Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonunun tarixi məkanları ilə tanışlıq beynəlxalq konfrans iştirakçılarında zəngin təəssürat yaradıb

15 oktyabr 2015 | 15:00

Gəncədə keçirilən dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransının iştirakçıları oktyabrın 15-də günün ikinci yarısında rayona gəlmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev İçəribazar Turizm Mədəniyyət Mərkəzi ilə tanışlıq zamanı konfrans iştirakçılarının diqqətinə çatdırdı  ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və qala divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərə bariz nümunədir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra bu kompleks müasir və füsunkar görkəm alıb. Ərazidə əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir.
Buradakı açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik yay teatrı, sənətkarlıq emalatxanaları konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Qonaqlar sonra rayonun Oncallı kəndinə gəlmiş, buradakı oğuz qəbiristanlığında türk xalqının yetirdiyi parlaq simalardan biri olan, sufi şeirinin görkəmli nümayəndəsi şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət etmişlər. Məlumat verilmişdir ki, Yunus Əmrənin ehtimal olunan ziyarət yerlərindən biri də Oncallı kəndindəki bu oğuz qəbiristanlığıdır. Mənbələrə görə, ömrünün böyük hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədilə dünyanı gəzib, mənəvi rahatlığını Oncallı kəndində dövrünün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan Hacı Tapdığa müridlik etməkdə tapıb. Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məhz bu qəbiristanlıqda dəfn olunduğu ehtimal edilir. Hər iki məzar bu gün də yerli əhali tərəfindən müqəddəs bir məkan kimi qorunur və ziyarət edilir.
Rayonunun tarixi məkanları ilə tanışlıq VIII Beynəlxalq Atatürk konfransı iştirakçılarında böyük təəssürat yaradıb.

Keçidlər