Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2 fevral- Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon toplantısı keçirilib

02 fevral 2023 | 09:09

2 fevral 2023-cü il tarixdə rayonda Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon toplantısı keçirilib. Tədbirdə rayon rəhbərliyi, qazilər, idmançılar və rayonun gənc fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə etmişlər. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişlər.

YAP rayon təşkilatının inzibati binasında davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir.

 Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında böyük rol oynadığını vurğulamışdır. Bildirmişdir ki, Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasəti sahəsində qəbul edilən normativ hüquqi aktlar, gənclərin ümumrespublika forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarının və icra mexanizmlərinin müəyyən edilməsində mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərin təlim-tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, onların cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Bu sahədə Heydər Əliyev fondunun gördüyü işlərə diqqət çəkən Vəfa Heydərova fondun və onun prezidenti Mehriban xanım Əliyevanın gənclərə olan qayğısı, onların respublikamızın layiqli vətəndaşı olmaları üçün görülən işlər və xüsusilə kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, layiqli vətəndaş kimi böyüməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat vermişdir.

V.Heydərova həmçinin bildirmişdir ki, artıq 3-cü ildir ki, Azərbaycan gəncləri öz bayramlarını həmişəkindən daha alnıaçıq, qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Qırx dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni işğalçılarından azad edib. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıq göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdılar.

 Tədbirdə çıxış edən digər natiqlər də dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan razılıq bildirmiş, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulamışlar.

 Daha sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş videolent nümayiş olunub.

 Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən və Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup gəncə rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və üzvlük vəsiqələri təqdim edilib.

 

Keçidlər