Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunda tibbi müayinələr mütəşəkkil qaydada davam edir

28 fevral 2014 | 16:00

        Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qax rayonunda da mütəşəkkil qaydada davam edir.
Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova AzərTAc-a bildirmişdir ki, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya yaradılmış, tədbirlər planı hazırlanmışdır. İlk növbədə müayinədən keçəcək insanların sayı müəyyənləşdirilmiş, cədvəl tərtib edilmişdir. Aksiyanın keçirildiyi tibb müəssisələrində əhalinin qəbulu və müayinələrin aparılması üçün bütün lazımi şərait yaradılmışdır. Tibbi müayinələrdə rayon üzrə 18 yaşdan yuxarı 39 minə yaxın insanın iştirakı nəzərdə tutulur.
Bildirilmişdir ki, fevralın 17-dən bu günədək 7 min nəfərə yaxın insan tibbi müayinədən keçmişdir. Rayon əhalisi dövlətimizin başçısının bu xeyirxah təşəbbüsünü ürəkdən alqışlayır, tibb ocaqlarında yaradılan şəraitdən, həkim və tibb işçilərinin isti münasibətindən, onlara göstərilən qayğıdan razı qaldıqlarını bildirirlər.
Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası 2010-cu ildə əsaslı təmir olunmuş, bütün şöbələr ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilmişdir.
Xəstəxananın baş həkimi Tərlan Əhmədzadə bildirmişdir ki, tibbi müayinələr xəstəxananın poliklinika şöbəsi ilə yanaşı, Əlibəyli və Tasmalı kənd sahə xəstəxanalarında, həmçinin kəndlərdə fəaliyyət göstərən həkim məntəqələrində keçirilir. Müayinələrə təcrübəli, yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları cəlb edilmişdir. Briqadaların tərkibinə terapevt, mama-ginekoloq, endokrinoloq, nevropatoloq, oftalmoloq, uroloq, kardioloq, cərrah və digər ixtisaslar üzrə peşəkar həkimlər daxil edilmişlər. Həkim briqadaları bu məsul kampaniyaya çox ciddi hazırlaşmışlar. Ultrasəs müayinəsi, elektrokardioqrafiya, rentgen-flüoqrafiya, laborator analizləri və digər müayinə kabinetlərində quraşdırılmış avadanlıq və aparatlar gün ərzində müayinəyə gələnlərə pulsuz xidmət göstərir.
Baş həkimin dediyinə görə, insanlar daha çox böyrək, ürək-damar, qan təzyiqi, onurğa sütununun fəqərə arası disk yırtığı və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Xəstəlik aşkar edilən vətəndaşlar müalicəyə cəlb olunurlar.
Bütün ölkə vətəndaşları kimi, Qax rayonunun əhalisi də tibbi müayinələrin keçirilməsini çox yüksək dəyərləndirir, bu xeyirxah təşəbbüsə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını bildirirlər.

Keçidlər