Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Sentyabrın 19-da Qax rayonunda ilk dəfə bal bayramı keçirilmişdir

20 sentyabr 2012 | 15:00

Şəhərinin Nizami parkında keçirilən “Arım, balım, pətəyim” adlı bayram tədbirinin iştirakçıları əvvəlcə arıçılıq məhsulları və arıçılıq avadanlığının sərgi-satış yarmarkası ilə tanış olmuşlar. Sərgidə nümayiş etdirilən müxtəlif növ təbii bal, habelə arı südü, çiçək tozu, təbii arı yapışqanı və mumu, digər arıçılıq məhsulları tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Bayram iştirakçılarına arıçılığa dair bukletlər, məlumat kitabçaları paylanmışdır.
Bayram tədbirində çıxış edənlər respublikamızda arıçılığın inkişafı ilə bağlı görülən işlərdən danışmış, Qax arıçılarının uğurlarından söhbət açmışlar. Qeyd olunmuşdur ki, son illər dünyada təbiətin möcüzəsi sayılan arıçılığın inkişaf etdirilməsi üçün ciddi tədbirlər həyata keçirilir. BMT-nin bir neçə layihəsinə arıçılığın inkişaf etdirilməsi, bal arısının qorunması ilə bağlı proqramlar daxil edilmiş, Avropa İttifaqı tərəfindən bununla bağlı xüsusi qətnamə qəbul olunmuşdur.
Bildirilmişdir ki, arıçılıq Azərbaycanda da çox qədim tarixə malikdir. Dövlətin aqrar siyasətində arıçılığın inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır. Respublikamızda arıçılığı daha da inkişaf etdirmək üçün Milli Məclis tərəfindən “Arıçılıq haqqında” Qanun qəbul edilmiş və bu sənəd Azərbaycan Prezidentinin 2009-cu il 2 fevral tarixli Sərəncamı ilə qüvvəyə minmişdir.
Qeyd olunmuşdur ki, Qaxda bal bayramının keçirilməsi heç də təsadüfi deyildir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda arıçılığın inkişaf etdirilməsi qarşıya məqsəd olaraq qoyulmuşdur. Qax arıçıları da bu sahənin inkişafına öz töhfələrini verməkdədirlər. Rayonda fəaliyyət göstərən “Ekologiya və arısevərlər” İctimai Birliyi 2006-cı ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə bir sıra layihələr həyata keçirmişdir. Azərbaycanda ilk olaraq arıçılar üçün kurslar təşkil edilmiş, seminarlar, regional konfranslar keçirilmişdir.
Görülmüş tədbirlər nəticəsində son 3 ildə rayonda arı ailələrinin sayı 2 min ailə artırılaraq 7 min 500-ə çatdırılmışdır. İl ərzində rayonda 100 tondan artıq keyfiyyətli bal istehsal edilir. Bakı şəhərində hər il təşkil olunan arıçılıq məhsullarının ümumrespublika sərgi-satış yarmarkalarında rayon arıçılarının satışa çıxardıqları məhsullar keyfiyyət göstəricilərinə görə çox yüksək qiymətləndirilir.
Bildirilmişdir ki, bayramın keçirilməsinin əsas məqsədi arıçılığı daha da inkişaf etdirmək, bu sahəyə marağı artırmaqdır. Bayramın ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.
Sonra bayram iştirakçıları bal məhsulları ilə bəzədilmiş çay süfrəsinə qonaq olmuşlar.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam etmişdir.
 

Keçidlər