Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Cavanşir” sənədli filminin təqdimatı keçirilmişdir

07 iyun 2014 | 15:00

5 iyun 2014-  cü  il  tarixdə rayon  Mədəniyyət  evində  Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimova həsr olunmuş “Cavanşir” sənədli filminin təqdimatı keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə foyedə Cavanşir Rəhimovun uşaqlıq və məktəb illərindən, döyüş yolundan bəhs edən sərgilərlə tanış  olmuşlar. Sonra film nümayiş olunmuşdur.
      Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yaddaş” sənədli filmlər studiyasında ərsəyə gələn film “Azərbaycanın milli qəhrəmanları” silsiləsindən hazırlanan növbəti ekran əsəridir. Fimin nümayişindən  sonra tədbirdə çıxış  edənlər Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimov haqqında söhbət  açmışlar. Bildirilmişdir ki, Cavanşir Rəhimov 1973-cü il iyunun 5-də Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur. Sonradan valideynləri ilə birlikdə Bakının Qaraçuxur qəsəbəsinə köçmüşdür. İlk təhsilini bu qəsəbədəki 104 nömrəli orta məktəbdə alan Cavanşir Rəhimov idmanın bir neçə növü ilə məşğul olmuş, Azərbaycanın və keçmiş SSRİ-nin müxtəlif şəhərlərində keçirilən yarışlarda uğur  qazanmışdır.
        Qeyd olunmuşdur ki, 1992-ci ilin mayında könüllü olaraq hərbi xidmətə gedən Cavanşir Rəhimovu yüksək fiziki hazırlığına görə aviasiya müəssisəsinin ilk hərbi vertolyot eskadrilyasına qəbul etmişlər. O, Ağdərə, Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı bölgələrindən yaralıların çıxarılmasında, düşmənin hərbi texnikasının və canlı qüvvəsinin məhv edilməsində böyük igidliklər göstərmişdir. Avqustun 6-da Ağdərə uğrunda gedən döyüşlərdən birində qəhrəmanlıqla şəhid olmuş, Bakıdakı Şəhidlər xiyabanında dəfn edilmişdir. Şəhid Cavanşir Rəhimova 1992-ci ildə Azərbaycanın Milli  Qəhrəmanı  adı  verilmişdir.
        Milli Qəhrəmanın anası Lalə Rəhimova şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə düşməndən təmizlənəcəyinə əminliyini ifadə  etmişdir.
         Ekran əsəri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
         Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi  Almaz xanım Sultanzadə,  filmin rejissoru Kəmalə xanım Musazadə  iştirak  edirdi.


 

Keçidlər