Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

20 Yanvar faciəsinin 25-ci ildönümü xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunmuşdur

20 yanvar 2015 | 16:00

Faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də keçirilən ümumrayon tədbirinin iştirakçıları, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sadə vətəndaşlar səhər saatlarından başlayaraq axın-axın Şəhidlər xiyabanına gələrək, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə, həmçinin ərazi bütövlüyümüz uğrunda müharibədə şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmişlər.

Tədbirin keçirildiyi rayon mədəniyyət evinin foyesində təşkil edilən Qanlı Yanvara həsr olunmuş foto və məktəblilərin rəsm əsərlərindən ibarət sərgidə faciəni törədənlərə qarşı sonsuz nifrət və intiqam hissləri özünü qabarıq şəkildə büruzə vermişdir.

Mərasimdə 20 Yanvar hadisələrinin mahiyyəti, faciənin acı nəticələri barədə danışılmış, bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğu vurğulanmışdır. Bildirilmişdir ki, həmin hadisələrdən 25 il ötsə də, Azərbaycan xalqına qarşı törədilən bu terror aktı bəşər tarixində insanlığa qarşı ən ağır cinayət olaraq qalacaqdır. Həmin gün milli azadlığı, ərazi bütövlüyü uğrunda inamla mübarizəyə başlayan xalq kütləvi terrorla üz-üzə qalıb, yüzlərlə insan sovet rejiminin ən ağır cinayətlərindən birinin qurbanı olub, yaralanıb, itkin düşüb.
Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib, hazırda 20 Yanvar şəhidlərinin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərildiyini bildirmişlər.

Qeyd edilmişdir ki, həmin qanlı hadisələrdən 25 il ötməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciənin səbəbkarlarını lənətləyir.

Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən sənədli film və mədəniyyət işçilərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər