Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Kamera Orkestrinin konserti
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də Qax şəhərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Kamera Orkestrinin konserti olmuşdur.
“İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində, açıq səma altında teatrda musiqisevərlərin, rayon ictimaiyyəti nümayəndələrinin, şəhərin qonaqlarının iştirakı ilə keçirilən konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar ifa olunmuşdur. Konsertin bədii rəhbəri və baş dirijoru Bakı Musiqi Akademiyasının professoru Tofiq Aslanovdur.
Konsertin əvvəlində Qəbələ Beynəlxalq musiqi festivalının bədii rəhbəri, SSRİ Xalq Artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli uğurla davam edən beynəlxalq musiqi festivalı barədə məlumat vermiş, festivalın proqramına uyğun olaraq Qaxda, belə bir gözəl məkanda, açıq səma altında bənzəri olmayan bir səhnədə çıxış etməyin kollektiv üçün böyük şərəf olduğunu bildirmişdir.
Orkestr iki ildən artıqdır ki, fəaliyyət göstərir. Orkestrin repertuarına Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxildir. Kamera orkestri ilə SSRİ Xalq artistləri Fərhad Bədəlbəyli, Fidan Qasımova, Azərbaycan Respublikasının Xalq artistləri Xuraman Qasımova, Sərvər Qəniyev, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova və başqaları çıxış etmişlər. 2011-ci ildə orkestr Türkiyə Respublikasında, 2012-ci ildə isə BƏƏ-nin Abu-Dabi şəhərində uğurla çıxış etmişdir.
Konsertdə Aqşin Əlizadənin “Cəngi”, Üzeyir Hacıbəylinin “Arazbarı” əsərləri, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla”, Fikrət Əmirovun “1001 gecə” baletlərindən parçalar, habelə Fərhad Bədəlbəylinin, Tofiq Quliyevin, Fikrət Əmirovun və digər Azərbaycan bəstəkarlarının əsərləri ifa olunmuşdur. Orkestrin, eləcə də solistlər - Əməkdar Artist Gülnaz İsmayılovanın, Səbinə Əsədovanın, Afaq Abasovanın çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.