Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Ulu dad” milli mətbəx festivalı keçirilib

23 sentyabr 2015 | 15:00

Mədəniyyət və Turizm Nazirliyinin 23  yanvar 2015- ci il tarixli 31 nömrəli əmri ilə təsdiq olunmuş  “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, 2015-ci il üçün Qax şəhərində “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilmişdir. Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış tədbirlər planına əsasən sentyabrın 22-də “Ulu dad” milli mətbəx festivalı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda yerli kulinarlarla yanaşı Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının təmsilçiləri, Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələri iştirak ediblər.
“İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin ərazisində təşkil edilən sərgilərdə kulinarların hazırladıqları milli mətbəx nümunələri nümayiş etdirilib.
Rayon rəhbərliyi və festivala dəvət olunan qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Festivalın açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Qax şəhərinin 2015-ci il üçün “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilməsinin rayonun milli mənəvi dəyərlərinə, mətbəxinə verilən yüksək qiymət və etimad olduğunu bildirib. “Paytaxt ili” çərçivəsində Qax şəhərində, eləcə də rayonun kəndlərində silsilə tədbirlərin, festivalların keçirildiyini diqqətə çatdıran icra hakimiyyətinin başçısı paytaxt nominasiyası proqramının rayonun milli mətbəx nümunələrinin üzə çıxarılması, qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev son illər sürətlə inkişaf edən Qax rayonunun artıq respublikamızın turizm mərkəzlərindən birinə çevrildiyini bildirib. Diqqətə çatdırılıb ki, nazirlik tərəfindən həyata keçirilən “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği, “paytaxt” seçilmiş şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov belə festivalların ölkəmizin, eləcə də ayrı-ayrı bölgələrin zəngin mətbəx mədəniyyətinin tanıdılması baxımından əhəmiyyətli rol oynadığını bildirib.
Musiqi və rəqs kollektivlərinin çıxışından sonra tədbir iştirakçıları rayonlardan gəlmiş kulinarların əvvəlcədən hazırladıqları milli mətbəx nümunələri ilə tanış olublar. Burada sərgilənən xəmir xörəkləri, müxtəlif növ plov, dolma və digər milli yeməklər, çörək və unlu qənnadı məmulatları, müxtəlif şirniyyatlar, sacda bişirilən fəsəli, maxara, yuxa və digər nemətlər festival iştirakçılarının böyük marağına səbəb olub. Turizm- Mədəniyyət Mərkəzinin ərazisindəki qədim küçədə nümayiş etdirilən el sənətkarlarının əl işləri, həmçinin folklor kollektivlərinin çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib.
Tədbir iştirakçıları daha sonra Nizami parkında təşkil edilən arıçılıq məhsullarının sərgisi ilə yaxından tanış olublar.

Keçidlər