Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlamışdır

29 aprel 2015 | 15:00

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 29-da Qax şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlamışdır.
     Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla anıblar.
     Tədbiri Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq dövlət-din münasibətlərindən, ölkəmizdə milli mənəvi və islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Qeyd olunmuşdur ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.
     DQİDK-nın sədri Mübariz Qurbanlı bildirmişdir ki, Komitə tərəfindən bölgələrdə davamlı olaraq keçirilən belə tədbirlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli mənəvi və islami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə verməkdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan Komitə sədri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyəyə çatıb. Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkə iqtisadiyyatı gündən-günə güclənir. Digər bölgələr kimi, bu gün Qax rayonu da yeni inkişaf mərhələsini yaşayır, hər yerdə abadlıq, quruculuq işləri gedir, əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır.
     Qeyd olunmuşdur ki, milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği bu gün qarşıda duran ən vacib məsələlərdəndir. Çünki hazırda dünyada İslam dinini radikalizmə sürükləmək meyilləri artmaqdadır. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır. Azərbaycanın inkişafını, tərəqqisini gözü götürməyən bəzi qüvvələr din vasitəsilə ölkəmizdə təxribat törətmək istəyirlər. Lakin belə qüvvələr heç zaman məqsədlərinə çata bilməyəcəklər. Onların qarşısı hər zaman qətiyyətlə alınır və alınacaq.
     Konfransda Milli Məclisin deputatı Azər Kərimli və digərləri çıxış edərək, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi və tolerantlıq mühitinin qorunması istiqamətində görülən işlərdən danışmışlar.

Keçidlər