. Onlardan 1047 nəfərdə testin nəticəsi pozitiv olmuşdur. Bunlardan 930 nəfər müalicə alaraq sağalmış, 23 nəfəri COVİD-19 xəstəliyindən vəfat etmiş, 35 nəfər vətəndaşdan isə ölümündən sonra götürülən testin nəticəsi pozitiv olmuşdur. 01 yanvar 2021-ci il tarixə 4 nəfər koronavirus  xəstəsi respublikanın müxtəlif xəstəxanalarında, 55 nəfər isə evdə müalicəsini davam etdirmişdir.

       Hesabat ilində rayon  Mərkəzi Xəstəxanasında 2-ci Vətən müharibəsində yaralanmış 136 nəfər əsgər müalicə almışdır. Onlardan 77 nəfəri sağalaraq hərbi hissələrə qayıtmış, 59 nəfəri isə müalicəsini davam etdirmək üçün  respublikanın digər xəstəxanlarına göndərilmişdir.

       2020-ci ildə rayonda 1 yaşadək 3 körpə ölümü qeydə alınmış, cərrahiyə şöbəsində 1070 əməliyyat  aparılmışdır  ki, bunlardan da  70-i təcili və təxirəsalınmaz əməliyyat olmuşdur.

        Vərəm xəstəliyinin ilkin aşkarlanması məqsədi ilə ötən il 7810 nəfərdə müayinə aparılmış və 13 nəfərdə ilkin vərəm aşkarlanmışdır. Eyni zamanda il ərzində 200 nəfər diabetli xəstə və 103 nəfər onkoloji xəstə qeydiyyata götürülmüşdür.

        Hesabat dövründə 373.2 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə bölüşdürülmüş, güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 204.1 min manatlıq pulsuz dərman preparatları  verilmişdir.

          Rayon Gigiyena  və Epidiomologiya  Mərkəzi tərəfindən ötən il dövründə peyvəndlərin tətbiqinə daim nəzarət olunmuş və rayonun müalicə profilaktika müəssisələrinə praktiki köməklik göstərilmişdir. Hesabat dövründə mərkəz tərəfindən COVID-19 infeksiyasının qarşısının alınması məqsədilə 279.3 min2 m sahədə, o cümlədən 314 xəstəlik ocağında tamamlayıcı dezinfeksiya işləri aparılmışdır.

         Ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəliyi tərəfindən mədəniyyət müəssisələrində tədbirlər onlayn formada keçirilmişdir.

         Pandemiya dövründə Qax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir qrup gənc aztəminatlı ailələrin, qayğıya ehtiyacı olan yaşlı insanların evlərində olmuş və yardım göstərmişlər.

         Ölkəmizin şanlı qələbəsi ilə nəticələnən 44 günlük 2-ci Qarabağ müharibəsində rayon gəncləri də fəal iştirak etmişdir. Yüzlərlə gənc ordu sıralarına daxil olmaq və müharibədə iştirak etmək üçün könüllü olaraq Qax Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən rayonun 29 şəhidindən 25-i gəncdir. Rayon gəncləri şəhidlərin dəfn olunmasında yüksək vətənpərvərlik ruhunda  iştirak etmiş, şəhid ailələrinə və qazilərə baş çəkərək mənəvi dəstək olmuşlar.

         Hesabat ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 16 saylı regional ərazi filialında rayon üzrə 2567 nəfərə aylıq sosial müavinət, 1508 nəfərə təqaüd və 887 nəfərə isə birdəfəlik müavinət ödənilmişdir. 01 yanvar 2021-ci il tarixə rayon üzrə uçotda olan pensiyaçıların sayı 7560 nəfər olmuşdur ki, bunlardan 5054 nəfəri yaşa görə, 2089 nəfəri əlilliyə görə və 417 nəfəri ailə başçısını itirməyinə görə əmək pensiyası alan şəxs olmuşdur.

        Hesabat dövründə Qax Gənclərin İnkişaf və Karyera Mərkəzi tədbirlər planına və Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin ölkədə “Könüllülər ili” elan olunması haqda sərəncamına uyğun olaraq  müxtəlif mövzularda tədbirlər həyata keçirmişdir. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq tədbirlərin böyük əksəriyyəti onlayn formada keçirilmişdir. Könüllü gənclər pandemiya dövründə maarifləndirici mobil qrupların tərkibində fəal iştirak etmiş, yaşı 65-dən çox olan ahıl və tənha rayon sakinlərinə sosial-məişət xidmətlərin göstərilməsinə kömək etmişdir.

       12 saylı Ərazi Məşğulluq Mərkəzi filialına hesabat ilində 16616 nəfər işaxtaran vətəndaş müraciət etmiş, bunlardan 9119 nəfəri qadın, 5182 nəfəri isə gənc olmuşdur. 01 yanvar 2021-ci il tarixə 12 saylı Ərazi Məşğulluq Mərkəzi filialında rayon üzrə 15578 nəfər işaxtaran və işsiz şəxs qeydiyyatda olmuşdur. 2020-ci ildə filialda qeydiyyatda olan işaxtaran və işsiz  vətəndaşlardan 354 nəfəri işlə təmin olunmuş, bunlardan 278 nəfəri  “DOST İş Mərkəzi” MMC-yə ictimai işlərə göndərilmişdir. Hesabat ilində 3 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmişdir. 

       Filialda qeydiyyatda olan işsiz və işaxtaran, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan 99 nəfər vətəndaş “Özünüməşğulluq” layihəsinə cəlb edilmiş, bunlardan 87 nəfəri aktivlərlə təmin olunmuşdur.

       Hesabat dövründə Dövlət Əmək Müfəttişliyinin Qax regional ərazi şöbəsinə 15 ərizə-şikayət  daxil olmuş, bu müraciətlər qanunvericiliyə uyğun olaraq araşdırılaraq cavablandırılmışdır. Müraciətlərin araşdırılması zamanı  2 inzibati xəta halı müəyyən edilmiş və ümumilikdə 1400 manat inzibati cərimə tətbiq edilmişdir.

         Qax Telekommunikasiya Qovşağı tərəfindən ötən il rayon ərazisində 1180 m uzunluğunda istismara yararsız kabel yenisi ilə əvəzlənmişdir. Hesabat dövründə ümumilikdə 194 ədəd istismara yararsız ağac dirək yenisi ilə əvəzlənmiş, 63 ədəd ağac dirəyə beton calaq verilmiş, 9 ədəd ağac dirək dəmir dirəklə əvəzlənmiş, 13 ədəd internet avadanlığı quraşdırılmış, 5150 m magistral yolkənarı və 10200 m şəbəkə daxili hava xətləri texniki normalara uyğun tənzimlənmişdir.

        Qax şəhərində 840 m, Qaxbaş kəndində 1100 m və Tasmalı kəndində 3130 m uzunluğunda kabel xətti çəkilərək abunəçilər yeni telefon nömrələri ilə təmin edilmişdir.

       Fıstıqlı kəndində 3100 m uzunluğunda fiber optik kabel çəkilmiş, 64 nömrə tutumuna malik EATS quraşdırılaraq istismara verilmiş, 1350 m uzuluğunda kabel çəkilərək xətt şəbəkəsi yenidən qurulmuş və abunəçilər internet xidməti ilə təmin edilmişdir. Ləkit-Malax kəndində 450 m uzunluğunda fiber optik kabel çəkilərək birləşdirici xəttdə cari təmir işləri aparılmışdır.

       Hesabat dövründə Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən məişət tullantılarının daşınmasına dair bağlanmış müqavilələr əsasında 1839 təsərrüfat subyektinə,  kommunal evlərdə yaşayan 682 abonentə, 315 sahibkara, 30 idarə, müəssisə və təşkilata müvafiq  xidmətlərin göstərilməsi təmin edilmişdir. Şəhər ərazisində abonentlərə xidmət üçün 3 qutu, 15 xüsusi yer və 201 konteyner ayrılmışdır. Hesabat ilində Kombinat tərəfindən 19.2 min m3 həcmində bərk məişət tullantılarının poliqonda zərərsizləşdirilməsi, eləcə də  şəhərin 70 küçə və prospektini, 15 park və bağını əhatə edən 2502 ədəd nöqtənin işıqlandırılması təmin olunmuşdur.

        Kombinat tərəfindən şəhərin şəhərin küçə və parklarında 780 ədəd müxtəlif növ ağac tingi, 16700 ədəd müxtəlif qızılgül, çiçək və gül əkilmiş, 6000 m2 sahəyə çəmən, 300 m2 sahəyə isə gül toxumu səpilmişdir. 

       Qax Elektrik Şəbəkəsi tərəfindən hesabat dövründə 20 ədəd transformator yarımstansiyası cari, 38 ədəd transformator yarımstansiyası isə əsaslı təmir olunmuşdur. Şəbəkə tərəfindən  217 ədəd 10 kV-luq və 404 ədəd 0.4 kV-luq dayaq basdırılmış, 7159 m uzunluğunda SİP kabeli çəkilmiş, 24 ədəd ayrıcı və 250 kVA gücündə  yeni transformator quraşdırılmışdır. Elektrik xətlərinin mühafizə zonasının 31.9 km hissəsi təmizlənmiş, 231 ədəd yeni sayğac quraşdırılmış və 1661 ədəd sayğac yenisi ilə əvəzlənmişdir. İl ərzində şəbəkə tərəfindən 3240 m uzunluğunda yeni kabel və 9575 m uzunluğunda müxtəlif markalı naqil çəkilmişdir.

       Güllük kəndində 10 və 0.4 kV-luq şəbəkənin yenidənqurulması işləri davam etdirilərək ümumilikdə 2924 metr uzunluğunda yeni SİP kabel xətti çəkilmiş, 184 ədəd 0.4 kV-luq dayaq, 19 ədəd söykənək basdırılmış və 43 sayğac küçə xəttinə çıxarılmışdır.

       Hesabat dövründə Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax sahəsi tərəfindən 170 sayğac küçə xəttinə çıxarılmış, 1580 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmiş və 4 ədəd smartkart tipli sayğac quraşdırılmışdır. Şəhər ərazisində 1312.6 pm, Qaxbaş kəndi ərazisində 701.2 pm və Əmircan kəndində 145.2 pm uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilmiş, 6 ədəd qaz tənzimləyicisi və 10 ədəd siyirtmə quraşdırılmışdır. İl ərzində 123 mənzil qazlaşdırılmış, rayon üzrə  abonentlərin sayı 10235-ə çatmışdır.

        6 №-li Regional Sukanal İdarəsinin Qax Sukanal sahəsi tərəfindən hesabat ilində 6251 abonent olmaqla, 14718  nəfər içməli su ilə təmin olunmuşdur. Sahə tərəfindən 16 büdcə, 25 respublika, 150 kommersiya və istehsalat müəssisəsi ilə müqavilə bağlanmış və xidmət göstərmək üçün sahə tərəfindən 5 nəfər nəzarətçi ayrılmışdır. Sahə tərəfindən 2020-ci ildə əhaliyə 305.3 min manat, büdcə təşkilatlarına 31.4 min manat, qeyri-büdcə təşkilatlarına 38.4 min manat olmaqla, ümumilikdə 375.1 min manatlıq xidmət göstərilmişdir. Göstərilmiş xidmətlərə görə yığım müvafiq olaraq əhali üzrə 308.3 min manat olmaqla 101 faiz, büdcə təşkilatları üzrə 30.1 min manat olmaqla 95.8 faiz,  qeyri-büdcə təşkilatları üzrə 35.9 min manat olmaqla 93.5 faiz,  cəmi 374.3 min manat olmaqla illik 99.8 faiz olmuşdur.

        Əhaliyə içməli suyun verilməsi üçün sahə tərəfindən su sayğaclarının quraşdırılması işi davam etdirilərək il ərzində 122 su sayğacı quraşdırılmş və rayon üzrə quraşdırılmış su sayğaclarının ümumi sayı 5890-a çatdırılmışdır.

         Məlum olduğu kimi, rayonumuzda 218 ailə olmaqla 890 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Hesabat ilində onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşgulluğunun artırılması və sosial müdafiəsinə yönəldilmiş tədbirlərin icrası vəziyyəti daim rayon rəhbərliyinin, eləcə də əlaqədar təşkilatların diqqət mərkəzində saxlanılmaqla lazımi işlər görülmüşdür.

     Hesabat dövründə rayon üzrə 167 nəfər   hərbi   xidmətə  yola  salınmış,  eyni zamanda 167 nəfər hərbi xidmətdən tərxis olunmuşdur. Ötən il rayonda 91 cinayət hadisəsi baş vermiş, cinayətlərin açılma faizi 98.9 faiz olmuşdur. İl  ərzində qeydə  alınmış cinayətlərdən 2-si ağır, 48-i az   ağır və  41-i  isə  böyük  ictimai  təhlükə   törətməyən  cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərdən 31-i şəxsiyyət  əleyhinə, 30-u mülkiyyət əleyhinə, 29-u ictimai qayda və ictimai təhlükəsizlik əleyhinə, 1-i isə dövlət hakimiyyəti əleyhinə olan cinayətlər olmuşdur.  Ötən il 57 nəfər inzibati qaydada həbs edilmiş, 57 min manat məbləğində cərimə tətbiq edilmişdir.                      

     2020-ci ildə rayon ərazisində 10 yol  nəqliyyat  hadisəsi qeydə alınmış, 2 nəfər ölmüş və 9 nəfər isə  müxtəlif  bədən  xəsarəti  almışdır. Hesabat ilində yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə sahəsində aparılan tədbirlər zamanı 2595 yol hərəkəti qayda pozuntusu aşkar edilmişdir.  

    Hesabat dövründə Qax Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən 137 nəfər vətəndaşa şəxsiyyət vəsiqəsi verilmişdir. 

     Ötən il rayon üzrə 743  doğum, 522 ölüm qeydə alınmış, əhalinin təbii artımı 221 nəfər olmuşdur.  Bundan başqa 113 nigah və 57 nigahın pozulması halı qeydə alınmışdır.

        Hesabat ilində rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayonun 8 yaşayış məntəqəsində səyyar qəbul keçirilmiş, qəbullarda iştirak etmiş 547 vətəndaşdan 37 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərlə bağlı aidiyyəti xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilməklə icrası nəzarətə saxlanılmışdır.

 Ötən il rayon İcra Hakimiyyəti başçısının Aparatına Azərbaycan Respublikası Prezidentinin 14 fərman və sərəncamı, Prezident Administrasiyası rəhbərinin 2 sərəncamı, Nazirlər Kabinetinin 196 sərəncam və qərarı, respublikanın mərkəzi icra hakimiyyəti orqanları və digər idarə və müəssisələrindən, rayon təşkilatlarından ümumilikdə 755 sənəd daxil olmuşdur. Daxil olmuş sənədlər müvafiq təlimat və göstərişlərə uyğun olaraq işlənərək rayon İcra Hakimiyyəti başçısı Aparatının və əlaqədar təşkilatların məsul işçiləri tərəfindən baxılmışdır

 2020-ci ildə rayon İcra Hakimiyyəti başçısı Aparatına Prezident Adminstrasiyasından 164, Milli Məclisdən 4, Nazirlər Kabinetindən 12, digər Respublika təşkilatlarından 15 və vətəndaşlardan 378 olmaqla, cəmi 573 müraciət daxil olmuşdur. Vətəndaş müraciətlərinin baxılmasının nəticəsi olaraq hamısına müvafiq cavab məktublarının göndərilməsi təmin olunmuşdur.       

Hesabat ilində daxil olmuş müraciətlərdən enerji daşıyıcıları və su ilə bağlı 39, bələdiyyələrin fəaliyyəti ilə bağlı 35, təbii fəlakət və fövqəladə hallarla bağlı 30, mənzil məsələləri ilə bağlı 48, torpaq məsələləri ilə bağlı 78, əmək və sosial müdafiə məsələləri ilə bağlı 136, şəhərsalma və tikinti məsələləri ilə bağlı 123 olmaqla çoxluq təşkil etmişdir.

Təsdiq olunmuş qrafikə uyğun olaraq il ərzində rayon İcra Hakimiyyəti başçısının, müavinlərin və şöbə müdirlərinin qəbulları keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 247 nəfər, digər məsul şəxslər tərəfindən isə 679 nəfər olmaqla cəmi 926 nəfər vətəndaş qəbul edilmişdir.

        “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq hesabat ilində rayon İcra Hakimiyyətində keçirilən müşavirələrdə  yerlərdə həftə ərzində görülmüş və görüləcək işlər müzakirə olunmuş, iş hazırda da davam etdirilir.

           Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun Administrasiyasını və  rayon əhalisini əmin edir ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının proqram xarakterli çıxışından irəli gələn vəzifələri yerinə yetirmək üçün rayonun bütün potensial imkanları səfərbər edilərək 2021-ci il uğurla başa vurulacaqdır.

      

 

Keçidlər