20 Yanvar – Birliyimizin və iradəmizin göstəricisidir
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. Xalqımızın milli kimliyinin təcəssümünə çevrilən Qanlı Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildi. O, həmdə ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
1980-ci illərin sonlarından başlayaraq, Sovet İttifaqında ciddi siyasi və iqtisadi böhran yaşanırdı. Azərbaycanda milli oyanış prosesi güclənmiş, xalq öz hüquqları uğrunda daha fəal mübarizəyə başlamışdı. Xüsusilə tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi” zamanı ermənilərin separatizm fəaliyyəti və SSRİ rəhbərliyinin ədalətsiz mövqeyi azərbaycanlıların Sovet rejiminə olan etimadını sarsıtmışdı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet rəhbərliyinin, birbaşa baş katib Mixail Qorbaçovun əmri ilə SSRİ qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi.
Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Eyni zamanda həmin dövr tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi.
20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ailə üzvləri ilə birlikdə 1990-cı il 21 yanvar tarixində təzyiqlərə və çətinliklərə baxmayaraq, 20 yanvar tarixində baş vermiş insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, mətbuat konfransı keçirmiş, SSRİ rəhbərliyi tərəfindən törədilən bu cinayətlə bağlı sərt bəyanat vermişdir.
Ulu Öndər Heydər Əliyev 1990-ci ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirmiş, onun Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş, bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmış və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilmişdir. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə özünəməxsus müstəvidə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə olduğu kimi cənab Prezident şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsü sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonunda Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan xalqı bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq, minlərlə əsgər və zabitlərin canı-qanı bahasına torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı.
1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardığı kimi 30 il sonra tarixi torpaqlarımızın düşmən işğalından azad olunması prosesində də eyni birliyi, bərabərliyi nümayiş etdirdi.
Artıq hər bir azərbaycanlı qalib dövlətin, xalqın nümayəndəsi kimi bu qüruru yaşayır. Bu gün 20 Yanvar faciəsinin 35-ci ildönümünə dünya başqa bir Azərbaycanı tanıyır.
Bu günkü Azərbaycan Qarabağda insanlıq faciəsi yaşadanları məhkəmə qarşısına çıxaran, bilərəkdən və ya qeyri-peşəkarlıqdan təyyarəsinin vurulmasına görə Rusiyadan üzrxahlıq tələb edən, dünyanın bütün gücləri qarşısında milli maraqlarını qoruyan bir gücdədir.
Xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcı məhz 20 Yanvar gecəsi qoyuldu. Ötən müddət ərzində Azərbaycan tanınmaz dərəcədə dəyişib, misilsiz inkişaf yolu keçərək regionda və dünyada söz sahibinə çevrilib, müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Zamanın sürətli axarında dəyişməyən yalnız xalqın şəhidlərə olan hörmət və ehtiramıdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!