Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Festival uğurla keçdi

07 iyun 2014 | 15:00

Azərbaycan Gənclər İttifaqı (AGİ) gənclər arasında ekoloji biliklərin təkmilləşdirilməsi istiqamətində fəallıq göstərir və artıq bir neçə ildir ki, SPARE (Enerji Resurslarının İstifadəsi üzrə Məktəbli Proqramı) Beynəlxalq Proqramını həyata keçirir. Proqramın əsas məqsədi gənclərin ətraf mühitin mühafizəsinə dair vərdişləri və enerjiyə qənaətin , təbii resurslardan səmərəli istifadənin zəruriliyini aşılamaq, onları əməli fəaliyyətə sövq etməkdir. Proqram çərçivəsində orta ümumtəhsil məktəblərində çalışan müəllimlərlə  də fəal iş aparılır. Müəllimlər üçün təşkil edilən təlim və seminarlarda əsas diqqət məktəblərdə ətraf mühitin mühafizəsi, xüsusilə də enerjiyə qənaət və alternativ enerji mənbələrindən istifadə imkanları haqqında biliklərin müvafiq fənnlərdə (coğrafiya, biologiya, həyat bilgisi və s.) tədrisi və inteqrasiyasına dair beynəlxalq təcrübənin öyrənilməsinə yönəldilmişdir.
Proqramın icrası müddətində müxtəlif tədbirlər-konfranslar, seminarlar, viktorinalar, müsabiqələr keçirilir ki, bu da məktəbli gənclər arasında ekoloji mədəniyyətin formalaşmasında Azərbaycan Respublikasının qəbul etdiyi Ətraf  Mühitin mühafizəsi proqramlarının uğurla həyata keçirilməsinə töhvə verir.
Hər il keçirilən müsabiqələrdə xarici ölkələrlə bərabər, respublikanın ümumtəhsil məktəblərinin şagirdləri də fəallıqla iştirak edirlər.
Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli təbiət təmayüllü lisey öz uğurları ilə ölkənin ən qabaqcıl təhsil ocaqlarındandır. Bir sıra beynəlxalq yarışlarda dəfələrlə qalib olmuşdur.
Artıq 3ildir ki, lisey SPARE proqramının fəal iştirakçısıdır. Məktəbin müəllimləri Rəna Əhmədova, Zalxa Razıyeva və məktəbin 4nəfər şagirdi ilk 2 ildə qaliblər sırasında olmuşlar.
Bu il keçirilən müsabiqədə dünyanın 17 ölkəsindən nümayəndələr iştirak etmişdir. Hər bir ölkənin 5 layihəsinin iştirakı təmin olunmuşdur.
Bu müsabiqədə 2 nömrəli liseyin XI sinif şagirdləri Ağa Ramazanov, Jalə Məmmədova və müəllim Səlminaz Allahverdiyevanın hazırladığı “Sərfəli yanacaq, təmiz dünya” layihəsi 2-ci yer tutmuşdur. Qazanılan bu yer həm də ölkə üzrə 2-ci yer deməkdir.
Məhz təhsil ocağının qazandığı bu uğura görə Azərbaycan Gənclər İttifaqının dəstəyi ilə Ümumdünya Ətraf Mühit Günü münasibəti ilə 2 nömrəli liseydə  “Enerjidən səmərəli istifadə edək” devizi altında məktəbli Festivalı keçirilmişdir. Festivalda Qax rayonundan olan məktəblilərin enerjiyə qənaət və enerjidən səmərəli istifadə sahəsində irəli sürdükləri təşəbbüslər, icra etdikləri kiçik layihələr nümayiş etdirilmişdir.
Tədbirdə SPARE məktəbli proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova, proqramın tədbiqi layihələr üzrə koordinatoru Mirabbas Məmmədov, Alternativ və Bərpa olunan enerji mənbələri üzrə dövlət agentliyinin nümayəndəsi Ramis Rəlbiyev, Təhsil Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Energetika Nazirliyinin sülh korpusunun,  Bakı şəhər 287 nömrəli Zəkalar liseyinin, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbinin, Qax şəhər 4 və 5 nömrəli, Qaxbaş kənd 2 nömrəli tam orta məktəblərinin nümayəndələri iştirak etmişdir.
  Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi hazırlanmışdı.
Tədbirdə SPARE məktəbli proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova Qax şəhər 2 nömrəli təbiət təmayüllü liseyin direktoru Şəkər Abdullayeva və digər qonaqlar çıxış edərək festivalın məqsədi barədə məlumat verdilər.
Məktəblilər öz layihələrini nümayiş etdirdilər.  Keçirilən layihələrdən bəhs edən slaydlar  iştirakçılarına təqdim olundu.
Bədii hissədə şagirdlər mahnılar, səhnəcik və şeirlərlə çıxış etdilər. Hər bir çıxış iştirakçılar tərəfindən hərarətlə qarşılandı.
Festivalda  “Enerji və Ətraf mühit” Beynəlxalq məktəbli müsabiqəsinin uğurlu layihəsinin müəllifləri olan 2-ci yerin sahibləri Jalə Məmmədova, Ağa Ramazanov və müəllim Səlminaz Allahverdiyeva və həmin müsabiqədə fərqlənmiş bir qrup məktəbli  müəllifləri mükafatdırıldılar.

 

Keçidlər