Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Meşələri qoruyaq!” devizi altında gənc meşəçilərin beynəlxalq yay düşərgəsi təşkil olunub

12 avqust 2015 | 15:00

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və “ENPI East FLEG” II Proqramının birgə təşəbbüsü ilə rayonun İlisu istirahət mərkəzində “Meşələri qoruyaq!” devizi altında ilk dəfə gənc meşəçilərin beynəlxalq yay düşərgəsi keçirilib.
Düşərgənin təşkilinin məqsədi “ENPI East FLEG” II Proqramının iştirakçısı olan Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova və Gürcüstanın gənc meşəçiləri arasında beynəlxalq əlaqələrin inkişafı, meşə ehtiyatlarının qorunması və davamlı istifadəsi sahəsində təcrübə mübadiləsinin aparılması, gənclərin birgə səylərinin artırılması olub.
Müxtəlif ölkələrdən olan gənc meşəçilər meşə ehtiyatlarının qorunması və artırılması sahəsində beynəlxalq təcrübəni əks etdirən təqdimatlarla çıxış ediblər. Bu sahədə əməkdaşlığın inkişafı və birgə təşəbbüslərə dair təkliflər müzakirə olunub.
Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə gənc meşəçilər üçün Zaqatala Rayon Meşə Bərpası və Mühafizəsi Müəssisəsinə, İlisu Dövlət Təbiət Qoruğuna ekskursiyalar təşkil edilib, məktəblilər rayonun qədim tarixi-mədəni abidələri ilə tanış olublar. Regionun zəngin təbiəti və meşələrin bioloji müxtəlifliyi haqqında məlumat alan gənc meşəçilər Qum və İlisu kəndlərinin ətrafında ekoloji və geobotaniki tədqiqat üsulları vasitəsilə meşə ekosisteminin vəziyyətini dəyərləndiriblər.
Beynəlxalq düşərgənin iştirakçıları “Meşənin nemətləri və ənənəvi qidalanma” adlı ekoloji tədbirdə təmsil etdikləri ölkələrin meşə məhsullarından hazırlanmış qida məhsullarını təqdim ediblər. Milli geyimlərdə olan məktəblilər ölkələrinin musiqi mədəniyyəti haqqında danışıblar. Alim və mütəxəssislərlə maraqlı görüşlər, şən müsabiqələr və ekoloji oyunlar yay istirahətinin mənalı keçməsinə şərait yaradıb.
Beynəlxalq düşərgənin yekun tədbirində bütün iştirakçılara diplom və xatirə hədiyyələri təqdim olunub.

Keçidlər