"2025-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda növbəti maarifləndirici görüş keçirilmişdir
Qax Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala Regional bölməsinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində "2025-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda növbəti maarifləndirici görüş keçirilmişdir.
Dini icma sədrləri və din xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova "2025-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda maarifləndirici görüşün keçirilməsinin milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın islam ölkəsi olmaqla yanaşı, eyni zamanda dünyəvi dövlət olduğu, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb. Həmçinin xüsusi vurğulanıb ki, Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, beynəlxalq standartlara cavab verən dövlət-din münasibətləri, tolerantlıq prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində bərqərar olub. Ulu Öndərin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan həm sosial-iqtisadi, həm də mənəvi dəyərlərin qorunmasına və inkişafına görə regionun lider dövlətinə çevrilib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala Regional bölməsinin müdiri İlqar Vəliyev ölkədə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, bütün dini konfesiyalara yaradılan şəraitdən, dövlətin bu sahəyə xüsusi diqqət və qayğısından, ictimaiyyət arasında dini radikalizmin profilaktikası sahəsində zəruri məsələlərdən danışıb.
Sonda dini icma rəhbərləri və din xadimlərinin müraciətləri dinlənilib və bu sahədə müzakirələr aparılıb.






