Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsi ilə bağlı təqdimat mərasimi olmuşdur

13 may 2015 | 15:00

Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi yeni “Xalq yaradıcılığı paytaxtları” Proqramına əsasən, Qax şəhəri 2015-ci il üçün “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilmişdir.
Mayın 13-də Səməd Vurğun adına Qax rayon Mədəniyyət evində “Milli mətbəx paytaxtı”nın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, mədəniyyət işçiləri, turizm obyektlərinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, mədəniyyət evinin foyesində rayona məxsus mətbəx nümunələrindən ibarət sərgiyə baxmışlar.
Qısa konsert proqramından sonra rayonun milli mətbəxi, turizm potensialı və tarixi abidələri ilə bağlı film nümayiş etdirilmişdir.
Tədbiri rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov açaraq, Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsinin rayonun mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirmiş, “paytaxt ili” çərçivəsində həyata keçiriləcək tədbirlərin Qaxın milli kulinariyasının, həmçinin rayonun zəngin turizm potensialının yerli və xarici turistlərə daha yaxından tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev xalqımızın malik olduğu maddi və qeyri-maddi mədəni irsin qorunması və təbliği işinin mədəniyyət siyasətinin mühüm tərkib hissələrindən biri olduğunu qeyd edib. Nazirliyin rəsmisi Proqramın 2010-2014-cü illəri əhatə edən birinci mərhələsi çərçivəsində 5 il ərzində üç nominasiya üzrə 15 “paytaxt” şəhər elan olunduğunu, bu şəhərlərdə bir sıra yaddaqalan tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Proqramın icrası bölgələrin adət-ənənələrinin, mədəniyyətinin, tarixinin, turizm imkanlarının tanıdılmasına, rayonların mədəni həyatının dirçəldilməsinə böyük təsir göstərib. Təsadüfi deyildir ki, paytaxt seçilmiş şəhərlərdə keçirilən bir sıra festivallar artıq ənənəvi xarakter almışdır. Fikrət Babayev bildirmişdir  ki, “Xalq yaradıcılığı paytaxtları” Proqramına əsasən Qax şəhəri 2015-ci il üçün “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Musa Şəkiliyev Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsini milli mənəvi dəyərlərimizə, rayonun milli mətbəx nümunələrinə verilən yüksək qiymət və etimad olduğunu vurğulamışdır.
Mərasimin sonunda Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsi ilə bağlı hazırlanmış xatirə kuboku rayon rəhbərliyinə təqdim olunmuşdur.

Keçidlər