Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2014-cu ildə rayonun sosial iqtisadi və təsərrüfat sahələrində gördüyü işlərə dair hesabatı və 2015-ci ildə qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilmişdir

12 fevral 2015 | 16:00

Fevralın 12-də Qax Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunlarına həsr olunmuş geniş yığıncaq keçirilmişdir.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək qoyulmuş, icra hakimiyyətinin foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxılmışdır.
Hesabat  məruzəsində diqqətə çatdırılmışdır ki, 2014-cü ildə rayonda ümumi məhsul buraxılışının həcmi 81 milyon 199 min manat təşkil etmişdir. Hesabat dövründə rayonda 4 milyon 969 min manatlıq sənaye, 37 milyon 151 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, 11 milyon 694 min manatlıq tikinti işləri həyata keçirilmişdir.
Bildirilmişdir ki, Azərbaycan Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamına əsasən, 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına ötən il avtomobil yolunun 9 kilometrlik hissəsinə asfalt-beton örtük salınıb, yolun üzərində 33 metr uzunluğunda körpü inşa edilmişdir.
Bundan əlavə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına Qax şəhərinin 8 küçə və prospektində bərpa və abadlıq işləri başa çatdırılmışdır. Eyni zamanda, avtomobil yollarının əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulan vəsait hesabına rayonun Aşağı Malax və Zərnə kəndlərinin giriş yollarına  2,2, Tasmalı kəndində isə daxili yollara 1,7 kilometr uzunluğunda asfalt örtük döşənmişdir.
Qeyd olunmuşdur ki, hesabat dövründə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı  Dövlət Proqramı”nda Qax rayonu üzrə nəzərdə tutulan  22  bənddən ibarət tədbirlərin icrası uğurla davam etdirilmişdir. Qax şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxmənzilli yaşayış evi tikilib istifadəyə verilmişdir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində 2014-cü ildə rayonda 472 yeni, daimi iş yeri açılmışdır.
Diqqətə çatdırılmışdır  ki, hesabat dövründə rayonun Zərnə, İlisu, Qapıçay və Qorağan kəndlərində bölgədə baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşən uşaq bağçalarında bərpa-gücləndirilmə işləri başa çatdırılmış, şəhər 4 nömrəli tam orta məktəbinin binası əsaslı təmir olunmuşdur. Eyni zamanda, Qax şəhərində hər biri 100 yerlik 2 uşaq bağçasının tikintisinə başlanılmışdır.
2013-2014-cü tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş 448  nəfər məzundan  300 nəfəri ali məktəblərə   qəbul imtahanlarında iştirak etmişdir. Qəbulun  nəticələrinə görə 2013-cü ildə  173 nəfər  tələbə adını qazanmışdırsa  (bunlardan 8  nəfəri  600-dən çox), 2014-cü ildə bu göstərici 176 nəfər olmuşdur ki, onlardan 19 nəfəri 600-dən çox, 49 nəfəri isə 500-700 arası bal toplamışdır.
2014-cü ildə əhaliyə 150 çarpayılıq Mərkəzi Xəstəxana, 25 çarpayılıq  şəhər  Uşaq  xəstəxanası, 15  çarpayılıq Tasmalı,10  çarpayılıq Əlibəyli  kənd  sahə  xəstəxanaları, 10  həkim və 26 tibb məntəqəsi tibb  xidməti göstərir.
2014-cü ildə Qıpçaq kəndində yeni həkim məntəqəsi tikilib istifadəyə verilmiş, rayon Poliklinikasının binasının bir hissəsində və Ləkit-Kötüklü kənd tibb məntəqəsində təmir işləri başa çatdırılmışdır. Cəlayir kəndində həkim məntəqəsinin tikintisi davam etdirilir.
Bundan əlavə,  ötən il  “Aqrolizinq” ASC-nin rayon “Aqroservis” filialı üçün yeni bina,  Qıpçaq kəndində həkim məntəqəsi, Yaponiya hökumətinin qrant yardımı ilə Qax şəhərinin kənarında tullantıların yandırılması poliqonu tikilib istifadəyə verilmişdir.
Hesabat məruzəsində 2014-cü ildə kənd təsərrüfatı sahəsində görülən işlər ətraflı təhlil olunmuşdur. Bildirilmişdir ki, havaların həddindən artıq quraq keçməsi səbəbindən taxılçılıqda orta məhsuldarlıq əvvəlki illə müqayisədə 6,1 sentner azalıb. Hesabat dövründə rayonda 12 min 421 ha taxıl sahəsindən 17 min 420 ton məhsul tədarük olunmuşdur.  Ötən ilin payızında rayonun təsərrüfatlarında 2015-ci ilin məhsulu üçün 10 min 867 hektar sahədə taxıl əkini aparılıb.
Qeyd olunmuşdur ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalında intensiv artım təmin olunub, ət istehsalı əvvəlki illə müqayisədə 45,3 ton artaraq 2987 tona, süd istehsalı 34,9 ton artaraq 15733 tona, yumurta istehsalı isə 31,4 min ədəd artaraq 7 milyon 856 min ədədə çatmışdır.
2014-cü ildə rayonda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilib, 28 sahibkara 499 min manat məbləğində dövlətin güzəştli kreditləri verilmişdir. Bundan əlavə, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən 594,5 min manat məbləğində yardımın verilməsi təmin olunmuşdur.
Hesabat məruzəsində, həmçinin 2014-cü ildə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunmuşdur.
Yerdən səslənən təkliflərdə Qax şəhərinin içməli su və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə işlərin, həmçinin rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlərin sürətləndirilməsi və digər məsələlər əksini tapıb.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və Milli Məclisin deputatı Azər Kərimli çıxış edərək 2014-cü ildə respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə qazanılan uğurlar barədə danışıb, qarşıda duran vəzifələrdən bəhs etmişlər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət         qəbul olunmuşdur.

Keçidlər