Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2021-ci ilin hesabatı

 Qax Rayon İcra Hakimiyyəti başçısının 2021-ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabatı

      2021-ci ildə respublikamızın digər regionlarında olduğu kimi,  rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

      Hesabat ilində rayon üzrə məhsul buraxılışı 145 milyon 614 min manat olmuşdur. Sənaye sahəsində məhsul buraxılışı 20 milyon 939 min manat, kənd təsərrüfatı sahəsində 71 milyon 356 min manat, tikinti sahəsində 6 milyon 334 min manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 1 milyon 497 min manat, informasiya və rabitə sahəsində 1 milyon 357 min manat, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 44 milyon 131 min manat olmuşdur.

         Müvafiq olaraq əvvəlki ilə nisbətən sənaye sahəsində fiziki həcm indeksi 91,0 faiz, kənd təsərrüfatı sahəsində 110,7 faiz, tikinti sahəsində 42,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 99,5 faiz, informasiya və rabitə sahəsində 106,7 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 98,3 faiz təşkil etmişdir.

         2021-ci ilin yanvar-dekabr aylarında Qax rayonunda əsas kapitala investisiya qoyuluşu 9 milyon 788 min manat olmuşdur. Qoyulmuş investisiyanın 5 milyon 891 min manatı dövlət mülkiyyətinə, 3 milyon 897 min manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur.

         Hesabat dövründə rayonda 106 yeni iş yeri açılmışdır. Yeni iş yerləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67 iş yeri az olmuşdur. Yeni açılmış iş yerlərinin 27-i yeni yaradılmış, 55 iş yeri isə mövcud müəssisə və təşkilatlarda, 24 iş yeri fəaliyyətini bərpa etmiş müəssisələrdə qeydə alınmışdır. 2021-ci ilin yanvar-dekabr ayları ərzində 804 nəfər fiziki şəxs fərdi sahibkar kimi vergi orqanında qeydiyyata alınmışdır.

         Hesabat dövründə rayon üzrə orta aylıq əməkhaqqı 399,1 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 manat çox olmuşdur.

Qax rayonu üzrə 2021-ci il ərzində 4343,0 min manat proqnoza qarşı büdcəyə 4389,0 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 101 faizini təşkil etmiş və müəyyən olunmuş proqnozdan 46,0 min manat çox olmuşdur. Eyni zamanda yerli büdcənin gəlirləri üzrə 3699,0 min manat proqnoza qarşı 3768,7 min manat vəsait daxil olmuşdur ki, bu da yerli büdcə üzrə proqnozun 101,9 faizini təşkil etmişdir.

Büdcə daxilolmalarında dövlət müəssisələrinin xüsusi çəkisi 38,7  faiz və ya 1697,1 min manat, qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 61,3 faiz və ya 2691,9 min manat, fiziki şəxslərin xüsusi çəkisi 18,4 faiz və ya 809,5 min manat təşkil edir.

Qax rayonu üzrə 2021-ci il ərzində məcburi dövlət sosial sığorta haqqları üzrə  4599,3 min manat vəsait daxil olmuşdur. O cümlədən büdcədən maliyyələşən təşkilatlar üzrə 1941,5 min manat, qeyri-büdcə üzrə 2657,8 min manat vəsaitin cəlb olunması təmin edilmişdir.

2021-ci il ərzində işsizlikdən sığorta haqqları üzrə 153.2 min manat, o cümlədən büdcə təşkilatları üzrə 56,5 min manat, qeyri büdcə təşkilatları üzrə isə 96,7 min manat vəsait daxil olmuşdur.

 Sahibkarlığın İnkişafı Fondu tərəfindən ötən il rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə 32 sahibkara 568 min manat güzəştli kreditlər verilmişdir.

  Hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq  məhsulları istehsalının dinamik inkişafının təmin olunması üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi  davam etdirilmişdir. Belə ki, hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq  məhsulları istehsalının dinamik inkişafının təmin olunması üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi  davam etdirilmişdir.    

Belə ki, 2021-ci ilin məhsulu üçün əkilmiş 14091 hektar payızlıq taxıl, o cümlədən 10036 hektar buğda, 4055 hektar arpa sahəsindən 47350 ton payızlıq dənlilər istehsal olunmuşdur. Payızlıq dənlilərin hər hektardan orta məhsuldarlığı 33.6 sentner təşkil etmişdir.  2022-ci ilin məhsulu üçün  8830 hektar sahədə buğda, 4408 hektar sahədə isə arpa əkini olmaqla cəmi 13238 hektar sahədə səpin işləri aparılmışdır.

       Hesabat ilində  1516 hektar qarğıdalı sahəsindən 11.9 min ton məhsul tədarük edilmişdir. Dən qarğıdalının hər hektardan orta məhsuldarlığı 78.2 sentner təşkil etmişdir. Bütün növ tərəvəz-bostan məhsulları istehsalı sahəsində də 2020-ci ilə nisbətən uğurlu nəticələr əldə olunmuşdur. Hesabat ilində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi  üzərindən ümumilikdə bitkiçilik sahəsi ilə məşğul olan 6081 fermerə  3 milyon 875 min manat məbləğində subsidiya vəsaiti ödənilmişdir.

Rayon üçün ənənəvi istehsal sahələri olan tütünçülüyün və baramaçılığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət verildiyindən bu sahədə zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilmışdir. İl ərzində 477  hektar sahədə tütün əkini aparılmış, 560  ton quru tütün yarpağı tədarük olunmuşdur. Tədarük olunmuş quru tütünə subsidiya verilməsi ilə əlaqədar sənədləşmə işləri başa çatdırılmışdır.

        Hesabat ili ərzində  22 ton barama istehsal olunmuşdur. Kümdarlara barama istehsalına görə 242 min  manat vəsait ödənilmişdir. Baramaçılığın yem bazasının artırılması  məqsədilə 17500 ədəd yerli tut tinglərinin baramaçılıqla məşğul olan ərazilərdə əkini təmin olunmuşdur. Qax Damazlıq İpəkçilik Stansiyasında 2022-ci ildə kümdarlara paylanması üçün 34 kq hibrid ipək qurdu toxumu hazırlanmışdır.

“Ulu Aqro” MMC-ə məxsus torpaq sahələrində 2021-ci ilin məhsulu üçün əkilmiş 1049 hektar buğda sahəsindən 4228 ton, 100 hektar arpa sahəsindən 528 ton olmaqla cəmi 4756 ton payızlıq dənlilər istehsal olunmuşdur.  Buğda məhsulu üzrə məhsuldarlıq 40.3 sentner, arpa məhsulu üzrə məhsuldarlıq 52.8 ton təşkil etmişdir. Buğdanın məhsuldarlığı rayon  səviyyəsindən 6.8 sentner, arpanın məhsuldarlığı isə 19.0 sentner çox olmuşdur. Qeyd etmək lazımdır ki, suvarılan torpaq sahəsində payızlıqların məhsuldarlığı 70 sentnerə yaxın olmuşdur.  Hesabat ilində 200 hektar dən qarğıdalı sahəsinin hər hektarından 105 sentner olmaqla cəmi 2100 ton məhsul istehsal olunmuşdur.

2021-ci ildə”Aqroservis” ASC-nin Qax rayon bölməsi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştli qiymətlə 727 ton müxtəlif növ mineral gübrələrinin, 1422 litr həcmdə müxtəlif növ pestisidləri satılması təmin olunmuşdur. Hesabat ili ərzində filiala məxsus texnikalar vasitəsi ilə rayonun ayrı-ayrı ərazilərində  2400 hektar sahədə payızlıq dənlilərin, 52.5 hektar sahədə dən qarğıdalı biçini aparılmışdır.

        Kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə 1 ədəd kombayn və ekskovatorun, 2 ədəd qoşqunun, 16 ədəd müxtəlif növ aqreqatın və 19 ədəd müxtəlif markalı traktorun satışı təmin olunmuşdur. 

             İntensiv fındıq bağlarının salınması məqsədilə “Monte-Ferro” MMC tərəfindən 8 hektar sahədə 570 min ədəd fındıq şitili əkilməklə tinglik yaradılmışdır.

          Arıçılığın daha da inkişaf etdirilməsi üçün stimullaşdırıcı amillərin həyata keçirilməsi məqsədilə arıçılıqla məşğul olan istehsalçılara dövlət vəsaiti hesabına hər bir arı ailələsinə görə subsidiyanın verilməsi təmin olunmuşdur.

      Rayonda yaradılmış “Şan balı” arı məhsullarının istehsalı kooperativdə  birləşən 61 istehsalçının arı ailələrinin ümumi sayı il ərzində 1200 ədəd təşkil etmişdir.

      Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə 718 min m3 həcmdə lildən təmizləmə işləri, 50 ədəd hidropost və 35 ədəd hidroqurğuda  təmir işləri aparılmışdır.

     Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə daşqın və selə qarşı 1365 min m3 məcratəmizləmə işləri aparılmış, 1100 m3 qabion və 2200 m3 daş-beton bəndlərdə sahilbərkitmə işləri  aparılmışdır. Su itkisinin qarşısının alınması üçün 2270 m3 torpaq kanalı beton üzlüyə alınmışdır.

        Hesabat dövründə mənzil fondunun əsaslı təmiri ilə bağlı  büdcədə nəzərdə  tutulmuş  vəsait hesabına şəhərin H.Əliyev  prospekti 1a,  1 b,  Azərbaycan  prospekti 67,   Ü.Hacıbəyov  küçəsi 1a,    V. Eyvazov  küçəsi 1, 1a, 3 və 22 saylı və X.Natəvan  küçəsi 3  saylı  kommunal  yaşayış  binalarının həyələrində  abadlıq və təmir  işləri, o cümlədən Azərbaycan  prospekti 67, Ü.Hacıbəyov  küçəsi 1a, V.Eyvazov  küçəsi  22 saylı və X.Natəvan  küçəsi 3  saylı  kommunal  yaşayış  binalarının isə həyələrində  asfalt-beton  örtüyün təmiri işləri aparılmışdır.

        Abadlıq işləri ilə bağlı  büdcədə nəzərdə  tutulmuş  vəsait hesabına şəhərin C.Cabbarlı, İ.Abdullayev, M.Maqomayev, Bülbül, Ş.Xətai, S.Mehmandarov, Z.Bünyadov, C.Məmmədov, Q.Rəsulov, N.Tusi, N.Nərimanov, N.Hikmət, A.Şaiq, F.Əmirov, Ə.Vahid, D.Qorqud, İ.Qabulov, Cavanşir küçələrində, H.Əliyev  prospektindəki döngədə və "Şəhidlər  Xiyabanı"nda abadlıq-quruculuq işləri görülmüş, Ü.Hacıbəyov  küçəsində və Qax-Zaqatala  avtomobil  yolunda işıq  dirəkləri quraşdırılmış, şəhərin  2 prospekt  və 26 küçəsində hərəkət  tənzimləyici  xətlər  çəkilmişdir.

         Yolların əsaslı təmiri ilə bağlı  büdcədə nəzərdə  tutulmuş  vəsait hesabına şəhərin İ.Abdullayev, M.Maqomayev, S.Pişəvəri,  X.Ağamirov,  F.Xoyski, İ.Qabulov, Cavanşir, İ.Nəsimi,  N.Tusi, N.Nərimanov, Xətai və Z.Bünyadov  küçələrində və H.Əliyev  prospektindəki  döngədə yol və səkilərin asfalt-beton örtüyünün təmiri işləri aparılmşdır.

         Hesabat dövründə Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmış,  binanın istismara qəbulu ilə bağlı müvafiq işlər aparılmışdır.

        Hesabat ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 4 ədəd fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.        

       İl ərzində rayon İcra Hakimiyyəti tərəfindən 82 fərdi  yaşayış evinin tikintisinə, 39 fərdi yaşayış evinin istismarına, eyni zamanda 8 sahibkarlıq obyektinin tikintisinə və 4 sahibkarlıq obyektinin istismarına icazə verilmişdir.

         Hesabat dövründə Qax Rayon Təhsil şöbəsi təhsilin inkişaf etdirilməsi, yeni tədris planlarının tətbiqi, tədris prosesinin təkmilləşdirilməsi, şagirdlərin mənəvi tərbiyəsinin formalaşması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işini davam etdirmişdir.

         Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına və Təhsil Nazirliyinin müvafiq hüquqi-normativ sənədlərinə uyğun olaraq 2021-2022-ci dərs ilində 30 məktəbdə 34 məktəbəhazırlıq qrupu təşkil edilmişdir ki, həmin qruplara da 508 nəfər uşaq cəlb edilmişdir. Təhsil Nazirliyinin dəstəyi ilə rayonun 7 kəndində - Baydarlı, Qarabaldır, Fıstıqlı, Lələpaşa, Lələli, Şıxlar və Uzuntala kəndlərində 3-4 yaşlı uşaqlar üçün icmaəsaslı məktəbəqədər hazırlıq qrupları təşkil edilmiş, 2021-2022-ci dərs ilində həmin qruplara 115 nəfər uşaq qəbul edilmişdir.

         Hesabat ilində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarında Azərbaycan, gürcü və rus bölməsi üzrə 557 nəfər IX sinif, 415 nəfər isə XI sinif şagirdi iştirak etmişdir. IX siniflərdə ana dili, riyaziyyat və xarici dil fənni üzrə orta bal 37.9, XI siniflərdə isə hər üç fənn üzrə orta bal  41.5  olmuşdur.

         Ötən il Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”ndə rayonun İlisu, Əmircan və Qorağan kənd tam orta məktəblərinin müəllimləri  müxtəlif layihələrdə iştirak edərək qalib adını qazanmışdır. 

        Hesabat dövründə rayonun ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə iştirak edərək bir sıra uğurlar qazanmışdır. Belə ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində  bir şagird III dərəcəli diplomla təltif edilmiş, 3 nəfər şagird isə "Virtual əlaçı" bilik yarışmasının qalibi olmuşdur. Fənn olimpiadalarının respublika mərhələsinin final turunda şəhər 2 saylı məktəb-liseyin şagirdi coğrafiya fənni üzrə III yerə layiq görülmüşdür.

         Hesabat ilində rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrinin 415 nəfər məzunundan 225 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Məzunlardan 176 nəfəri ali məktəblərə qəbul olunmuş, bunlardan 19 nəfər 500-700 arası, o cümlədən 4 nəfər 600-dən çox bal toplamışdır.

         Ötən il Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə ümumi təhsildə xüsusi nailiyyətlərinə görə şəhər 2 saylı məktəb-liseyin 3 məzunu qızıl medalla təltif edilmişdir. IX sinfi bitirmiş 6 şagirdə tam orta təhsil haqqında, həmçinin XI sinfi bitirmiş 5 şagirdə  isə  ümumi orta təhsil haqqında fərqlənmə attestatı verilmişdir.

        Azərbaycan Respublikasının regionlarda və Bakı şəhərində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri arasında keçirilən “Evdə Qalaq, Evdə Yaradaq” müsabiqəsinin onlayn respublika nəticələrinə görə Uşaq-Gənclər İnkişaf Mərkəzinin 3 nəfər dərnək üzvü  "Rəqs" nominasiyası üzrə I, 3 nəfəri "Əl işi" nominasiyası üzrə I, II və III,  2 nəfəri isə  "Bədii qiraət" nominasiyası üzrə II və III yerlərə layiq görülmüşdür.

         Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Tusi-Bohm Planetarium”un birgə əməkdaşlığı çərçivəsində “Gələcəyin mühəndisi” II Respublika müsabiqəsində Uşaq-Gənclər İnkişaf Mərkəzinin 1 nəfər dərnək üzvü III, “Üç alov” adlı Uşaq və Gənclərin onlayn Beynəlxalq Folklor Klassik Müasir Yaradıcılıq Festivalında mərkəzin 2 nəfər dərnək üzvü isə II və III yerlərə layiq görülmüşdür. 

       Məlum olduğu kimi, rayonda 36 dövlət, 1 özəl olmaqla 37 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hesabat ilində məktəbəqədər təhsil müəssisələrində 1830 nəfər uşaq məktəbəqədər təhsilə cəlb olunmuşdur.

       Hesabat dövründə “Qax  Rayon Mərkəzi  Xəstəxanası” publik hüquqi  şəxsin 101 nəfər həkimi(84 nəfəri şəhərdə) və 386 nəfər orta tibb işçisi(250 nəfəri şəhərdə) əhaliyə xidmət göstərmişdir. Bunlardan 2021-ci ildə 11 nəfər həkim və 17 nəfər orta tibb işçisi ixtisasartırma kurslarında olmuşdur. Rayon Mərkəzi  Xəstəxanasında stasionara 540 nəfər xəstə müraciət etmiş və müalicə almışdır.

      Hesabat  ilində koronavirus infeksiyasının aşkarlaması məqsədilə rayonda  7765 nümunə götürülmüş,  onlardan 1047 nəfərdə testin nəticəsi pozitiv olmuşdur.  930 nəfər müalicə alaraq sağalmış, 23 nəfəri COVİD-19 xəstəliyindən vəfat etmiş, 35 nəfər vətəndaşdan isə ölümündən sonra götürülən testin nəticəsi pozitiv olmuşdur. 01 yanvar 2021-ci il tarixə 4 nəfər koronavirus  xəstəsi respublikanın müxtəlif xəstəxanalarında, 55 nəfər isə evdə müalicəsini davam etdirmişdir.

        2021-ci ildə rayonda 1 yaşadək 2 körpə ölümü qeydə alınmış, cərrahiyə şöbəsində 1070 əməliyyat  aparılmışdır  ki, bunlardan da  70-i təcili və təxirəsalınmaz əməliyyat olmuşdur.

        Vərəm xəstəliyinin ilkin aşkarlanması məqsədi ilə ötən il 7810 nəfərdə müayinə aparılmış və 13 nəfərdə ilkin vərəm aşkarlanmışdır. Eyni zamanda il ərzində 200 nəfər diabetli xəstə və 103 nəfər onkoloji xəstə qeydiyyata götürülmüşdür.

        Hesabat dövründə 373.2 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə bölüşdürülmüş, güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 204.1 min manatlıq pulsuz dərman preparatları  verilmişdir.

          Rayon Gigiyena  və Epidiomologiya  Mərkəzi tərəfindən ötən il dövründə peyvəndlərin tətbiqinə daim nəzarət olunmuş və rayonun müalicə profilaktika müəssisələrinə praktiki köməklik göstərilmişdir. Hesabat dövründə mərkəz tərəfindən COVID-19 infeksiyasının qarşısının alınması məqsədilə 279.3  m2 sahədə, o cümlədən 314 xəstəlik ocağında tamamlayıcı dezinfeksiya işləri aparılmışdır.

         Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəliyi tərəfindən mədəniyyət müəssisələrində  mədəni-kütləvi tədbirlər,  müsabiqələr   keçirilmişdir.

         Hesabat dövründə  Qax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin  tədbirlər  planına  uyğun olaraq  ilə bir qrup gənc aztəminatlı ailələrin, qayğıya ehtiyacı olan yaşlı insanların evlərində olmuş və yardım göstərmişlər.

         Eyni zamanda  ölkəmizin şanlı qələbəsi ilə nəticələnən 44 günlük 2-ci Qarabağ müharibəsində rayon gəncləri də fəal iştirak etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin  anım mərasimlərində fəal  iştirak etmiş, şəhid ailələrinə və qazilərə baş çəkərək mənəvi dəstək olmuşlar.

         2021-ci ildə Dövlət Məşğulluq Agentliyinin 12 saylı Ərazi Məşğulluq Filialı tərəfindən rayon üzrə 114 nəfər kənd təsərrüfatı, 22 nəfər isə istehsal-xidmət sahələri üzrə olmaqla ümumilikdə 136 nəfər işaxtaran və işsiz vətəndaş özünüməşğulluq proqramına cəlb olunmuşdur. Onlardan 17 nəfəri şəhid ailəsi, 20 nəfəri qazilər, 99 nəfəri isə digər kateqoriyadan olan vətəndaşlar olmuşdur.

        İşsiz və işaxtaran şəxslərin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə  Dövlət Məşğulluq Agentliyinin yaratdığı komissiya tərəfindən  qiymətləndirmədən uğurla keçmiş vətəndaşlardan 99 nəfəri aktivlərlə təmin olunmuşdur. Bunlardan 16 nəfər şəhid ailəsi, 15 nəfər qazi, 68 nəfəri isə digər kateqoriyadan olan vətəndaşlar olmuşdur. Digər 37 vətəndaşın isə 2022-ci ildə aktivlərlə təmin olunması nəzərdə tutulmuşdur.

        6 №-li Regional Sukanal İdarəsinin Qax Sukanal sahəsi tərəfindən hesabat ilində 6524 abonent olmaqla, 15256  nəfər içməli su ilə təmin olunmuşdur. Sahə tərəfindən 13 büdcə, 22 respublika, 226 kommersiya və  sənaye təşkilatı ilə müqavilə bağlanmış və xidmət göstərmək üçün sahə tərəfindən 8 nəfər nəzarətçi ayrılmışdır.

       Sahə tərəfindən 2021-ci ildə əhaliyə 539.2 min manat, qeyri-əhali abonentlərinə 81.9 min manat dəyərində xidmət göstərilmişdir. Göstərilmiş xidmətlərə görə yığım müvafiq olaraq əhali üzrə 539.6 min manat olmaqla 100 faiz, qeyri-əhali abonentləri üzrə isə 88.7 min manat olmaqla 103.7 faiz olmuşdur.

        İl ərzində əhaliyə içməli suyun verilməsi üçün sahə tərəfindən su sayğaclarının quraşdırılması işi davam etdirilərək il ərzində 182 su sayğacı quraşdırılmş və rayon üzrə quraşdırılmış su sayğaclarının ümumi sayı 6059-a çatdırılmışdır.

        Qax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmişdir.

       Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən hesabat dövründə məişət tullantılarının daşınmasına dair bağlanmış müqavilələr əsasında 2093 təsərrüfat subyektinə,  kommunal evlərdə yaşayan 686 abonentə, 315 sahibkara, 25 idarə, müəssisə və təşkilata müvafiq  xidmətlərin göstərilməsi təmin edilmişdir. Şəhər ərazisində abonentlərə xidmət üçün 3 qutu, 15 xüsusi yer və 202 konteyner ayrılmışdır.

       Kombinat tərəfindən il ərzində 18.9 min m3 həcmində bərk məişət tullantılarının poliqonda zərərsizləşdirilməsi, eləcə də  şəhərin 84 küçə və prospektini, 15 park və bağını əhatə edən 3351 ədəd nöqtənin işıqlandırılması təmin olunmuşdur.

         Hesabat dövründə “Aztelekom” MMC-nin Qax Filialı tərəfindən rayon ərazisində 4500 m uzunluğunda müxtəlif markalı kabellərdə cari təmir işləri aparılmış, 4000 metr uzunluğunda hava rabitə xətləri texniki normaya gətirilmiş və 2610 metr uzunluğunda abunəçi xətləri yenilənərək təmir olunmuşdur. 51 ədəd istismara yararsız ağac dirək yenisi ilə əvəzlənmiş, 140 ədəd ağac dirəyə beton calaq verilmiş, 500 ədəd rabitə dirəyinə baxış keçirilərək rabitə xətləri texniki normaya gətirilmiş, 98 ədəd telefon çəkilmişdir. Optik kabelləşmə layihəsi çərçivəsində Qum kəndində 402, şəhər ərazisində isə 332 ədəd yeni dəmir dirək basdırılmışdır. Qax şəhərində 840 m, Qaxbaş kəndində 1100 m və Tasmalı kəndində 3130 m uzunluğunda kabel xətti çəkilərək abunəçilər yeni telefon nömrələri ilə təmin edilmişdir.

       Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax sahəsi tərəfindən il ərzində qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilərək 131 ədəd sayğac küçə xəttinə çıxarılmış, 3958 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmiş və 15 ədəd smartkart tipli sayğac quraşdırılmışdır.

      Şəhər ərazisində 9395 pm, Qaxingiloy kəndində 307 pm uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilmiş, 12 ədəd qaz tənzimləyicisi, 2 ədəd siyirtmə və 4 ədəd kran quraşdırılmışdır. İl ərzində 245 mənzil qazlaşdırılmışdır.

        2021-ci ildə Qax Elektrik Şəbəkəsi tərəfindən 28 ədəd transformator yarımstansiyası cari, 24 ədəd transformator yarımstansiyası isə əsaslı təmir olunmuşdur. 26 ədəd ayrıcı, 45 ədəd izolyator və 12 ədəd mufta quraşdırılmış, 132 ədəd 10 kV-luq, 170 ədəd 0.4 kV-luq dayaq basdırılmışdır. Elektrik xətlərinin mühafizə zonasının 61 km hissəsi təmizlənmiş, 269 ədəd yeni sayğac quraşdırılmış, 1742 ədəd sayğac yenisi ilə əvəzlənmiş, 5447 m uzunluğunda kabel və 10660 m uzunluğunda müxtəlif markalı naqillər çəkilmişdir. 7 ədəd transformator mərkəzinə 195 litr yağ əlavə olunmuşdur. Rayon üzrə 269 yeni sayğac quraşdırılmış, 1742 ədəd sayğac yenisi ilə əvəz olunmuş, 521 sayğac küçə xəttinə çıxarılmışdır.

       Güllük kəndində 10 və 0.4 kV-luq şəbəkənin yenidənqurulması işləri davam etdirilərək ümumilikdə 4871 metr uzunluğunda yeni SİP kabel xətti çəkilmiş, 25 ədəd 0.4 kV-luq dayaq, 5 ədəd söykənək basdırılmış və 70 sayğac küçə xəttinə çıxarılmışdır.

         2021-ci ildə RİH başçısı aparatına vətəndaşlar tərəfindən 659 müraciət daxil olmuşdur ki, bunun 194-ü Respublika Prezidenti  Administrasiyasının, 45-i respublikanın digər təşkilatlarının müşaiyət məktubu ilə, 420-i isə bilavasitə vətəndaşlardan daxil olmuşdur.

         İl ərzində daxil olan müraciətin 650-i ərizə, 8-i şikayət, 1-i isə təklif olmuşdur. Bunlardan 260-ı  müsbət həll  olunmuş, 288-nə müvafiq  izahat  verilmiş, 60-ı qismən  həll  olunmuş, 7-si baxılmaq üçün aidiyyatı üzrə göndərilmiş, 11-i baxılmamış saxlanılmış, 30-u isə icradadır.

         2021-ci ildə tabeli qurumlara 66 yazılı müraciət daxil olmuş, 468 vətəndaş isə şifahi qaydada müraciət etmişdir. 

        2021-ci ildə pandemiya ilə əlaqədar səyyar qəbullar müvəqqəti olaraq keçirilməmişdir.

        RİH başçısı aparatında vətəndaşların qəbul qaydalarında dəyişiklik olunaraq müraciətlərə müvafiq qaydalara uyğun olaraq baxılmışdır. Bəzi hallarda RİH başçısı və aparatın vəzifəli şəxsləri tərəfindən şəhid ailələri və qazilər fərdi qaydada qəbul olunmuşdur.      

 

Keçidlər