Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax məktəblilərini şimal bölgəsində maraqlı ekskursiyalar gözləyir

18 noyabr 2015 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində  rayon məktəblilərinin bir qrupu noyabrın 16-da Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salınıb.
Məktəbliləri yola salmaq üçün  şəhərdəki Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan müəllim və valideynlər gənclərə öz tövsiyələrini verir, səfər zamanı necə davranmalı olduqlarını bir daha izah edirdilər.
Mərasimdə rayon Icra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova çıxış edərək ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onlara göstərilən yüksək dövlət qayğısından bəhs edib, belə layihələrin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb.
Məlumat verilib ki, aksiya iştirakçılarını çox maraqlı ekskursiyalar gözləyir. Səyahət zamanı məktəblilər Qusar rayonundakı “Şahdağ” Qış-Yay Turizm Kompleksi, Quba rayonundakı soyqırımı memorial kompleksi, Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi”, həmçinin bu rayonlardakı Heydər Əliyev mərkəzləri, muzeylər və regionun təbiəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Tur-aksiyanın iştirakçısı, Qax şəhər 1 nömrəli tam orta məktəbin onuncu sinif şagirdi Fəxriyyə Babayeva sevinc hislərini  bölüşərək deyib: “İlk dəfədir belə turda iştirak edirəm. Sevincim hədsizdir. Quba soyqırımı memorial kompleksini görmək istəyirdim. Prezidentimizin bu xeyirxah layihəsi sayəsində tezliklə arzuma qovuşacağam”.
Şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Zaur Muradlı, Tasmalı kənd məktəbinin şagirdi Zalxa Cumayeva, Baydarlı kənd məktəblisi Ceyhun Məmmədli, Almalı kənd məktəbinin şagirdi Mahmud Mustafayev və başqaları aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini vurğulayıb, onlara belə layihə bəxş etdiyinə görə Qax məktəbliləri adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra 35 məktəbli və 5 müşayiətçinin daxil olduğu qrup onlar üçün ayrılmış avtobusla şimal bölgəsinə yola düşüb.

Keçidlər